Məhkəmə qərarları › İş №2-1(103)-83/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-83/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-83/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X13 iştirakları ilə, İddiaçı (xx.xx.1964-cü il tarixində Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2 saylı xidmət nümayəndəliyinə qarşı «əlilliyə görə əmək pensiyasının təyin edilməsi haqqında» iddia tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2657/2018 saylı 13 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 16.05.2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinin imtinasının əsassız hesab edilməsini, onun 2000-ci il tarixdən bu günə kimi 1-ci qrup əlil bacısı X4 və 79 yaşlı yataq xəstəsi olan anası X6 qulluq edərək, baxmaqla xidmət etdiyi illərin sosial sığorta stajına daxil edilməklə 03 mart 2017-ci ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü ildə doğulmuş, Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. O, 1981-ci ildən əmək fəaliyyətinə başlamış və 20 ilə yaxın iş stajı vardır. Onun himayəsində xəstə anası və 1-ci qrup əlil bacısı var. Özü 2-ci qrup əlildir. O, ərizə ilə cavabdehə müraciət edərək ona əlilliyə görə pensiya təyin olunmasını xahiş etmiş, lakin sonuncu 19.04.2018-ci il tarixli cavab məktubu ilə ona imtina edərək bildirilmişdir ki, 05.07.1981-27.08.1999-cu il dövrü üzrə iş stajının araşdırılması mümkün olmadığı üçün onun əlilliyə görə pensiya hüququ yoxdur. Daha sonra o, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 05.07.1981-ci ildən 17.03.1993-cü ilədək Kəlbəcər rayonunun Ağcakənd kəndində yerləşən «Engels» adına kolxozda sağıcı, 08.05.1994-cü ildən 27.08.1999-cu ilədək «xxxx» X16ndə xadimə, 04.03.2000-ci ildən 17.09.2003-cü ilədək fiziki şəxs X10 məxsus kafedə qabyuyan işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, ona 03.03.2017-ci ildən 2-ci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2657/2018 saylı, 13 noyabr 2018ci il tarixli qərarı ilə (hakim X.İmanov) iddia təmin edilmiş, iddiaçının 05.07.1981-ci ildən 17.03.1993-cü ilədək Kəlbəcər rayonunun Ağcakənd kəndində yerləşən «Engels» adına kolxozda sağıcı, 08.05.1994-cü ildən 27.08.1999-cu ilədək «xxxx» X16ndə xadimə, 04.03.2000-ci ildən 17.09.2003-cü ilədək fiziki şəxs X10 məxsus kafedə qabyuyan işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, ona 03.03.2017-ci ildən 2-ci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. 02.05.2019-cu il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2657/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının «xxxx» X16ndəki əmək fəaliyyətinin araşdırılmasının mümkün olmadığı, həmin müəssisənin 28.04.2004-cü ildə DSMF-də qeydiyyata alındığı halda, birinci instansiya məhkəməsi 1994-1999-cu illəri sığorta stajına daxil edərək eyni zamanda, fiziki şəxs X7 işçisi İddiaçı ilə aralarında olan müqaviləni təqdim etmədiyi və həmin işçi ilə fiziki şəxs arasında bağlanmış müqavilənin DSMF-nin müvafiq yerli şöbəsində olub-olmadığını araşdırmadan qərar qəbul edərək maddi və prosessual hüquq normalarını pozmuşdur. MPM-in 385-ci maddəsinə əsasən maddi hüquq normalarının pozulması qətnamənin ləğv olunması üçün əsasdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli, 2-1(103)-1479/2019 saylı qərarı ilə (hakimlər C.Yusifov, V.Ağayev, A.Nuriyeva) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2657/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 19.08.2019-cu il tarixdə cavabdeh qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.12.2019-cu il tarixli, 2- 1(102)- 2987/2019 saylı qərarı ilə (hakimlər S.Hüseynova, İ.Dadaşov, K.Bədəlov) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon Şöbəsinin müdiri Firdovsi Bədəlov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli, 2-1(103)- 1479/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İnzibati iş 18.05.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi hakimi Ü.Mayılovun icraatına daxil olmuşdur. Daha sonra hakim Ü.Mayılovun pensiyaya çıxmağı ilə əlaqədar olaraq icraatında olan iş baxılması üçün hakim E.Nağıyevanın icraatına verilmişdir. Cavabdeh işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsi Publik Hüquqi Şəxsi tərəfindən təmsil edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: - iddiaçıya məxsus 05.07.1981-ci ildə tərtib edilmiş AZE seriyalı, ******* nömrəli kolxozçunun əmək kitabçasının təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 05 iyul 1981-ci ildən (05.07.1981) 17 mart 1993-cü ilədək (17.03.1993) Kəlbəcər rayonunda “Engels” adına kolxozda sağıcı, 08.05.1994-cü ildən (08.05.1994, əmr 06) 27.08.1999-cu ilədək (27.08.1999, əmr 12) “xxxx” X16ndə xadimə işləmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26.12.2017-ci il tarixli, 2(003)-6583/2017 saylı qətnaməsindən müəyyən olunur ki, həmin qətnamə əsasında İddiaçı ərizəsi təmin edilərək, onun Kəlbəcər rayonunun Ağcakənd kəndində yerləşən “Engels” adına kolxozda 05 iyul 1981-ci ildən 17 mart 1993-cü ilədək sağıcı işləməsi faktı müəyyən edilmiş, həmin qətnamənin qanuni qüvvəsini alması barədə qeydiyyat aparılmışdır. - Fiziki şəxs X15 (VÖEN **********) tərəfindən verilmiş 08.02.2018-ci il tarixli, 01/02 saylı arayışdan müəyyən olunur ki, İddiaçı 04.03.2000-ci ildən 17.09.2003-cü ilədək fiziki şəxsə məxsus ictimai iaişə obyektində qabyuyan işləmişdir. - Fiziki şəxs X15 tərəfindən verilmiş 04.03.2000-ci il tarixli, 04 nömrəli əmrdən müəyyən olunur ki, İddiaçı qeyd olunan əmrlə qabyuyan işinə qəbul edilmiş, 17.09.2003-cü il tarixli, 17 saylı əmrlə işdən azad edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair elektron çıxarışdan müəyyən olunur ki, İddiaçı 03.03.2017-ci ildə ümumi xəstəlikdən 2-ci dərəcəli əlillik təyin olunmuşdur. - Xəzər RPİ tərəfindən 13.05.2016-cı ildə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.1964-cü ildə Kəlbəcər rayonu Ağcakənd kəndində doğulmuş Mamedova X3 rayonu Ağcakənd kəndində qeydiyyatdadır. - AR Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Xəzər rayonu üzrə sektoru tərəfindən verilmiş 10.05.2018-ci il tarilxi 850/15 saylı arayışdan müəyyən olunur ki, Mamedova X3 rayonundan məcburi köçkün düşməklə, Xəzər rayonu, Buzovna qəsəbəsi, südçülük sovxozunda məskunlaşmışdır. - DSMF-nin Bakı şəhəri üzrə X22 İdarəsi tərəfindən məhkəmənin 02.11.2018-ci il tarixli sorğusuna verilmiş cavab məktubundan müəyyən olunur ki, “xxxx” X16 (VÖEN **********) sığortaedən kimi 28.04.2004-cü ildə DSMF-nin Xəzər rayon şöbəsində qeydiyyatdan keçdiyinə görə 1994-1999-cu illər üzrə məlumat haqqında sorğuya cavab verilməsi mümkün olmamışdır. - DSMF-nin Xəzər rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 19.04.2018-ci il tarixli, 11/03-229 saylı məktubdan müəyyən olunur ki, iddiaçının şöbəyə təqdim etdiyi ərizəsinə cavab olaraq bildirilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndində zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması göstərilmişdir. 05.07.1981 -ci ildən 27.08.1999-cu ilədək olan dövr iş stajının araşdırılması mümkün olmadığı üçün onun əliliyə görə əmək pensiyası hüququ yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 02 may 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununa qədər olan redaksiyasına aiddir) 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin (...) müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Zamana görə qüvvədə olmuş müddəada əlilliyə görə əmək pensiyasının təyin edilməsinin zəruri edən şərtlər – şəxsin əlilliyin müəyyən edilməsi və müvafiq sığorta stajına malik olmasıdır. Əlilliyə görə əmək pensiyasının təyin edilməsinin müddətinin başlanğıcı isə əlilliyin müəyyən edildiyi gün hesab edilir. Stajın hesablanması qaydasına görə şəxsin 5 ildən az olmamaqla əmək qabiliyyətli yaş dövrünün, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 249-cu maddəsinin 1-ci bəndinə əsasən 15 yaşından, hər tam ili üçün 4 ay sığorta stajının olmasıdır. Qeyd olunan normanı hazırkı inzibati mübahisəyə tətbiq etdikdə apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının tələb olunan sığorta staji 12 il 5 ay təşkil etməlidir. Hazırkı iş üzrə Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “iddiaçının işlədiyi müəssisələrlə bağlı əlavə olaraq araşdırma aparılmaqla, sorğular verilməklə, onun istinad edilən müəssisələrin mövcudluğu və şəxsin orada işləməsi faktları müəyyən edilməlidir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin göstərişlərini nəzərə alan məhkəmə tərəfindən işin hazırkı apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına, Şahid, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə , Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müvafiq sorğular ünvanlanmışdır. 28.12.2020-ci il və 21.01.2021-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına ünvanlanmış sorğularda iddiaçının 08.05.1994-cü il tarixli, 06 nömrəli əmrlə “xxxx” X16ndə xadimə kimi işə qəbul edilməsini, 27.08.1999-cu il tarixli, 12 nömrəli əmrlə işdən azad edilməsini, fiziki şəxs qismində fərdi sahibkarlıq fəaliyyətini (VÖEN;**********) həyata keçirən X15 tərəfindən verilmiş 04 mart 2000-ci il tarixli, 04 saylı və 17 sentyabr 2003-cü il tarixli, 17 saylı əmrlərin, eyni zamanda, iddiaçının 04 mart 2000–17 sentyabr 2003-cü il tarixinədək həmin sahibkara məxsus iaşə obyektində qabyuyan işləməsini təsdiq edən əmrləri, əmrlərin verilməsinə əsas olan sənədlərin surətlərini məhkəməyə təqdim olunması xahiş edilmişdir. 28.12.2020-ci il tarixdə Şahid ünvanlanmış sorğuda iddiaçının 08.05.1994-cü il tarixli, 06 nömrəli əmrlə “xxxx” X16ndə xadimə kimi işə qəbul edilməsini, 27.08.1999-cu il tarixli, 12 nömrəli əmrlə işdən azad edilməsini təsdiq edən əmrləri, əmrlərin verilməsinə əsas olan sənədlərin surətlərinin məhkəməyə təqdim olunmasını xahiş edilmişdir. Eyni tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış sorğuda “xxxx” X16 ilə bağlı olan bütün məlumatları (qanuni təmsilçi, hüquqi ünvan və s.), ilk nə vaxt qeydiyyatdan keçməsi, hal hazırda mövcud olubolmaması, fəaliyyətinin dayandırılıb-dayandırılmaması, ləğv edilib-edilməməsi, birləşibbirləşməməsi, ləğv olunubsa hansı tarixdə ləğv olunması barədə məlumatları, X7 hansı tarixdə sahibkar kimi qeydiyyatdan keçməsi, ilk dəfə hansı tarixdə sahibkar kimi adına VÖEN açılması, hansısa müəssisənin təsisçisi və ya qanuni təmsilçisi olub-olmaması barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. 05.01.2021-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ünvanlanmış sorğuda yaranmış zərurətlə əlaqədar 2(003)-6583/2017 nömrəli (26 dekabr 2017-ci il tarixli qətnamə, hakim-Həsənov Rəşad) mülki işin sənədlərinə baxış keçirilməsi məqsədilə 2(003)-6583/2017 nömrəli mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. 16.01.2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 11.01.2021-ci il tarixli, **********894400 №-li cavab məktubunda qeyd edilmişdir ki, “dövlət reyestrində fəaliyyəti aktiv olan "xxxx" X9 (VÖEN **********) 01.12.1997-ci il tarixdə 305 nömrə ilə dövlət qeydiyyatından keçməsi, rəhbərinin X1, hüquqi ünvanının AZ1090, ünvan 41 olması barədə məlumat mövcuddur. Qeydiyyat qovluğunda müəssisənin yenidən təşkili ilə bağlı hər hansı bir sənəd aşkar edilməmişdir. Həmçinin dövlət reyestrində 09.12.2004-cü il tarixdə vergi uçotuna dayanmış X5 vergi uçotunun 25.11.2014-cü il tarixdə ləğv edilməsi barədə məlumat mövcuddur. 26.01.2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış, 18.01.2021-ci il tarixli, **********293900 №-li məktubunda qeyd edilmişdir ki,: - “Qurumun adı: "xxxx" X16: - Qeydiyyata alındığı tarixi: 01.12.1997-ci il Dövlət qeydiyyat № (VÖEN): ********** - Maliyyə ili: 1 yanvar-31 dekabr; - Hüquqi ünvanı: AZ1090, ünvan 5əsisçi: X2; Qanuni təmsilçi: X1. Qurumun qeydiyyat qovluğunda yenidən təşkil və ya ləğv olunması barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq X5 fiziki şəxs kimi vergi uçotuna alınması və ya direktoru olması barədə hər hansı məlumat aşkar edilməmişdir.” 08.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə daxil olmuş, 25.01.2021-ci il tarixli, 22 №-li cavab məktubunda “xxxx” X9 arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd edilmişdir. 09.02.2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş, 4/158 saylı, 02.02.2021-ci il tarixli məktubda “xxxx” X9 arxiv sənədlərinin Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. Həmçinin məhkəmə kollegiyası tərəfindən işin hazırkı apellyasiya icraatı zamanı X14 və Şahid qismində məhkəmə iclasına çağrılmışlar. Məhkəmə kollegiyası iclasında iştirak edən X14 ifadəsində 1996-1997-ci ildə vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyini, iddiaçının təxmini il yarımdan artıq onun kafesində işlədiyini, imzaların ona məxsus olduğunu, onun təxmini olaraq yadında qaldığını, açıq ürək əməliyyatı olduğu üçün yaddaşının zəiflədiyini bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən Şahid ifadəsində Axundov Məmmədxxxxnın onun atası olduğunu, 24 avqust 2009-cu il tarixində vəfat etdiyini və daha əvvəllər hansı müəssisəni işlətməsi barədə heç bir məlumatı olmadığını, onda heç bir sənəd olmadığını və müəssisə barədə heç bir məlumatının olmadığını bildirdi. Məhkəmə kollegiyası hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab edir. İşin hallarından müəyyən edilir ki, iddiaçı 05.07.1981-ci ildən 17.03.1993-cü ilədək Kəlbəcər rayonunun Ağcakənd kəndində yerləşən «Engels» adına kolxozda sağıcı, 08.05.1994-cü ildən 27.08.1999-cu ilədək «xxxx» X16ndə xadimə, 04.03.2000-ci ildən 17.09.2003-cü ilədək fiziki şəxs X10 məxsus kafedə qabyuyan işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilməsini və ona 03.03.2017-ci ildən 2-ci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, onun 08.05.1994-cü ildən 27.08.1999-cu ilədək və 04.03.2000-ci ildən 17.09.2003-cü ilədək olan işlədiyi müddət sosial sığorta stajına daxil edilə bilməz. Belə ki, məhkəmənin müvafiq sorğularına daxil olmuş cavab məktublarından müəyyən edilir ki, “xxxx” X9 arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarından göründüyü kimi “xxxx” X16 dövlət qeydiyyatından 01.12.1997-ci il tarixində keçmişdir, lakin iddiaçının həmin müəssisəyə işə qəbulu 1994-cü ildir. Həmçinin iddiaçı 04.03.2000-ci ildən 17.09.2003-cü ilədək X8 məxsus kafedə çalışdığını qeyd etsə də, cavab məktubu ilə X5 09.12.2004-cü il tarixdə vergi uçotuna dayandığı və vergi uçotunun 25.11.2014-cü il tarixdə ləğv edildiyi müəyyən edilir. Belə olan halda iddiaçının fiziki şəxs X10 məxsus kafedə işləməsi və “xxxx” X16ndə işləməsi barədə əmək kitabçasında aparılmış qeydlər məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən həmin hal araşdırılmadan, əsassız və qanunsuz olaraq, iddiaçının iddia tələbini təmin etmiş, onun 05.07.1981-ci ildən 17.03.1993-cü ilədək Kəlbəcər rayonunun Ağcakənd kəndində yerləşən «Engels» adına kolxozda sağıcı, 08.05.1994-cü ildən 27.08.1999-cu ilədək «xxxx» X16ndə xadimə, 04.03.2000-ci ildən 17.09.2003-cü ilədək fiziki şəxs X10 məxsus kafedə qabyuyan işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, ona 03.03.2017-ci ildən 2-ci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsini cavabdehə həvalə olunumuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən iddiaçıya işin ziddiyyətli məqamlarının aradan qaldırılması məqsədilə mübahisə ilə bağlı sənəd, sübut təqdim etməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən məhkəməyə heç bir sənəd, sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan, ləğv edilməklə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2 saylı xidmət nümayəndəliyin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2657/2018 saylı , 13 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2 saylı xidmət nümayəndəliyinə qarşı “ona 05.07.1981-ci ildən 17.03.1993-cü ilədək Kəlbəcər rayonunun Ağcakənd kəndində yerləşən «Engels» adına kolxozda sağıcı, 08.05.1994-cü ildən 27.08.1999-cu ilədək «xxxx» X16ndə xadimə, 04.03.2000-ci ildən 17.09.2003-cü ilədək fiziki şəxs X10 məxsus kafedə qabyuyan işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, ona 03.03.2017-ci ildən 2-ci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar