Məhkəmə qərarları › İş №2-1(103)-826/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-826/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-826/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair plan cizginin yenidən tərtib edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7689/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1998-ci il tarixli, 846 nömrəli sərəncamı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Zığ qəsəbəsi, 6 №-li vərəm xəstəxanasının qarşısındakı 600 kv.m hissəsində yerləşən sahəyə dair cizginin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1998-ci il tarixli, 846 nömrəli sərəncamı ilə ona Bakı şəhəri, Zığ qəsəbəsi, 6 №-li vərəm xəstəxanasının qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin mövcud vəziyyətdə cizgisinin verilməsinə köməklik göstərilməsi məqsədi cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2022-ci il tarixli məktubu ilə sənədlərin Dövlət Arxivinin Bakı filialına təhvil verildiyini və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığı səbəbindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Belə ki, sözügüdən torpaq sahəsi uzun müddətdir onun istifadəsindədir və həmin torpaq sahəsi ayrılarkən plan-cizginin tərtibi və müvafiq sənədlərin saxlanması inzibati orqanın vəzifəsidir. Bundan əlavə, sənədlər cavabdeh tərəfindən Dövlət Arxivinin Bakı filialından tələb edilməli idi. Lakin inzibati orqan bu öhdəliyini də yerinə yetirməmişdir. Həmin torpaq sahəsinə verilən sənədlər qanunidir və bu sənədlər səlahiyyətli orqan tərəfindən verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7689/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti başçısının «İddiaçı fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında» xx.xx.1998-ci il tarixli, 846 nömrəli sərəncamına əsasən fərdi yaşayış evi tikintisi üçün İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 6 nömrəli vərəm xəstəxanasının qarşısındakı sahədə ayrılmış 600 kv.m torpaq sahəsinin cizgisinin (planı və ölçü sxeminin) tərtib edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə inzibati işə baxılarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə (“İPM”), Azərbaycan Respublikası Torpaq Məcəlləsinə və digər hüquq normalarına istinad edilmədən qərar qəbul edilmişdir. Belə ki, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən həmin dövrdə torpaq sahələri ayrılarkən natura qaydada bölgülər aparılmış və torpaq sahəsinə cizginin (planı və ölçü sxeminin) RİHB-nin sərəncamları ilə birlikdə onun ayrılmaz hissəsi olaraq vətəndaşlara təqdim edilmişdir. Sözügedən torpaq sahəsinin 1998-ci ildən iddiaçının faktiki istifadəsində olması, onun həmin sahəyə sahiblik hüquqlarının həyata keçirilməsi və 24 il ötdükdən sonra cizginin (planı və ölçü sxeminin) verilməsi ilə bağlı RİHə müraciət etməsi cavabdeh tərəfdə ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Belə hallarda RİHB-nin müvafiq sərəncamı ilə ayrılmış torpaq sahəsinin yaxınlığında eyni ölçüdə zəbt edilmiş, digər torpaq sahələrin sənədləşdirilməsinə cəhdlər göstərilir və buda ciddi qanun pozuntuları ilə nəticələnir. Birinci instansiya məhkəməsində inzibati işə baxılarkən həmin sərəncam ilə sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Əlavə olaraq Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqan”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı cizginin (ayrıc aktının) verilməsi” tələbinə dair iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməliydi. Məhkəmə kollegiyasının iclası barədə məlumatlandırılmış cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kolegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasnı məhkəmədən xahiş etmişdir ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə cavabdehin xx.xx.1998-ci il tarixli, 846 nömrəli sərəncamı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış - Bakı şəhəri, Zığ qəsəbəsi, 6 №-li vərəm xəstəxanasının qarşısındakı 600 kv.m hissəsində yerləşən sahəyə dair cizginin tərtib edilməsi Zığ qəsəbəsinin cənub-şərq hissəsində fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600.0 kv.m torpaq sahəsinin plan cizigisinin yenidən tərtib olunaraq verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Birincisi, cavabdehin həmin sərəncamının işə əlavə olunmuş surətindən görünür ki, iddiaçıya fərdi yaşyış evi tikmək üçün Zığ qəsəbəsi, 6 №-li vərəm xəstəxanasının qarşısındakı sahədə 600 kv.m torpaq sahəsi ayrılması qərara alınsa da, həmin sərəncamda torpaq sahəsinin cizgi planının və ya ayrıc aktının hazırlanması barədə hər hansı bir müddəa mövcud deyildir. İkincisi, cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda torpaq sahəsinin plan-cizginin sərəncamla birlikdə iddiaçıya təqdim olunduğunu bildirsə də, birincisi bununla bağlı müvafiq əsaslanıdırıcı sənəd-sübut məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin imtinasının qeyd olunan əsasının yoxlanılması üçün Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına ünvanladığı müvafiq sorğusuna cavab olaraq, məhkəməyə 20 iyul 2022-ci il tarixli BA- 04704-2022 saylı cavab məktubu ilə yalnız arxivdə mövcud olan - sərəncamın surətini və iddiaçının torpaq ayrılması barədə cavabdehə ünvanlanmış ərizəsi təqdim olunmuşdur. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin mübahisəli torpaq sahsinin plan cizginin sərəncamla birlikdə həm arxivə, həm də iddiaçıya verildiyini bildirən dəlilləri tamamilə əsassız olduğu sübuta yetirilir. Qanunvericiliyin tələblərinə gəldikdə, bu halda da cavabdeh öz hərəkətlərinə bəraət qazandırmaqda haqlı ola bilməz. Çünki, sərəncam qəbul olunarkən, 2001-ci ilə qədər qüvvədə olmuş 9 noyabr 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsi nəzərdə tuturdu ki, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək...; Həmin Qanunun 23-cü maddəsinə əsasən isə vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 100-cü maddəsinə əsasən yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: 1) respublika və zona proqnozlaşdırma sxeminin, torpaqların yaxşılaşdırılması proqnozlarının, eləcə də yer quruluşu sxemlərinin hazırlanmasını; 2) inzibati ərazi qurumları sərhədlərinin yerdə (naturada) müəyyən edilməsini; 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını...; Göründüyü kimi, fərdi yaşyış evinin tikintisi üçün iddiaçıya torpaq sahəsi ayrılarkən, cavabdeh tərəfindən həmin vaxt qüvvədə olmuş torpaq qanunvericilyinin tələblərinə, o cümlədən, yer quruluşu sənədlərinə uyğun torpağayırma qaydasına riayət olunmamış, ona ayrılacaq torpağın yerdə (naturada) planını hazırlamamış, sadəcə, sərəncamın qəbulu ilə kifayətlənmiş və hal-hazırda da həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilməsi üçün ona gərəkli olan torpaq sahəsinin plan cizgisinin tərtib olunmasından imtina edir. Halbuki, torpaq sahəsi ayrılarkən, yəni mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına aid edilirdi (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür). Bundan sonra qəbul olunmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndi isə nəzərədə tuturdu ki, müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndi də nəzərdə tutur ki, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, cavabdeh qanunvericiliyin qeyd olunan tələbləri ilə üzərinə düşən öhdəliyini, o cümlədən, qəbul etdiyi sərəncamla iddiaçıya ayrılan torpaq sahəsinin plan cizgisinin tərtib olunub ona verilməsindən imtina etməklə, onun həmin torpaq sahəsinə mülkiyyət hüququnun məhdulaşdırır, onun “legitim gözlənti” hüququnu pozur. Çünki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinin tələbi baxımından, cavabdehin mübahisəli sərəncamı iddiaçının həmin torpağa dövlət qeydiyyatı üçün əsas olsa da, iddiaçıya bu hüququnu rəsmiləşdirməsi üçün həmin Qanunun 10.2-ci maddəsinin tələbinə müvafiq olaraq torpaq sahəsinin plan-cizgisini (ölçüsü) də qeydiyyat orqanına təqdim etməsi tələb olunur. Ən azından, plan-cizginin yoxluğu, həmin sərəncamla ayrılan torpaq sahəsinin yerini, konfiqursiyası və ölçülərini dəqiqliyi ilə müəyyən olunmasını imkansız edir. Yəni, plan-cizgi mövcud olmadığı halda, torpaq sahəsinin əraziyə uyğun gəlib-gəlməməsini müəyyən edilməsini mümkünsüz olur və məhkəmə tərəfindən yerində baxış keçirilməsini səmərəsiz edir. Odur ki, cavabdeh özü də sərəncamın verildiyi vaxtdan iddiaçının həmin torpaq sahəsindən istifadə etdiyini təsdiq etsə də, sahə ölçüsü həmin sərəncamla müəyyən edilən torpaq sahəsinə dair plan cizgini hazırlayıb iddiaçıya verməkdən imtina etməsi qanunsuz və əsassızdır. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə işin sübutlarla müəyyən olunan hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunarkən maddi və prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7689/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7689/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar