Məhkəmə qərarları › İş №2-1(103)-827/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-827/2020

03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-827/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə inzibati mübahisəyə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-2506/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2506/2019 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı MMC barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X2 vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********187256 saylı qərarı 252,20 manat məbləğində ödəmə mənbəyindən tutulan verginin hesablanması hissəsi istisna olmaqla qalan hissələrdə ləğv edilməsi qərara alınmışdır (hakim E.Məmmədov). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli **********163650 saylı səyyar vergi yoxlaması aktının qanunsuz hesab edilməsi, aktın nəticəsində vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsindən imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 xx.xx.2019-cu il tarixli **********187256 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 xx.xx.2018-ci il tarixli **********163608 saylı qərarına əsasən Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 X18nin Təmir-tikinti sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X8 tərəfindən İddiaçı (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.6 və 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilər və digər icbari ödənişlərin hesablanmsı, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünü yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2018-ci tarixdə başlanılmış və xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. Səyyar vergi yoxlaması barədə xx.xx.2019 tarixli **********163650 saylı akt tərtib edilmişdir. Yoxlama ilə əhatə edilən dövr xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək olan dövrdür. Müəssisənin fəaliyyəti xx.xx.2017-ci ildən dayandırılmışdır. Vergi ödəyicisi Səbail rayonu, F.Əliyarbəyov küçəsi, ev 3, mənzil 6 ünvanında yerləşən obyekti xx.xx.2016-cı il tarixində İddiaçı adı ilə vergi uçotuna qoymuş, həmin obyekt xx.xx.2017 ci il tarixindən etibarən X5 tərəfindən qeydiyyata alınmışdır. X5 barəsində Bakı şəhəri X2 “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********163609 nömrəli qərarı ilə keçirilmiş səyyar vergi yoxlaması zamanı həmin obyektə xx.xx.2019-cu il tarixində baxış keçilmiş və həmin obyektdə baxış zamanı ödəyicisi X3 (VÖEN: **********) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Aktın 1.9.4-cü bəndində ekspertizanın aparılması qeydi. Müəssisənin 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması ilə ümumi dövriyyə 37544.75 manat, mənfəət vergisi isə 1251.49 manat müəyyən edilmişdir. Yoxlama ilə 2017-ci il üzrə hesablanmış 26075.20 manat mənfəət vergisi əlavə hesablanmışdır. 2016-cı il 4-cü rüb üzrə sadələşdirilmiş vergi hesablanmışdır. 2016-cı il 4-cü rübündə hesablanmış 10483.24 manat sadələşdirilmiş vergi əsassız hesablanmışdır. Çünki bu dövr üzrə sadələşdirilmiş vergi öhdəliyi yaranmamışdır. Səyyar vergi yoxlaması aktının 2.5-ci bəndində 1080 manat maliyyə sanksiyası əsassız hesablanmışdır. Müəssisənin ƏDV qeydiyyatı xx.xx.2017-ci il tarixli **********1 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almış və bildiriş xx.xx.2017 ci il tarixində qüvvəyə minmişdir. Lakin səyyar vergi yoxlaması ƏDV qeydiyyatı mövcud olmadığı dövrə 78800.35 manat ƏDV hesablanmışdır. Yoxlama aktında bütün ƏDV bəyannamələri vaxtında təqdim edilmiş kimi yazılmışdır. Lakin aktın 2.5 ci bəndində ƏDV bəyannaməsi təqdim olunmaması qeyd edilərək maliyyə sanksiyaları hesablanmışdır. Ümumi səyyar vergi yoxlaması ilə 171908.45 manat əlavə vergi hesablanmış, 87034.45 manat maliyyə sanksiyası hesablanmışdır. Burada hesablanmış 252.20 manat ödəmə mənbəyindən tutulan vergi üzrə hesablama istisna olmaqla 171656.67 manat vergi məbləği 86908.35 manat maliyyə sanksiyası düzgün hesablanmamışdır. Səyyar vergi yoxlaması müəssisənin hər hansı bir nümayəndəsinin iştirakı olmadan və qərəzli şəkildə aparılmışdır. Bununla əlaqədar səyyar vergi yoxlamasının nəticəsində tərtib olunan xx.xx.2019 tarixli **********163650 nömrəli aktın ləğv olunmalıdır. Aktın tərtibi aşağıdakı səbəblərdən qanunsuzdur: Səyyar vergi yoxlaması müəssisənin direktorunun və onun nümayəndəsinin, vəkilinin, mühasibinin iştirakı olmadan keçirilmişdir. Səyyar vergi yoxlaması üzrə hesablamalar əsaslandırılmamış, müəssisənin direktorunun X1 uçotda olan obyektlərində prosedur qaydalara zidd onun nümayəndəsinin, şəxsiyyəti təsdiq edilmiş müşahidəçilərin iştirakı təmin edilməmiş, qanunvericiliyə uyğun olmadan protokollaşdırılmamışdır. Elektron baxış protokolu tərtib edilməmişdir. Yoxlanılan dövrdə sahibkar sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Yoxlama ilə sadələşdirilmiş vergi üzrə 2016-cı ilin 4-cü rübündən 2018-ci ilin 2-ci rübünədək (daxil olmaqla) olan dövr əhatə edilmişdir. Vergi ödəyicisi yoxlanılan dövr üzrə 2017-ci ilin 2-ci rübünədək (daxil olmaqla) sadələşdirilmiş vergini 4 faiz dərəcəylə hesablamışdır. 2019-cu ilin 01 yanvar tarixinədək qüvvədə olmuş Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) (bu Məcəllənin 218.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan vergi ödəyicilərindən başqa) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən Bakı şəhərində 4 faiz dərəcə ilə hesablanır. Vergi ödəyicisi xx.xx.2017-ci il tarixində vergi orqanına müraciət edərək, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmiş və 2017-ci ilin 3-cü rübündən etibarən sadələşdirilmiş vergini 8 faiz dərəcəylə hesablamışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən yoxlanılan dövrdə 11365.28 manat məbləğində sadələşdirilmiş verginin azaldıldığı aktda göstərilmişdir. Faktiki olaraq sadələşdirilmiş vergi artıq hesablanıb. Müəssisə yoxlama ilə əhatə olunan dövrdə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. 2016-cı il üzrə vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə əsasən işçilərin orta siyahı sayı 7 nəfər, əmək haqqı fondu 5400 manat, 1 nəfərə düşən orta aylıq əmək haqqı 64 manat olmaqla, əmək haqlarından 70.56 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi büdcəyə hesablanmışdır. 2017-ci il üzrə vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannamələrinə əsasən, işçilərin orta siyahı sayı 40 nəfər, əmək haqqı fondu 57600 manat, 1 nəfərə düşən orta aylıq əmək haqqı 120 manat olmaqla, əmək haqlarından 18.9 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi büdcəyə hesablanmışdır. Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülməklə 2017-ci il üzrə vergiyə cəlb edilən mənfəət 130375,98 manat müəyyən edilərək, mənfəət vergisinin 24823,71 manat azaldılması müəyyən edilmişdir. Halbuki müəssisə öz gəlirlərini qanuna müvafiq olaraq vergi orqanına bəyan etmiş, vaxtı-vaxtında vergilərini hesablamış və ödəmişdir. Faktiki olaraq müəssisə sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Sadələşdirilmiş vergi ödəyicisi olan müəssisənin vergiyə cəlb edilən gəlir məbləğinin eyni zamanda ƏDV və gəlir vergisinə cəlb edilməsi, 4 faizlə sadələşdirilmiş vergi uçotunda olan vergi ödəyicisinin uçotunun ləğv edilərək qeydiyyatsız ƏDV hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. İş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2018- ci il tarixli, 5(103)- 25/2018 saylı qərarı əsasında cavabdehin Vergi Məcəlləsinin 38.3.5-ci və 38.3.6-cı maddələrinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2018-ci il tarixli **********163609 nömrəli qərarı ilə iddiaçıda növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: avqust 2015 - iyul 2018) təyin edilmiş, yoxlamaya xx.xx.2018-ci il tarixdə başlanılmış və xx.xx.2019-cu il tarixli **********163650 saylı səyyar vergi yoxlaması aktının tərtibi ilə başa çatdırılmışdır. Yoxlama ilə aşağıdakı hallar müəyyən edilmişdir: Ödəmə mənbəyində tutulan vergi üzrə: İcarə müqavilələrinə əsasən 2016-ci ilin 4-cü rübü üzrə ödənilən icarə haqqının ümumi məbləği 5401,4 manat (9302,33manat/31günx18gün) olduğu halda, vergi ödəyicisinin həmin məbləği bəyannamədə 3600 manat göstərməklə, 252,2 manat ÖMV-ni (756,2 - 504) dövlət büdcəsinə ödəməkdən yayındırdığı müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 126,1 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Sadələşdirilmiş vergi üzrə: Səyyar vergi yoxlaması zamanı ********* nömrəli cinayət işi üzrə əldə edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, vergi ödəyicisi 2017-ci ilin birinci rübü üçün 4665,28 manat vergi məbləğini artığ hesablamış, 2016-cı ilin 4-cü rübü üzrə 259606,00 manat ümumi hasilat göstərməli olduğu halda 0 manat göstərməklə, (259606,00*4%=10384,24) 10384,24 manat vergi məbləğini dövlət büdcəsinə ödəməkdən yayındırmış, bu səbəbdən Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 5192,12 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. ƏDV üzrə: Vergi ödəyicisi xx.xx.2017-ci il tarixdə **********1 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almış və bildiriş xx.xx.2017-cı il tarixdən qüvvəyə minmişdir. Vergi ödəyicisinə 2017-ci ilin aprel, may ayları üzrə əlavə dəyər vergisi məbləği hesablanarkən aşağıdakılar müəyyən edilmişdir: 2017-ci ilin aprel ayı – 197999,2 manat vergi tutulan əməliyyatın dəyəri, 4357,37 manat vergi ödəyicisinin bəyan etdiyi ƏDV məbləği, 35639,86 manat SVY ilə müəyyən edilən ƏDV məbləği, 31282,49 manat yayındırılmış məbləğ; 2017-ci ilin may ayı - 146477,1 manat vergi tutulan əməliyyatın dəyəri, 0 manat vergi ödəyicisinin bəyan etdiyi ƏDV məbləği, 26365,88 manat SVY ilə müəyyən edilən ƏDV məbləği, 26365,88 manat yayındırılmış məbləğ; yekun məbləğ – 57648,37 manat. Yoxlama zamanı vergi ödəyicisinin xx.xx.2017-ci il tarixindən etibarən X14 ödəyicisi olmalı olduğu müəyyən edilmişdir. Belə ki, ********* nömrəli cinayət işi üzrə əldə edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, vergi ödəyicisinin 2016-cı ilin noyabr və dekabr ayları üzrə vergi tutulan dövriyyəsi 200.000,00 manatdan artıq - 259.606,00 manat olmuş və Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən vergi ödəyicisi xx.xx.2017-ci il tarixindən etibarən məcburi ƏDV qeydiyyatına alınmışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən ƏDV qeydiyyatına alınmadan 2017- ci ilin yanvar, fevral, mart ayları üzrə ümumilikdə 78800,35 manat, aprel və may ayları üzrə isə 57648,37 manat, ümumilikdə 136448,71 manat məbləğində ƏDV-nin dövlət büdcəsinə ödəməkdən yayındırılması müəyyən edilmiş və vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 %-i miqdarında, yəni 68224,36 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Mənfəət vergisi üzrə: Vergi ödəyicisinin 2017-ci ilin ümumi dövriyyəsi ********* nömrəli cinayət işi üzrə 782255,93 manat müəyyən olunmuş, lakin xərclərini isə müəyyən etmək mümkün olmamışdır. Vergi ödəyicisinin 2017-ci il üzrə dövriyyəsi 130375,98 manat, 2017ci il üzrə mənfəət vergisi isə 26075,20 manat (130375,98*20%) müəyyən edilmişdir. Beləliklə, yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2017-ci ilin mənfəət vergisi üzrə 24823,71 manat verginin dövlət büdcəsinə ödəməkdən yayındırılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 12411,86 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Nəticədə "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********187256 saylı qərara əsasən vergi ödəyicisinə ödəmə mənbəyində tutulan vergi üzrə 252,2 manat məbləğin yayındırılmasına görə 126,1 manat məbləğində maliyyə sanksiyası, sadələşdirimiş vergi üzrə 10384,24 manat məbləğin yayındırılmasına görə 5192,12 manat maliyyə sanksiyası, ƏDV üzrə 136448,71 manat məbləğin yayındırılmasına görə 62224,26 manat maliyyə sanksiyası, mənfəət vergisi üzrə 24823,71 manat verginin yayındırılmasına görə 12411,86 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Məhkəmə qərarın əsaslandırma hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 25072 saylı ekspert rəyinə istinad etmiş və sözügedən ekspert rəyi əsasında yekun qərar qəbul etmişdir. Rəyin əsaslandırma hissəsindən də göründüyü kimi rəydə yalnız vergi qanunvericiliyinin maddələri sadalanmış, heç bir hesablama aparılmamış, ekspert öz qarşısında qoyulan suallara mahiyyəti üzrə cavab verməmişdir. Ekspert öz rəyində hesablamalarla bağlı məsələyə ümumiyyətlə toxunmamış və əsassız olaraq mübahisələndirilən qərara hüquqi qiymət vermişdir. Rəydə sadələşdirilmiş vergi üzrə 10384,24 manat verginin azaldılmasının sənədlərlə öz əksini tapmaması qeyd edilsə də, ekspertin sözügedən mövqeyi əsaslandırılmamış və təqdim edilmiş heç bir sənədə istinad edilməmişdir. Ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin, nümayəndə bildirdi ki, məhkəmə vergi hesablanmasında həlledici rol oynayan “qara mühasibatlıq” sənədlərinin mövcudluğuna ümumiyyətlə toxunmamış, həmin sənədləri tədqiq etməmişdir. Başqa sözlə, məhkəmə iş üzrə ən vacib sübut olan “qara mühasibatlıq” sənədlərinə ümumiyyətlə münasibət bildirməmiş, iş üzrə bütün sübutları qiymətləndirmədən yekun nəticəyə gəlmişdir. Məhkəmənin iddiaçı xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərində vergi orqanına ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə haqqında məlumat formasını təqdim etməsi mövqeyinə münasibətdə nümayəndə bildirdi ki, vergi ödəyicisi tərəfindən xx.xx.2017-ci il tarixdə aprel ayı üzrə və xx.xx.2017-ci il tarixdə may ayı üzrə ƏDV bəyannaməsi təqdim olunmuşdur. Vergi ödəyicisi özünün iddia etdiyi kimi sadələşdirilmiş verginin tədiyyəçisi olduğu halda, onun 2017-ci ilin İİ rübü üzrə sadələşdirilmiş vergi üzrə bəyannaməni deyil, aprel və may üzrə ƏDV bəyannaməsini təqdim etməsi iddiaçının öz mövqeyini təkzib etməsini göstərir. Odur ki, iddiaçının faktiki davranışları onun ƏDV tədiyyəçisi olması ilə razılaşdığını təsdiq etdiyi halda vergi orqanının hesablamasının əsassız hesab edilərək ləğv edilməsi məhkəmənin qərəzli yanaşmasını təsdiq edir. İşin faktiki hallarına əsasən iddiaçıya ƏDV üzrə hesablama aparılmasının əsası onun ikili xarakterli fəaliyyəti deyil, onun dövriyyəsinin qanunvericiliklə ƏDV ödəyicisi olmaq üçün müəyyən edilmiş məbləğə çatması ilə bağlıdır. Belə ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlığ fəaliyyəti göstərən və ardıcıl 12 aylığ dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artığ olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hügugdan istifadə etməyən ticarət və (və ya) ictimai İaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. (Vergi Məcəlləsinin 2017-ci il redaksiyasına əsasən) Qeyd edilən maddənin tələbinə əsasən iddiaçının ictimai iaşə fəaliyyəti ilə məşğul olduğu dövrdə dövriyyəsi 200.000 manatı keçdiyindən və həmin dövrdə iddiaçının sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməsinə dair vergi orqanına müraciəti olmadığından o, ƏDV qeydiyyatına alınmış və ƏDV hesablanmışdır. Odur ki, məhkəmənin qərarında qeyd edilən iddiaçının ikili xarakterli fəaliyyətinin öz təsdiqini tapmaması barədə arqumenti tamamilə əsassızdır və məhkəmənin işin hallarını doğru tədqiq etməməsini birmənalı şəkildə təsdiq edir. Daha sonra iddiaçı tərəfindən ƏDV qeydiyyatının ləğvi barədə vergi orqanına müraciət ünvanlanmış, xx.xx.2017-ci il tarixdə vergi orqanı tərəfindən verilən cavaba əsasən ƏDV məqsədləri üçün qeydiyyatın ləğv edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb olunan əməliyyatların tam dayandırılmasının müəyyən olunmaması göstərilmişdir. Belə ki, Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vergi ödəyicisi (Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-yə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün Qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir. Qeyd edilən maddənin də tələbindən aydın olduğu kimi ƏDV qeydiyyatının ləğv olunması üçün ƏDV-yə cəlb olunan əməliyyatlar tam dayandırılmalıdır. Lakin iddiaçı tərəfindən sözügedən əməliyyatların dayandırılması öz təsdiqini tapmadığından ƏDV qeydiyyatının ləğvi mümkün olmamışdır. Məhkəmə həmçinin mübahisə predmetini təşkil edən qərarla iddiaçıya Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan təqdim etmədiyinə görə 120 manat maliyyə sanksiyası hesablanmasını əsaslı hesab etmədiyini bildirmiş, lakin qeyd edilən mövqeyini əsaslandırmamışdır. Nümayəndə bildirdi ki, iddiaçı xx.xx.2017-ci il tarixdən ƏDV qeydiyyatına alınmalı olduğundan yanvar, fevral və mart ayları üzrə təqdim edilməmiş vergi hesabatlarına görə hər hesabat üzrə 40 manat olmaqla, 120 manat maliyyə sanksiyasının hesablanması Vergi Məcəlləsinin 57.1-ci maddəsinin birbaşa tələbindən irəli gələn haldır və buna görə qeyd edilən maliyyə sanksiyasının tətbiqi əsassız deyildir. Odur ki, nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilmiş hissədə ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının ilkin iclasında izahat vermiş iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********163608 saylı qərardan görünür ki, İddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.6-cı və 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icrbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə avqust 2015 - iyul 2018-ci vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 xx.xx.2018-ci il tarixli **********163609 saylı qərarına əsasən İddiaçı MMC-də ödəmə mənbəyindən tutulan vergi 3-cü rüb 2015 – 2-ci rüb 2018, əlavə dəyər vergisi avqust 2015 – iyul 2018, torpaq vergisi 2015-2018-ci il, əmlak vergisi 2015-ci il – 2017-ci il, mənfəət vergisi 2015-ci il – 2017-ci il, sadələşdirilmiş vergi 3-cü rüb 2015 – 2-ci rüb 2018, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2015-ci il – 2017-ci il tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.3.6 və 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlanılmış və xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. İşdə olan Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********187256 saylı qərarından görünür ki, İddiaçı MMC üzrə keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********163650 nömrəli aktına baxıb, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23 və 49-cu maddələrinə əsasən ödəmə mənbəyindən tutulan vergi üzrə 252,2 manat, məbləğin yayındırılmasına görə 126,1 manat məbləğində maliyyə sanksiyası, sadələşdirilmiş vergi üzrə 10384,24 manat, məbləğin yayındırılmasına görə 5192,12 manat maliyyə sanksiyası, ƏDV üzrə 136448,71 manat, məbləğin yayındırılmasına görə 68224,37 manat maliyyə sanksiyası, mənfəət vergisi üzrə 24823,71 manat, verginin yayındırılmasına görə 12411,68 manat məbləğində maliyyə sanksiyası və vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə 120 manat maliyyə sanksiyası hesablanmışdır. Məhkəmə araşdırması zamanı İddiaçı MMC barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 tərəfindən xx.xx.2019- cu il tarixli, **********187256 saylı qərarı ilə hesablanmış hər bir vergi tədiyyəsi (sadələşdirilmiş vergi, mənfəət vergisi, əlavə dəyər vergisi və s.) üzrə vergi məbləğlərinin düzgün hesablanmasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş rəy verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 25072 saylı ekspert rəyindən görünür ki, sadələşdirilmiş vergi üzrə iş materiallarından göründüyü kimi İddiaçı MMC sadələşdirilmiş vergi üzrə; 10384,24 manat sadələşdirilmiş verginin azaldılması təqdim edilmiş ilkin uçot sənədlərində öz əksini tapmadığı üçün sadələşdirilmiş verginin az hesablanması müəyyən edilmir. ƏDV üzrə; iş materiallarından göründüyü kimi İddiaçı MMC ƏDV-nin yoxlanılması üzrə Vergi Məcəlləsinin aşağıdakı maddələrində yazılan 136448,72 manat ƏDV-nin azaldılması ilə ziddiyyət təşkil edir. Səyyar vergi yoxlamanın 3-cü vərəqi 1.8-ci bəndində müəssisənin ictimai iaşə faəliyyəti ilə məşğul olması göstərilmişdir. Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üzrə, Vergi Məcəlləsinin 220.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə (qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə) 8 faiz dərəcə ilə hesablanır. Göstərilənlərlə əlaqədar ƏDV-nin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Buna əsas vergi ödəyicisinin xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərində vergi orqanına ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə haqqında məlumat formasını təqdim etmişdir. Bu da sübut edir ki, vergi ödəyicisi qanunamüvafiq olaraq, könüllü surətdə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq 8% sadələşdirilmiş vergini seçmək hüququndan istifadə edərək müraciət etmişdir. Göstərilənlərlə əlaqədar olaraq hesablanmış 136448.72 manat məbləğində ƏDV-nin dövlət büdcəsinə azaldılması müəyyən edilmir. Mənfəət vergisi üzrə: iş materiallarından göründüyü kimi, İddiaçınə (VÖEN **********) 24823.71 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. Bu səbəbdən qeyd edilənləri nəzərə alaraq tədqiqatla mənfəət vergisinin dövlət büdcəsinə azaldılması müəyyən edilmədi. Ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, iş materiallarından göründüyü kimi, Bakı şəhər X2 X18 tərəfindən İddiaçı (VÖEN **********) üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində vergi qanunvericiliyinə əməl olunmasının vəziyyəti yoxlanılmış və nəticələri haqqında xx.xx.2019-cu il tarixli **********163650 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Aparılan səyyar vergi yoxlaması ilə hüquqi şəxs İddiaçın’ (VÖEN **********) sahibkarlıq fəaliyyəti üzrə 24 823,71 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Bundan başqa yoxlama ilə 10384.24 manat sadələşdirilmiş verginin az hesablanması, 4665.28 manat sadələşdirilmiş verginin artıq hesablanması, 136448.72 manat ƏDV-nin az hesablanması, 252.2 manat ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən edilmişdir. Tədqiqat zamanı müəyyən edildi ki, müəssisə ictimai iaşə fəaliyyəti ilə məşğul olmuşdur. Qanuna müvafiq olaraq vergi bəyannamələrini təqdim etmişdir. Kassa və bank sənədləri araşdırılarkən vergi bəyannamələrində göstərilən dövriyyələr arasında fərq yaranmamışdır. Qara mühasibat sənədləri (kağızlar) ilkin mühasibat sənədi sayılmadığı üçün mühasibat sənədlərinin ekspertizası zamanı nəzərə alına bilməz. Bu səbəbdən, həmçin iş materiallarında olan sənədlərlə vergidən yayınma halları öz təsdiqini tapmır. Sadələşdirilmiş vergi üzrə 10384.24 manat sadələşdirilmiş verginin azaldılması sənədlərlə öz təsdiqini tapmadı. ƏDV-nin yoxlanılması üzrə Vergi Məcəlləsinin aşağıdakı maddələri yazılan 136.448.72 manat ƏDV-nin azaldılması ilə ziddiyət təşkil edir. Faktiki olaraq səyyar vergi yoxlamasının 3-cü vərəqi 1.18-ci bəndində müəssisənin ictimai iaişə fəaliyyəti ilə məşğul olması göstərilmişdir. Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üzrə, Vergi Məcəlləsinin 220.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə (qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə) ictimai iaşə fəaliyyəti üzrə - 8 faiz dərəcə ilə hesablanır. Göstərilənlərlə əlaqədar ƏDV-nin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Buna əsas vergi ödəyicisinin xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərində vergi orqanına ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə haqqında məlumat formasını təqdim etmişdir. Bu da sübut edir ki, vergi ödəyicisi qanuna müvafiq olaraq, könüllü surətdə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq 8% sadələşdirilmiş vergini seçmək hüququndan istifadə edərək müraciət etmişdir. Göstərilənlərlə əlaqədar olaraq 136.448,72 manat ƏDV-nin azaldılmasını təsdiq edən hal aşkar edilmədi. Ödəmə mənbəyindən vergi üzrə 252.2 manat İddiaçı MMC tərəfindən Səbail rayonu, T.Əliyarbəyov küçəsi, ev 3, mənzil 6 ünvanında yerləşən sahəsi 144.6 kv.metr olan əmlakı xx.xx.2016 tarixli icarə müqaviləsi əsasında aylıq icarə haqqı 9302.33 manat olmaqla X11 icarəyə götürmüşdür. Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınar və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənən röyalitidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Yoxlama ilə Vergi Məcəlləsinin 124.1 və 150.1.6-cı maddələrinə əsasən ödəmə mənbəyində tutulan verginin hesablanmasının düzgünlüyü yoxlanılarkən, yuxarda qeyd edilmiş icarə müqavilələrinə əsasən müəyyən edilmişdir ki, 2016-cı ilin 4-cü rübü üzrə ödənilən icarə haqqının ümumi məbləği 5401.4 manat (9302.33 manat/31gün x 18gün) olduğu halda vergi ödəyicisi həmin məbləği bəyannamədə 3600 manat göstərməklə 252.2 manat ÖMV-ni (756.2-504) dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Birinci instansiya məhkəməsi ekspert rəyində göstərilənlərlə razılaşaraq iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Vergi orqanı tərəfindən növbədənkənar səyyar vergi yoxlaması avqust 2015 tarixdən – iyul 2018-ci il tarixədək olan dövrü əhatə etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki mübahisəyə yoxlama aparılan dövlərdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin maddələri tətbiq edilməlidir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDVnin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1 bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məsdəqləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 alıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2 vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər; 219.1. Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4- cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. 219.5. Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. 220.1. Sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatın həcmindən) və satışdankənar gəlirlərdən aşağıdakı dərəcə ilə hesablanır: Bakı şəhərində 4 faiz. Digər şəhər və rayonlarda, Naxçıvan Muxtar Respublikasında 2 faiz. 220.1-1. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə (qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə). 220.1-1.1. ticarət fəaliyyəti üzrə — 6 faiz. 220.1-1.2. ictimai iaşə fəaliyyəti üzrə — 8 faiz. İş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, vergi orqanı tərəfindən aparılan səyyar vergi yoxlaması nəticəsində iddiaçı tərəfindən yoxlamanın əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə 2017-ci ilin birinci rübü üzrə 4665,28 manat məbləğində sadələşdirilmiş verginin artıq hesablanması, 2016-cı ilin 4-cü rübü üzrə 10384,24 manat məbləğində sadələşdirilmiş verginin dövlət büdcəsinə ödənilməkdən yaylndırılması əsası ilə vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etmişdir. Səyyar vergi yoxlaması aktında göstərilmişdir ki, yoxlamanın əhatə etdiyi dövr üzrə müəssisə faktiki olaraq restoran xidmətlərin göstərilməsi (gecə klublarının işlədilməsi) yeməklərin çatdırılması üzrə xidmətlər və otel (mehmanxana) xidməti ilə məşğul olmuşdur. Halbuki ekspert rəyi ilə müəyyən edildi ki, vergi ödəyicisi xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə vergi orqanına ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə haqqında məlumat formasını təqdim etmişdir. Göründüyü kimi iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Yoxlama aparılan dövrdə qüvvədə olmuş Vergi Məcəlləsinin tələblərinə əsasən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməsi nəzərdə tutulmuşdur. Vergi orqanı məcburi ƏDV qeydiyyatına alınmasına əsas olaraq vergi ödəyicisinin xx.xx.2017-ci il tarixdən etibarən əlavə dəyər vergisi ödəyicisi olmalı olduğunu göstərmişdir. Belə ki, səyyar vergi yoxlaması zamanı ********* nömrəli cinayət işi üzrə əldə edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, vergi ödəyicisinin 2016-cı ilin noyabr və dekabr ayları üzrə vergi tutulan dövriyyəsi 200.000 manatdan artıq – 259.606 manat olmuş və Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən vergi ödəyicisi xx.xx.2017-ci il tarixdən etibarən məcburi ƏDV qeydiyyatına alınmışdır. O cümlədən vergi ödəyicisinə qeydiyyata alınmamış aylar (2017-ci ilin yanvar, fevral və mart ayları) üzrə 78800,35 manat, aprel və may ayları üzrə 57648,37 manat, ümumilikdə 136448,71 manat məbləğində ƏDV-nin dövlət büdcəsinə ödəməkdən yayınması müəyyən edilmişdir. Lakin məhkəmə araşdırması dövründə təqdim edilmiş sənədlər əsasında, həmçinin həmin sənədlər əsasında aparılmış ekspert rəyinə əsasən iddiaçının ikili fəaliyyətinin olduğu təsdiqini tapmamış, onun ictimai iaşə fəaliyyəti ilə məşğul olaraq, buna dair qanunvericiliklə müəyyən edilmiş sadələşdirilmiş vergini ödədiyi müəyyən edilmişdir. Vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olduğu halda xx.xx.2017-ci il tarixdən etibarən vergi orqanı tərəfindən məcburi ƏDV qeydiyyatına alınaraq, həmin tarixdən sonra ƏDV ödəyicisi olduğuna əsaslanaraq, onun tərəfindən ödənilmiş sadələşdirilmiş vergi 10384,24 manat azalma və 4665,28 manat artıq hesablama kimi müəyyən edilmişdir. Bununla da vergi orqanı tərəfindən yoxlama zamanı 10384,24 manat məbləğində sadələşdirilmiş verginin dövlət büdcəsinə ödəməkdən yayınma kimi nəzərə alınaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 5192,12 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 200000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxs kimi sadələşdirilmiş vergini müəyyən edilmiş qaydada 8 faiz dərəcəsi ilə ödədiyindən, onun xx.xx.2017-ci il tarixdən etibarən məcburi ƏDV qeydiyyatına alınaraq, həmin tarixdən sonra ƏDV ödəyicisi kimi vergi hesablanması və bunun əsasında yayındırılmış vergi məbləğinin 50% miqdarında maliyyə sanksiyası tətbiq edilməsi əsassızdır. Həmçinin, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının sadələşdirilmiş vergi ödəyicisi olduğu müəyyən edildiyindən, o, Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən mənfəət vergisi və ƏDV-nin ödəyici ola bilməz. Bu səbədən də iddiaçıya mənfəət vergisi üzrə 24823,71 manat, verginin yayındırılmasına görə 12411,68 manat məbləğində maliyyə sanksiyasının hesablanması əsassızdır. Mübahisələndirilən qərar üzrə vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə 120 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi əsassızdır. İş üzrə verilmiş ekspert rəyi əsasında səyyar vergi yoxlaması ilə iddiaçı tərəfindən aparılmış əməliyyatlara görə 252,20 manat məbləğində ödəmə mənbəyindən tutulan verginin dövlət büdcəsinə az hesablanması müəyyən olunmuşdur. Buna görə də məhkəmə mübahisələndirilən qərarı həmin hissədə əsaslı hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsinin 53.3-cü maddəsində göstərilir ki, bu məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin üçüncü abzasına əsasən vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanın üzərinə düşür. Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməməsi, sözügedən ekspert tədqiqatı zamanı mübahisələndirilən qərardakı hesablama üçün əsas olan bütün sənədlərin əhatə edilməməsi, o cümlədən “qara mühasibatlıq” sənədlərinin ilkin mühasibatlıq sənədi sayılmadığına görə nəzərə alınmaması məhkəmənin vergi hesablanmasında həlledici rol oynayan “qara mühasibatlıq” sənədlərinin mövcudluğuna ümumiyyətlə toxunmaması dəlillərini qəbul etmir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 18877 nömrəli Ekspert rəyindən görünür ki, Bakı şəhər Prokurorluğunun istintaq İdarəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir və Ekspertiza qarşısında qoyulan suallardan biri: təqsirləndirilən şəxs X1 xx.xx.2016-cı tarixdən xx.xx.2017-ci tarixədək olan müddət ərzində İddiaçı MMC-nin təsisçisi kimi (VOEN **********), xx.xx.2017 tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində isə fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə (VÖEN **********) məşğul olan şəxs kimi fəaliyyət göstərdiyi müddət ərzində vergi qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin yoxlanılması barədə aparılmış səyyar vergi yoxlaması nətisinə dair tərtib edilmiş xx.xx.2019-cu tarixli akt və xx.xx.2019-cu il tarixli “Vergi ödəyəcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarında göstərilmiş vergi ödənişləri ödəməkdən yayınmanın məbləğinin düzgün göstərilibgöstərilməməsinin müəyyən edilməsidir. Həmin ekspert rəyində qeyd edilmişdir ki, qara mühasibat sənədləri (kağızlar) ilkin mühasibat sənədi sayılmadığı üçün mühasibat sənədlərinin ekspertizası zamanı nəzərə alına bilməz. “Qara mühasibatlıq” sənədlərə istinad edilərək vergilərin hesablanması AR Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bu səbəbdən, həmçinin iş materiallarında olan sənədlərlə vergidən yayınma halları müəyyən edilmir. Sadələşdirilmiş vergi üzrə 10384,24 manat sadələşdirilmiş verginin azaldılması sənədlərlə müəyyən edilmədi. 136448,72 manat ƏDV-nin azaldılması müəyyən edilmədi. İddiaçı MMC-nin səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə dövlət büdcəsinə ödənilməli olan vergi borcu 252,2 manat məbləğində müəyyən edilmişdir. İddiaçının nümayəndəsinin məhkəməyə vəsatətlə təqdim etdiyi AR Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(102)-639/2020 saylı qərarından görünür ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə X5 CM-nin 142.2.5.-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməklə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-ci maddəsinə əsasən həbsdə saxlanıldığı 1 il 16 gün müddət ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 1 il 11 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmış, CM-nin 70-ci maddəsi tətbiq edilərək X4 təyin olunmuş cəza 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə, şərti olaraq tətbiq edilmişdir. X1 CM-nin 213.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməklə təqsirliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, Bakı Şəhəri Lokal Departamenti tərəfindən verilmiş mülki iş baxılmamış saxlanılmışdır. Bundan başqa, xx.xx.2019-cu il tarixli qərarı ilə ibtidai istintaq orqanı tərəfindən X1 CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş, həmçinin onun CM-nin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə işçiləri ilə əmək müqaviləsi bağladığına, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə tamamilə ödədiyindən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən mülki iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. AR Ali Məhkəməsinin Cinayət kollegiyası xx.xx.2020-ci il tarixli qərarında aşağı instansiya məhkəmələrinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2019-cu il tarixli 18450 nömrəli, xx xxxx 2019-cu il tarixli 18086 nömrəli və xx xxxx 2019-cu il tarixli 18877 nömrəli rəyləri, o cümlədən həmin rəylərin təsviri-əsaslandırıcı hissəsi ilə ittihamın əsaslandığı nəticə hissəsi arasında uyğunsuzluq olması, eyni zamanda vergi tutulan dövriyyənin və yaranan vergilərin həcminin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikası Vergi Məcəlləsinin İX-Xİ fəsillərində əhatəli gösterilmiş və "qara mühasibatlıq" adlanan sənədlərinə istinad edilməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmaması, qara mühasibat sənədlərinin (Kağızların) ilkin mühasibat sənədi sayılmadığı üçün mühasibatlıq ekspertizası zamanı nəzərə alına bilməməsi və bu səbəblərdən dolayı təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qiymətləndirilə bilinməməsi ilə bağlı gəlinən nəticələr ilə razılaşmışdır. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün müəyyənləşdirdiyi qara mühasibat sənədlərinin ilkin mühasibat sənədi sayılmadığı üçün mühasibatlıq ekspertizası zamanı nəzərə alına bilməməsi fakta münasibətdə preyudisialdır və bu faktı heç kim mübahəsələndirə bilməz. AR İPM-nin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi və cinayət təqibi ilə bağlı digər materialları üzrə müxtəlif məhkəmə instansiyalarının çıxardığı, qanuni qüvvəyə minmiş və ləğv edilməmiş ittiham və bəraət hökmləri ilə yanaşı, cinayət mühakimə icraatını yekunlaşdıran digər bir məhkəmə aktının - birinci, apelyasiya, kassasiya instansiyalarında çıxarılmış, qanuni qüvvəyə minmiş və ləğv edilməmiş cinayət işi üzrə icraat (cinayət təqibinə) xitam verilməsi haqqında qərarın preyudisiallığı AR İPM-nin 58.8-ci maddəsi ilə nəzərdə tutulan qaydada tanımalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi üçün əsas yoxdur, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2506/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar