Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-829/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş gömrük ödənişinin qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş gömrük ödənişinin qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6397/2022 saylı 06 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC Bakı Baş Gömrük İdarəsinə 2020-ci il 30 noyabr və 2021-ci il 21 aprel tarixli ərizələri təqdim edərək, Bolqarıstan Respublikasından İddiaçı MMC-nin adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 4.504,18 (dörd min beş yüz dörd manat on səkkiz qəpik) manat pulun İddiaçı MMC-yə ödənilməsi ilə bağlı göstərişlər verilməsini xahiş etmişdir. Cavabdeh Bakı Baş Gömrük İdarəsi iddiaçının ərizəsini təmin etməyərək bildirmişdir ki, Azərbaycan Respublikasına idxal edilmiş malların gömrük qanunvericiliyi ilə müəyyən olunmuş gömrük ödənişləri İddiaçı MMC tərəfindən ödənilmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənərək idxal olunmuş mallar sərbəst dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Bundan sonra iddiaçı 15 fevral 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Bolqarıstan Respublikasından iddiaçının adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 4.504,18 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə iddiaçı ilə Bolqaristan Respublikasında yerləşən "xxxx" MMC arasında bağlanmış 27/09 AZ saylı alqı-satqı müqaviləsinə əsasən ədədi 1,38 avro olmaqla 4915 ədəd “Edoxen (30 capsules)” adlı qida əlavəsi məhsulu iddiaçıya satılmışdır. Bundan sonra məhsulun dəyər vergisi də daxil olmaqla xx.xx.2020-ci il tarixdə 3.450 avro, xx.xx.2020-ci il tarixdə 3.332,70 avro məbləğində olmaqla bank köçürməsi yolu ilə birbaşa ödəniş edilmişdir. Daha sonra isə məhsulun Bolqaristandan Bakıya daşınması üçün 400 avro vəsait bank köçürməsi yolu ilə birbaşa ödənilmişdir. Qeyd olunan ödənişlər barədə rəsmi sənədlər (invoys və ödəniş tapşırıqları) gömrük orqanına təqdim edilmişdir. Məhsulun alınması ilə bağlı edilən ödənişlər ümumilikdə 7182,70 avro təşkil etmiş və bu barədə gömrük orqanına verilən məlumatlar dəqiq olmaqla bərabər sənədlərə əsaslanmışdır. Buna baxmayaraq, gömrük orqanının əməkdaşı tərəfindən bəyannamədə məhsulun gömrük dəyərinin əsassız yerə 15.977,55 dollar kimi göstərilməsi tələb olunmuşdur. Son nəticədə gömrük orqanı tərəfindən şirkətdən 10.086,18 manat pul tutulmuşdur. Halbuki, məhsulun gömrük dəyəri 6782,70 avro təşkil etmiş və belə bir vəziyyətdə yalnız gömrük orqanına 5582 manat pul ödənilməli idi. Həmçinin, gömrük orqanı əməkdaşlarının bəyannamədə qeyd olunan məbləğin göstərilməsini israrla tələb etməsi və iddiaçı bununla razılaşmayaraq həmin məbləğin real gömrük dəyərini ifadə etməməsi ilə bağlı tərəflər arasındakı danışıqlar və yazışmalar da hazırda mövcuddur. Gömrük orqanının hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmamış və məhsulun alış dəyəri mötəbər sənədlərlə təsdiq edildiyi halda nəyə əsasən gömrük dəyərinin daha yuxarı qiymətləndirilməsi zərurəti əsaslandırılmamış, həmçinin hansı səbəbdən malların gömrük dəyərinin əks olunduğu əvvəlki bəyannamədən imtina edilməsi barədə hər hansı bildiriş də təqdim edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən aparılan gömrük rəsmiləşdirməsi qanunsuz hesab edilməli və artıq alınan vəsait iddiaçıya geri qaytarılmalıdır. Məhz bu halların aradan qaldırılması üçün iddiaçı tərəfindən cavabdeh orqana yazılı qaydada müraciət edilsə də, müraciət cavabsız qalmışdır. İddiaçı göstərilənlərə əsasən və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 139.2-ci maddəsinə, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1, 8.1, 8.3, 8.4, 10.1, 11.1 və 11.2-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixli **********2445 sorğu nömrəli gömrük bəyannaməsinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamə gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Həmin bəyannamənin 46-cı qrafasında göstərilmiş 15977.55 ABŞ dolları təşkil edən malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Bununla da iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə qalmamışdır. Buna rəğmən iddiaçı iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni sonradan mübahisələndirmiş və məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilən Bolqarıstan Respublikasından iddiaçının adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15977.55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi barədə tələb yuxarıda göstərdiyi əsaslara görə mümkün sayılmamalıdır. İddia qaldırılanadək iddiaçı inzibati orqana yenidən gömrük rəsmiləşdirilməsinin həyata keçirməsi və onun nəticəsinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə artıq ödəmə müəyyən olunduğu halda həmin məbləğin iddiaçıya geri qaytarılması barədə ərizə ilə müraciət etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 5-ci bəndində göstərilən müvafiq tələblərə cavab verən ərizə ilə müraciət etməmişdir. Həmçinin iddiaçı ərizəsində həmin Qaydaların 2.1-ci bəndində göstərilən hallardan hansının baş verdiyini əsaslandırmamışdır. İddiaçı artıq ödənildiyini iddia etdiyi məbləğin tərkibinin əlavə dəyər vergisi yaxud gömrük rüsumu olduğunu da iddia ərizəsində dəqiqləşdirməmişdir. Gömrük bəyannaməsinin gömrük dəyəri əks olunan qrafası gömrük orqanı tərəfindən doldurulmamışdır. Gömrük orqanı ilə gömrük dəyəri ilə bağlı mübahisə olsaydı belə “Gömrük tarifi haqqında” Qanunun 11-ci maddəsinə əsasən iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəmədə mübahisələndirmək hüququna malik olmuş, lakin bu barədə iddia tələbi irəli sürməmiş, bəyannamə əsasında gömrük ödənişlərini ödəmiş, bundan sonra gömrük rəsmiləşdirilməsi həyata keçirilərək yük buraxılmışdır. Gömrük orqanı iddiaçının özünün təqdim etdiyi gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsi həyata keçirdiyindən həmin rəsmiləşdirmənin qanunsuz hesab edilməsi barədə əsaslar yoxdur. Cavabdeh göstərilənlərə əsasən və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3, 40.2, 104.1 və 104.2-ci maddələrinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 35.3-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1 və 1.2- ci bəndlərinə istinad edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrindəki icraat: Bakı İnzibati Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2-1(112)-4330/2021 nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-2710/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsi, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunmaqla “Bolqarıstan Respublikasından iddiaçının adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsinin məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 4.504,18 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə ərizəsinə dair inzibati işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün 1-ci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6397/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, “Bolqarıstan Respublikasından İddiaçı MMC-nin adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsi qanunsuz hesab edilmiş və artıq ödənilmiş 4.504,18 manat pulun qaytarılması vəzifəsinin cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-226/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6397/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1696/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-226/2023 nömrəli 28 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş bəyannamədə malların daşınması xərcləri göstərilməmişdir. Bu hal işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən də nəzərə alınmamışdır. Odur ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibatı məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə “Elektron” məhkəmə informasiya sistemi vasitəsilə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə elektron kabineti vasitəsilə müraciət edərək, xx.xx.2020-ci il tarixli, **********2445 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 4.504,18 (dörd min beş yüz dörd manat on səkkiz qəpik) manat gömrük ödənişinin “Essen Pharma" MMC-yə qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiyanın 04 sentyabr 2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmiş və iddia tələbi “xx.xx.2020-ci il tarixli, **********2445 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 4.504,18 (dörd min beş yüz dörd manat on səkkiz qəpik) manat gömrük ödənişinin “Essen Pharma" MMC-yə qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması” kimi dəqiqləşdirmişdir. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 05 sentyabr 2024-cü il tarixə təxirə salınmışdır. Həmçinin məhkəmə kollegiyanın 05 sentyabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə icraatına cəlb edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin üçüncü şəxs statusu ləğv edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Lakin Gömrük Məcəlləsində belə növ tələblə müraciət etmək üçün müəyyən edilən bir il müddət də iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə iddia verildiyi üçün ötürülməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı ilkin tələbi “Bolqarıstan Respublikasından iddiaçının adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 4.504,18 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddiası təmin olunmuş və apellyasiya instansiyası məhkəməsi də həmin məhkəmənin mövqeyi ilə razılaşmışdır. Lakin kassasiya instansiya məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(103)-226/2023 nömrəli 28 mart 2023-cü il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Göstərilən qənaətə gələn məhkəmə kollegiyası aşağıda qeyd olunan maddi hüquq normalarının diqqətə çəkilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 150.4. Malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan elektron, yaxud kağız üzərində yazılı formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir. 153.4. Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. 160.1. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 (iki) gündən gec olmayaraq həyata keçirilir. 160.3. Gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan malların adlar və növlər üzrə ayrı-ayrı qablaşdırılmaması gömrük orqanlarına gömrük bəyannaməsində göstərilən mallar haqqında məlumatların düzgünlüyünün yoxlanmasına imkan vermirsə, bu Məcəllənin 160.1-ci maddəsində nəzərdə tutulan müddət mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən malların adlar və növlər üzrə ayırması üçün tələb olunan müddətədək gömrük orqanının qərarı ilə uzadılır. Bu müddət 7 (yeddi) gündən çox olmamalıdır. 162.1. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. 162.2. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. 221.1. Apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. 224.1-ci maddəsinə əsasən bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi ; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. 224.2-ci maddəsinə əsasən Gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər bu Məcəllə və Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla müəyyən edilir. 266.1-ci maddəsinə əsasən, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; 266.2-ci maddəsinə əsasən, gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir; 266.3-cü maddəsinə əsasən, şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər; 267.1-ci maddəsinə əsasən, Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2-ci maddəsinə əsasən, gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; 269-cu maddəsinə əsasən, gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır; 270.1-ci maddəsinə əsasən, gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər; 270.3-cü maddəsinə əsasən gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqdəsi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 11-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən idxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 25 saylı qərarına əsasən təsdiq edilmişdir) 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra Gömrük Məcəlləsi) 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. 1.21.1-ci bəndinə əsasən gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 1.3-cü bəndinə əsasən gömrük orqanları tərəfindən alınan dövlət rüsumunun qaytarılması "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 1.4-cü bəndinə əsasən gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir. 2.1-ci bəndinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 2.2-ci bəndinə əsasən Gömrük Məcəlləsinin 231-ci və 233-cü maddələrində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının həyata keçirdiyi əməliyyatlar üçün ödənilmiş haqqın və gömrük yığımlarının məbləğləri hesablanarkən səhvə yol verildikdə, onlar bu Qaydalara uyğun olaraq Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra – Komitə) hesabına köçürülən vəsaitdən geri qaytarılır. 4-cü bəndinə əsasən gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra- gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. 5.1-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 6.1 -ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.3-cü bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. 6.4-cü gömrük ödənişlərinin qaytarılması üçün müəyyən edilmiş 1 (bir) ay müddət gömrük orqanı tərəfindən onların qaytarılması barədə qərar verildiyi gündən vəsaitin dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. ... 6.7-ci bəndinə əsasən gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8-ci bəndinə əsasən tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. 7.1-ci bəndinə əsasən Maliyyə orqanı gömrük orqanı tərəfindən bu Qaydaların 6.7-ci bəndinə uyğun olaraq tərtib edilmiş rəyi və bu Qaydaların 6.10-cu bəndinə uyğun olaraq, Komitənin göndərdiyi müraciəti qəbul edir. Göründüyü kimi, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri Gömrük Məcəlləsinin 167.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. Gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Qanun ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə, gömrük orqanları tərəfindən adınan dövlət rüsumunun qaytarılması “Dövlət rüsumu haqqında” Qanuna uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları” ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması isə “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”na əsasən həyata keçirilir. Bununla da müəyyən olunur ki, gömrük ödənişinin tərkibi fərqli olduğu kimi, onların qaytarılması da fərqli normativ aktlarla və fərqli qaydada tənzimlənir. Hazırki işdə iddiaçının ona qaytarılmasını tələb etdiyi 4504,18 manat gömrük ödənişinin tərkib hissəsi ilə bağlı açıqlama bundan əvvəlki məhkəmə icraatları zamanı təqdim olunmadığı üçün apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin qərarındakı göstərişlər də nəzərə alınmaqla iddiaçıya bu barədə açıqlama vermək təklif olunmuşdur. Bununla bağlı iddiaçı tərəfin təqdim etdiyi ərizələrdən müəyyən olundu ki, iddiaçı əslində idxal etdiyi malın 6782,70 avro invoys dəyərində olmasını nəzərə alaraq, tərəfindən artıq ödənilən 4504,18 manat gömrük ödənişinin ona geri qaytarılmasını tələb edir. Həmin gömrük ödənişinin tərkibi verilmiş açıqlamadan göründüyü kimi, 15% idxal gömrük rüsumu, 18% əlavə dəyər vergisi, gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımlarından (240 manat) ibarətdir. Lakin verilmiş açıqlama ərizəsində tələb olunan gömrük ödənişinin tərkibi ilə bağlı riyazi hesablama səhv aparıldığı üçün iddiaçının xx.xx.2024-cü il tarixdə verdiyi dəqiqləşmə ərizəsi icraata qəbul edilməmişdir. Yuxarıda sadalanan qanun normalarının tələbinə görə iddiaçının artıq ödədiyi pul qismində tələb etdiyi ödənişin ona geri qaytarılması barədə deyil, bu barədə qərar və rəy vermək öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması ilə bağlı iddia vermək hüququ vardır. Bu baxımdan həmin məsələ də iddiaçı tərəfin nəzərinə çatdırıldığı üçün sonuncu dəfə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim olunmuş və Kollegiyanın xx.xx.2024-ci il tarixli qərardadı ilə həmin ərizə icraata qəbul olunaraq, iddia tələbi “xx.xx.2020-ci il tarixli **********2445 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 4.504,18 (dörd min beş yüz dörd manat on səkkiz qəpik) manat gömrük ödənişinin “Essen Pharma" MMC-yə qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulsun” kimi qəbul edilmişdir. Yuxarıda qeyd olunan müddəaların hazırkı iş üzrə tətbiqinin zəruriliyi baxımından məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı onun qeyd edilməsini zəruri hesab edir ki, iş materialları ilə müəyyən edildiyi kimi, iddiaçı əslində idxal etdiyi mala çəkilən xərcin 6782,70 avro olduğunu bildirir, gömrük orqanına təqdim etdiyi invoysun nəzərə alınmalı olduğunu iddia edir. Cavabdeh isə invoysda nəzərdə tutulan qiymətin əsas olmadığını və iddiaçı tərəfindən gömrük bəyannaməsində sərbəst iradə ilə qeyd edilən gömrük dəyəri kimi 27161,84 manat məbləğin əsas götürülməli olduğunu bildirir. Bundan başqa, cavabdeh iddia edir ki, iddiaçı gömrük bəyannaməsində idxal etdiyi malların gömrük və statistik dəyəri ilə yanaşı, invoys dəyərini da ayrıca qeyd etmiş, başqa sözlə malların gömrük dəyərinin məbləğindən məlumatlı olmuş, gömrük ödənişlərini ödəyərək idxal etdiyi malın sərbəst dövriyyəyə buraxılmasına etiraz etməmişdir. Bu səbəbdən də, gömrük bəyannaməsinin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan normaların tələbinə görə gömrük dəyərinin müəyyən edilməsi üsulları “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsi ilə tənzimlənir. Həmin normaya görə, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri ilk növbədə malların sövdələşmə qiyməti ilə müəyyən edilir. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, yuxarıda istinad olunan normalarda təsbit edilmiş qaydalara cavabdeh tərəfindən əməl olunmamış, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər açıqlanmadan və əsaslandırılmadan digər üsul tətbiq edilmişdir. Halbuki, yalnız əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Buna baxmayaraq cavabdeh digər üsulu seçərək, “Gömrük tarifi haqqında” Qanunun 12.1-ci maddəsində göstərilən üsulların ardıcılığa riayət etməmiş, ehtiyat üsulndan əvəllki üsulla gömrük dəyərinin müəyyən edilməsini istisna edən halların nədən ibarət olmasını açıqlamamış, bununla da gömrük dəyərini ilkin olaraq malın sövdələşmə qiyməti əsasında müəyyən etməli olduğu halda, ən son üsuldan, yəni ehtiyat üsulundan istifadə edərək malın dəyərini müəyyən etmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinin tələbinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 23.2-ci maddəsinin (İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi) müddəalarının tələbinə görə, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Cavabdeh inzibati orqanın maraqlı şəxsə yardım göstərilməsi, məsləhətlərin və zəruri məlumatların verilməsində ifadə olunan xidməti vəzifələrinə dair məcburi göstərişlər Gömrük Məcəlləsində də təsbit olunmuşdur. Belə ki, həmin Məcəllənin 40.4-cü maddəsinin tələbinə görə, gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Məhkəmə qeyd edir ki, hətta, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq ehtiyat üsulunun sərbəst iradə ilə seçsə belə, inzibati orqan öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməlidir. Hətta bəyannamənin məzmunu bəyannaməçinin iradəsinə uyğun olduğu halda belə, bu, gömrük orqanını (onun vəzifəli şəxsini) “İnzibati icraat haqqında” Qanunun 23.2, 24.1, 24.2-ci maddələrində və Gömrük Məcəlləsinin 40.4-cü maddəsində təsbit olunmuş xidməti vəzifələrini icra etmək öhdəliyindən azad etmir. Eyni zamanda qeyd olunması vacibdir ki, iddiaçı gömrük orqanına təqdim etdiyi bəyannamədə malın daşınma xərclərini göstərməmiş və bundan əvvəlki məhkəmə icraatları zamanı gömrük ödənişinin geri qaytarılması qənaətinə gələn məhkəmələr həmin daşıma xərclərini nəzərə almamışdır. Halbuki işdən görünür ki, (i.v. 19) iddiaçı tərəfindən idxal etdiyi 6782,70 avro dəyərində mala görə 400 avro məbləğində daşıma xərci çəkilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, doğrudur ki, Azərbaycan Respublikasının “Gömrük Tarifi haqqında” Qanunun 13.2-ci maddəsinin 13.2.5-ci yarımbəndinə əsasən idxal olunan malların sığorta xərcləri, həmçinin hava və dəniz limanınadək, yaxud gömrük ərazisinə daxil olduğu digər hər hansı yerədək nəqliyyat xəcrcləri, həmin yerədək malın yüklənmə və boşaldılma xərcləri malların gömrük dəyəri malları sövdələşmə qiyməti üsulu ilə müəyyənləşdirilərkən mallar üçün faktiki olaraq ödənilmiş və ya ödənilməli olan qiymətə əlavə edilir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik nəqliyyat xərclərini idxal olunan malın gömrük dəyəri məbləğinin müəyyən edilməsində nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, baxmayaraq ki, qüvvədə olan qanunvericilik nəqliyyat xərclərinin malın gömrük dəyərinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olduğunu şərtləndirmişdir, hazırki işdə iddiaçı cavabdeh inzibati orqana bəyannamə təqdim edərkən yalnız sövdələşmə qiymətini göstərmiş, yəni malların daşınma xərcini gömrük ödənişi kimi göstərməmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 6782,70 avro dəyərində idxal etdiyi məhsulun manatla dəyəri gömrük rəsmiləşdirilməsinin aparıldığı dövrdə 1 avronun manata olan məzənnəsi 2,0006 manat olduğu üçün (bu məzənnə bəyannamənin 23-cü bölməsində əksini tapmışdır) 13569,46 manat, 400 avro çəkilmiş nəqliyyat xərci isə 800,24 manat (400 x 2,0006 = 800,24 manat) olduğu üçün, ümumilikdə 14369,70 manat idxal olunan mala görə ödənilmiş qiymət təşkil edir. Həmin məbləğin idxal gömrük rüsumunun 15% olduğu nəzərə alınmaqla 2155,45 manat; 14369,70 manat + 2155,45 manat = 16525,15 manat; 16525,15 manat + 240 manat (gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımı) = 16765,15 manat; 16765,15 manat x 18% (əlavə dəyər vergisi) = 3017,72 manat nəzərə alınmaqla, iddiaçının ödədiyi 4074,28 manat - 2155,45 manat ödəməli olduğu 15% = 1918,83 manat; həmçinin iddiaçının ödədiyi 5665,70 - 3017,72 manat ödəməli olduğu 18% = 2647,98 manat təşkil etdiyi üçün cəmi 4566,81 manat (1918,83 manat + 2647,98 manat = 4566,81 manat) təşkil edir. Qeyd olunmalıdır ki, gömrük bəyannaməsində qeyd olunan digər ödənişlər- 90 manat və 16,20 manat müvafiq olaraq 75 və 85 kodu altında qeyd olunub, elektron gömrük xidməti haqqı və həmin haqqın ƏDV-si olub, ödənilməsi qanunla məcburi qaydada nəzərdə tutulan standart məbləğlər olduğu üçün həmin ödənişlər cavabdeh qurumdan geri tələb oluna bilməz. Beləliklə, iş üzrə müəyyən olundu ki, iddiaçının yuxarıda qeyd olunan və tərkibi açıqlanan 4566,81 manat gömrük ödənişinin ona geri qaytarılması ilə bağlı müvafiq rəyin verilməsini cavabdeh qurumdan tələb etmək haqqı vardır. Lakin apellyasiya baxışı zamanı verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən iddiaçı ona 4504,18 manat məbləğində gömrük ödənişinin geri qaytarılması barədə rəy verilməsini tələb edir. Belə olan halda məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbinə görə işə iddia tələbi həddində baxılmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, iddia yalnız iddiaçının iddia tələbi həddində təmin oluna bilər. O ki qaldı cavabdehin nümayəndəsinin “iddiaçı cavabdeh quruma 4504,18 manat gömrük ödənişinin geri qaytarılması barədə müraciət etsə də, iddiasında həmin məbləğin geri qaytarılması ilə bağlı müvafiq rəyin verilməsini tələb etdiyi üçün tələbinin fərqli olması və bu barədə dəqiqləşmənin apellyasiya instansiyasında qəbulunun qeyri-mümkünlüyü” ilə bağlı məhkəmə iclasında səsləndirdiyi dəlilinə, Kollegiya bu barədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məhkəmədən öncə cavabdeh quruma etdiyi müraciətlə apellyasiya instansiyasına təqdim etdiyi dəqiqləşmə ərizəsindəki tələb hərfi mənada yanaşsaq fərqli olsa da, görünən hal odur ki, iddiaçının hüquqi marağı qeyd olunan məbləğin ona ödənilməsindən ibarətdir, tələblər arasındakı fərq yalnız ifadə tərzinə bağlıdır ki, belə ifadə tərzi də İPM-nin 52-ci maddəsinə əsasən qəbulediləndir. Əksinə, iddiaçıya apellyasiya baxışında qeyd olunan məzmunda iddia tələbinin dəqiqləşdirilməsini vermək hüququnun izah edilməməsi İPM-nin 12 və 13-cü maddələrinin tələblərinin pozulması ilə nəticələnə bilər. Odur ki, Kollegiya hesab edir ki, iddiaçının apellyasiya baxışında verdiyi dəqiqləşmə ərizəsi onun məhkəmədən öncə cavabdeh quruma müraciətindəki tələblə demək olar ki, eynilik təşkil edib, iddiaçının eyni hüquqi marağına xidmət edir və belə dəqiqləşmənin qəbulu formal xətalarla verilmiş iddia tələbinin düzəldilməsi məqsədinə yönəldiyi üçün vacibdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin 2-1(112)-6397/2022 saylı 06 aprel 2022-ci il tarixli qərarı dəyişdirilməli və xx.xx.2020-ci il tarixli, **********2445 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 4.504,18 (dörd min beş yüz dörd manat on səkkiz qəpik) manat gömrük ödənişinin “Essen Pharma" MMC-yə qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6397/2022 saylı 06 aprel 2022-ci il tarixli qərarı dəyişdirilsin. xx.xx.2020-ci il tarixli, **********2445 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 4.504,18 (dörd min beş yüz dörd manat on səkkiz qəpik) manat gömrük ödənişinin “Essen Pharma" MMC-yə qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-829/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-829/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver