Məhkəmə qərarları › İş №2-1(103)-827/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-827/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-827/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh xxxxASC-yə qarşı “cavabdehin müraciətə cavab verməsindən imtinasının qanunsuz hesab edilməsi və müraciətə cavab verilməsi vəzifəsinin onun üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh xxxxASC-yə qarşı “cavabdehin müraciətə cavab verməsindən imtinasının qanunsuz hesab edilməsi və müraciətə cavab verilməsi vəzifəsinin onun üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6392/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh xxxxaçıq səhmdar cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xxxxASC-nin xx xxxx 2020-ci il tarixli 220/20 saylı məktuba cavab verməkdən imtina etməsinin qanunsuz və əsassız hesab edilməsi, xx xxxx 2020-ci il tarixli 220/20 saylı məktuba cavab verilməsi vəzifəsinin cavabdeh xxxxASC-yə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdı ki, etibarnamə əsasında nümayəndəsi olduğu X1 rayonunun Navahi kəndində ********** saylı çıxarışa əsasən mülkiyyətində olan 17,54 ha torpaq sahəsində arpa əkməsi, lakin ötən 4 aydan artıq müddətdə əkin sahəsinin suvarılmasının mümkün olmaması, bu səbəbdən maddi zərər çəkməsi, odur ki, qəbul qrafikindən kənar onu qəbul etməklə bağlı xx xxxx 2020-ci il tarixdə həm elektron, həm də poçt vasitəsilə müraciət etmişdir. Bundan başqa, X7 20-xx xxxx 2020-ci il tarixdə ASC rəhbərliyinin növbətçilik qrafıkinə uyğun olaraq əkin sahəsinin suvarılmasına köməklik göstərilməsi məqsədilə xxxxASC-nin şöbə müdirləri X8, X12 və X2 telefon vasitəsilə müraciət etmişdir. Lakin heç bir tədbir görülmədiyi üçün İddiaçı MMC tərəfindən xx xxxx 2020-ci il tarixli 220/20 saylı məktubla müraciət edilərək X3 pozulmuş hüquqlarının bərpa edilməsi, həmçinin adı çəkilən vətəndaşın nümayəndəsi ilə birlikdə qəbul edilməsi cavabdeh təşkilatın sədrindən xahiş edilmişdir. xx xxxx 2020-ci il tarixli 220/20 saylı məktub həmin tarixdə poçt xidmətinə təhvil verilmiş, müraciət xx xxxxx 2020-ci il tarixdə xxxxASCnin ünvanına daxil olmuşdur. Lakin cavabdeh orqan məktuba qanunla müəyyən edilmiş müddət və qaydada cavab verilməsini təmin etməmişdir. Buna görə də cavabdeh xxxxASC-nin xx xxxx 2020-ci il tarixli 220/20 saylı məktuba cavab verməməsi qanunsuz və əsassız hesab edilməli və xx xxxx 2020-ci il tarixli 220/20 saylı məktuba cavab verməsi vəzifəsinin cavabdeh xxxxASC-yə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6392/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6392/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı deyil. Belə ki, məhkəmə qərardadında hazırki tələblə bağlı hansı məhkəməyə müraciət edilməli olunması qeyd edilməmişdir. Həmçinin məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədləri iddiaçıya göndərərək iddiaçı tərəfin cavabdehin dəlillərinə münasibətini öyrənməmişdir. Məhkəmənin iddiaçının subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə qanuni və əsaslı deyil. Belə ki, 220/20 saylı xx.xx.2020-ci il tarixli məktuba cavabdeh tərəfindən cavab verilməməsi ilə iddiaçının hüququ pozulmuş və buna görə də məhkəməyə müraciət etmişdir. Göstərilən predmetlə bağlı iddia tələbi ilə çıxış etmək hüququ yalnız iddiaçıya məxsusdur. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdi ki, İddiaçı MMC-nin direktoru Yaşar Ağazadənin xxxxASC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsi R.İsmayıllının eyni məzmunlu xx.xx.2020-ci il tarixli ərizəsinə əlavə edilərək onların müraciətlərində göstərilən problemin həllində köməklik göstərilməsi üçün Hacıqabul Suvarma sistemləri idarəsinə göndərilmişdir. İddiaçı MMC-nin direktoru Yaşar Ağazadənin xx.xx.2020-ci il tarixli şikayət ərizəsi qəbul edilərək, cəmiyyətin dəftərxanasında İ-44 nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış və baxılması təmin edilmişdir. Həmin Qanunun 12.2-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı MMC-nin və R.İsmayıllının eyni məzmunlu müraciətlərinə bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxılmış və müraciətlərində göstərdiyi xüsusatlarla əlaqədar R.İsmayıllıya ətraflı cavab verilmişdir. Ruslan İsmayıllının şikayətinin araşdırılması ilə bağlı verilmiş tapşırıqla əlaqədar Hacıqabul Suvarma sistemləri idarəsi tərəfindən 55 saylı xx.xx.2020-ci il tarixli məktubla, surəti R.İsmayıllıya ünvanlanmaqla Səhmdar Cəmiyyətə cavab məktubu göndərilmişdir. Beləliklə, İddiaçı MMC-nin ərizəsində qeyd olunan xüsusatlarla əlaqədar onun etibarnamə əsasında mənafeyini təmsil etdiyi R.İsmayıllıya cavab verilməsindən imtina edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların təsnifatı"nda cavabdeh xxxxASC inzibati orqan kimi müəyyən olunmamışdır. Həmçinin iddiaçının hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının və 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş şikayətə iddiaçının və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı MMC-nin cavabdeh xxxxASC-yə qarşı tələbi “cavabdeh xxxxASC-nin xx xxxx 2020-ci il tarixli 220/20 saylı məktuba cavab verməkdən imtina etməsinin qanunsuz və əsassız hesab edilməsi, həmçinin 220/20 saylı xx xxxx 2020-ci il tarixli məktuba cavab verilməsi vəzifəsinin cavabdeh xxxxASC-yə həvalə edilməsi” barədə olmuşdur. İşə birinci instanisiya qaydasında baxmış məhkəmə İddiaçı MMC-nin hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik olmamasına, eləcə də cavabdeh tərəfindən Ruslan İsmayıllıya 55 saylı xx.xx.2020-ci il tarixli məktubla cavab verilməsinə istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddiasını qərardadında qeyd olunanlarla bağlı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Əvvəla qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarında göstərilmişdi ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır (bənd 13). Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır (bənd 14). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar, həmçinin təbii inhisar subyektləri tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş üzrə cavabdeh orqan “xxxx” ASC təbii inhisar subyekti olub, onun ümumi publik hüquq sahəsində göstərdiyi fəaliyyət, qəbul etdiyi qərarlar, faktiki xarakterli hərəkət və ya hərəkətsizliyi qanunla qorunan hüquqlarına təsir edən istənilən şəxs (fiziki və ya hüquqi şəxslər) tərəfindən subyektiv hüquq əsasında inzibati icraat qaydasında mübahisələndirilə bilər. İddia ərizəsinin məzmununa görə iddiaçı onun müraciətinə münasibətdə cavabdehin hərəkətsizliyindən şikayətlənir. Birinci instansiya məhkəməsi isə iddiaçının müraciətinə münasibətdə tərəflər arasında inzibati hüquq münasibətlərinin mövcud olub-olmadığını, həmin inzibati hüquq münasibətləri ilə bağlı cavabdeh orqanın publik hüquq sahəsindəki fəaliyyəti, eyni zamanda hərəkətsizliyi ilə bağlı iddiaçının qanunla qorunan hüquqlarının pozulub-pozulmadığını, bundan sonra iddiaçının məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun mövcudluğunu yoxlamadan belə iddianın qeyri-mümkün olması nəticəsinə gəlmişdir. Hazırki işə həm birinci instansiya, həm də apellyasiya instansiyasında baxılarkən cavabdeh tərəfindən təqdim olunmuş iddia ərizəsinə və apellyasiya şikayətinə etiraz ərizələrində qeyd edilmişdi ki, bu işdə iddiaçının cavab verilməsini tələb etdiyi müraciətixx.xx.2020-ci il tarixli şikayət ərizəsi xxxxASC-də qəbul edilmiş, cəmiyyətin dəftərxanasında İ-44 nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış və baxılması təmin edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının məhz cavab verilməsini tələb etdiyi xx.xx.2020-ci il tarixli müraciətinə münasibətdə ona hansı cavabın verildiyini və ya verilmədiyini, başqa sözlə cavabdehin qeyd etdiyi kimi, həmin müraciət orqanın dəftərxanasında xx.xx.2020-ci il tarixdə qeydiyyata alındıqdan sonra ona baxılmasının hansı qaydada və müddətdə təmin edildiyini araşdırmamışdır. Əksinə, məhkəmə öz qərardadında cavabdeh orqan tərəfindən iddiaçıya deyil, X4 55 saylı xx.xx.2020-ci il tarixli məktubla cavab verilməsinə istinad etmişdir. Halbuki cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, birinci instansiya məhkəməsinin istinad etdiyi- cavabdehin 55 saylı xx.xx.2020-ci il tarixli məktubu iddiaçının deyil, X3 cəmiyyətə ünvanladığı xx.xx.2020-ci il tarixli onlayn müraciətinə cavab olaraq verilmişdi. Beləliklə, iddiaçının xx.xx.2020-ci il tarixli müraciətinə cavabdeh orqanın hər hansı cavab verməsi halı iş üzrə müəyyən olunmur. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1 və 3.0.6-cı maddələrinə əsasən müraciət edən şəxs dedikdə, fiziki və ya hüquqi şəxs; müraciətə baxan subyekt dedikdə isə, fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülür. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Sözügedən Qanunun tələblərinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır (7.1). Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. (7.5). Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir (7.8). Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır (10.1). Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır (10.4). Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır (10.5). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər (12.1). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər (12.2). Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər; məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər; müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər; müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər (12.3.1-12.3.4). Müraciətinə baxılan vətəndaşın bir sıra, o cümlədən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır (14.0.8). Oxşar müddəalar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Qanuna görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsaslardan biri kimi müəyyən edilmişdir (20.1, 28.1.1). Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir (52.1). Maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər (66). Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər (71.1, 71.2). Qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətinə tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iş üzrə iddiaçının xx.xx.2020-ci il tarixli 220/20 saylı müraciət məktubuna qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə mütləq cavab verməlidir. İddiaçının sözügedən müraciətinə belə cavabın verilmədiyi təqdirdə bu hərəkətsizliyin iddiaçının hüququna toxunduğunu araşdırmadan birinci instansiya məhkəməsi X3 xx.xx.2020-ci il tarixli onlayn müraciətinə cavabdehin 55 saylı xx.xx.2020-ci il tarixli cavab məktubunun məzmununu qərardadında göstərməklə kifayətlənmiş və nəticədə ümumiyyətlə iddiaçı ilə cavabdeh orqan arasında inzibati hüquq münasibətinin mövcudluğuna hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hazırki iş üzrə İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 220/20 saylı müraciət məktubuna münasibətdə cavabdeh orqan tərəfindən yazılı cavab verilmədiyi üçün göstərilən hərəkətsizliyin iddiaçının yuxarıda adı çəkilən qanunla qorunan hüquqlarına toxunduğunu nəzərə alaraq hesab edir ki, məhz iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6392/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar