Məhkəmə qərarları › İş №2-1(103)-830/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-830/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-830/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, 3-cü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8945/2022 saylı 05 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Poleks” Mənzil-Tikinti Kooperativi cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 209 nömrəli sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və Nazirlər Kabinetinin Qərarının icrasını təmin etmək və Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh başçısı xx.xx.2016-cı il tarixli 350 №-li Sərəncam vermişdir. Sərəncama əsasən Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində 2.99 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. Sərəncama əsasən "xxxx" MMC-yə Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyriyaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. İddiaçı MTK tərəfindən yuxarıda göstərilən istiqamətdə böyük işlər görülmüş, həmin ərazidə bütün sakinlərə müavinətlər verilməklə onları müvəqqəti yaşayış sahələrinə köçürmüşdür. Məhkəməyə müraciətlərinin mahiyyəti yuxarıda qeyd olunan işlərin görülməsi ilə əlaqədar "xxxx" MMC-nin daimi istifadəsinə ayrılmış torpaq sahəsi ilə bağlı cavabdeh tərəfindən aparılan qanunsuz hərəkətlərdir. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0,0137 ha torpaq sahəsindəki 29 nömrəli, 1 (bir) mərtəbəli binada (fərdi ev tikilisində) yerləşən, 2020-ci ilin avqust ayına kimi mövcud olan 36 nömrəli fərdi mənzil paylı mülkiyyət hüququ üzrə - X3 adına 2/3 hissə, X4 adına 1/3 hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il qeydiyyat tarixi, ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Onların mülkiyyət hüququ təsdiq edən MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Qeyd olunan çıxarışdan da görünür ki, üçüncü şəxslərə məxsus sahə yaşayış sahəsindən ibarət olmuşdur. 2017-ci il tarixdə ərizə ilə X8 və X1 Rayon İcra Hakimiyyətinə müraciət edib, mülkiyyətlərində olan sözügedən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə razılıq verilməsini, onlara məxsus yaşayış sahəsinin qeyri-qanuni olaraq qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmişlər. Nərimanov RİH Başçısı, xx.xx.2017-ci il tarixli, 209 nömrəli sərəncamı ilə ünvan 3 ünvanda yerləşən, sahəsi 64.65 kv.m. olan 36 nömrəli mənzilin mövcud istifadə vəziyyətində qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilmişdir və bu icazə dövlət tərəfindən müəyyən etdiyi öhdəliklərin İddiaçı MTK-ya yerinə yetirilməsində ciddi problemlər yaratmış, həmin ərazinin eyni İcra Hakimiyyəti tərəfindən "xxxx" MTK üçün ayrıldığı və Fövqəladə Hallar Nazirliyi tərəfindən istifadə üçün yararsız hesab olunduğu halda əsassız olmaqla mülkiyyətçilər X8 və X9 və İddiaçı MTK arasında mülki məhkəmə qaydasında çəkişməsinə səbəb olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8945/2022 saylı 05 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, məhkəmə iddianın mümkün sayılmaması əsası olaraq, məhz qanunvericiliyin nəzərdə tutduğu müddətin ötürülməsini göstərilmişdir. Lakin hesab edilir ki, iddiaçı "xxxx" MTK tərəfindən qanunvericiliyin tələb etdiyi iddia müddəti ötürülməmişdir və buna görə də iddia mümkün sayılmalıdır. İşə əlavə olunan materiallardan da görünür ki, ’’Poleks” MTK Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli 209 nömrəli sərəncamından yanlız iş üzrə üçüncü şəxslər qismində cəlb edilmiş X8 və X9 tərəfindən xx.xx.2020-ci il tarixdə ’’Poleks” MTK-ya qarşı kompensasiya və vurulmuş zərərin ödənilməsi barədə iddia ərizəsi ilə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edərkən xəbərdar olmuşdur. Lakin həmin vaxt MTK tərəfindən iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunacağı təqdirdə bu mülki məhkəmə icraatına mane olacaqdı. Bu səbəbdən də MTK tərəfindən iş üzrə mülki məhkəmə icraatının yekunlaşması və apellyasiya məhkəməsində davam edən icraatın bitməsi və yekun məhkəmə aktının qəbul edilməsi gözlənilmiş, yalnız bundan sonra iddia ərizəsi ilə Bakı İnizbati Məhkəməsində iddia qaldırmışdır. Bu səbəbdən də hesab edilir ki, iddia ərizəsinin verilməsi üçün qanunvericiliyin nəzərdə tutduğu müddət ötürülməmişdir. MTK-ya qarşı iş üzrə 3-çü şəxslər qismində cəlb edilmiş şəxslər tərəfindən kompensasiya və vurulmuş zərərin ödənilməsi barədə iddia ərizəsi ilə müraciət edildiyindən və yalnız bundan sonra iddiaçının Bakı şəhər Cavabdeh Başçısının qəbul etdiyi mübahisə predmeti olan xx.xx.2017-ci il tarixli 209 nömrəli sərəncamından məlumatlı olduğunu nəzərə alsaq, mülki məhkəmə icraatının tam, ətraflı şəkildə aparılmasını təmin etmək və inzibati iş üzrə icraatın başlayacağı təqdirdə onsuz da başqa məhkəmədə iş olduğu üçün dayandırılacağını bildiyi üçün Bakı İnzibati Məhkəməsində Cavabdehə qarşı yanlız iş üzrə icraat tam yekunlaşana kimi gözləmək qərarına gəlmişdir. İş üzrə icraat bitdikdən dərhal sonra isə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı 3-cü şəxs X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh Bakı şəhər İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron kabinetinə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «evdə yoxdur» səbəbindən geri qaytarıldığı üçün digər 3-cü şəxs X9 məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. İnzibatı məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının, cavabdehin nümayəndəsinin və digər 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı, cavabdeh Bakı şəhəri Cavabdehin nümayəndəsinin digər 3cü şəxs X4 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırki işdən görünür ki, Bakı şəhəri Cavabdeh başçısının 209 №-li, xx.xx.2017-ci il tarixli, “Xətai prospekti 29 saylı evin 36 №-li mənzilinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” Sərəncamının surətindən görünür ki, Xətai prospekti 29 saylı ünvanda yerləşən, sahəsi 64,65 kv/m.olan 36 №-li mənzilin mövcud istifadə vəziyyətində qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi, göstərilən mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə zamanı mövcud qanunvericiliyin tələblərinə, müvafiq norma, qaydalara riayət olunmasının vətəndaşlar İ.Ə.Abbasov və Z.F.Abbasova tapşırılması qərara alınmışdır. Hazırda İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı tələbi “İ.Ə.Abbasov və Z.F.Abbasovla bağlı qəbul edilmiş 209 saylı 22 may 2017-ci il tarixli sərəncamın ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. İşin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 5 il və ondan da çox müddət əvvəl qəbul etdiyi inzibati aktın qanunsuz sayılmasını və bunun nəticəsində hüquqi nəticələrin aradan qaldırılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci madəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırıla bilər. Hazırki işdə iddiaçının tələbi “mübahisələndirmə haqqında iddia” növünə aiddir. Mübahisə predmeti olan sərəncamın qəbul olunma tarixinə nəzər yetirildikdə isə məlum olur ki, həmin sərəncam bundan 5 il əvvəl qəbul olunmuşdur. İş materiallarından görünür ki, iddiaçılar X3 və X4 cavabdeh İddiaçı MTK-ya qarşı “kompensasiya və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası Nəsimi rayon Məhkəməsinin 2(006)1378/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə həmin iş üzrə məhkəmədə iddia qaldırılarkən sərəncamın surəti iddiaya əlavə edilmişdir. Həmçinin hazırki iş üzrə iddiaçının sözügedən sərəncamdan uzun müddətdi ki, məlumatlı olması apellyasiya şikayətinin məzmununda da özü tərəfindən etiraf edilmişdir. Beləliklə, iş üzrə iddiaçının mübahisələndirdiyi sərəncam barədə 2020-ci ildə məlumatlı olmasına baxmayaraq məhkəməyə iddia ilə xx.xx.2022-ci ildə müraciət etdiyi müəyyən olunur. İddiaçı həmin halı yuxarıda adı çəkilən mülki işin yekunlaşmasını gözləyib, sonra inzibati iddia ilə müraciət etməsi ilə əsaslandırsa da, həmin səbəb keçmiş müddətin üzürlü səbəblərlə bağlı olduğunu hesab etmək üçün yetərli dəlil kimi qəbul edilmir, çünki adı çəkilən mülki işin davam etdiyi müddətcə bu inzibati mübahisənin qaldırılması qanunla istisna edilmirdi və yolverilən idi. Bununla yanaşı, iddiaçı nə birinci instansiya, nə də apellyasiya instansiyasına mübahisələndirdiyi sərəncam barədə məlumatlı olduqdan sonra iddia ilə 1 ildən tez müraciət etdiyini təsdiq edə biləcək sübutları təqdim etməmiş, əksinə qeyd olunduğu kimi, inzibati aktdan uzun müddət (2020-ci ildən) məlumatlı olsa da, onu 2022-ci ildə mübahisələndirdiyini etiraf etmişdir. Keçən iddia müddətinin üzrlü səbəblərlə bağlı olub, onun bərpasına yol verilib-verilmədiyinin imkanları yoxlanılarkən isə müəyyən olundu ki, iddiaçı mübahisələndirilən sərəncam barədə məlumatlı olduqdan bir ildən də çox müddət keçdikdən sonra iddia vermişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Avropa İnsan Hüquqları Məhkəməsi “Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında müddət məhdudiyyətlərinin əhəmiyyəti barədə qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin prinsipləri ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Məhkəmə kollegiyası hazırki işdə yuxarıda göstərilənlərlə bağlı iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qənaətinə gəlir və hesab edir ki, birinci instansiya məhkəməsi bu əsasla iddianın qeyri-mümkün sayılması barədə düzgün nəticəyə gəlmişdir. O ki qaldı iddiaçının birinci instansiya məhkəməsinə “müddətin buraxılmamış hesab edilməsi” ilə bağlı verdiyi ərizəyə, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, həmin ərizəni birinci instansiya məhkəməsi düzgün qiymətləndirmiş və hesab etmişdir ki, nə qədər ki, məhkəmə prosessual müddətin buraxılması səbəbindən iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir, həmin ərizəyə ayrıca qiymət verilməsinə də zərurət qalmamışdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlilləri məhkəmə kollegiyası qeyri-səmimi qəbul edir və hesab edir ki, həmin dəlillər iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi, iddia müddətinin ötürülməmiş hesab olunmaqla işin mahiyyəti üzrə baxılması üçün heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8945/2022 saylı 05 oktyabr 2022-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8945/2022 saylı 05 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar