Məhkəmə qərarları › İş №2-1(103)-830/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-830/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-830/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(112)-4585/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 01.08.1988-ci il tarixdən 20.06.1992-ci il tarixədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmət keçmiş, 08.08.1992-ci il tarixdən 07.04.2013-cü il tarixədək isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Təqvim hesabı ilə 24 il 08 ay 06 gün, güzəştli şərtlərlə 24 il 08 ay 6 gün, ümumilikdə isə 47 il 04 ay 23 gün xidmət etmişdir. Xidmətinin 20 il 07 ay 29 gününü Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmət keçmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirinin 0507 №-li, 30.12.2012-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Hərbi xidmət dövrü yaşayış sahəsi ilə təmin edilməmişdir. Baxmayaraq ki, iddiaçının belə bir hüququ olmuşdur. Hərbi xidmət dövrü 4 medalla təltif olunmuşdur. Müharibə veteranıdır. Hərbi xidmət dövrü aldığı xəstəlik nəticəsində sağlamlığını itirmiş və iddiaçıya 19.10.2015ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 2- ci dərəcəli əlillik qrupu təyin edilmişdir. İddiaçının “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında” AR Prezidentinin 569 №-li 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməyi barədə qərar qəbul edilməsi xahişi ilə 20.04.2020-ci il tarixdə cavabdehə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmişdir. Lakin, müraciətinə cavabdeh tərəfindən 12.05.2020-ci il tarixli 1692 №-li məktubla imtina cavabı verilmişdir. İmtinanın əsası kimi iddiaçının “Hərbi Xidmət Keçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağı göstərilmişdir. İddiaçı hesab edir ki, qeyd edilən imtina əsassızdır. Cavabdeh iddiaya etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı 1992-ci ilin iyun ayından 30.12.2012-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. İddiaçı “Hərbi Xidmət Keçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Onun hərbi xidmət qüsursuz olmadığı üçün cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(112)-4585/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(112)-4585/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı 01.08.1988-ci il tarixdən 20.06.1992-ci il tarixədək keçmiş Sovet Ordusunda, 08.08.1992-ci il tarixdən 07.04.2013-cü il tarixədək isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Onun xidmət illəri: təqvimlə - 24 il 08 ay 06 gün, ümumi xidmət illəri 47 il 04 ay 23 gün təşkil edir. O, Azərbaycan Respublikasının Müdafiə Nazirinin 0507 №-li, 30.12.2012-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublkasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən ünvanlanmış 1692 nömrəli, 12.05.2020-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Siz Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən Azərbaycan Respublikasının Müdafiə nazirinin 30.12.2012-ci il tarixli müvafiq əmri ilə Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İ Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmısınız. Nəzərinizə çatdırırıq ki, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılanların mənzillə təmin olunmasında obyektiv çətinliklər yaranmışdır və həmin çətinliklərin həlli istiqamətində işlər davam etdirilir.” İddia ərizəsinə əlavə edilmiş müxtəlif medalların vəsiqələrinə əsasən iddiaçı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən verilmiş 19.10.2015-cı il tarixli müayinə barədə məlumatdan görünür ki, iddiaçı ikinci qrup əlildir və əlilliyinin səbəbi hərbi xidmət dövrü ilə əlaqədardır. 09.03.2016-ci il tarixli, 036570 saylı vəsiqədən görünür ki, hərbi xidmət dövründə aldığı xəsarət səbəbindən 2-ci qrup əlildir. 20.05.1998-ci ildə N saylı hərbi hissə tərəfindən verilmiş vəsiqəyə əsasən İddiaçı müharibə veteranı statusuna malik olmuşdur. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 saylı Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi müəyyən edilmişdir. Göründüyü kimi həmin Fərmanın 1-ci bəndində “qüsursuz xidmət etmiş” hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 152-ci maddəsinin 4-cü abzasına əsasən xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır. İşin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının 20 ildən çox xidmət etməsi işin mübahisəsiz halıdır və cavabdeh də bunu mübahisələndirmir. İddiaçının mənzillə təmin olunması üçün digər zəruri şərt qüsursuz xidmətinin olmasıdır ki, bu şərt iddiaçıya münasibətdə ödənilmir. Bununla bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuluğa görə) bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxıldığından onun xidməti qüsursuz hesab edilə bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 ildən artıq xidmət etsə və medallarla təltif edilsə də, onun xidməti qanunun tələblərində göstərilən kimi qüsursuz olmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirinin 0507 №-li, 30.12.2012-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Hərbi xidmətkeçmə ilə bağlı qanunvericiliyə görə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmış şəxslərin qanunla nəzərdə tutulmuş güzəştlərdən istifadə etmək hüququ məhdudlaşdırılır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28.12.2011-ci il tarixli Fərmanından irəli gələn güzəşt (dövlət vəsaiti hesabına mənzillə təmin olunması güzəşti) ona şamil edilə bilməz. Beləliklə, cavabdehin imtinası əsaslıdır və birinci instansiya məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(112)-4585/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Cahangir Yusifov Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar