Məhkəmə qərarları › İş №2-1(103)-825/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-825/2023

30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-825/2023 30.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3079/2022 saylı, 02 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyası verilməsinin dayandırılması barədə xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2011-ci ildən oniki barmaq bağırsağın xorası, mədənin subtotal rezeksiyası, qostroenteroanastomos əməliyyatından sonrakı vəziyyət diaqnozu ilə İİ dərəcəli əlillik dərəcəsi almışdır. Xəstəliyi ilə əlaqədar fiziki iş görülməsi əks göstəriş hesab edilmişdir. Bu səbəbdən də o, xəstəliyi ilə əlaqədar əmək pensiysası alırdı. Hazırda növbəti tibbi yoxlamadan keçmə müddətində təkrar müayinə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli rəyi ilə xəstəliyi ilə bağlı diaqnoz öz təsdiqini tapmışdır. Ancaq cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli qərarla ona pensiya təyin edilməsinə imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, onun əlavə ixtisaslaşmış müalicə edilməyinə ehtiyac var. Belə ki, cavabdeh hesab edir ki, iddiaçı müalicə oluna bilər və səhhəti yaxşılaşsa, o, pensiya almaq hüqunu itirə bilər. Hesab edir ki, bu şəkildə imtina əsassızdır. O səbəbdən ki, iddiaçı hal-hazırda xəstədir, bu xəstəlik tibbi sənədlərlə öz təsdiqini tapır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1895/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə iddia tələbinə dair dəqiqləşmə ərizəsi icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1895/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, ona əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Cavabdeh təqdim etdiyi iddiaya yazılı etirazda göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Samux Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 0315003AACVG saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20- K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: 12 barmaq bağırsağın xorası. Xroniki qanaxma və deşilmə olmadan. Hissəvi qastroektomiya, qastroenteroanastomoz əməliyyatından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1- ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3079/2022 saylı, 02 avqust 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, İddiaçı Forma 88 arayışında əsas diaqnoz K26.7 Onikibarmaq bağırsağın xorası qeyd edilsə də, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən həmin diaqnozlu xəstələrdə il ərzində 4 dəfə kəskinləşmə tələb olunsa da, iddiaçı da kəskinləşmə olmamışdır. Bundan əlavə bədən- çəkisinin normasında olduğu qeyd olunmuş, hemoqlobin səviyyəsində isə qeyd edilən diaqnoza münasibətdə az dəyişiklik olduğu qeyd edilmişdir. Bu səbəblərdən də, iddiaçıya düzgün olaraq “əlavə müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. İddiaçıya əlilliyin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq öz izahatında bildirdi ki, həzm sistemi xəstəlikləri üzrə əlillik təyinatının aparılması yalnız boy, çəki bədən indeksinin 1,60-1.75 aralığında olduqda mümkün olur. Ekspert rəyində də bu qeyd edilmişdir. Vətəndaşda xəstəlik olduğu təkzib edilmir, lakin şəxsə əlillik təyin edilməsi və qanunvericiliyə uyğun olaraq əlillik təyinatının aparılması yalnız ağırlaşmalar mövcud olduqda olur. Məhkəmə icraatı gedişatında iddiaçının sənədləri hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq araşdırılmış lakin iddiaçının səhhətindəki xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq da ona əlilliyin təyininə əsas vermir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq, iddiaçı öz izahatında bildirdi ki, 2015-ci ildən onikibarmaq bağırsağın xorası, mədənin subtotal rezeksiyası, qostroenteroanastomos əməliyyatından sonrakı vəziyyət diaqnozu ilə İİ dərəcəli əlillik dərəcəsi almışam. Xəstəliyi ilə əlaqədar fiziki iş görülməsi əks göstəriş hesab edilmişdir. Bu səbəbdən də, xəstəliyi ilə əlaqədar əmək pensiyası alırdı. Hazırda növbəti tibbi yoxlamadan keçmə müddətində təkrar müayinə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli rəyi ilə xəstəliyi ilə bağlı diaqnoz öz təsdiqini tapmışdır, ağırlaşmalar və yanakı xəstəlikləri mövcuddur. Hal-hazırda xəstədir, bu xəstəlik tibbi sənədlərlə öz təsdiqini tapır. Xəstəlikləri fiziki işlə ilə məşğul olmağa imkan vermir. Hazırda da hüquqi marağı ona ikinci dərəcəli əlilliyin verilməsi ilə bağlıdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə ilk dəfə Samux Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli 0315003AADEB saylı göndərişi əsasında baxılaraq onda “12 barmaq bağırsağın xorası. Mədənin subtotatl rezeksiyası, qastroenteroanastomoz əməliyyatından sonrakı vəziyyət. Dompinq sindromu. Həzm funksiyasının pozulması” diaqnozuna uyğun olaraq 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh iddiaçının 2021-ci ildə növbəti əlillik qiymətləndirilməsi zamanı barəsində tərtib edilmiş tibbi göndərişlərin natamam doldurulduğu, sonuncu dəfə xx.xx.2021-ci il tarixli 0315003AAGSK saylı göndərişdə isə qoyulmuş diaqnozu üzrə qiymətləndimə apararkən əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlillik təyinatından imtina etmişdir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş əvvəllər qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin : -2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”nın: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 3-cü bölməsi Həzm sistemi orqanlarının xəstəlikləri hissəsində qeyd edilmişdir ki, orqanizmin həzm sistemi orqanlarının xəstəliklərdən, zədə və ya çatışmazlıqlardan irəli gələn davamlı funksional pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi həzmetmə funksiyasının pozulması dərəcəsinin qiymətləndirilməsinə əsaslanır (zülal-enerji çatışmazlığı). Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, BKİ-nin azalması, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. Həmin Meyarlara əsasən həzm sistemi xəstəliklərinə aiddir: 3.1 Ağız boşluğu, ağız suyu vəziləri və çənə xəstəlikləri; 3.2 Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri; 3.3 Qeyri-infeksion enterit və kolit; 3.4 Bağırsağın digər xəstəlikləri; 3.5 Qaraciyər xəstəlikləri; 3.6 Öd kisəsi, öd yolları və mədəaltı vəzinin xəstəlikləri; 3.7 Yırtıqlar. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin araşdırılmış hallarından aydın olur ki, iddiaçının əlillik vəziyyətinə ilk dəfə Samux Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli 0315003AADEB saylı göndərişi əsasında baxılaraq onda “12 barmaq bağırsağın xorası. Mədənin subtotatl rezeksiyası, qastroenteroanastomoz əməliyyatından sonrakı vəziyyət. Dompinq sindromu. Həzm funksiyasının pozulması” diaqnozuna uyğun olaraq 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Samux Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0315003AAGSK saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, Xroniki, qanaxma və ya deşilmə olmadan, 12 barmaq bağırsağın xorasına görə əməliyyat-laparatomiya, hissəvi qastroektomiya və qastroenteroanastomozun qoyulmasından sonrakı vəziyyət. Əməliyyatdan sonra Demping sindromu. Anastomozit. Qarın boşluğu orqanlarının bitişmə xəstəliyi. Xroniki bağırsaq keçməməzliyi. Həzm funksiyasının pozulması. İkincili anemiya. Qaraciyərin piy distrofiyası. Hepatomeqaliya. Xroniki qastrit. Defikasiyanın tez-tez pozulması. Kəskin asteno-nevrotik vəziyyət. Boyu əvvəl 1.75 sm, bugün 1.65 sm. Çəkisi əvvəl 75 kq, Ağırlaşma Z90.3 Mədə hissəsinin qazanılma olmaması, Hissəvi qastroektomiya. Ağırlaşma K91.3 Cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməməzliyi, Əməliyyatdan sonra Dömping sindromu. Ağırlaşma Z98.0 Bağırsaq anastomozunun olması, Qastroenteroanastomozun qoyulmasından sonrakı vəziyyət. Ağırlaşma R16.0 Başqa rubrikalarda təsnif olunmayan hepatomeqaliya, Hepatomeqaliya. Ağırlaşma K91.1 «Operasiya olunmuş mədə» sindromu, Qarın boşluğu orqanlarının bitişmə xəstəliyi. Xroniki bağırsaq keçməməzliyi. Ağırlaşma K66.0 Periton bitişmələri, Qarın boşluğu orqanlarının bitişmə xəstəliyi. Yanaşı xəstəliklər K76.0 Qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, Qaraciyərin piy distrofiyası. Yanaşı xəstəliklər D50.0 Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, İkincili anemiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 tərəfindən verilmiş T 198/2022 nömrəli ekspert rəyində də iddiaçının tibbi sənədlərinin təhlili və müayinəsinin nəticəsinə əsasən onda “onikibarmaq bağırsağın xorası, xroniki qanaxma və ya deşilmə olmadan, onikibarmaq bağırsağın xorasına görə əməliyyatlaporatomiya, hissəvi qastroektomiya və qastroenteroanastomozun qoyulmasından sonrakı vəziyyət, əməliyyatdan sonra Demping sindromu, anastomozit, qarın boşluğu orqanlarının bitişmə xəstəliyi, xroniki bağırsaq keçməməzliyi, həzm funksiyasının pozulması, ikincili anemiya, qaraciyərin piy distrofıyası, hepatomeqaliya, xroniki qastrit, defekasiyanın tez-tez pozulması, kəskin asteno-nevrotik vəziyyət, “boyu əvvəl 1.75 sm, bu gün 1.65 sm, çəkisi əvvəl 75 kq”. Ağırlaşma: Z90.3 mədə hissəsinin qazanılma olmaması, hissəvi qastroektomiya. Ağırlaşma: K91.3 cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməməzliyi, əməliyyatdan sonra Demping sindromu. Ağırlaşma: Z98.0 bağırsaq anastomozunun olması, qastroenteroanastomozun qoyulmasından sonrakı vəziyyət. Ağırlaşma: R16.0 başqa rubrikalarda təsnif olunmayan hepatomeqaliya, hepatomeqaliya. Ağırlaşma: K91.1 “operasiya olunmuş mədə” sindromu, qarın boşluğu orqanlarının bitişmə xəstəliyi, xroniki bağırsaq keçməməzliyi. Ağırlaşma: K66.0 periton bitişmələri, qarın boşluğu orqanlarının bitişmə xəstəliyi” müəyyən edilmişdir. Lakin ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0315003AAGSK saylı Forma 88-də şəxsin səhhətini əks etdirən kliniki, laboratorinstrumental müayinələr əsasında düzgün müəyyən olunmuşdur. Həmin diaqnozda olan əsas xəstəlik və ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin əhatə dairəsinə düşmür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əlillik təyinatı ilkin deyil, təkrar təyinatdır. İddiaçı bundan əvvəl 2016-cı ildə 5 il müddətinə əlillik təyin edilərkən eyni xəstəliklərdən əziyyət çəkmiş və ona səhhətinə uyğun tibbi göndəriş tərtib edilərək göndərilmiş və cavabdeh ona əlillik təyin etmişdir. Başqa sözlə, iddiaçının xəstəliyi dəyişməmiş, qoyulmuş diaqnoz ona aid tibbi sənədlər, ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Hətta tibbi göndərişdə iddiaçının xəstəlikləri ilə yanaşı ağırlaşmalar və yanakı xəstəliklər ətraflı qeyd edilmişdir. İddiaçıda aşkar olunan xəstəlik həm tibbi göndərişin tərtib edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndində göstərilən xəstəliklərin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 3.2-ci bəndində, 3.2.4-cü yarımbəndində göstərilən xəstəliklərin (onikibarmaq bağırsağın xorası) əhatə dairəsinə düşür. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3079/2022 saylı, 02 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3079/2022 saylı, 02 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar