Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-829/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə; Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3251/2019 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3251/2019 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin olunaraq, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən sahəsi 500 kv.m təşkil edən 88 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Bundan əlavə, göstərilən bağ sahəsi qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir. Qeyd olunan səbəblərə görə ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən müvafiq iş düzgün və ətraflı araşdırılmamış, ekspertiza keçirilməmiş, İdarənin imtina məktubunun qanunsuz olması məhkəmə tərəfindən sübuta yetirilməmiş, imtina məktubunda qeyd olunan hallar məhkəmə tərəfindən əsassız olaraq nəzərə alınmamış və qanunsuz olaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək qərarın dəyişdirilmədən, apelyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin hallarından müəyyən olunur ki, İddiaçı nümayəndəsi ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 88 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin inzibati orqan ərizəyə cavab olaraq xx xxxx 2019-cu il tarixli, **********28 saylı məktubla bildirmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Həmçinin göstərilən bağ sahəsi qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 88 saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən sahəsi 500 kv.m təşkil edən 88 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Birinci instansiya məhkəməsinin nəticəsi ilə məhkəmə kollegiyası razılaşır. İşin hallarından müəyyən olunur ki, (“Azərelektroterm” X2 Komitəsi “Azərelektroterm” X1 tərəfindən verilmiş xx xxxx 1998-ci il tarixli, 205 nömrəli arayış) İddiaçı həqiqətən ”Azərelektrom” X3 Komitəsinin Bağçılıq Cəmiyyətinin 88 saylı bağçılıq sahəsinin üzvüdür. İş materiallarına əlavə edilmiş üzvlük kitabçasından görünür ki, “Azərelektroterm” bağçılıq cəmiyyəti üzvlərinin xx xxxx 1998-ci il tarixli, 292 nömrəli protokoluna əsasən İddiaçı bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, bağçılıq cəmiyyətinin Hövsan qəsəbəsində yerləşən sahəsi 500 kv.m olan 88 nömrəli bağ sahəsi xx xxxx 1998-ci il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə etmək üçün ona verilmişdir. «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, digərləri ilə yanaşı, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. İşin həqiqi hallarından görünür ki, iddiaçı da sadalanan qanunvericiliyin tələblərinə uyğun olaraq, bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan biri kimi bağ sahənin onun istifadəyə verilməsinə dair 88 saylı bağçının üzvlük kitabçasını təqdim etmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.11-ci bəndinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifəsidir. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisələndirilən bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imti-na-nın əsasları göstərilmişdir. Kollegiya nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının mübahisəli bağ torpaq sahələrinə dair mülkiyyət hüququnun qeydə alınmasından istinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Apelyasiya şikayətindəki dəlillərin əsassızlığı ilə bağlı olaraq isə Kollegiya aşağıdakıları qeyd edir. Cavabdehin imtina üçün istinad etdiyi dəlil ondan ibarətdir ki, bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bununla bağlı cavabdeh orqan“Azərelektroterm” bağçılıq cəmiyyətinin xx xxxxxxxx 1985-ci il tarixli 28 nömrəli protokolunu və ona əlavə edilmiş üzvlərin siyahısını təqdim etmişdir. Lakin iş materiallarından da müəyyən olunur ki, mübahisəli bağ sahəsi “Azərelektroterm” bağçılıq cəmiyyəti üzvlərinin xx xxxx 1998-ci il tarixli, 292 nömrəli protokoluna əsasən iddiaçının daimi istifadəsinə ayrılmışdır. İşdə olan üzvlük kitabçası iddiaçının “Azərelektroterm” bağçılıq cəmiyyəti üzvü olmasını, sözügedən bağ torpaq sahəsinin onun istifadəsinə verilməsini təsdiq edir. Belə olan halda iddiaçının adının həqiqətən də bağçılıq yoldaşlığının təsərrüfatının üzvlərinin arxivə təqdim olunmuş ilkin siyahısında aşkar olunmaması məntiqlidir. İddiaçının adı olan yeni siyahının vaxtilə müvafiq quruma (hazırda cavabdeh arxiv saxlayıcısı kimi çıxış edir) təhvil verilməməsi isə iddiaçının iradəsindən asılı olan hal deyil və bu hal bağ sahəsinə hüquqların qeydiyyata alınmamasının əsası kimi çıxış edə bilməz. Kollegiya cavabdeh orqanın istinad etdiyi mübahisəli bağ sahəsinin qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlməməsi ilə bağlı “Azərelektroterm” bağçılıq cəmiyyəti üzvləri arasında bölgü sxemini təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən bölgü sxem özlüyündə bağ sahələrinin yerləşdiyi istiqamət, tutduğu yer, ölçülərini əks etdirməməklə yanaşı yalnız bağ sahələrinin sıra nömrələri qeyd olunmaqla müvafiq ərazilər üzrə tərtib olunmuş sxem ardıcıllığıdır. Həmin sxem xüsusi qaydada tərtib edilmədiyindən, eləcə də yalnız mütəxəssis tərəfindən hazırlanmaqla qanunla nəzərdə tutulmuş qaydada müvafiq dövlət orqanı tərəfindən tərtib və təsdiq edilmədiyindən mötəbər sübut kimi qiymətləndirilə, nəticə etibarı ilə həmin sxemdəki məlumatlara əsaslanaraq bağ sahəsinin qeydiyyata alınmasından imtina edilməsi barədə cavabdehin mövqeyi əsaslı hesab edilə bilməz. Bununla yanaşı nəzərə alınmalıdır ki, cavabdeh orqan sözügedən bağ sahəsinin nömrə ardıcıllığına uyğun gəlmədiyinə istinad etsə də həmin bağ sahəsinin hər hansı üçüncü şəxsə məxsusluğu, həmin şəxsin hüquqmüəyyənedici sənəd əsasında qeydiyyatla bağlı cavabdehə müraciət etməsi və s. ilə bağlı müvafiq sübut təqdim etməmişdir. Bağ sahəsinin nömrə ardıcıllığının uyğun gəlməməsi imtina üçün əsas hesab edilməməklə yanaşı, qeyd edilən məsələnin həlli bilavasitə cavabdeh orqanın səlahiyyətləri daxilində yerinə yetirməli olduğu vəzifələri ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.24-cü bəndinə əsasən: inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsi kimi müəyyən olunmuşdur. Beləliklə, hazırki iş üzrə iddiaçıya mübahisəli bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilməmiş, iddiaçının uzun müddətdir ki, faktiki istifadəsində olan torpaq sahəsinə qarşı hər hansı üçüncü şəxs tərəfindən pretenziya irəli sürülməsi iş üzrə müəyyən olunmamışdır. Cavabdehin imtina üçün qeyd etdiyi dəlillər əsassız olmaqla iddiaçının qanunla nəzərdə tutulmuş hüquq və manefələrini pozmuşdur. Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri, Suraxanı rayon İcra hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin üçüncü şəxs qismində cəlb edilməsinə dair cavabdehin apelyasiya şikayətinin dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Göründüyü kimi, istinad olunan normada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə iki formada: ya həmin şəxsin özünün vəsatəti, ya da məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin normanın təhlilindən görünür ki, məhkəmə o şəxsləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edir ki, qəbul olunacaq qərarla həmin şəxslərin maraqlarına toxunacağı ehtimalı yaranmış olsun. Hazırki halda isə belə bir ehtimal yaranmadığından Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri, Suraxanı rayon İcra hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyini üçüncü şəxs kimi işə cəlb edilməsinə dair apelyasiya şikayətinin dəlili əsassızdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Bu səbəbdən də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3251/2019 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-829/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-829/2020
21.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver