Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-826/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun bərpa edilməsi və vəsiqənin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6831/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun müharibə veteranı statusunun bərpa edilməsi və vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi iştirak etmişdir. Bu fakt onun hərbi biletində qeyd olunmuşdur və möhürlə təsdiqlənmişdir. Cavabdeh heç bir sübut olmadan onun döyüşlərdə iştirak etmədiyini bildirir, lakin bu, əsassızdır. İddiaçı döyüşlərdə iştirak etmiş və komandir olmuşdur. İddia ərizəsində göstərilən əsgərlər onun tabeliyində olublar və o, onlarla döyüşlərdə iştirak etmişdir. İddiaçı müharibə veteranı statusunun bərpası ilə bağlı cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Emin Abdullayev) 2-1(112)-6831/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından tam narazıdır və onu qanunsuz hesab edir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi iştirak etmişdir. Bu fakt onun hərbi biletində qeyd olunmuşdur və möhürlə təsdiqlənmişdir. Cavabdeh heç bir sübut olmadan onun döyüşlərdə iştirak etmədiyini bildirir, lakin bu, əsassızdır. İddiaçı döyüşlərdə iştirak etmiş və komandir olmuşdur. İddia ərizəsində göstərilən əsgərlər onun tabeliyində olublar və o, onlarla döyüşlərdə iştirak etmişdir. İddiaçı müharibə veteranı statusunun bərpası ilə bağlı cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin dublikatının verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-2025 nömrəli arayışına və digər təqdim olunmuş sənədlərə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 11 nömrəli əmri ilə şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilmisiniz, lakin N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində hərbi xidmətiniz barədə məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” vəsiqəsinin dublikatının verilməsi mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 11 №-li əmrində (əsas: səh-10, sıra-1, əmrdə atasının adı “Əliislam”, hərbi rütbəsi “kiçik leytenant” yazılmışdır, vəzifəsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür) Binəqədi RHK-dan həqiqi hərbi xidmət keçmək üçün N №-li hərbi hissəyə göndərilmiş və bütün növ təminatlara qoyulmuş hərbi vəzifəlilərin siyahısında, kiçik leytenant İddiaçı Əliislam oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin fevral-may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin, zabit və gizir heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla iddiaçının şəxsi işindəki müvafiq məlumatlar təqdim edilmişdir. Həmin sənədlər arasında olan Lənkəran qarnizonu hərbi prokurorunun “Amnistiya aktına əsasən cinayət işi başlanmasının rədd edilməsi haqqında” 28 noyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, ehtiyatda olan leytenant İddiaçı xx.xx.1994-cü il tarixdə Binəqədi rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə əlaqədar hərbi xidmətə çağrılıb N saylı hərbi hissəyə göndərilmiş, N saylı hərbi hissənin şəxsi heyəti tərkibinə daxil edilmiş, N saylı saylı hərbi hissənin şəxsi heyəti tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, ailə vəziyyəti ilə əlaqədar olaraq 1995-ci ilin may ayının əvvəllərində hərbi hissəni tərk edib getmiş və bir daha xidmət yerinə qayıtmamışdır. Leytenant İddiaçı əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243-cü maddəsinin tərkibi vardır. Lakin o, hərbi prokurorluğa ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə, Sovet Ordusu sıralarında iki il xidmət etməsinə, habelə hazırda 42 yaşının olmasına görə haqqında amnistiya barədə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli qərarının tətbiq olunmasını xahiş etmişdir. Toplanmış materiallardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, 1979-cu illərdə keçmiş Sovet Ordusu sıralarında iki il xidmət etmiş, 1958-ci ildə anadan olmuş və hazırda 42 yaşı vardır. Buna görə də onun amnistiya haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli qərarının təsiri altına düşür. Göstərilənlərə əsasən, “Hərbi cinayət törətmiş şəxslər barəsində Dövlət Müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli qərarının 1-ci bölməsinin 1-ci maddəsinin 1.1, 1.6 və 1.7-ci bəndlərinə əsasən N saylı hərbi hissənin hərbi qulluqçusu, leytenant İddiaçı haqqında cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin 3-cü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin Qeydində göstərilir: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 9-cu abzasına əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin Əsasnamənin 1-ci hissəsinin Qeydində göstərilir: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12dək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»də göstərilən ərazilərdə aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. Eyni zamanda müharibə veteranı adı həmin qərarda qeyd olunmuş orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçı 1995-ci ilin may ayının əvvəllərində hərbi hissəni tərk edib getmiş və bir daha xidmət yerinə qayıtmamışdır, lakin “Hərbi cinayət törətmiş şəxslər barəsində Dövlət Müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli qərarına əsasən onun haqqında cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, müharibə veteranı adının verilməsi qaydası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Bundan başqa, iddiaçının hərbi biletində onun 16 yanvar 1994-cü il tarixdən 19 may 1994-cü il tarixədək hərbi xidmətdə olduğu qeyd olunsa da, N №-li hərbi hissə komandirinin fevral-may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin, zabit və gizir heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. Həmçinin iddiaçının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması da iş materialları ilə öz təsdiqini tapmadı. İddiaçı qeyd olunan hallarla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hərbi biletin surəti isə hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyi üçün sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6831/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-826/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-826/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver