Məhkəmə qərarları › İş №2-1(103)-828/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-828/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-828/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “mənzillə təmin olunma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3675/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il tarixdən mənzil növbəsinə əsasən mənzil növbəsi ilə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) 2-1(112)-3675/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri Cavabdehə qarşı xx.xx.1994-cü il tarixdən mənzil növbəsinə əsasən mənzil ilə təmin olunması barədə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi heç bir obyektiv araşdırma aparmadan cavabdehin xeyrinə qərar vermişdir. O, xx.xx.1991-ci il tarixdən Bakı Şin zavodunda əvvəl fəhlə, xx.xx.1993-cü il tarixdən isə gənc mütəxəssis kimi işə qəbul olmuşdur. Təhsil aldığı müddətdə yığma sexi, kamerni sexi və kalandır sexində 2-ci və 3-cü növbə fəhlə, sonra isə növbə rəisi işləmişdir. İşlədiyi müddətdə Bakı şəhəri Cavabdehin xx.xx.1994-cü il tarixli 43 nömrəli Sərəncamına əsasən gənc mütəxəssis kimi mənzil növbəsinə alınmışdır və mənzil növbəliliyi siyahısında 581-ci adamdır. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Təminatı İdarəsi tərəfindən 10 (on) il bundan öncə növbəsinin çatdığını, eləcə də Nərimanov RİH-nin hüquqşünası onun növbəsinin 10 (on) il bundan qabaq çatdığını bildirmişdir. Gənc mütəxəssislərə 3 gün müddət ərzində yataqxana və yaxud mənzil kirayə tutulurdu, mənzil isə növbədənkənar verilirdi. Mənzil növbəliliyi ilə bağlı sərəncamı Cavabdeh verirsə, deməli İcra Hakimiyyətinin özündə bu sənədin bir nüsxəsi qalır. Minlərlə ev növbəsinə mənzili olan insanlar ev almaq ücün növbəyə yazılırlar, illərlə gözləyirlər ki, arzu edəndə gedib İcra Hakimiyyətində ucota alınsınlar? xx.xx.1994-cü il tarixdən gənc mütəxəssis kimi mənzil növbəsi gözlədiyi halda necə olur ki, 29 ildə gözlədiyi illəri heç edib onu Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixdə yenidən mənzil növbəliliyinə yazmasına məhkəmə hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi Mənzil Məcəlləsinin iddia tələbinə aid olmayan maddələrinə istinad etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarda qeyd edilir: Sizin mənzillə təmin edilməyinizə köməklik göstərilməsi barədə yazmış olduğunuz təkrar ərizəyə Cavabdehdə baxılmışdır. Məlumat üçün bildirilir ki, Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 145 nömrəli Sərəncamı ilə Sizin iş yeriniz üzrə X2 xx.xx.1994-cü ıl tarixindən olan mənzil növbəliliyiniz yaşayış yeri üzrə Cavabdehə köçürülmüş və vətəndaşların ümumi əsaslarla olan növbəlilik siyahısına daxıl edilmişdir. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan bu və ya digər əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş şəxslərin yaşayış sahələri ilə təmin edilməsi Azərbaycan Respublikası mənzil qanunvericiliyinin tələbləri qaydasında növbəlilik prinsipi əsasında müvafiq qurumlar tərəfindən həyata keçirilir. Cavabdehin mənzil fondu olmadığından Sizə müvafiq köməklik göstərilməsi üçün tərəfimizdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarla məhkəməyə təqdim edilmiş Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 43 saylı “İddiaçı gənc mütəxəssis növbəsinə qəbul edilməsi barədə” Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" İstehsalat Birliyi müdiriyyətinin və HİK-in 11 avqust 1994-cü il tarixli, 107 nömrəli birgə qərarı ilə İddiaçı 3 nəfər (özü, 2 oğlu) ailə tərkibi ilə gənc mütəxəssis kimi mənzil növbəsinə qəbul edilməsi, İH-nin MMK-sının xx.xx.1994-cü il tarixli 49 nömrəli qərarı ilə bu qərarın təsdiq edilməsi ilə bağlı tövsiyəsinə əsaslanaraq "xxxx" İstehsalat Birliyinin işçisi İddiaçı 3 nəfər (özü, iki oğlu) ailə tərkibi ilə gənc mütəxəssis kimi mənzil növbəsinə qəbul edilmişdir. İddiaçı mənzil-uçot işi "xxxx" İstehsalat Birliyinə qaytarılmışdır. İş materiallarında olan iddiaçı tərəfindən Cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, iş yeri üzrə "xxxx" ASC-də olan mənzil növbəliliyinin yaşayış yeri üzrə köçürülməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə təqdim edilmək üçün verilmiş xx.xx.2021-ci il tarixli 01/77 №-li arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixli 107 saylı Bakı Şin zavodunun Həmkarlar Komitəsinin (indiki "xxxx" ASC) protokolu ilə 3 nəfər ailə tərkibilə mənzil növbəsinə alınmışdır. Bu protokol Cavabdeh Başçısının 43 saylı xx.xx.1994-cü il tarixli sərəncamı ilə təsdiq olunmuşdur. Mənzil növbəliliyi siyahısında 581-ci adamdır. Hal-hazırda "xxxx" ASC-də ev tikintisi işləri aparılmır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Bakı şəhəri Nərimanov RİH-ə ünvanlanmış xx.xx.2021-ci il tarixli 01/10/78 saylı məktubda qeyd olunmuşdur ki: İddiaçı mənzil qeydiyyat işi şəxsi tələbi ilə Sizə göndərilir. Qeyd: "xxxx" Açıq Səhmdar Cəmiyyəti mənzil tikinti işləri ilə maliyyə təminatının olmaması üzündən məşğul olmur. İş materiallarında olan Bakı şəhər Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli 145 saylı “İddiaçı iş yeri üzrə mənzil növbəliliyinin yaşayış yeri üzrə köçürülməsi barədə” Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş İddiaçı iş yeri üzrə mənziluçot işi üzrə mənzil növbəliliyinin yaşayış yeri üzrə Nərimanov RİH-ə köçürülməsi barədə ərizəsi və "xxxx" İB-nin hüquqi varisi "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubuna əsasən İddiaçı iş yeri üzrə "xxxx" ASC-də xx.xx.1994-cü il tarixdən olan mənzil-uçot işi üzrə mənzil növbəliliyi ailə tərkibi 1 nəfər (özü) olmaqla yaşayış yeri üzrə Cavabdehə köçürülmüş və vətəndaşların ümumi əsaslarla olan növbəlilik siyahısına daxil edilmişdir. İş materiallarında olan Bakı şəhər Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli 229 saylı “İddiaçı mənzil-uçot işi üzrə ailə tərkibi siyahısında dəyişiklik edilməsi barədə” Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşayış yeri üzrə Bakı şəhər Cavabdehdə olan mənzil-uçot işi üzrə ailə tərkibi siyahısında dəyişiklik edilmiş, qızı X3 onun ailə tərkibi siyahısına daxil edilmişdir. İş materiallarında olan Bakı şəhər Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli, 43 nömrəli Sərəncamı ilə "xxxx" İstehsalat Birliyi müdiriyyətinin və Həmkarlaq Təşkilatının 11 avqust 1994-cü il tarixli, 107 nömrəli birgə qərarı təsdiq edilmiş, "xxxx" İstehsalat Birliyinin işçisi İddiaçı 3 nəfər (özü, 2 oğlu) ailə tərkibi ilə gənc mütəxəssis kimi iş yeri üzrə mənzil növbəsinə götürülmüş, mənzil uçotu işi "xxxx" İstehsalat Birliyinə qaytarılmışdır. Qeyd edilənlərdən göründüyü kimi, sonrakı mərhələdə İddiaçı növbəlilik siyahısına salınması, həmin siyahıda neçənci şəxs olması, ondan sonrakı siyahıda olan hansı şəxslərin yaşayış sahəsi ilə təmin olunub-olunmaması "xxxx" İstehsalat Birliyinin səlahiyyətlərinə aid olmuşdur və bu barədə Cavabdehdə hər hansı məlumat yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixinədək qüvvədə olan): 31-ci maddəsinin birinci hissəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. 36-cı maddəsinin birinci hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. 36-cı maddəsinin ikinci hissəsinə əsasən növbəlilik aşağıdakı qaydada müəyyən edilir: yaşayış yerində uçota götürülmüş vətəndaşlar barəsində - müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən; iş yerində uçota götürülmüş vətəndaşlar barəsində - qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən. 36-cı maddəsinin üçüncü hissəsinə əsasən birinci növbədə və növbədənkənar yaşayış sahəsi almaq hüququ olan vətəndaşlar ayrıca siyahılara daxil edilirlər. 39-cu maddəsinə əsasən yaşayış sahəsi aşağıdakılara növbədənkənar verilir: təbii fəlakət nəticəsində mənzili yaşayış üçün yararsız hala düşmüş vətəndaşlara; dövlət uşaq müəssisəsindən, qohumlarının, qəyyumunun və ya himayəçisinin yanından qayıdanların əvvəllər yaşadıqları sahəyə hüququnun qanunla saxlanıldığı, lakin bu sahəyə köçmək mümkün olmadığı hallarda həmin şəxslərə, habelə əvvəllər mənzil sahəsi olmayan valideyn himayəsindən məhrum olan uşaqlara; aspiranturanı, klinik ordinaturanı, ali, orta ixtisas, texniki peşə və digər tədris müəssisələrini bitirən və təyinat əsasında başqa yerə köçməklə əlaqədar işə göndərilən şəxslərə; qanunsuz məhkum olunmuş və sonralar təmizə çıxarılmış, əvvəlki yaşayış sahəsini qaytarmaq mümkün olmayan vətəndaşlara; Hər hansı təhsil müəssisəsini bitirən, əhaliyə sosial xidmət müəssisələrindən buraxılan, azadlıqdan məhrumetmə müəssisələrindən azad olunan, əvvəllər mənzil sahəsi olmayan yaxud əvvəllər yaşamış olduqları mənzil sahəsinə köçməsi mümkün olmayan, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə; SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş başqa hallarda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixdən qüvvədə olan): 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 56.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. İşin faktiki hallarından görünür ki, Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 43 saylı Sərəncamına əsasən "xxxx" İstehsalat Birliyi müdiriyyətinin və HİK-in 11 avqust 1994-cü il tarixli, 107 nömrəli birgə qərarı ilə İddiaçı 3 nəfər (özü, 2 oğlu) ailə tərkibi ilə gənc mütəxəssis kimi mənzil növbəsinə qəbul edilməsi, İH-nin MMK-sının xx.xx.1994-cü il tarixli 49 nömrəli qərarı ilə bu qərarın təsdiq edilməsi ilə bağlı tövsiyəsinə əsaslanaraq "xxxx" İstehsalat Birliyinin işçisi İddiaçı 3 nəfər (özü, iki oğlu) ailə tərkibi ilə gənc mütəxəssis kimi mənzil növbəsinə qəbul edilmiş və İddiaçı mənzil-uçot işi "xxxx" İstehsalat Birliyinə qaytarılmışdır. Sonradan iddiaçı Cavabdehə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək iş yeri üzrə "xxxx" ASC-də olan mənzil növbəliliyinin yaşayış yeri üzrə köçürülməsini xahiş etmişdir. "xxxx" ASC tərəfindən Bakı şəhəri Nərimanov RİH-ə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla iddiaçının mənzil qeydiyyat işi şəxsi tələbi ilə Cavabdehə göndərilmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mənzil tikinti işləri ilə maliyyə təminatının olmaması üzündən məşğul olmaması qeyd edilmişdir. Bundan sonra Bakı şəhər Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli 145 saylı Sərəncamına əsasən iddiaçının iş yeri üzrə "xxxx" ASC-də xx.xx.1994-cü il tarixdən olan mənzil-uçot işi üzrə mənzil növbəliliyi yaşayış yeri üzrə Cavabdehə köçürülmüş və vətəndaşların ümumi əsaslarla olan növbəlilik siyahısına daxil edilmişdir (hazırda ailə tərkibi 2 nəfər - özü və qızı olmaqla). İddiaçı hesab edir ki, onun mənzil növbəsi çoxdan çatmışdır, bundan başqa o, gənc mütəxəssis kimi növbədənkənar qaydada yaşayış sahəsi ilə təmin edilməli idi. İddiaçı bu məqsədlə cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən, apellyasiya şikayətindən və iddiaçının izahatlarından görünür ki, iddiaçının tələbi onun mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçının həm mənzil növbəsinə götürüldüyü dövrdə qüvvədə olmuş, həm də hazırda qüvvədə olan Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış növbədənkənar qaydada mənzillə təmin edilə bilən şəxslərin dairəsi konkret göstərilmidir. Lakin iddiaçının mənzil növbəsinə götürüldüyü “gənc mütəxəssis” kateqoriyası bu imtiyazlı şəxslər sırasına aid edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı yaşayış sahəsi ilə növbədənkənar qaydada təmin edilməli olan imtiyazlı şəxslər sırasına daxil deyildir və onun mənzil növbəsinin ötürülməsini təsdiq edən hallar müəyyən edilməmişdir. Bu səbəbdən də cavabdeh Bakı şəhəri Cavabdehin imtinası qanunazidd sayıla və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3675/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar