Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-828/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 (sədrlik edən və məruzəçi), X6 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8412/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 20 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 286 nömrəli məktubunda bildirilmişdir ki, X1 ölümü ilə əlaqədar xx.xx.2023-cü il tarixində İddiaçı (bundan sonra – iddiaçı) ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən olunmuşdur. X8 rayon şurasının İcraiyyə Komitəsinin İclasının verdiyi xx.xx.1969-cu il tarixli, 3 saylı protokoluna əsasən miras əmlakın tərkibində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5-ci Şaumyan döngəsi, 19 ünvanda yerləşən torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarış verilməsi xahiş olunmuşdur.
2. X8 Rayon Şurasının İcraiyyə Komitəsinin İclasının “Özbaşına qanuni qeydiyyata alınmalı evlər tikmiş şəxslərin siyahısının təsdiq edilməsi və Bakı şəhəri Kirov rayonu üzrə ev kitabçasının verilməsi haqqında” 3 nömrəli protokolunda qeyd edilmişdir ki, Bakı şəhər sovetinin İcraiyyə Komitəsinin 21/V1-68 tarixli 34/817 nömrəli qərarının və 30/İX-68 tarixli 763/30 nömrəli məktubunun icrası üçün Rayon İcraiyyə Komitəsinin komissiyası tərəfindən yerində yoxlanılmış materiallar əsasında Biləcəri, Xoca-Həsən və Sulu-Təpə qəsəbələri üzrə özbaşına tikililərdən 71 tikilinin vətəndaşlara şəxsi mülkiyyət hüququ əsasında mənsub olduğu və qanuni qeydiyyata alınmalı və ev kitabçası verilməli olduğu hesab olunmuşdur. İcraiyyə Komitəsi qərara alır: - Şəxsi mülkiyyət hüququ əsasında tikili mülkiyyətçisi kimi tanınan 71 vətəndaşın siyahısı təsdiq edilsin və qəsəbə sovetlərinin arayışlarına əsasən ev kitabçalarının verilməsi üçün rayon polis şöbəsinə göndərilsin. Biləcəri, Xoca-Həsən və Sulu-Təpə qəsəbələri üzrə ev kitabçaları olmayan özbaşına tikililərin siyahısı: - 8.X7, evin texniki əziyyəti bünövrəli daş ev, müstəqil torpaq sahəsi var, mülkün ünvanı 5-ci Şaumyan döngəsi, 19.
3. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra – cavabdeh) tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli **********52 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi. Y.Hüseynov, döngə 5, 19 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
4. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli **********53 nömrəli məktubu ilə təqdim olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müsyinə (baxış) aktından görünür ki, ünvan 3 ünvanında yerləşən 19 saylı fərdi evin faktiki sahəsi 126.0 kv.m, torpaq sahəsi isə 530.0 kv.m təşkil edir. Torpaq sahəsinin sərhədləri iki tərəfdən metal tor, metal vərəqə və taxta materialdan əhatələnmişdir. Layihə təqdim olunmayıb. Ərazidə St/a~126.0 kv.m olan 1-mərtəbəli 4otaqlı fərdi yaşayış evi mövcuddur.
5. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********17 nömrəli məktubunda bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim olunan X8 Rayon Şurasının İcraiyyə Komitəsinin İclasının xx.xx.1969-cu il tarixli, 03 nömrəli protokolunda vətəndaşlara ev kitabçasının verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən tərəfimizdən ərizənizin icrası mümkün olmamışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 15 mart 2024-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və ünvan 5 ünvanında yerləşən evə mərhum atası X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 9 fevral 2024-cü il tarixində 1 saylı Bakı ASAN xidmət mərkəzi vasitəsilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, ünvan 6 ünvanında yerləşən, (doğulub böyüdüyü və hal-hazıra kimi həmin ünvanda ailəsi ilə yaşadığı) evə, mərhum atası X5 məxsus olması barədə arayışın iddiaçıya verilməsi (köhnə qanunverc.adına çıxarışın və texniki pasportun verilməsi) üçün müraciət etmişdir. Həmin ərizəyə 07 fevral 1969-cu il tarixli X8 Rayon Şurasının İcraiyyə Komitəsinin iclasının 3№-li protokolunu, həmin evə aid Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Biləcəri Qəsəbə inzibati Dairəsi üzrə Nümayəndəliyinin təsdiq etdiyi 1969-cu il tarixli ev kitabını (Domovoy kniqa), sözügedən evə aid Bakı şəhəri 20 saylı Notariat ofisi tərəfindən vərəslərin dairəsi müəyyən olunaraq, cavabdeh tərəfə dövlət reyestrindən çıxarışın verilməsinə dair rəsmi məktubunu, mərhum atası X2 ölüm haqqında şəhədətnaməsini, mərhum atası X1 DİN-dən Maps arayışını, şəxsiyyət vəsiqəsinin surətini, (etibarnamə üzrə nümyəndəyə təqdim edilən etibarnamə) təqdim edilmişdir. 15 mart 2024-cü il tarixində cavabdeh tərəfdən sözügedən evə çıxarışın və texniki pasportun verilməsini tərəfindən təqdim olunan 07 fevral 1969-cu il tarixli X8 Rayon Şurasının İcraiyyə Komitəsinin iclasının 3№-li Protokolunu, hüquqmüəyyənedici Arxiv sənədini hüquqmüəyyənedici sənəd kimi hesab etməməklə, bunun vətəndaşlara ev kitabçasının verilməsini nəzərdə tutulduğunu və bu səbəbdən çıxarışın və texniki pasportun verilməsinin icrasının mümkün olmadığı qənaətinə gəlinməklə cavabdeh qurum tərəfindən imtina edilmişdir. Cavabdeh qurumun imtinaya səbəb gətirdiyi səbəb əsassız və qanunsuzdur. Tərəflərindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən onlara təqdim edilən rəsmi möhürlü arxiv sənədi mötəbər sübut əhmiyyətli hüquqmüəyyən edici sənəd kimi bu iddia ərizəsinə qoşma kimi əlavə olunur və təqdim edilən arxiv sənədinin tam mətinə nəzər salınsa həmin sənədin heç də cavabdeh qurumun həmin sözügedən evə çıxarışın və texniki pasportun verilməsinə imtina etməyə əsasın olmadığını və məhkəmə zamanı məhkəmə müstəvisində qanuvericiliyin təhlili və vahid məhkəmə təcrübəsi baxımından cavabdeh qurumun arqumentinin əsassız və qanunsuz olduğu ortaya çıxması şübhəsizdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” siyahısına nəzər salınsa təqdim edilən arxiv çıxarışı tam da hüquqmüəyyənedici sənəd siyahısındadır. 07 fevral 1969-cu il tarixli X8 Rayon Şurasının İcraiyyə Komitəsinin iclasının 3№-li protokolunda, həmin arxiv çıxarışının mətnində qeyd olunur ki, özbaşına qanuni qeydiyyata alınmalı evlər tikilmiş şəxslərin siyahısı təsdiq edilməsi və Bakı şəhəri Kirov rayonu üzrə ev kitabçasının verilməsi haqqında. Bakı şəhər sovetinin icraiyyə komitəsinin 21/Xİ-68 il tarixli 34/817 №-li qərarının və 30/İX-68 il tarixli 763/30 №-li məktubunun icrası üçün Rayon İcraiyyə Komitəsinin komissiyası tərəfindən yerində yoxlanılmış materiallar əsasında Biləcəri,Xoca-Həsənvə Sulu-Təpə qəsəbələri üzrə özbaşına tikililərdən 71 tikilinin vətəndaşlara şəxsi mülkiyyət hüququ əsasında mənsub olduğu və qanuni qeydiyyata alınmalı və ev kitabçası verilməli olduğu hesab olunmuşdur.İcraiyyə Komitəsi Qərara alır: Şəxsi mülkiyyət hüququ əsasında tikili mülkiyyətçisi kimi tanınan 71 vətəndaşın siyahısı təsdiq edilsin və qəsəbə sovetləri arayışlarına əsasən ev kitablarının verilməsi üçün polis şöbəsinə göndərilsin. Bu Protokolu incələşək orada artıq o zamankı,Bakı şəhər sovetinin İcraiyyə Komitəsi tərəfindən artıq bu sözügedən tikilinin (71 vətəndaşın tikilisi daxil) eyni zamanda mərhum atası X1 şəxsi mülkiyyət hüququ əsasında mənsub olduğu tikilini (Müstəqil torpaq sahəli mövcud olan, Bünövrəli daş evi) artıq onun mülkiyyətçisi kimi tanınan Siyahısı təsdiq edilməklə qərar qəbul etmiş (Siyahıda 71 vətəndaş göstərilib təsdiq edilməklə) və həmin qərara əsasən ondan sonrakı icraat hərəkətlərinin yerinə yetirilməsi üçün, yani qanuni qeydiyyata alınaraq və qəsəbə sovetlərinin arayışlarına əsasən ev kitabçası verilməli olduğu hesab olunmaqla polis şöbəsinə göndərilməsi nəzərdə tutulmuşdur. Cavabdeh qurum təəssüf ki, ənənəvi hallarda imtina cavabına vərdişkar olduğu üçün tərəflərindən təqdim edilən Arxiv sənədinin məzmununda nəzərdə tutulan hüquqverici ardıcıllığın mahiyyətini görməzdən gələrək məhz həmin sənədin ev kitabçasının verilməsi hissəsini imtinaya əsas hesab etmiş, 07 fevral 1969-cu il tarixli X8 Rayon Şurasının İcraiyyə Komitəsinin iclasının 3№-li Protokolunu qərar qəbul edərkən geniş təhlil etməmiş və öhdəliyi yerinə yetirməmişdir.
8. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** daxilolma nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********17 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim olunan X8 Rayon Şurasının İcraiyyə Komitəsinin İclasının xx.xx.1969-cu il tarixli, 03 nömrəli protokolunda vətəndaşlara ev kitabçasının verilməsi nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. Məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8412/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Hazırkı iş üzrə təqdim edilmiş X8 Rayon Şurasının İcraiyyə Komitəsinin İclasının 3 nömrəli protokolunun məzmununda qeydiyyatda olan fərdi yaşayış evinin özəlləşməsindən, ayrı-ayrı vətəndaşların şəxsi mülkiyyətinə verilməsindən deyil, vətəndaşlar tərəfindən özbaşına tikilimiş fərdi evlərin siyahısının təsdiq edilməsindən və həmin evlərdə yaşayan vətəndaşların pasport qeydiyyatının aparılması üçün ev kitabçalarının tərtib edilməsindən bəhs edilir. Təsadüfi deyildir ki, sözügedən protokola əlavə edilmiş siyahının adı “Biləcəri, Xoca-Həsən və Sulu- Təpə qəsəbələri üzrə ev kitabçaları olmayan özbaşına tikililərin Siyahısı” adlanır, həmin siyahıda X3 aid fərdi evin texniki xüsusiyyəti olaraq yalnız bünövrəli daş ev olduğu, müstəqil torpaq sahəsinin olduğu qeyd edilmiş, evin zəruri olan digər xüsusiyyətlərisahəsi (ölçüsü), hansı layihəyə uyğun tikildiyi, yerləşdiyi tikintialtı və həyətyanı torpaq sahəsinin ölçüsü qeyd edilməmiş, yalnız fərdi evin ünvanı 5-ci döngə, Şaumyan döngəsi 19 olaraq göstərilmişdir. Fərdi evin ünvanının qeyd edilməsi isə mövcud özbaşına tikilinin məhz həmin ünvanda yerləşən tikili olması, həmin ünvanda yaşayanların pasport qeydiyyatı üçün zəruri olan ev kitabçasının tərtib edilməsi ilə bağlı olmuşdur. Sözüedən qərar fərdi evin şəxsi mülkiyyətə verilməsinin rəsmiləşdirilməsi ilə bağlı olmadığının, yalnız müvafiq mövcud özbaşına tikili üzrə pasport qeydiyyatının aparılmasının göstəricisidir ki, sözegedən qərarın yekun olaraq icra olunması üçün daşınmaz əmlakın dövlət qeydiyyatını aparan səlahiyyətli quruma deyil, polis şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarından da görünür ki, xx.xx.1969-cu il tarixdə 5-ci döngə, Şaumyan döngəsi 19 ünvanında yerləşən fərdi evə dair ev kitabçası tərtib edilmiş, kitabçada ünvan üzrə qeydiyyatda olan X7 və onun ailə üzvləri haqqında məlumatlar qeyd edilmişdir. Keçən müddət ərzində sözügedən ev və onun yerləşdiyi torpaq sahəsinin fərdiləşdirməyə imkan verən xüsusiyyətlərini -yerləşmə mövqeyi, cizgisi, sahə ölçülərini əks etdiən səlahiyyətli qurum tərəfindən texniki pasport tərtib edilməmişdir.
12. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8412/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 7. daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. Hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. İcarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. Məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. Çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. Məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir.
19. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:
1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: - 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; - 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; - 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; - 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; - 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; - 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; - 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; - 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; - 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); - 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı; - 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Həmin Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: - 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; - 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; - 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; - 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1- dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); - 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; - 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
29. İş materiallarından göründüyü kimi, iddiaçının hüquqi marağı ifadə tərzi uyğun olmasa da, ünvan 6 ünvanında yerləşən evə dair hüququn mərhum atası X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulmasına nail olmaqdan ibarətdir.
30. İddiaçı tələbinin faktiki əsası kimi, X8 Rayon Şurasının İcraiyyə Komitəsinin İclasının “Özbaşına qanuni qeydiyyata alınmalı evlər tikmiş şəxslərin siyahısının təsdiq edilməsi və Bakı şəhəri Kirov rayonu üzrə ev kitabçasının verilməsi haqqında” 3 nömrəli protokola istinad edir. Lakin hazırkı işin hallarına əsasən müəyyən edilir ki, adıçəkilən protokol iddia edilən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyatına əsas verən hüquq müəyyənedici sənəd deyildir.
31. Belə ki, yuxarıda qeyd edilən normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əlavə edilməlidir. Həmin Fərmanla təsdiq edilmiş “Siyahı”nın 1.8-ci bəndində yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd qeyd edilmişdir.
32. İş materialları və məhkəmə tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilir ki, qeyd olunan daşınmaz əmlaka dair heç bir hüquq müəyyənedici sənəd mövcud deyildir. Sadəcə olaraq iş materiallarına X8 Rayon Şurasının İcraiyyə Komitəsinin İclasının “Özbaşına qanuni qeydiyyata alınmalı evlər tikmiş şəxslərin siyahısının təsdiq edilməsi və Bakı şəhəri Kirov rayonu üzrə ev kitabçasının verilməsi haqqında” 3 nömrəli protokolu əlavə edilmişdir. Həmin sənəd də daşınmaz əmlak dair hüquqn qeydə alınması üçün hüquq müəyyənedici sənəd kimi qaunnvericilikdə müəyyən edilməmişdir.
33. Həmçinin məhkəmə kollegiyası həmin təqdim edilmiş sənəd (X8 Rayon Şurasının İcraiyyə Komitəsinin İclasının “Özbaşına qanuni qeydiyyata alınmalı evlər tikmiş şəxslərin siyahısının təsdiq edilməsi və Bakı şəhəri Kirov rayonu üzrə ev kitabçasının verilməsi haqqında” 3 nömrəli protokolu) barədə qeyd edir ki, həmin protokolun məzmununda qeydiyyatda olan fərdi yaşayış evinin özəlləşməsindən, ayrı-ayrı vətəndaşların şəxsi mülkiyyətinə verilməsindən deyil, vətəndaşlar tərəfindən özbaşına tikilimiş fərdi evlərin siyahısının təsdiq edilməsindən və həmin evlərdə yaşayan vətəndaşların pasport qeydiyyatının aparılması üçün ev kitabçalarının tərtib edilməsindən bəhs edilir. Təsadüfi deyildir ki, sözügedən protokola əlavə edilmiş siyahının adı “Biləcəri, Xoca-Həsən və Sulu- Təpə qəsəbələri üzrə ev kitabçaları olmayan özbaşına tikililərin Siyahısı” adlanır, həmin siyahıda X5 aid fərdi evin texniki xüsusiyyəti olaraq yalnız bünövrəli daş ev olduğu, müstəqil torpaq sahəsinin olduğu qeyd edilmiş, evin zəruri olan digər xüsusiyyətləri sahəsi (ölçüsü), hansı layihəyə uyğun tikildiyi, yerləşdiyi tikintialtı və həyətyanı torpaq sahəsinin ölçüsü qeyd edilməmiş, yalnız fərdi evin ünvanı 5-ci döngə, Şaumyan döngəsi 19 olaraq göstərilmişdir.
34. Göründüyü kimi, iddiaçının atası X5 verilmiş protokol mülkiyyət hüquqlarının qeydə alınması üçün sənəd hesab olunmur. Fərdi evin ünvanının qeyd edilməsi isə mövcud özbaşına tikilinin məhz həmin ünvanda yerləşən tikili olması, həmin ünvanda yaşayanların pasport qeydiyyatı üçün zəruri olan ev kitabçasının tərtib edilməsi ilə bağlı olmuşdur. Sözügedən qərar fərdi evin şəxsi mülkiyyətə verilməsinin rəsmiləşdirilməsi ilə bağlı olmadığının, yalnız müvafiq mövcud özbaşına tikili üzrə pasport qeydiyyatının aparılmasının göstəricisidir ki, sözegedən qərarın yekun olaraq icra olunması üçün daşınmaz əmlakın dövlət qeydiyyatını aparan səlahiyyətli quruma deyil, polis şöbəsinə göndərilməsi qərara alınmışdır.
35. İş materialları və məhkəmə tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilir ki, qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olan heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir.
36. Həmçinin, iş materiallarında olan cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim olunan X8 Rayon Şurasının İcraiyyə Komitəsinin İclasının xx.xx.1969-cu il tarixli, 03 nömrəli protokolunda vətəndaşlara ev kitabçasının verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən tərəfimizdən ərizənizin icrası mümkün olmamışdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun olmuş, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib olmuş, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
38. Bundan başqa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq qeyd edilən qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.
39. Beləliklə, mənzilin üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının həmin mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni olmuşdur.
40. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
41. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8412/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8412/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.