Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-828/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X15 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı (X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9190/2022 saylı, 28 sentyabr 2022-ci iltarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı (X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X8 Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5035-ci məhəllə, ev 2, mənzil 82-dən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 1992-ci ildə B.Sərdarov adına maşınqayırma zavodu tərəfindən Biləcəri qəsəbəsi, 5035-ci məhəllə, ev 2, mənzil 82, iki otaqlı mənzil almış, həmin tarixdən etibarən mənzil Şuşa şəhərindən olan köçkün tərəfindən zəbt edilmişdir. Mənzil Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixdə, 3-cü qrup Qarabağ əlili olan Anar Məmmədovun adına keçirilmiş, 30/4903 qeydəalma nömrəsi ilə 1022 nömrəli kitabın 177990-cı səhifəsində qeydiyyat aparılmışdır. Azad Məmmədovun xəstəliyi, ailə vəziyyəti və Anar Məmmədovun 3-cü qrup Qarabağ əlili olmasına rəğmən mənzildən köçkünü çıxarmaq mümkün olmamışdır. Nəhayət 29 ildən sonra köçkünə mənzil verilmiş, xx.xx.2020-ci il tarixində mənzili təhvil vermişdir. Beləliklə, Binəqədi rayon Məhkəməsinin 2(001)-6871/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli Qərarı ilə icraata xitam verilmişdir. 29 il (1992-2020) ərzində ailə həyatlarında bir çox dəyişikliklər olmuş, Anar Məmmədovun anası özünə məxsus 3 otaqlı mənzili ona bağışlamış, Anar mənzili satmış, 2 otaqlı mənzil almış və hal-hazırda Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi, ev 28, mənzil 20-də tək yaşayır. Anar Məmmədov mənzillə təmin olunduğu üçün Azad Məmmədovun də yaşadığı Biləcəri qəsəbəsində yerləşən 5035-ci məhəllə, ev 2, mənzil 82, iki otaqlı mənzilin Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi 10, bir otaqlı mənzil 44-də yaşayan digər oğlu İddiaçı bağışlama yolu ilə verilməsini məsləhət görmüş və tələb etmişdir. Bu zaman Anar Məmmədov fakt olaraq atasına aid həmin mənzillə əlaqədar heç bir iş görmədən, formal olaraq onun adına keçirilən mənzilə görə böyük məbləğdə pul tələb etmiş, əks təqdirdə mənzili bağışlamayacağını bildirmişdir. Məcburiyyət qarşısında qaldığı üçün öz aralarında razılığa əsasən digər qardaşı Azər Məmmədovla birlikdə Anar Məmmədova 52000 (əlli iki min) manat kompensasiya qismində ödənilmişdir ki, mənzili bağışlasın və qeydiyyatdan çıxsın. Bundan sonra, Anar Məmmədov mənzili daşınmaz əmlakın bağışlanma müqaviləsi ilə xx.xx.2020-ci il tarixində bağışladıqdan 1 il 5 aydan çox keçməsinə və kompensasiya ödənilməsinə baxmayaraq, qeydiyyatdan çıxmayıb, süni maneçilik yaradır. X17 qəsəbəsi, “V” massivi, ev 28, mənzil 20-yə qeydiyyata düşməyərək, yenidən 7000 (yeddi min) ABŞ dolları pul tələb edərək, atanı və digər iki qardaşını çətin və nəticəsi bəlli olmayan ağır vəziyyətə salmışdır Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9190/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim Ş.Həsənova) iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9190/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli məhkəmə qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarda qeyd edilir ki, qardaşı cavabdeh Anar Məmmədova 7000 ABŞ dolları vermiş, lakin əlavə 5000 ABŞ dolları ödəməkdən imtina edir, vədinə əməl etmədiyindən Anar bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə dair məhkəməyə müraciət etməyi düşünür. Əvvəla qardaşı Anara vəd verməyib və 52000 manat pul vermişdir, əgər Anar haqlı olduğunu düşünsəydi 3 ay ərzində məhkəməyə müraciət edərdi. Onun dedikləri tamam əsassız və qanunsuzdur. Hakim nəzərə almamışdır ki, iddiaçı digər qardaşı ilə birlikdə ona 52000 manat kompensasiya qismində ödəmiş, o isə bundan sonra mənzili bağışlamışdır. Burada əmlak mübahisəsi yoxdur, lakin Anar qeydiyyatdan çıxmayaraq İddiaçı mülkiyyətə dair konstitusion hüquqlarını əsassız və qanunsuz olaraq pozur. Araşdırma və aydınlaşdırma aparılsaydı aydın olardı ki, atası Anara evi alqı-satqı yolu ilə 20.000.000 manat qiymət qoyulmaqla (2001-ci ildəki qiymətlə) verilsə də, bu formal olaraq vaxtı ilə köçkünü mənzildən çıxarmaq məqsədi daşıyıb. Anar nə əvvəl (2001-ci ildə), nə də 3-cü qrup əlillik aldıqdan sonra heç yerdə işləməyib, atasına nə əvvəl, nə də ondan sonra bu vaxta qədər pul verməyib və nə də pul vermək imkanı olub. Əksinə olaraq, o, atasının və özündən böyük qardaşının hesabına yaşayıb. Hakim bunlar üçün sorğu-sual etməmiş, işi mübahisəli adlandırmışdır. Lakin, buna baxmayaraq, heç yerdə işləmədiyi və əlilliyi nəzərə alınaraq mənzilin onun adına olduğu üçün hər dəfə “ata payı” deyərək atasını bezdirməsi ona 52000 manat pul verilməsi ilə nəticələnmişdir. Vaxtı ilə düzgün həyat sürmədiyi üçün atası ona qayğıkeşliklə yanaşmış, dəfələrlə “xərci mənim boynuma, gəl evlən, ailə sahibi, övlad sahibi ol” dedikdə imtina etməz, 50 yaşı olmasına rəğmən sözə baxardı. Qeydiyyatda olduğu mənzillə heç bir əlaqəsi olmadan atasından daha çox pul istəməsi, atanı cinayət etməyə sövq etmişdir. Anar Məmmədovun əlavə pul tələbinə dair hakim bildirmişdir ki, “bu məsələ üçün ayrılıqda müraciət edərsiniz, burada qeydiyyatdan çıxma məsələsinə baxılır”. Lakin sonradan bunun mübahisəli məsələ adlandırılması məntiqə uyğun olmamışdır. İddia ərizəsində Anarın əxlaqı, xarakteri, ataya və qardaşına olan yaramaz münasibəti qeyd edilmişdir. Məhkəmə bu münasibəti aydınlaşdırmadan, pul verən digər qardaşı dinləmədən məsələnin mübahisəli olduğu qənaətinə gəlmişdir. Qərarda qeyd edilir ki, “Anarın daimi yaşayış yeri yoxdur”, mabahisəli mənzildə yaşamağa cəhd etsə də, aralarında olan mübahisəyə görə orada həmin mənzildə yaşaya bilməz”. Lakin söhbətin hansı mübahisədən getməsi açıq qalır. Qardaşlar arasında pul mübahisəsi həll edilmiş, Anara 52000 manat verilmişdir. Bu barədə imzalı rəsmi bildiriş təqdim edilə bilər ki, onu da hakim nə müzakirə edib və də tələb edib. Digər tərəfdən, Anar qeydiyyatda olan mənzildə yaşamağa heç vaxt cəhd etməyib, mənzilin yolunu belə tanımır, çünki onun özünə məxsus evi var, bu ünvanda isə ancaq qeydiyyatdadır. Anarın anası - vəfat etmiş X5 3 otaqlı mənzili ona bağışlamış, o da onu satıb 2 otaqlı mənzil almışdır. Artıq qalan pulu xərcləməklə heç yerdə işləmədən, tüfeyli həyat keçirməkdədir. Hakim Anara harada yaşaması barədə sual vermiş, o, da ünvan 1 tək yaşadığını bildirmişdir. Buna baxmayaraq, sorğu verib Anarın faktiki olaraq harada yaşaması barədə ondan arayış tələb etməmişdir. Həmin məsələ də araşdırılmamışdır, məsələyə “mübahisəli” damğası vurulmuşdur. Atasına məxsus olan mənzil 2001-ci ildə köçkünü mənzildən çıxarılmaq məqsədi ilə 3-cü qrup Qarabağ əlili olduğu üçün onun adına keçirilmiş, köçkün 2020-ci ildə çıxarıldıqdan sonra fürsət bilərək onlardan pul almaq istəyinə düşdüyü üçün yaramaz hətəkərlər edir. Beləliklə, məhkəmə Anarın əlavə pul tələb etməsini, yaşayış yerinin olmadığını, qeydiyyatda olduğu mübahisəli mənzildə yaşamağa cəhd etsə də, mübahisəyə görə həmin mənzildə yaşaya bilmədiyini əsas gətirərək heç nəyi əsaslandırmadan qərar qəbul etmişdir. İddiaçı yaşayış sahəsi üzərində mülkiyyət hüququnu xx.xx.2020-ci il tarixdə bağışlama müqaviləsinə əsasən əldə etmişdir. Həmin bağışlanma müqaviləsində aralarında alqı-satqı predmeti olmadığı kimi daşınmaz əmlaka görə və ya digər hər hansı işə görə pul ödənişi üzrə mübahisə olmamışdır. Üçüncü çəxs Məmmədov Anar mənzildə yaşamağa cəhd etməmiş, özünə məxsus ünvan 1-də tək yaşadığı üçün aralarında mübahisə mövcud olmamışdır. Anar Məmmədov tərəfindən yaşayış yerindən əsaslı sübut kimi arayış təqdim edilməmiş, hakim isə bununla bağlı araşdırma aparmamışdır. Qeydiyyatdan çıxarılma ilə əlaqədar Binəqədi rayon Polsi İdarəsinə müraciət edilmiş, ərizəyə birtərəfli baxılaraq İnzibati Məhkəməyə müraciət etməsi barədə məktub verilmişdir. Məhkəmə Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Plenum qərarına istinad edərək şəxsin sözügedən mənzilə əmlak hüququnun əldə etməməsini və həmin yaşayış sahəsində faktiki yaşamamasını qeyd etsə də, bu halları ümumiyyətlə araşdırmamışdır. Belə ki, X2 qəsəbəsi, 5035-ci məhəllə, ev 2, mənzil 82-də yaşamır və ümumiyyətlə yaşamamışdır. Qeyd olunan ünvanda formal olaraq qeydiyyatdadır. X3 rayonu, Yeni Günəşli qəsəbəsi “V” massivi, ev 28, mənzil 20 ünvanında yaşayır və bu mənzil AR ƏMDK yanında DƏDRX-də dövlət qeydiyyatında X7 adına qeydiyyata alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X14 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan X14 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 30,14 kv.m olan iki otaqlı mənzil tam mülkiyyət hüququ üzrə hədiyyə verən X14 tərəfindən hədiyyə alan qardaşı İddiaçı mülkiyyətinə verilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 51,74 kv.m ümumi sahəsi olan mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 06808038 №-li, xx.xx.2008-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Qeydiyyat yeri: ünvan 4 ünvanıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********12 nömrəli məktubdan görünür ki, X7 ünvan 2 ünvanına dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Binəqədi rayon X13 İcraiyyə Komitəsinin xx.xx.1993-cü il tarixli qərarına əsasən Biləcəri qəsəbəsi, 5035-ci məhəllə, sahəsi 30,14 kv.m olan 2 otaqlı 82 nömrəli mənzil A.B.Məmmədova verilmişdir. X6 xx.xx.2001-ci il tarixli, 111690 nömrəli müqaviləyə əsasən mülkiyyətində olan ünvan 4 ünvandakı 2 otaqlı mənzili 20.000.000 manata (AZM) X1. X14 xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən mənzili qardaşı İddiaçı bağışlamışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 059- 19559M3222 nömrəli məktubdan görünür ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X7 ünvan 6 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.” Konstitusiya Məhkəməsinin bu qərarına əsasən, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İşin hallarından görünür ki, mübahisəli mənzil ilkin olaraq xüsusi mülkiyyət hüququ əsasında iddiaçının, həmçinin iş üzrə üçüncü şəxsin atası X4 adına xx.xx.1999-cu ildə qeydə alınmışdır. Azad Məmmədov həmin mənzili xx.xx.2001-ci ildə alqı-satqı müqaviləsinə əsasən hazırki iş üzrə üçüncü şəxs Anar Məmmədova satmışdır. Anar Məmmədov mübahisəli mənzildə xx.xx.2002-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadır. Anar Məmmədov xx.xx.2020-ci ildə mübahisəli mənzili qardaşı İddiaçı bağışlamışdır. Birinci istansiya məhkəməsi mübahisələndirilən qərarında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Hazırki mübahisə üzrə iddiaçı mübahisəli yaşayış sahəsi üzərində mülkiyyət hüququnu xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmasını tələb etdiyi şəxslə, yəni mənzilin əvvəlki mülkiyyətçisi ilə aralarında bağlanmış bağışlama müqaviləsinə əsasən əldə etmişdir ki, həmin bağışlama müqaviləsi ilə bağlı, həmçinin üçüncü şəxsin həmin mənzildə yaşamağa cəhd etməsi ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. İş üzrə üçüncü şəxs xx.xx.2002-ci il tarixdən mübahisəli yaşayış yeri üzrə qeydiyyatdadır. Üçüncü şəxsin mübahisəli yaşayış sahəsində yaşamaması, digər daimi yaşayış yerinin olması ilə bağlı iddiaçı tərəfindən hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmiş, həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Halbuki, işə birinci instansiya məhkəməsində baxılarkən, həmçinin məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Anar Məmmədov mübahisəli mənzildə yaşamamasını və mülkiyyətində olan başqa mənzildə yaşamasını inkar etməmişdir. Bundan əlavə, işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, üçüncü şəxs X7 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 28, mənzil 17 hazırda mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxs A.A.Məmmədov mübahisəli mənzili qardaşı, hazırki iş üzrə iddiaçı olan İddiaçı bağışlamaqla həmin mənzilə dair mülkiyyət hüququnu təşkil edən bütün hüquqlarından (sahiblik, istifadə, sərəncamvermə) sonuncunun xeyrinə imtina etmiş, orada faktiki yaşamır və buna görə də onun həmin mənzildəki qeydiyyatı formal xarakter daşıdığından ləğv olunmalıdır. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Üçüncü şəxsin sözügedən ev üzərində hər hansı əmlak hüququna malik olmadığı və yaşamadığı halda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməklə haqlı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuş, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və beləliklə də səhv nəticəyə gəlmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9190/2022 saylı, 28 sentyabr 2022-ci iltarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, üçüncü şəxs X7 Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5035-ci məhəllə, ev 2, mənzil 82 ünvanındakı qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9190/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Üçüncü şəxs X7 ünvan 6 ünvanındakı qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-828/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-828/2023
14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver