Məhkəmə qərarları › İş №2-1(103)-826/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-826/2022

11.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-826/2022 11.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X13 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X10 və X9 üçüncü şəxs qismində cəlb olunmaqla) “bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğunlaşdıraraq, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarış və plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2-1(112)-602/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 9 nömrəli, 5.96 ha sahədə yerləşən bağa dair onun adına texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2929/2020 saylı, 21 sentyabr 2020-ci il tarixli qərardadı ilə X10 və X9 3-cü şəxs qismində işə cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərelektromaş EİB-nin Bağçılıq Yoldaşlıq cəmiyyəti tərəfindən iddiaçıya Ləhiş bağ massivində bağ verilmişdir. Bununla bağlı “Azərelektromaş” EİB-nin Bağçılıq Yoldaşlıq Cəmiyyətinin iclasının 16 avqust 1990-cı il tarixli protokolundan çıxarışa əsasən yuxarıda qeyd edilən ərazidə Ləhiş bağ massivində 5.96 ha sahədə yerləşən 9 saylı bağ sahəsi onun adına keçirilmişdir. Eyni zamanda “Azərelektromaş” EİB-nin Bağçılıq Yoldaşlıq Cəmiyyətinə üzv olmasına dair üzvlük kitabçası da var. Həmin bağ sahəsi alınan gündən onun istifadəsində olmuş, orada hasar çəkdirmiş, yay tətillərində oraya getmişdir. Son 3 ildir ki, xəstələnməsi səbəbindən oraya gedə bilməmişdir. Sonradan ona məxsus olan bağ sahəsindəki hasar və s. tikililərin ona məlum olmayan şəxslər tərəfindən sökülməsindən məlumatı olmuşdur. Bundan sonra bağa dair çıxarışın verilməsi üçün cavabdeh inzibatı orqana müraciət etmiş, ona imtina məktubu ilə bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xətirə arasında uyğunsuzluq olduğu, göstərilən sahənin digər bağ sahəsinin ərazisinə uyğun gəldiyi bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 0,05 ha bağ sahəsini bağların bölgüsünə dair sxematik xəritəyə uyğunlaşdıraraq, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarış və plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 04 oktyabr 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2-1(112)-602/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/255 saylı qərarı ilə Nardaran-Ləhiş kəndində “Azərelektromaş” bağçılıq yoldaşlığının 102 üzvünə ayrılmış 5,96 ha torpaq sahəsindən İddiaçı verilmiş bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğunlaşdıraraq, 0,05 ha bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 9 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. İddiaçının İdarəyə müraciəti zamanı aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritəsi arasında uyğunsuzluq vardır. Belə ki, göstərilən sahə digər bağ sahəsinin ərazisinə uyğun gəlir və həmin sahə digər şəxsin (X11) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş təkrar yerli baxış zamanı iddiaçı tərəfindən İdarəyə müraciəti zamanı göstərilən ərazidən 80 metr aralı məsafədə yerləşən fərqli ərazi göstərilmişdir. Şərti iddia olunan ərazidə (ümumi ərazi) digər şəxs tərəfindən hasarlanma işləri aparılmışdır. Bu səbəbdən ərazidə yoxlama-ölçü işlərinin aparılması və bağ sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/255 saylı qərarından görünür ki, Nardaran-Ləhiş kəndində “Azərelektromaş” bağçılıq yoldaşlığının 102 üzvünə 5,96 ha torpaq sahəsi ayrılmışdır. “Azərelektromaş” EİB-nin Bağçılıq Yoldaşlığın iclasının protokolundan 02 saylı, 16 avqust 1990-cı il tarixli Çıxarışdan görünür ki, “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığının sədri M.N.Mürsəlovun birliyin işçilərinə Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/255 saylı qərarı ilə Nardaran-Ləhiş kəndində “Azərelektromaş” bağçılıq yoldaşlığının 102 üzvünə 5,96 ha torpaq sahəsi ayılması barədə gündəlikdə olan məsələ dinlənilmiş və püşkatma nəticəsində İddiaçı 9 saylı sahənin ayrılması qərara alınmışdır. “Azərelektromaş” EİB-nin X2 üzvlük biletindən görünür ki, İddiaçı X2 üzvü olmuş və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0,05 ha 9 saylı bağ sahəsi ona ayrılmışdır. Cavabdeh tərəfindən iddiaçıya verilmiş 29 dekabr 2019-cu il tarixli, **********46 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 9 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış və bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritəsi arasında uyğunsuzluq vardır. Belə ki, göstərilən sahə digər bağ sahəsinin ərazisinə uyğun gəlir və həmin sahə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh tərəfindən iddiaçıya verilmiş daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 01 dekabr 2016-cı il tarixli, **********06 saylı bildirişdən görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 9 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış və bildirilmişdir ki, bağ sahəsinə mərzçəkmə işləri tam aparılmamışdır və torpaq sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq var. Belə ki, göstərilən sahə digər bağ sahəsinin ərazisinə aiddir. Birinci instansiya məhkəməsinin sorğusuna cavaba olaraq Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 28 fevral 2020-ci il tarixli, **********78 saylı məktubdan görünür ki, İddiaçı Sabunçu rayonu, Ləhiş qəsəbəsində bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar olunmamışdır. Aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, vətəndaş tərəfindən göstərilən sahə digər bağ sahəsinə aiddir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, 0,05 ha sahəsi olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, “Azərelektromaş” b/y-nın 15 saylı bağ sahəsi X3 adına ********** qeydiyyat nömrəsi, **********59 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 733 nömrəli reyestr kitabının 69467 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, 0,05 ha sahəsi olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, “Azərelektromaş” b/y-nın 15 saylı bağ sahəsi X5 adına ********** qeydiyyat nömrəsi, **********59 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 733 nömrəli reyestr kitabının 69467 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin məktuba əlavə edilmiş AN-İ № 06322124 saylı, 22 iyun 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X9 ilə alıcı X10 arasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, “Azərelektromaş” b/y-nın 15 saylı bağ sahəsinin alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin məktuba əlavə edilmiş “Azərelektromaş” EİB-nin X2 üzvlük biletindən görünür ki, X1 Yoldaşlığı Birliyinin üzvü olmuş və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0,05 ha 15 saylı bağ sahəsi ona ayrılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən sorğu göndərilərək, “Azərelektromaş” EİBnin Bağçılıq Yoldaşlığının qovluğunda olan sənədlərin (üzvlərin siyahısı) təsdiq edilmiş surəti sorğu əsasında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş 29 dekabr 2020-ci il tarixli, **********38 saylı məktub əsasında “Azərelektromaş” bağçılıq yoldaşlıq cəmiyyətinə aid arxiv qovluğunda olan sənədlərin (üzvlərin siyahısı) təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir və həmin siyahıya baxış keçirilərkən müəyyən edilmişdir ki, sözügedən siyahının 6-cı bəndində İddiaçı adına qeyd olunmuş və adın qarşısında qələm ilə 9 rəqəmi yazılmışdır. Birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçıya sxematik xəritəyə uyğun verilən bağın yerinin və həmin sahənin koordinatlarının, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 9 saylı bağ sahəsinin hər hansı digər şəxsə verilən sahə ilə üst-üstə düşüb-düşməməsini, düşdüyü təqdirdə kimin adına qeydiyyatdan keçməsi barədə mütəxəssis rəyinin məhkəməyə təqdim olunması Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmiş, bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 08 fevral 2021-ci il tarixli, **********36 saylı məktubdan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. İdarənin elektron kadastr məlumatların əsasən göstərilən sahə digər bağ sahənin ərazisinə uyğun gəlir və həmin sahə 15 saylı bağ sahəsi kimi **********59 reyestr nömrəsi ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Hal-hazırda X6 mülkiyyətindədir. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 19 avqust 2021-ci il tarixli, **********62 saylı məktubdan görünür ki, iddiaçının iştirakı ilə texniki baxış keçirilən zaman göstərilən bağ sahəsinin bölgü sxeminə uyğun gəlmədiyi, iddia edilərək göstərilən bağ sahəsinin bölgü sxeminə uyğun olaraq **********59 reyestr nömrəsi ilə X3 adına qeydiyyatdan keçmiş 15 saylı bağın ərazisi olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən “Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir”. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə 01 fevral 2008-ci il tarixli Qanununa əsasən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilmişdir: “Bu Qanunun 9-cu maddəsinin müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağtəsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir». “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən “Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən “Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir”, 5-ci bəndinə əsasən “Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”, 6-cı bəndinə əsasən “Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir”, 8-ci bəndinə əsasən “Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir”. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan sənədlərdən göründüyü kimi X9 da iddiaçı kimi “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığının üzvü olmuş və sözügedən 15 saylı bağ sahəsi onun adına Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/255 saylı qərarı əsasında ayrılmışdır. Cavabdeh inzibati orqan tərəfindən eyni hüquqmüəyyənedici sənədlər əsasında “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığının üzvü olmuş X3 bağ sahəsi üzərində mülkiyyət hüququ qeydə alındığı halda, belə bir qeydiyyata alınmanın iddiaçıya münasibətdə tətbiq etməməsi əsassız olmuşdur. Qeyd edilməlidir ki, Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/255 saylı qərarı ilə Nardaran-Ləhiş kəndində “Azərelektromaş” bağçılıq yoldaşlığının 102 üzvünə 5,96 ha torpaq sahəsi ayrılmış, “Azərelektromaş” EİB-nin Bağçılıq Yoldaşlığın iclasının protokolundan 02 saylı, 16 avqust 1990-cı il tarixli Çıxarışa əsasən həmin 5,96 ha torpaq sahəsinin 0,05 ha ölçüdə 9 saylı bağ sahəsinin İddiaçı ayrılmış, buna dair iddiaçıya X2 üzvlük bileti verilmiş, göstərilən ərazidə X2 üzvlərinə bağ sahələrinin ayrılması barədə bölgü sxemi tərtib edilərək təsdiq edilmiş, həmçinin “Azərelektromaş” bağçılıq yoldaşlıq cəmiyyətinə aid arxiv qovluğunda olan sənədlərin siyahısının 6-cı bəndində İddiaçı adının qeyd olunduğu müəyyən edilmişdir. Bununla yanaşı, apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, “Azərelektromaş” b/y-nın 15 və 16 saylı bağ sahəsinin X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş sənədlərin, eləcə də **********, ********** və ********** qeydiyyat nömrəli çıxarışlar təqdim olunmuşdur. Bununla əlaqədar nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 0,05 ha bağ sahəsini bağların bölgüsünə dair sxematik xəritəyə uyğunlaşdıraraq, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarış və plan ölçünün verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2-1(112)-602/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar