Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-826/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə , İddiaçı (28.10.1989-cu il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-5168/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 18.06.2020-ci il tarixində Cavabdeh yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli, 127 saylı qərarına əsasən iki aylıq karantin müddəti ərzində 380 manat birdəfəlik ödəmənin ona verilməsini cavabdeh təşkilatın üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16.07.2019-cu ildən iddiaçı işsiz kimi qeydiyyatdadır. Buna baxmayaraq, iddiaçı yenidən 08.04.2020-ci ildə işsiz kimi qeydiyyata düşmüşdür. 29.04.2020-ci il saat 23:55-də E-sosial.az-dan iddiaçıya gələn sms-ə görə Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli, 127 saylı qərarını əsas gətirərək iddiaçının həyat yoldaşının aktiv əmək müqaviləsi olmasına görə, birdəfəlik ödəmə olan 190 azn-dən imtina olunmuşdur. Bununla əlaqədar olaraq bildirilir ki, 01.06.2016-cı ildən iddiaçının nikahının pozulması haqqında şəhadətnamə (AZ-İ N:243585 qeyd tarixi 01.06.2016) var. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 30.03.2016-cı ildə 98 nömrə ilə qeyd edilmişdir. Həmin vaxtdan iddiaçının şəxsiyyət vəsiqəsində də subay göstərilmişdir. Bu barədə iddiaçı Cavabdeh yanında Dövlət Sosial Müdafiə Fondunda yaradılmış komissiyaya 01.05.2020, 03.05.2020, 06.05.2020, 08.05.2020 və 03.06.2020 tarixində 5 (beş) dəfə müraciət etməyinə baxmayaraq bu günə kimi cavab almamışdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 01.09.2020-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (artırma) barədə ərizə təqdim edərək, Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli, 127 saylı qərarına əsasən karantin müddəti ərzində hər ay üçün 190 manat birdəfəlik ödəmənin iddiaçıya verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5168/2020 nömrəli qərardadı ilə əsl olmayan Cavabdeh yanında Dövlət Sosial Müdafiə Fondu əsl Cavabdeh ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-5168/2020 nömrəli qərarı ilə (hakim A.Oruczadə) İddiaçı iddiası qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçı barəsində qəbul olunmuş inzibati aktın ləğv edilməsi və İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmənin qərarı ilə iddia tələbi qismən təmin edilsə də, iddiaçı tərəfindən qərardan apellyasiya şikayəti verilməmişdir. Qərardan narazı qalan cavabdeh 06.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-5168/2020 nömrəli qərarının ləğv edilərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İddiaçı Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli, 127 saylı qərarına əsasən karantin müddəti ərzində hər ay üçün 190 manat birdəfəlik ödəmənin iddiaçıya verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən prosessual normaların tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində “İddiaçı iddiasının qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçı barəsində qəbul olunmuş inzibati aktın ləğv edilməsi və İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyin Cavabdeh üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi” qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında iddiaçının tələbinin konkret nədən ibarət olduğunun göstərilməsi imperativ olaraq tələb olunur. Bu işin hallarının araşdırılması prinsipinin tətbiqində mühüm rol oynayır. Eyni zamanda məhkəmə işin hallarının araşdırılması zamanı yalnız mübahisə predmeti barəsində qərarın qəbulu üçün zəruri olan hallarla kifayətlənməlidir. Məhkəmə lüzumsuz və işə aidiyyəti olmayan halları araşdıra bilməz. Bu tələb məhkəmə baxışının hədlərini müəyyən edən İPM-in 52-ci maddəsindən irəli gəlir. Yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsi tərəfindən “Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçı barəsində qəbul olunmuş inzibati aktın ləğv edilməsi və İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik cavabdehin üzərinə qoyulması” barədə anlaşılmaz və natamam qərar qəbul olunmuşdur. Baxmayaraq ki, məhkəmə qərarının icra oluna bilməsi onun nəticə hissəsinin anlaşılan və konkret fikir ifadə etməsindən irəli gəlir. Bununla bağlı olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ondan gözlənilən araşdırma həddini aşmış, araşdırma həddi iddia tələbindən asılı olaraq müəyyən edilməmiş və işin hallarının araşdırılması prinsipinə əməl olunmamaqla ciddi prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-5168/2020 nömrəli qərarı ləğv edilərək, iş mahiyyəti üzrə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-5168/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli, 127 saylı qərarına əsasən karantin müddəti ərzində hər ay üçün 190 manat birdəfəlik ödəmənin iddiaçıya verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması” tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-826/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-826/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver