Məhkəmə qərarları › İş №2-1(103)-83/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-83/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-83/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1339/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (Bakı şəhəri X6 üzrə Baş İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 iyul 2020-ci il tarixli, **********040400 saylı qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, cavabdehin kameral yoxlamanın nəticələrinə dair mübahisələndirilən qərarı ilə iddiaçı barəsində 2019-cu ilə torpaq vergisi üzrə 23.200,00 manat məbləğində əlavə vergi hesablanmışdır. Hesablanmış torpaq vergisi yaşayış məntəqəsi torpaqlarına aid olduğuna və Vergi Məcəllləsinin 207.1.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları torpaq vergisinə cəlb edilmədiyinə görə həmin qərar əsassızdır.Çünki, “Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi haqqında” təlimatın 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları (bu torpaqlara meydanlar, parklar, küçələr, səkilər, keçidlər, ümumi yaşayış binalarının həyətində ağac altı sahələr, uşaq meydançaları, yollar və s. torpaqlar) vergidən azad edilir. Qərarda təqdim edilmiş bəyannamənin 2 nömrəli Əlavəsinin “Torpaq sahəsi” sütununda 150.000 kv.m vergiyə cəlb olunmayan sahə göstərilməsinə baxmayaraq, bu barədə təsdiqedici sənədlər əlavə edilmədiyi göstərilmiş, halbuki, vergi orqanının tələb etdiyi təsdiqedici sənədlər elektron, yəni elektron kargüzarlıq vasitə ilə vergi orqanına 01 iyun 2020-ci il tarixdə təqdim edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1339/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, vergi hesablanan torpaq yaşayış məntəqəsi torpağıdır. Vergi Məcəlləsinin 207.1.1-ci maddəsinə əsasən yaşayış məntəqədlərinin ümumi istifadədə olan torpaqlar torpaq vergisinə cəlb edilmir. Həmçinin “Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi haqqında” təlimatın 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları (bu torpaqlara meydanlar, parklar, küçələr, səkilər, keçidlər, ümumi yaşayış binalarının həyətində ağac altı sahələr, uşaq meydançaları, yollar və s. torpaqlar) vergidən azad edilir. Hakim qanunvericiliyin tələblərini özünəməxsus formada təhrif edərək göstərmişdir ki, torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində deyil, məhz xüsusi mülkiyyətdə olması təsdiq edilmişdir. Hakim Vergi Məcəlləsinin qeyd edilən maddəsi barədə səhv nəticəyə gəlmişdir. Onu da bildirir ki, məhkəmə təqdim edilən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna sübut kimi qiymət verməmişdir. Məhkəmə İPM-in 12-ci maddəsinin tələblərini pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1365/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1339/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-65/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2-1(103)-1365/2022 nömrəli qərarı ləğv edilmiş və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - RX ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışa əsasən, Abşeron rayonunun Masazır kəndində 13 ha (yəni, 130 000 kv.m) torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) “X7” MMCnin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdə “X7” MMC-yə “Tikinti obyektinin istismarına icazə” verilmişdir (13ha torpaq sahəsi ilə bağlı; tikinti obyektinin podratçısı - “X7” MMC; tikinti obyektinin sifarişçisi - "xxxx" MMC). - Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçıya “Tikinti obyektinin istismarına icazə” verilmişdir (2 ha torpaq sahəsi ilə bağlı; tikinti obyektinin podratçısı- "xxxx" MMC; tikinti obyektinin sifarişçisi -"xxxx" MTK). - İddiaçı MTK cavabdeh vergi orqanına 2019-cu ilin torpaq vergisi bəyannaməsini təqdim etmiş və bəyannamənin 2 nömrəli Əlavəsinin “Torpaq sahəsi” sütununda istifadəsində olan torpağın ümumi sahəsini “150.000.00” kv.m. göstərməklə “vergiyə cəlb olunmayan sahə” kimi bəyan etmişdir. - Vergi orqanı tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli, **********481600 saylı «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» məktubla iddiaçıdan 150.000 kv.m torpaq sahəsinin vergiyə cəlb edilməli olmamasını təsdiq edən sənəd təqdim edilmədiyi üçün həmin dövr üzrə dəqiqləşdirilmiş torpaq vergisi bəyannaməsinin təqdim edilməsi tələb olunmuşdur. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 6 iyul 2020ci il tarixli, **********040400 saylı qərar ilə kameral yoxlama nəticəsində vergi ödəyicisi (iddiaçı) tərəfindən təqdim edilmiş bəyannamənin 2 nömrəli Əlavəsinin “Torpaq sahəsi” sütununda 150.000,00 kv.m vergiyə cəlb olunmayan sahə göstərilməsinə baxmayaraq, bu barədə təsdiqedici sənədlərin təqdim edilməməsi əsası ilə 23.200 manat torpaq vergisi hesablanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “hazırda iddiaçı torpaq sahəsinin yaşayış məntəqələrinin ümumi istifadəsində olduğuna istinad edərək hesablanmış verginin əsassız olduğunu bildirsə də, bəyannamə məlumatlarında qeyd edilən torpaq sahəsinin yaşayış məntəqələrinin ümumi istifadəsində olduğu təsdiq edilmir. Əksinə, iş materiallarında olan RX seriyalı ******* saylı çıxarışla xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olduğu müəyyən edilir. Odur ki, iddia tələbi əsassızdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (mübahisələndirilən qərar qüvvədə olan redaksiyası): Maddə 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçisinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır. Maddə 207. Aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir: 207.1.1. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlərin altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Hazırkı iş üzrə Ali Məhkəmənin qərarında hüquqi göstəriş kimi qeyd edilmişdir ki, “ məhkəmə 15.0 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində və ya istifadəsində olması ilə bağlı ətraflı araşdırılmamışdır. Həmçinin, vergitutma obyektini təşkil edən həmin torpaq sahəsinin mülkiyyətçisi və istifadəçiləri ilə bağlı təqdim edilmiş sənədlər də ziddiyyətlidir. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 207.1.1-ci maddəsi ilə iddiaçının vergidən azad olunması məsələsinə qiymət verməmişdən öncə, hesablanmış verginin vergitutma obyektini təşkil edən torpaq sahəsinin iddiaçının istifadəsində və ya mülkiyyətində olmasını müəyyənləşdirməlidir” Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bəyannamədə göstərdiyi 15 ha torpaq sahəsinin onun mülkiyyətində və ya istifadəsində olmasıdır. Sözügedən torpaq sahəsi ilə bağlı isə məhkəməyə aşağıdakı sənədlər təqdim edilmişdir : - “X7” MMC-yə Masazır kəndi ərazisində yerləşən 2 ha torpaq sahəsində (RX seriyalı ******* saylı Çıxarış ilə X2 xüsusi mülkiyyətindədir) “Yaşayış binalarının tikintisinə icazə verilməsi” barədə Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli Sərəncamı (iş v.58); - Abşeron rayonu, Masazır kəndində 13 ha (yəni, 130 000 kv.m) torpaq sahəsinin (yaşayış məntəqələrinin torpaqları) “X7” MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair RX ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarış; - 13 ha torpaq sahəsi üzərində inşa edilmiş yaşayış binalarının istismarına icazə verilməsi barədə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli “Tikinti obyektinin istismarına icazə”si (tikinti obyektinin podratçısı-“X7” MMC; tikinti obyektinin sifarişçisi-"xxxx" MMC); - 2 ha torpaq sahəsi üzərində inşa edilmiş yaşayış binalarının istismarına icazə verilməsi barədə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli “Tikinti obyektinin istismarına icazə”si (tikinti obyektinin podratçısı- "xxxx" MMC; tikinti obyektinin sifarişçisi-"xxxx" MTK); - “X7” MMC tərəfindən inşa edilmiş binaların sərəncam hüququnun iddiaçıya verilməsi barədə Razılaşma (iş v.58). İşin təkrar apellyasiya icraatı zamanı Ali Məhkəmənin hüquqi göstərişi nəzərə alan məhkəmə kollegiyası tərəfindən ziddiyyətli halın aradan qaldırılması üçün müvafiq sənədlərin təqdim edilməsi təklif edilmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfinən təqdim edilmiş: - xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın təhvil-təslim aktına əsasən “Kooperativ üzvü” “X7” MMC-nin xüsusi mülkiyyətində olan , Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (Seriya RX №1413511, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2018, Daşınmaz əmlakın reyestr nömrəsi **********41) qeyd olunan, 25 dekabr 2017-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə alınmış, Abşeron rayonu Masazır kəndində yerləşən, dəyəri 200000,00 (iki yüz min manat 00 qəpik) manat olan, 13.0 ha torpaq sahəsini İddiaçı MTK-nın Nizamnamə fondunun artırılması məqsədilə, Nizamnamə fonduna daxil edilməsi üçün pay olaraq “Kooperativ”ə təhvil verir, “Kooperativ” isə daşınmaz əmlakı Nizamnamə fonduna pay olaraq təhvil götürür. - xx.xx.2019-cü il tarixli daşınmaz əmlakın təhvil-təslim aktına əsasən “Kooperativ üzvü” X3 özünün xüsusi mülkiyyətində olan , Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (Seriya RX №0234960, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2013, Daşınmaz əmlakın reyestr nömrəsi **********11) qeyd olunan, 06 sentyabr 2013-cü il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə alınmış, Abşeron rayonu Masazır kəndində yerləşən, dəyəri 100000,00 (bir yüz min manat 00 qəpik) manat olan, 2.0 ha torpaq sahəsini İddiaçı MTK-nın Nizamnamə fondunun artırılması məqsədilə, Nizamnamə fonduna daxil edilməsi üçün pay olaraq “Kooperativ”ə təhvil verir, “Kooperativ” isə daşınmaz əmlakı Nizamnamə fonduna pay olaraq təhvil götürür. Tədqim edilmiş sənədlərdən göründüyü kimi hesablanmış verginin vergitutma obyektini təşkil edən 15.0 ha torpaq sahəsi İddiaçı MTK-ya pay olaraq təhvil verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi Vergi Məcəlləsinin 207.1.1-ci maddəsində torpaq vergisindən azad olunanlar sırasında, o cümlədən, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları da yer amışdır. Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci bəndi nəzərədə tutur ki, yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: -ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; -ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşəpark, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; -sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; -nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; -təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarixmədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri -yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; -kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; -hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; -şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, yaşayış məntəqələrinin torpaqlarının tərkibinə 9 növdən olan torpaqlar daxildir. Həmin növlərdən biri də həmin bəndin 2-ci abzasında göstərilən - yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşən - meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələridir. Qeyd olunan maddi hüquq normalarının təhlili onu deməyə əsas verir ki, Vergi Məcəlləsinin 207.1.1-ci maddəsində nəzərdə tutulan, torpaq vergisindən azad edilən yaşayış məntəqələri torpaqlarından yalnız bir növünə - yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarına aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisinin 2019-cu ilin hesabat dövrü üzrə vergi orqanına təqdim etdiyi dəqiqləşdirilmiş Bəyannamənin 2 nömrəli əlavəsində “Torpaq sahəsi” sütununda istifadəsində olan torpağın ümumi sahəsinin “150.000.00” kv.m. olduğu göstərilməklə “vergiyə cəlb olunmayan sahə” kimi bəyan edilsə də, iş materiallarında olan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçıya ünvünalanmış 18 fevral 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “ vergiyə cəlb edilməyən 15 ha torpaq sahəsinin təsisçilərinin mülkiyyətində olması və müvafiq aktlarla kooperativə təhvil verilməsi ilə bağlı 2020-ci il üzrə təqdim edilmiş torpaq vergi bəyannaməsində yaranmış uyğunsuzluqların aradan qaldırılması barədə müraciətlərə baxılmışdır. 2020-ci il üzrə təqdim edilmiş torpaq vergisi bəyannaməsində yaranmış uyğunsuzluqlar müraciətlər əsasında nəzərə alınmışdır.” Göründüyü kimi hazırkı iş üzrə mövcud olan uyğunsuzluqlar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən nəzərə alınsa da, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, işin təkrar apellyasiya icraatı zamanı məhkəmə tərəfindən tədqiqat obyektinə tərəflərin və Abşeron İcra Hakimiyyətinin nümayəndələrinin iştirakları ilə yerində baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsində yaşayış binaları və məktəb binası (dövlət məktəbi), avtobus dayanacağı yerləşməklə ümumi istifadədədir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi göstərilən halları nəzərə almamış və iddia tələbinin rədd edilməsi barədə yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. İnzibati icraat haqqında” Qanunun: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İPM-nin: 12.1. məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1339/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1339/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 iyul 2020-ci il tarixli, **********040400 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar