Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-827/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X14 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4316/2023 saylı 15 avqust 2023-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “26 BAKİ KOMİSSARİ” adına Neftqazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin 05 mart 1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan çıxarışdan müəyyən olunur ki, İddiaçı həqiqiətən “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvüdür və “26 BAKİ KOMİSSARİ” adına Həmkarlar Təşkilatının 05 mart 1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən ona Şabandağ sahəsində “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən baş plana əsasən 1200 kv.m. olmaqla 22 saylı sahəsi ayrılmışdır. 17 noyabr 2022-cil tarixli Ölüm haqqında Şəhadətnamədən müəyyən olunur ki, X5 20 fevral 1999-cü il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixində tərtib olunmuş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpaq sahəsinin sərhədləri metal tor ilə əhatə olunmuşdur. Bir tərəf yol, üç tərəf qonşulardır. Torpaq sahəsi üzərində St.a.=12.0 kv.m. köməkçi tikili var. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınıb müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 06 sentyabr 2022-ci il tarixli, **********93 saylı imtina məktubunda qeyd edilmişdir ki, idarədə mövcud olan arxiv məlumatlarına əsasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar edilməmişdir. Bundan başqa elektron kadastr məlumatına əsasən ümumi əraziyə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər hüquqi şəxsin adına “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) verilmiş, həmçinin həmin əraziyə digər fiziki şəxslərin müraciətləri mövcuddur. Həmin imtina məktubundan narazı qalan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq bostançılıq yoldaşlığı tərəfindən ayrılmış 22 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınaraq həmin bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "Şabandağ" bağçılıq-yoldaşlıq kollektivinin üzvü olmuş və Şabandağ sahəsində sahəsi 1200 kvadrat metr olan 22 saylı bağ sahəsi ona ayrılmışdır. Bakı şəhər X10 icraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin idarəyə Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsi ayrılıb. "Bağçının üzvlük kitabçası"na əsasən İddiaçı 1999-cu ildə "Şabandağ" bağçılıq yoldaşlığına qəbul edilib, bağçılıq cəmiyyətinin xx.xx.1990-cı il tarixli, 10 nömrəli protokoluna əsasən onun istifadəsinə sahəsi 1200 kv. metr olan 22 saylı bağ sahəsi verilib. 26 may 2022-ci ildə iddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarışın verilməsi üçün cavabdeh quruma müraciət edib. Cavabdeh orqanın 06 sentyabr 2022-ci il tarixli, **********93 saylı bildirişi ilə müraciətin təmin edilməsindən imtina edilib. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi “Şabandağ” bağçılıq-yoldaşlığı tərəfindən iddiaçıya ayrılmış 22 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınaraq həmin bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı xx.xx.2022-ci tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarədə mövcud olan arxiv məlumatlarına əsasən təqdim edilmiş bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən ümumi əraziyə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər hüquqi şəxsin (X25) adına “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) verilmişdir, həmçinin həmin əraziyə digər fiziki şəxslərin (X6, X12, X7 və digərlərinin) müraciəti mövcuddur. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********93 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4316/2023 saylı 15 avqust 2023-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, Bakı İnzibati Məhkəmə iddianın təmin edilməməsinin səbəblərindən biri kimi mübahisəli torpaq sahəsinin X18 daimi istifadəsinə verilməsinə dair BŞİH başçısının xx.xx.2005-ci il tarixli, 330 nömrəli sərəncamının və onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədinin hər hansı qaydada mübahisələndirilməməsini və hazırda qüvvədə olmasını göstərib. Həmin sərəncama əsasən X18 xx.xx.2005-ci il tarixli, 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsi, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin fondun daimi istifadəsinə verilib. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 319656 N°-li (xx.xx.2011-ci il tarixdə 23519 nömrə ilə qeydə alınmış) Torpaq sahəsinin plan və ölçüsündən müəyyən olunur ki, BŞİH Başçısının xx.xx.2005-ci il tarixli 330 saylı sərəncamı ilə X20 Binəqədi rayonu Xocasən kəndinin şərq hissəsində yerləşən Xocasən gölünün ətrafında 17276776 kv. metr torpaq sahəsi universitet kampusunun tikintisi üçün daimi istifadəyə ayrılıb. Ancaq hazırkı iş üzrə BŞİH-nin 330 nömrəli sərəncamını aşağıdakı səbəblərdən iddiaçının mübahisələndirmək öhdəliyi yoxdur. Əvvəla, BŞİH- in sərəncamından 14 il əvvəl XDS İK-nin 11/546 nömrəli 07 avqust 1991-ci il tarixli qərarı və bağçılıq cəmiyyətinin xx.xx.1990-cı il tarixli 10 nömrəli protokolu ilə iddiaçı da daxil olmaqla onlarla bağçıya torpaq sahəsi ayrılıb. Həmin qərar və protokol hazırda da qüvvədədir. BŞİH, XDS İK- nin 11/546 nömrəli 07 avqust 1991-ci il tarixli qərarı və bağçılıq cəmiyyətinin xx.xx.1990-cı il tarixli 10 nömrəli protokolunu ləğv etmədən həmin torpaq sahəsini X20 verə bilməzdi. BŞİH bu kobud qanunsuzluğa yol versə də, onun iddiaçının istifadəsinə torpaq sahəsinin verilməsini təmin edən yuxarıda qeyd edilmiş sənədləri ləğv etmədən 330 saylı sərəncamı qəbul etdiyi üçün iddiaçıya 22 saylı bağ sahəsi üzərində istifadə hüququ verən aktlar da eyni zamanda qüvvədə qalıb. "İnzibati icraat haqqında" Qanunun 64.2-ci maddəsində göstərilir ki, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, BŞİH başçısı 330 nömrəli inzibati aktı qanunvericiliyin tələblərini pozaraq qəbul edib. "İnzibati icraat haqqında" Qanunun 2.0.11-ci maddəsinə əsasən, maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt əlverişsiz (yükləyici) inzibati akt sayılır. BŞİH başçısının 330 saylı sərəncamı iddiaçını 22 saylı bağ sahəsi üzərində istifadə hüququndan məhrum etdiyi üçün əlverişsiz inzibati aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd edilən maddədən aydın oldur ki, BŞİH başçısının 330 saylı sərəncamı qanunsuz əlverişsiz inzibati aktdır. Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati aktı qəbul etmiş inzibati orqanın, subordinasiya baxımından yuxarı inzibati orqanın və yaxud məhkəmənin həmin aktı ləğv etmək səlahiyyəti qeyd edilsə də, bir inzibati aktı qanunsuz hesab etmək yalnız bu instansiyalarınsəlahiyyətində deyil. Beləcə, digər icra hakimiyyəti orqanı, o cümlədən cavabdeh 1 saylı Bakı Ərazi idarəsi və ya subordinasiya baxımından ondan yuxarı orqanın bir inzibati aktı qeyd edilən instansiyaların qərarı olmadan belə qanunsuz hesab etmək səlahiyyəti var." Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanı tərəfindən dövlətə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar dövlət qeydiyyatı üçün əsas hesab olunur. Burada "qanunla müəyyən edilmiş qayda" Konvensiya ilə nəzərdə tutulan anlamda "qanunilik" ilə sinonimdir. Bu səbəbdən yerli icra hakimiyyəti tərəfindən "qanunla müəyyən edilmiş qayda"da qəbul olunmayan inzibati akt dövlət qeydiyyatı üçün əsas ola bilməz. BŞİH-in 330 saylı sərəncamı "qanunla müəyyən edilmiş qayda"da qəbul olunmayan inzibati akt olduğu üçün iddiaçının torpaq sahəsi həmin akt əsasında X18 adına qeydiyyata alına bilməzdi və həmin aktın qanunsuz olub- olmamasına yalnız 67.2-ci maddədə göstərilən instansiyalar deyil, qeydiyyat orqanı özü də qərar verə bilər. Yuxarıdakıları diqqətə alaraq bu qənaətə gəlirik ki, iddiaçının BŞİH başçısının 330 saylı sərəncamını mübahisələndirmək öhdəliyi yoxdur, çünki ona 22 saylı bağ sahəsi üzərində istifadə hüququ vermiş XDS İK-nin 11/546 nömrəli 07 avqust 1991-ci il tarixli qərarı və bağçılıq cəmiyyətinin xx.xx.1990-cı il tarixli 10 nömrəli protokolu BŞİH tərəfindən ləğv edilməyib və hazırda da qüvvədir. Bu səbəbdən BŞİH başçısının 330 saylı sərəncamı "İnzibati icraat haqqında" Qanunun 67.2-ci maddəsi rəhbər tutularaq, məhkəmə qərarı olmadan da 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz hesab edilə bilər və bağ sahəsinə dair iddiaçının mülkiyyət hüququ qeydə alınıb, çıxarış verilə bilərdi. Mübahisləndirilən qərarda hazırda da qüvvədə olan (Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-il tarixli, 11/546 saylı qərarına əsasən 26 Bakı komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişini nəzərə alaraq Qaradağ rayonu Lök- Batan- Hacıhəsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılıb) Bakı şəhər X10 İcraiyyə Komitəsinin 11/546 nömrəli 07 avqust 1991-ci il tarixli qərarı və bağçılıq cəmiyyətinin xx.xx.1990-cı il tarixli 10 nömrəli protokoluna bər hansı bir münasibət bildirilməyib, həmin qərar və protokoldan uzun illər sonra qanunsuz yolla qəbul edilmiş "X20 torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər öz qüvvəsini saxladığından, iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz" məzmununda tamamilə əsassız qənaətə gəlinib. Sözügedən maddi hüquq normasında hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın 3 əsası sadalanır. Halbuki, həmin əsasların heç biri iddiaçıya münasibətdə tətbiq edilə bilməzdi. 22 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün hər hansı əsas yoxdur. Bu baxımdan da mübahisələndirilən qərarda istinad edilən maddi hüquq norması pozulub. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq iddiaçı iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıqbostançılıq yoldaşlığı tərəfindən ayrılmış 22 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “elektron kadastr baza məlumatlarına əsasən ümumi əraziyə digər hüquqı şəxsin adına kadastr planının verilməsi, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması və 22 saylı bağın ərazisinə digər fiziki şəxslərin müraciət etməsi” əsası ilə tələbinin təmin edilməsindən imtina etmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7.2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İşdə olan cavabdeh inzibati orqanın imtina məktubunda qeyd olunur ki, iddiaçının adı “Şabandağ” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında yoxdur. Halbuki “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına neft və qaz çıxarma idarəsi “Şabandağ” bağçılıq-bostançılıq kollektivi tərəfindən verilmiş “26 BAKİ KOMİSSARİ” adına Neftqazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin 05 mart 1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan Çıxarışda qeyd olunur ki, İddiaçı həqiqətən “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvüdür və “26 BAKİ KOMİSSARİ” adına Həmkarlar Təşkilatının 05 mart 1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən ona Şabandağ sahəsində “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən baş plana əsasən 1200 m2 olmaqla 22 saylı bağ sahəsi ayrılmışdır. Lakin iddiaçının iddia etdiyi torpaq sahəsi ilə, Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına X21 kitabında 12 yanvar 2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr nömrəsi **********000058) tərtib olunmuş X20 məxsus (universitet kampusu tikintisi üçün) torpaq sahəsi üst-üstə düşür. Bu hal, işin mübahisəsiz halıdır. Belə ki, qeyd edilən ərazinin X22 ayrılmış sahə ilə üst-üstə düşməsi analoji işlərdə də öz təsdiqini tapmış və hazırda iddiaçı bu halı mübahisələndirmir, ona görə də birinci instansiya məhkəməsi həmin hissədə haqlı olaraq əlavə araşdırma aparmağa zərurət görməmişdir. Həmçinin işin apellyasiya baxışı zamanı müəyyən olundu ki, mübahisəli torpaq sahəsinin X18 daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamı fiziki şəxslər X13, X3 və digərləri tərəfindən mübahisələndirilmişdir. Bakı İnzibati Məhkəməsinin 201(112)-11682/2023 saylı 07 avqust 2023-cü il tarixli qərardadı ilə iddia müddətinin ötürülməsi və həmin müddətin üzrsüz səbəblərdən buraxılmasına görə müddətin bərpasından imtina edilərək, iddianın qeyri-mümkün sayılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçıların verdiyi apellyasiya şikayəti hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Beləliklə, iddiaçının hazırda iddia etdiyi sahə sözügedən hüquqmüəyyənedici sənədlər əsasında X20 ayrılmış sahə ilə üst-üstə düşdüyündən və X20 torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər hazırda qüvvədə olduğundan, ləğv edilmədiyindən, geri çağırılmadığından iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4316/2023 saylı 15 avqust 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-827/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-827/2024
17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver