Məhkəmə qərarları › İş №2-1(103)-83/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-83/2022

18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-83/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və texniki sənədlərin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2486/2020 saylı 08 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 500 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2486/2020 saylı 08 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, ünvan 3 ünvanında yerləşən 500 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyi cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən müvafiq torpaq sahəsinə dair qanunvericiliyin tələblərinə uyğun sənədlər təqdim edilməmişdir. Belə ki, müvafiq torpaq sahəsi qanunvericiliyin tələblərinə zidd olaraq iddiaçıya hərracdan kənar qaydada ayrılmışdır. Halbuki qanunvericiliyin tələblərinə əsasən xx.xx.2007-ci il tarixdən sonra bələdiyyyə mülkiyyətində olan torpaq sahələri üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Müvafiq ünvanda İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2020-ci il tarixdə aparılmış yoxlama-ölçü işləri zamanı və İdarənin elektron kadastr baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bələdiyyəyə ayrılmış ərazilərə aid olması barədə İdarənin elektron kadastr bazasında hər hansı məlumat aşkar edilməmişdir. Sözügedən torpaq sahəsi keçmiş Zeytunluq (Binəqədi) sərhədləri daxilində yerləşir və faktiki olaraq göstərilən torpaq sahəsinin çox hissəsi “Zafaran KFT”-nin adına verilmiş **********031 nömrəli kadastr planında qeyd olunan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Müvafiq torpaq sahəsi üzərində özbaşına tikili 3 mərtəbəli, mansardlı yaşayış evi inşa edilmişdir. Lakin sözügedən tikiliyə dair qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, işin düzgün və ədalətli araşdırılması məqsədilə məhkəmə tərəfindən Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, Binəqədi rayon Bələdiyyəsi və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti iş üzrə 3-cü şəxs qismində işə cəlb edilməli və ekpsertiza keçirilməli idi. Tərəflərin izahatları xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı Məhəmmə qzının və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “ünvan 3 ünvanında yerləşən 500 kv.m torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri götürülməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəi və vəkili tərəfindən verilmiş iddianın geri götürülməsinə dair ərizə təmin edilməli və hazırkı iddia üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddianın geri götürülməsinə dair ərizə təmin edilsin. Hazırkı iddia üzrə icraata xitam verilsin. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Həmid Həmidov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar