Məhkəmə qərarları › İş №2-1(103)-827/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-827/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-827/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbinə inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10241/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi Bəyannamələr İdarəsi tərəfindən qəbul olunmuş 08 may 2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********264100 saylı qərarın ləğv olunmasına dair qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqan tərəfindən 08 may 2024cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********264100 saylı qərar qəbul olunmuşdur. Həmin qərarda, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində, onlara 14.333,23 manat (kənarlaşma) vergi borcu müəyyən edilmişdir. Belə ki, həmin qərarda onlara bildirilmişdir ki, “tərəfimizdən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDH serialı 515426 nömrəli, EBDH serialı 328691 nömrəli, EBDA serialı 874847 nömrəli, EBDG serialı 508210 nömrəli, EBDC serialı 363809 nömrəli, EBDF serialı 365891 nömrəli, EBDF serialı 647451 nömrəli, EBDD serialı 546586 nömrəli, EBDD serialı 820187 nömrəli, EBDE serialı 173187 nömrəli, EBDE serialı 810426 nömrəli, EBDİ serialı 389211 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlat riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd olunan elektron qaimə-fakturalar üzrə 14330,23 manat ƏDV məbləğinin tərəflərindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0 manat olması nəticəsində 14330,23 manat kənarlaşma müəyyən edilmişdir”. Qeyd olunan elektron qaimə-fakturalar, "xxxx" MMC ilə aralarında olan 22 fevral 2023-cü il tarixli DE-22-02/23 saylı müqavilədən qaynaqlanır. Həmin tarixlərdə, qeyd olunan vergi ödəyicisi riskli vergi ödəyicisi siyahısında olmamışdır. Cavabdeh tərəfindən bildirildiyi kimi, onların xx.xx.2024-cü il tarixli **********499600 saylı qərarına əsasən, həmin ödəyici, riskli vergi ödəyicisi sayılmışdır. Belə ki, onlar həmin ödəyici ilə əməliyyat aparan zaman həmin ödəyici riskli ödəyici olmamışdır. Qeyd olunan əməliyyatlar real əməliyyatlardır. İddiaçı hər hansı bir vergi ödəyicisinin sonradan riskli ödəyici olmasını bilə bilməzdi. Məlum olduğu kimi təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) ona təqdim edən vergi ödəyicilərinin işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq malların mövcudluğunun, habelə iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olmasının yoxlanılması məqsədilə həmin vergi ödəyicilərindən müvafiq təsdiqedici sənədlər əldə etmək vəzifəsi “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Qanununa əsasən Vergi Məcəlləsinə yeni 16.1.11-14 maddə əlavə edilməklə müəyyən edilmiş və xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir. Yəni həmin tarixədək vergi ödəyicilərinin üzərinə belə bir vəzifə qoyulmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi həmin vergi ödəyicisinin sonradan riskli vergi ödəyicisi elan olunması qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı üçün hər hansı hüquqi məsuliyyət yaratmır. Müəssisə tərəfindən 2024-cü ilin yanvar-mart ayları üçün tərtib edilərək vergi orqanına təqdim edilmiş ƏDV bəyannaməsinin 308-ci sətrinə Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən daxil edilmiş əvəzləşdirilməli elektron qaimə-fakturaların siyahısında yuxarıda adı qeyd edilən MMCdən alınmış hər hansı elektron qaimə-faktura yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. "İnzibati İcraat haqqında" Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1ci bəndinə əsasən, bu Meyarlar Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir; 2.1.1-ci bəndinə əsasən, bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 3.1-ci bəndinə əsasən, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur; 3.1.2-ci bəndinə əsasən, vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən, vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə əsasən, vergidən yayınma sxemi-vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat, 13.2.71ci maddəsinə əsasən, vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi-vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. "xxxx" MMC-nin (VÖEN: **********) qaimə əldə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) aparılmış vergi nəzarəti tədbirləri zamanı təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Beləliklə, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş xx.xx.2024-cü il tarixli **********424900 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən EBDH seriyalı 515426 nömrəli, EBDH seriyalı 328691 nömrəli, EBDA seriyalı 874847 nömrəli, EBDG seriyalı 508210 nömrəli, EBDC seriyalı 363809 nömrəli, EBDF seriyalı 365891 nömrəli, EBDF seriyalı 647451 nömrəli, EBDD seriyalı 546586 nömrəli, EBDD seriyalı 820187 nömrəli, EBDE seriyalı 173187 nömrəli, EBDE seriyalı 810426 nömrəli, EBDİ seriyalı 389211 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə 14330,23 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********424900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedıci sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2024cü ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 14330,23 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********264100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmus vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. 37.3-cü maddəsinə əsasən, vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 175.11-ci maddəsinə əsasən, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilməlidir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10241/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********264100 №-li qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10241/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti iddiaya etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmənin mövqeyinə görə iddiaçının əməliyyat apardığı şəxs müqavilə münasibətləri yarandığı dövrdə riskli vergi ödəyicisi hesab olunmamışdır. Bu dəlil formal olmaqla yanaşı, yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, aşağıda adı qeyd olunan vergi ödəyicisi məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyicisi siyasına daxil edilmiş və bu barədə qərar qəbul edilmişdir. Digər tərəfdən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq, eyni zamanda öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini ümumiyyətlə yerinə yetirməmiş, yalnız iddiaçının iddia ərizəsində qeyd etdiyi məqamları əsas götürməklə qərarın qəbul edilməsi ilə kifayətlənmiş, mübahisənin həllinə bilavasitə təsir edən yuxarıda qeyd olunan şəxslər tərəfindən idxal etmədiyi və almadığı malların iddiaçıya hansı formada satılması, iddiaçıya satılan malların çeşidində uyğunluğun olub-olmaması (misal üçün mütəxəssis cəlb etməklə) məsələlərini ümumiyyətlə araşdırmamışdır. Məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına əsasən: - Cavabdeh qurum tərəfindən etiraza əlavə edilmiş riskli elektron qaimələr barədə məlumatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı arasında bağlanılmış DE-22-02/23 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə dair riskli hesab edilmiş elektron qaimələr xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixlidir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bəyannamələr İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********264100 saylı xx.xx.2024-cü il tarixli qərara (Əlavə dəyər vergisi, hesabat dövrü mart 2024) əsasən İddiaçınə 14330,23 manat əlavə vergi (ƏDV) hesablanmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDH seriyalı 515426 nömrəli, EBDH seriyalı 328691 nömrəli, EBDA seriyalı 874847 nömrəli, EBDG seriyalı 508210 nömrəli, EBDC seriyalı 363809 nömrəli, EBDF seriyalı 365891 nömrəli, EBDF seriyalı 647451 nömrəli, EBDD seriyalı 546586 nömrəli, EBDD seriyalı 820187 nömrəli, EBDE seriyalı 173187 nömrəli, EBDE seriyalı 810426 nömrəli, EBDİ seriyalı 389211 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə 14330,23 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 14330,23 manat kənarlaşma yaranmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin **********564000 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı VÖEN-i ********** ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi həcmində vergi ödəyicisinin ƏDV sub-uçot hesabında olan pul vəsaiti dondurulmuşdur. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı arasında bağlanılmış DE-22-02/23 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti karxana materiallarını İddiaçınə satmağı, İddiaçı isə həmin malları təhvil alıb dəyərini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satmağı öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********139800 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, vergi ödəyicisinin müvafiq dövr üzrə aparılmış hesablamanın qərarı və həsablamaya əsas olan səbəblər qoşma şəklində təqdim olunur. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. İddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDH seriyalı 515426 nömrəli xx.xx.2023-cü il tarixli, EBDH seriyalı 328691 nömrəli xx.xx.2023cü il tarixli, EBDA seriyalı 874847 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDG seriyalı 508210 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDC seriyalı 363809 nömrəli xx.xx.2023-cü il tarixli, EBDF seriyalı 365891 nömrəli xx.xx.2023-cü il tarixli, EBDF seriyalı 647451 nömrəli xx.xx.2023-cü il tarixli, EBDD seriyalı 546586 nömrəli xx.xx.2023-cü il tarixli, EBDD seriyalı 820187 nömrəli xx.xx.2023-cü il tarixli, EBDE seriyalı 173187 nömrəli xx.xx.2023-cü il tarixli, EBDE seriyalı 810426 nömrəli xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı 389211 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturalar təqdim edilmişdir. Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az saytının “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsində yerləşdirilmiş məlumatdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********499600 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində qəbul edilmiş qərarlar onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş müəssisə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə edilən əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində çıxarılmışdır. Halbuki, əməliyyatları aparılan zaman həmin müəssisə riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının əməliyyatları həyata keçirdiyi müəssisə, iddiaçının əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyicilər siyahısına daxil edilmişdir. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. İddianın növünə görə sübutetmə yükü daşıyan inzibati orqan sözügedən əməliyyatların əmtəəsiz və ya riskli hesab edilməsinin əsaslandırılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən verilən apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyicisi siyahısına daxil edilmiş və bu barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyicisi siyahısına daxil edilmiş olsa belə, siyahıya daxil edilməklə bağlı qərar həmin hüquqi şəxsin "xxxx" MMC ilə apardığı əməliyyatlardan sonrakı tarixdə baş vermişdir. Belə olan halda "xxxx" MMC həmin hüquqi şəxsin riskli vergi ödəyicisi olmasını bilməsi mümkün deyildir. Hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir. Bu əməliyyatlar Vergi Məcəlləsinin 109.9-cu maddəsinin mənasına görə əmtəəsiz olsaydı belə, yenə də malların dəyəri Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 87.3-1. Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli, 1704-VQD nömrəli Qanunun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli, 902 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları təsdiq edilmişdir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin internet vergi idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10241/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar