Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-829/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qarşı “əmək müqaviləsinin bağlanması ilə bağlı elektron informasiya sisteminə daxil edilmiş bildirişin çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qarşı “əmək müqaviləsinin bağlanması ilə bağlı elektron informasiya sisteminə daxil edilmiş bildirişin çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5911/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 mart 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 20.11.2002-cu il tarixdən 08.06.2016-cı il tarixə qədər “xxxx” QSC Azərbaycan Respublikasındakı Nümayəndəliyində işləmişdir. İşdən azad edilərkən əmək kitabçasında işdən azad edilməsi barədə əmrin nömrəsi, tarixinə dair qeydlər aparılmış və ona qaytarılmış, lakin əmək müqaviləsinə xitam verilməsi barədə məlumat elektron sistemə daxil edilməmişdir. ******* saylı 26.01.1987-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 20 noyabr 2002-ci il tarixdə “xxxx” QSC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə hüquq məsləhətçisi vəzifəsinə təyin edilmiş, 11.01.2009-cu il tarixində menecer vəzifəsinə keçirilmiş, 08 iyun 2016-cı il tarixdə isə 8 saylı əmrlə menecer vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin **********964300 saylı 13 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, idarədə olan reyestrdə 23.08.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış “xxxx” QSC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. İddiaçı onunla əmək müqaviləsinin bağlanması ilə bağlı elektron informasiya sisteminə daxil edilmiş bildirişin çıxarılması barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********63 saylı 13 fevral 2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq əmək müqaviləsi bildirişinin qeydə alınması işəgötürənin vəzifələrindən biridir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinə xitam verilməsi barədə məlumat elektron sistemə daxil edilmədiyindən o, dövlət tərəfindən ayrılan 190 manat vəsaitin alınmasından da məhrum olunmuşdur. Cavabdehin etirazları: Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin iddiaya dair yazılı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5911/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassızdır və ləğv edilməlidir. İddiaçının tələbi cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid deyildir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya istemindən çıxarılması öhdəliyinin Xidmətin üzərinə qoyulması tələbi qanunvericiliyin tələblərinə uyğun deyildir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı 3-cü şəxs “xxxx” QSC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İşdə iştirak edən şəxslər hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs “xxxx” QSC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qarşı tələbi “əmək müqaviləsinin bağlanması ilə bağlı elektron informasiya sisteminə daxil edilmiş bildirişin çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hazırda iddiaçının “xxxx” QSCnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə müraciət etməsinin onun imkanı xaricində olmasına, iddiaçının konstitusion hüququnun pozulmasına və digər işəgütürənlərlə əmək müqaviləsini rəsmiləşdirə bilmədiyinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunan maddi hüquq normalarının tələbinə görə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının tələbi ilə bağlı qanunvericilikdə müvafiq normanın dəqiq müəyyənləşdirildiyini və cavabdeh inzibati orqanın da bununla bağlı hər hansı qanundan irəli gələn bir vəzifəsinin olmadığını nəzərə almadan həmin tələbin təmin olunaraq, cavabdeh inzibati orqanın üzərinə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sistemindən çıxarılması öhdəliyinin qoyulması qənaətinə gəlmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin iddianı təmin edərkən istinad etdiyi- “iddiaçının “xxxx” QSC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə müraciət etməsinin onun imkanı xaricində olması və onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsi nəticəsində onun konstitusion hüququ olan əmək hüququnun kobud şəkildə pozulması” barədə qərarında göstərdiklərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin hallar cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunması ilə bağlı vergiyi imtina məktubunun qanunsuz sayılması və iddia tələbinin qeyd olunan hallarla bağlı təmin edilməsi üçün əsas ola bilməzdi. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin **********964300 nömrəli 13 oktyabr 2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İdarədə olan reyestrdə 23.08.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış “xxxx” QSC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ləğv edilməsi barədə məlumat aşkar olunmamışdır. Həmçinin işə əlavə olunmuş “Hüquqi şəxsin onlayn fəaliyyət dayandırma ərizəsi” və “vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktub”un surətlərindən görünür ki, “xxxx” QSC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ərizəsinə əsasən Nümayəndəliyin fəaliyyəti 08.06.2016-cı il tarixdən 08.06.2021-ci il tarixinədək dayandırılmışdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının əmək müqaviləsi əsasında işlədiyi müəssisə ləğv edilməmiş, sadəcə onun fəaliyyəti müvafiq ərizəsi əsasında 08.06.2021-ci il tarixinədək dayandırılmışdır. Belə olan halda iddiaçının həmin müəssisədən yuxarıda sadalanan qanunvericiliyin müddəalarına uyğun şəkildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların elektron informasiya sisteminə daxil edilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işlədiyi müəssisənin hal-hazırda mövcud olması, yəni hüquqi şəxs kimi ləğv edilmədiyinə və fəaliyyətinin dayandırılmasına baxmayaraq iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatın elektron informasiya sisteminə daxil edilməsini məhz həmin müəssisədən tələb etmək hüququ olduğu halda, onun hazırki iş üzrə oxşar tələbinin cavabdeh inzibati orqana münasibətdə təmin olunması və qanunla işəgötürən və ya onun səlahiyyətli şəxsinə aid edilmiş vəzifənin cavabdehin üzərinə qoyulması düzgün deyildir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, buna görə də cavabdeh inzibati orqan apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5911/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. İddiaçıya izah olunur ki, onun işlədiyi “xxxx” QSC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı ümumi məhkəmədə mülki icraat qaydasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların elektron informasiya sisteminə daxil edilməsi barədə iddia vermək hüququ vardır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5911/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-829/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-829/2021
31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver