Məhkəmə qərarları › İş №2-1(103)-826/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-826/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-826/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X4 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12488/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından hər iki tərəfdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsi, pensiyanın xx.xx.2015-ci ildən (52 yaşı tamam olmasından) hesablanması və həmin məbləğin birdəfəlik verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.1963-cü təvəllüdlüdür. xx.xx.1981-ci ildən əmək fəaliyətinə başlamış, xx.xx.1981-ci il tarixlərində Qazax Rayon Rabitə qovşağının teleqraf Şöbəsinə köməkçi fəhlə qəbul olunmuş, xx.xx.1983-cü il tarixdən qovşağın ŞADM-nə telefonçu keçirilmiş, xx.xx.1996-cı il tarixdən Respublika Rabitə Nazirliyinin 84 nömrəli əmrinə əsasən qovşaqda aparılan struktur dəyişikliklə əlaqədar Qazax TKQ-nın ŞADM-nə telefonçu təyin edilmiş, xx.xx.2001-ci il tarixdən telefonçu ştatından çıxarılaraq müqavilə yolu ilə 3 saylı danışıq məntəqəsinə telefonçu keçirilmiş, xx.xx.2002-ci il tarixdən işəgötürənin təşəbbüsü ilə müqaviləsinə xitam verilmişdir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə zərərli əmək şəraiti hesab edilir. Güzəştli şərtlərlə pensiyanın təyin olunması üçün cavabdehə rəsmi qaydada ilk öncə 18 may 2022-ci il tarixdəki müraciətinə cavabdeh 21 iyun 2021 tarixli cavab məktubu ilə, bundan sonra xx.xx.2023-cü il tarixində etdiyi müraciətinə isə xx.xx.2023-cü il tarixli məktubları ilə imtina cavabı vermişdir. İmtina səbəbi isə ümumi iş stajın 20 ildən az ( 18 il 09 ay (xx-xx.1981- xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993-cü il, xx.xx.1995-ci - xx.xx.2001-ci il tarixləri arasındakı dövlər və 2006-cı il üzrə 11 ay ay )) təşkil etməsidir. İmtina məktubunda eyni zamanda bildirilmişdir ki, "xxxx" MMC-nin X1 saxlanılan sənədlərdə xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1994xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər ərzində əmək haqqı hesablanmadığı, xx.xx.2001-ci il tarixdən işdən azad edildiyim, xx.xx.2001- xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzndə isə işləməyimə dair arxiv sənədlərində hər hansı məlumat olmadığı bildirilmişdir. Hesab edir ki, qeyd olunan səbəb görə cavabdeh tərəfindən pensiyanın təyin edilməsindən imtina edilməsi əsaslı deyil...” Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Mərkəzi Filiala təqdim etdiyi ******* nömrəli əmək kitabçası dublikatında xx.xx.1981- xx.xx.2002-ci tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin X1 işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq cavabdeh tərəfindən yuxarıda qeyd olunan dövr üzrə əmək stajını dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilib. Sorğuya cavab olaraq sözügedən müəssisədə saxlanılan iddiaçıya dair sənədlərdə xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər ərzində əmək haqqı hesablanmadığı, xx.xx.2001-ci il tarixindən işdən azad edildiyi, xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində isə işləməyi dair arxiv sənədlərində hər hansı məlumat olmadığı bildirilib. Bu fakt X2 tərəfindən tərtib olunmuş birgə Aktla təsdiq edilib. Bu səbəbdən də onun ümumi iş stajı 20 ildən az (18 il 9 ay 24 gün (xx.xx.1981-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1993-cü il, xx.xx.1995-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər və 2006-cı il üzrə cəmi 11 ay)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabını sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17119,90 manat təşkil edir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12488/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyularaq, iddiaçıya xx.xx.2019-cu il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. İddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, sonradan isə iddiaçının da həmin qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə də iddiasının təmin olunması barədə apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Apellyasiya şikayətləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: «...Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol vermiş, iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Belə ki, cavabdeh orqana təqdim edilmiş ******* nömrəli əmək kitabçasının dublikatında iddiaçının xx.xx.1981-xx.xx.2002-ci tarixləri arasındakı dövr ərzində "Aztelekom” MMC-nin X1 işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq cavabdeh orqan tərəfindən yuxarıda qeyd olunan dövr üzrə əmək stajının dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq sözügedən müəssisədə saxlanılan iddiaçıya dair sənədlərdə xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər ərzində əmək haqqı hesablanmadığı, xx.xx.2001 -ci il tarixdən işdən azad edildiyi, xx.xx.2001xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində isə iddiaçının işləməyinə dair arxiv sənədlərində hər hansı məlumat olmadığı bildirilmişdir. Qeyd edək ki, bu fakt X2 tərəfindən tərtib olunmuş birgə Aktla təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 20 ildən az (18 il 9 ay 24 gün (xx.xx.1981-xx.xx.1990-cı il, xx.xx.1990- xx.xx.1993-cü il, xx.xx.1995-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər və 2006-cı il üzrə cəmi 11 ay)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17119,90 manat təşkil edir. İddiaçı tələb olunan (20 il) ümumi sosial sığorta stajına, eyni zamanda tələb olunan pensiya kapitalına malik olmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Qanunvericiliyin tələblərinə, həmçinin iddiaçının mübahisələndirilən xx.xx.2001xx.xx.2022-ci il tarixləri arasında "xxxx" MMC-nin X1 işlədiyi dövrə dair arxiv sənədlərində hər hansı məlumatların mövcud olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iş tam, hərtərəfli və obyektiv araşdırlmadan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir...” İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: “... Pensiya 52 yaşımın tamam olması günündən təyin edilsə də, xx.xx.2019-cu il tarixdən hesablanaraq pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qət edilmişdir ki, bu mənim hüquqlarımı ciddi şəkildə pozur. Belə ki, birinci instansiya məhkəməsi“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Onun pensiya təyini ilə bağlı müraciəti xx.xx.2022-ci il tarixdədir. həm özümün , həm də qardaşının xəstəliyinə başı qarışmış, qardaşımın vəfatından sonra isə ürəyində ciddi problemlər yaranmış, ümumiyyətlə pensiya ilə bağlı müraciət etmək ağlıma da gəlməmişdir. Buna görə də hesab edir ki, mənə 52 yaşım tamam olan müddətdənxx.xx.2015-ci il tarixdən pensiya təyin edilməlidir. Həmçinin hesab edir ki, əvvəlki müddət üçün hesablanan pensiya da birdəfəlik ödənilməlidir, yaşımı və xəstəliyimi nəzərə alaraq həmin pensiyanı almağa ömrüm yetməyə bilər. Eynizamanda müalicəmi davam etdirə bilməyim üçün həmin vəsaitə ehtiyacı var. Beləliklə də birinci instansiya məhkəməsimaddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarıaydınlaşdırmamış, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən tərəflər apellyasiya şikayətlərinə uyğun izahat verərək şikayətlərinin təmin olunmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslarla tərəflərin apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən görünür ki, məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensmiyası təyin olunmasını məhkəmədən xahiş etmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin iddiaçının 52 yaşının tamam olduğu vaxt (xx.xx.2015), 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyası nəzərdə tuturdu ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar – 50 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən 52 yaş təşkil etmişdir). Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsi isə nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İş materiallarına əsasən isə müəyyən olunur ki, iddiaçıya 52 yaşdan əmək pensiyası təyin olunması üçün qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq onun güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi stajı mövcuddur. Belə ki, iddiaçının cavabdeh orqana təqdim edilmiş ******* nömrəli əmək kitabçasının dublikatına əsasən xx.xx.1981-xx.xx.2002-ci illərdə "xxxx" MMC-nin X1 işləmişdir. İşə əlavə olunmuş aşağıdakı arxiv arayışlarına əsasən iddiaçının həmin illər üzrə həqiqətən də əmək faliyyəti öz təsdiqini tapır: - "xxxx" MMC-nin X8 xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı 2002-ci il tarixdən 2007-ci il tarixədək "xxxx" MMC-nin X8 3 saylı danışıq məntəqəsində müqavilə ilə telefonçu vəzifəsində işləmiş; - Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 149 nömrəli arayışına əsasən Qazax rayon Dövlət Arxivində mühafizə olunan 30 saylı fondun X5 əmr kitablarında iddiaçı X5 xx.xx.1983-ci il tarixli 128 saylı əmri ilə xx.xx.1983-cü il tarixdən teleqrafist şatından telefonçu (MQTS 07) ştatına keçirilmiş; Həmin arxivin xx.xx.2022-ci il tarixli 149 nömrəli digər bir arayışına əssən Arxivdə mühafizə olunan 30 saylı fondun X5 əmr kitablarında iddiaçı xx.xx.1981- ci il tarixli 154 saylı əmrlə Teleqrafa köməkçi fəhlə qəbul edilmiş; - "xxxx" MMC-nin Qazax Filialı tərəfindən verilmiş 30 mart 2022-ci il və 04 aprel tarixli 2/03 nömrəli arayışlara əsasən iddiaçı Qazax TKQ-da xx.xx.1981-ci ildən müxtəlif peşələrdə işləmişdir: xx.xx.1981-xx.xx.1983-ci illərdə teleqrafçı (2 il 8 gün), xx.xx.1983xx.xx.2002-ci illərdə isə telefonçu işləmiş (18 il 5 ay 15 gün), cəmi ümumi stajı - 20 il 5 ay (15 gün), telefonçu stajı - 18 il 5 aydır. TKQ üzrə Nazirlər Kabinetinin 1993- cü il 21 iyul tarixli 320 saylı qərarı və xx.xx.2007-ci il 12 saylı qərarına əsasən - yaşa görə güzəştli şərtlərlə təqaüdə getmək hüququ verən əmək stajı - 18 il 5 aydır. Eyni zamanda, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 32 nömrəli arayışına əsasən: “- Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”na uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən telefonçu vəzifəsində xx.xx.1983-ci ii tarixdən (Əmr № 123) xx.xx.2001-ci il tarixinədək (Əmr № 01) "xxxx" MMC-nin X1 işləmiş, işlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 17 il, 2 ay 13 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: şəhərlərarası, sifariş, sorğu komutatoriarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə 23100000-19093 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir...” - Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 290 nömrəli arayışına əsasən isə Qazax rayon Dövlət Arxivində mühafizə olunan 30 saylı fondda X5 rayon Dövlət Arxivində əmək haqqı kitablarındakı qeydlərə əsasən iddiaçı X6 işlədiyi dövrdə 1990-1995-ci illər üzrə aşağıdakı qaydada əmək haqqı almışdır (Arayışda qeyd olunan cədvələ əsasən 1994-cü ildə əmək haqqqı almamışdır). Həmin Arxivi tərəfindən verilmiş digər bir xx.xx.2023-cü il tarixli arxiv arayışında aşağıdkı məlumatlar təsbit olunur: - İddiaçıQazax rayon Dövlət Arxivində mühafizə olunan 30 saylı fondun X5 1989-cu ilə aid əmr kitabının xx.xx.1989-cü il tarixli 46 saylı əmrlə İddiaçı ŞATS telefonçusunun ərizəsi nəzərə alınsın, uşağa qulluq etmək üçün ona öz hesabına bir illik əlavə məzuniyyət verilsin. Məzuniyyət vaxtı xx.xx.1989- cü il tarixdən xx.xx.1990-cı il tarixə kimi hesablansın. xx.xx.1990-cı il tarixdən işdə sayılsın. - 1993-cü ilə aid əmr kitabının 48-ci səhvəsində xx.xx.1993- cü il tarixli 85 saylı əmrdə göstərilmişdir ki, İddiaçı qovşağın telefonçusu həkimin verdiyi xəstəlik vərəqəsinə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi analıq məzuniyyətinə buraxılsın. xx.xx.1994-cü il tarixdə işdə sayılsın. - xx.xx.1994-cü il tarixli 20 saylı əmrlə İddiaçı qovşağın telefonçusu ərizəsi nəzərə alınsın. 18 aprel 1994-cü il tarixdən 18 iyul 1994-cü il tarixə kimi uşağa qulluq etmək üçün az təminatlı analıq məzuniyyəti verilsin. - xx.xx.1994-cü il tarixli 42 saylı əmrlə İddiaçı qovşağın telefonçusunun ərizəsi nəzərə alınsın. xx.xx.1994-cü il tarixdən xx.xx.1994- cü il tarixə kimi uşağa qulluq etmək üçün az təminatlı məzuniyyət verilsin. - xx.xx.1994-cü il tarixli 56 saylı əmrlə İddiaçı qovşağın telefonçusu ərizəsi nəzərə alınsın analıq məzuniyyəti qurtardığı üçün xx.xx.1994-cü il tarixdən öz xidməti işinə başlasın. "xxxx" MMC-nin Qərb Regional filialının Qazax Şöbəsi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli 8/123 nömrəli məktubda da bildirilmişdir ki, xx.xx.2002-ci il tarixədək iddiaçı Qazax TKQ-nın danışıq məntəqəsində telefonçu işləmiş, ona danışıq məntəqəsinin gətirdiyi gəlirin müəyyən faizi əmək haqqı kimi ödənilirdi. Qovşaqda isə 2001-2002-ci illərin əmək haqqı üzrə ödənişi barədə məlumatlar olmadığından və həmin illərdə baş mühasib işləyən şəxs vəfat etdiyindən ona əmək haqqı barədə çıxarış verilməmişdir. Qeyd olunmalıdır ki, iddiaçının işlədiyi vaxt qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 70-ci maddəsi nəzərdə tuturdu ki, məzuniyyət hüququ verən iş stajına aşağıdakılar daxil edilir: 1) İşə əslində sərf olunan vaxt; 2) İşçinin əslində işləmədiyi, lakin iş yeriin (vəzifəsini) və əmək haqqınının tamamilə və ya qismən onun üçün saxlandığı vaxt (o cümlədən, işdən düzgün çıxarılmadıqda, yaxud başqa işə keçirilmədikdə və sonra işə bərpa edildikdə, haqqı ödənilmiş, çarəsizlikdən işə çıxmamamq vaxtı); 3) İşçinin əslində işləmədiyi, lakin iş yerini (vəzifəsini) saxladığı v dövlət ictimai sığortası üzrə müavinət aldığı vaxt:uşaq bir yaşına çatanadək ona qulluq etmək üçün verilən qismən ödənilən məzuniyyət istisna olmaqla; 4) Qanunvericilikdə nəzərədə tutulmuş başqa vaxtlar. Həmin Məcəllənin 74-cü maddəsi nəzərədə tuturdu ki, ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə işçiyə onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın, rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqı saxlanılmadan qısamüddətli məzuniyət verilə bilər. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində işçi istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər. Həmin Məcəllənin 185-ci maddəsinə əsasən, uşaq bir yaşına çatanadək uşağa qulluq etmək üçün qismən ödənilən məzuniyyət və uşaq bir yaş yarıma çatanadək ona qulluq etmək üçün əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddəti ümumi və fasiləsiz iş stajına, habelə ixtisas üzrə iş stajına daxil edilir. Eyni zamanda, qüvvədə olan qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir Əmək qanunvericilyinin qeyd olunan müddəalarının mahiyyətindən göründüyü kimi, işçinin müəssisə, idarə və təşkilatda işə sərf etdiyi, istirahet etdiyi, o cümlədən məzuniyyət (istər ödənişli, istərsə qismən ödənişli, istərsə də ödənişsiz) məzuniyyət müddətləri onun bütölükdə onun əmək fəaliyytinə aid edilir. Bundan əlavə, həmin vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67.1-ci maddəsi isə nəzərdə tutur ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qannunu 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “ Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Həmin Qanunun qed olunan 69.1-ci maddəsinin təlbindən isə göründüyü kimi, əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçası üzrə qeyd edilən uşağa qulluq etmək üçün az təminatlı məzuniyyət müddətləri onun ümumi iş stajı kimi nəzərə alınmalıdır. İddiaçının xüsusilə zərərli stajına gəldikdə işin tədqiq olunan hallarından göründüyü kimi, onun 10 ildən də artıq telefonçu kimi 2 nömrəli siyahı üzrə XXİX bölməsində ((Rabitə) şəhərlərarası, sifariş, sorğu komutatorlarda və kecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçuları (23100000—19093)) peşəsi üxzrə güzəştli stajı mövcuddur və bu işin mübahisələndirilməyən halıdır. Cavabdehin, iddiaçının tələb olunan 40320,00 manat məbləğində pensiya kapitalının mövcud olmadığını mübahisələndirən dəlilləri ilə də razılaşmaq mümkün deyil. Belə ki, iddiaçının işlədiyi və onun 52 yaşının tamam oluduğu dövrdə qüvvədə olmuş, istər “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bənidi, istərsə də hazırkı, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası - güzəşt pensiya təyinatlarında müvafiq pensiya kapitalının gərəkliyini nəzərdə tutmurdu. Məhkəmə kollegiyası, həmçinin, iddiaçının da apellyasiya şikayətinin onun əmək pensiyasının güzətli şərtlərlə pensiya hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən hesablanıb birdəfəlik ödənilməsini tələb edən dəlilləri ilə razılaşmır. Belə ki, əmək pensiyasının keçmiş dövr üçün qanunvericiliyə uyğun hesablanıb ödənilməsinin prosedur qaydası və mexanizmi qüvvədə olan qanunverıciliklə tənzimlənir. Başqa sözlə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci madddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Birinci instansiya məhkəməsinin qərarından da məhz görünür ki, iddiaçıya ilkin müraciətindən, o cümlədən, xx.xx.20022-ci il tarixdən əvvəlki üç il üçün, yəni, xx.xx.2019-cu il tarixdən hesablanan pensiyasının, ümumi məbləği ötən dövrlərdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə, ödənilməsi vəzifəsi cavabdeh orqana həvalə edilmişdir. Bu günə olan formalaşmış məhkəmə təcrbəsinə görə sözügedən qayda əsas götürülməklə, məhkəmə qərarlarında pensiyanın hesablanıb ödənilməsi vəzifəsi pensiya təyinedicisinə həvalə edilir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın qismən təmin edilməsini işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, apellyasiya şikayətlərində - cavabdehin qərarın düzgün olmadığını və maddi hüquq normalarının pozulması ilə qəbul edildiyini, iddiaçının isə iddianın təmin edilməyən hissəsində qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12488/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tərəflərin apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12488/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar