Məhkəmə qərarları › İş №2-1(103)-827/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-827/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-827/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 qızının, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8554/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək fərdi şəxsi hesabının sığorta hissəsində toplanmış sosial sığorta kapitalının əsasında, yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya təyin edildikdən sonra da 6 ildən çox işləməkdə davam etmişdir. Hal-hazırda fərdi hesabının sığorta hissəsində toplanan kapitalı mövcuddur. Yaşa görə əmək pensiyasına çıxdıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış yəni, əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də cavabdeh orqana müraciət edərək əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalını nəzərə alaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmişdir. Lakin müraciəti, 23 iyun 2021-ci il tarixdə aldığı cavab məktubundan görünür ki, təmin edilməmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh tərəfindən məhkəməyə imtinanın məzmununa uyğun olaraq iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi təmin edilməməlidir. Belə ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.cü bəndlərinə əsasən 2007ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Sonradan iddia tələbi dəqiqləşdirilərək iddianın yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8554/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı yazılı etiraza uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi . İddiaçı ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan pensiya təyinatına dair inzibati icraat materiallarından görünür ki, iddiaçıya 2001-ci ildən yaşa görə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi əmək pensiyası təyin olunmuşdur. İddiaçının əmək kitabçasının surətindən görünür ki, ona pensiya təyin edildikdən sonrakı dövrdə 2006-cı ildən iddia qaldıran tarixədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, o, 09.02.2006-cı ildə Sumqayıt sement sexinə qaynaqçı vəzifəsinə təyin edilmişdir; həmin vəzifə üzrə 10.10.2007-ci ildə ərizəsi əsasında azad edilmiş; 02.11.2007-ci il tarixdə "xxxx" MMC-nin 4-cü dərəcəli bənna vəzifəsinə təyin edilmiş, 05.01.2010-cu il tarixdə müddətin qutarması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. 18.04.2013-cü il tarixdə “MET-AK” şirkəti ilə bağlanmış əmək müqaviləsinə əsasən mühafizəçi vəzifəsinə təyin edilmişdir; 04.03.2016-cı il tarixdə ərazi nəzarətçisi peşəsinə keçirilmişdir; 01.11.2018-ci ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh organ pensiya məbləğinin yenidən hesablanmasından imtina məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Həmin Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.1 -ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Eyni zamanda bildirilmişdir ki, iddiaçıya sözügedən maddənin tələblərinə uyğun qaydada hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənilir və Qanunun 9.6-cı maddəsinin sonuncu cümləsinə əsasən hərbi qulluqçunun yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. , “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləğləri iki cür müəyyənləşdirilir: -1. Fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ, -2. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. İddiaçının sosial sığorta hesabındakı pensiya kapitalı əsas götürülməklə pensiya təyinatını tələb etmək hüququ vardır. Bu zaman yuxarıda qeyd olunan birinci kateqoriya şəxslərdən hesab ediləcəyinə görə dövlət vəsaiti hesabına güzəştli şərtlərlə pensiya almaq hüququndan da istifadə edə bilməyəcəyi qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasından imtina etməklə yalnız sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün yaşadığı ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti filialına (xidmət nümayəndəliyinə) və ya Dost mərkəzinə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. İş materiallarından göründüyü kimi iddiaçının 2006-cı ildən bəri əmək fəaliyyəti ilə məşğul olması və hazırda pensiya kapitalına malik olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Etirazın dəlili ondan ibarətdir ki, hərbi qulluqçuların pensiya təminatı yığım hissəsində yığılan pensiya kapitalı ilə deyil, təminat xərcliyindən hesablanır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası sığorta və yığım hissələrindən ibarətdir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı bəndinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Məhkəmə kollegiyası qeyd edir ki, həmin normanın əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarına aid olduğu məzmunundan aydındır. İddiaçı isə hərbi qulluqçu statusunda ona pensiya təyin olunduqdan sonra hərbi xidmətini davam etdirməmiş, əmək fəaliyyəti ilə məşğul olmuşdur. Eyni zamanda cavabdehin hərbi qulluqçuların pensiya təminatı yığım hissəsində yığılan pensiya kapitalı ilə deyil, təminat xərcliyindən hesablanmalı olduğu qənaətinə münasibətdə məhkəmə qeyd edir ki, həmin yanaşma şəxsə hərbi qulluqçu statusunda pensiya təyin edilərkən və əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarına münasibətdə pensiyası yenidən hesablanarkən nəzərə alına bilər. Bu yanaşma “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsində də öz əksini tapmışdır. (Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.) Qeyd edilən norma həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələrin yenidən hesablanmasını nəzərdə tutur, yəni pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanmasını istisna etmir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, hərbi qulluqçu kimi pensiya təyin edildikdən sonra əmək fəaliyyətini ilə məşğul olan əmək pensiyaçısının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.1.3-cü maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması hüququnu istisna etmək üçün əsas yoxdur və əmək pensiyaçısının həmin hüququ təmin olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra 6 ildən çox işlədiyindən və mövcud qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsinə əsasən yenidən hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, iddiaçının hazırkı tələbi düzgün olaraq təmin olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8554/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar