Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-830/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5142/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli, **********376800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya cavabdeh orqan tərəfindən fərdi sahibkar qismində kameral vergi yoxlanması zamanı 2020-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə əsassız olaraq 5.950 manat vergi məbləği hesablanmışdır. Vergi məbləği ilə bağlı iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinə şikayət göndərilmiş və əsassız hesablanmış cərimənin silinməsi xahiş edilmişdir. Dövlət Vergi Xidmətinin 20 noyabr 2021- ci il tarixli qərarı ilə iddiaçının şikayəti təmin edilməmiş, 5950 manat vergi məbləğinə cərimə və penya hesablanaraq əsassız və qeyri qanuni olaraq 7.181,65 manat məbləğində vergi məbləği təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci ildə fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə vergi orqanına müraciət etmiş və 5 il müddətinə fəaliyyətini dayandırmışdır. Həmin tarixdən bu günədək iddiaçı tərəfindən hər hansı bir əməliyyat aparılmamış, elektron qaimə göndərilməmiş, bank və ya kassa ilə hər hansı köçürülmə edilməmişdir. Eyni zamanda Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydalarında” vergi ödəyicisi olmayan şəxslərdən, o cümlədən MMC-nin təsisçisindən malların alınması üçün hər hansı istisna və məhdudiyyətlər nəzərdə tutulmamışdır. xx.xx.2020-ci il ərzində EAA 163409, EAA 162780, EAA 163215, EAA 163385 saylı elektron mal alışı aktı əsasında iddiaçı tərəfindən şəxsi istifadəsində olan ümumi dəyəri 119.000 manat olmaqla müxtəlif mallar "xxxx" MMC-yə satılmışdır. İddiaçının vergi ödəyicisi kimi VÖEN-i olsa da qeyd edilən mallar sahibkarlıq fəaliyyəti məqsədilə deyil, şəxsi təsərrüfatında istifadə məqsədilə əvvəlki illərdə alınmış və istifadə edilmişdir. Qeyd edilən mallar sahibkarlıq fəaliyyəti üçün istifadə edilmədiyindən iddiaçı tərəfindən təqdim edilən sadələşmiş vergi bəyannamələrində, o cümlədən xx.xx.2018-ci ildə təqdim edilən sonuncu sadələşmiş vergi bəyannaməsinin 1 saylı əlavəsinin aktivlər bölməsində ümumiyyətlə göstərilməmişdir. Həmin tarixdən sonra isə iddiaçı tərəfindən edilən müraciət əsasında fəaliyyəti müvəqqəti dayandırılmışdır. Eyni zamanda iddiaçı tərəfindən alqı-satqı əməliyyatı yalnız bir dəfə aparılmış, yəni belə əməliyyatlar təkrar olunmamış və mütəmadi xarakter daşımamışdır. İddiaçıya əsassız olaraq cərimə və penya ilə birlikdə 7.181,65 manat vergi məbləği təyin edilmişdir. Həmin cərimə məbləği xx.xx.2021-ci il tarixdə ödənilmiş, sonradan iddiaçı sözügedən qərarı əsassız hesab etdiyindən cərimənin geri ödənilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi olan iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr ərzində 536 sayda elektron alış aktları üzrə ümumilikdə 119000,0 manat dəyərində malların təqdim olunduğu müəyyən edilməsinə baxmayaraq, müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməməklə gəlir məbləğinin göstərilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2021-ci il tarixli məktub göndərilərək vergi bəyannaməsini, müvafiq təsdiqedici sənədləri və ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün vergi ödəyicisinin mikrosahibkar olduğu nəzərə alınaraq Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-cu il üçün gəlir vergisi üzrə 5950,0 manat (119.000,0 *5%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********376800 nömrəli Qərar göndərilmişdir. Fərdi sahibkar olan iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində inzibati qaydada şikayət verilmiş və cavabdeh orqanın xx.xx.2021-ci il tarixli qərarı ilə inzibati şikayət təmin edilməmiş və cavabdehin xx.xx.2021- ci il tarixli **********376800 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Fərdi sahibkar inzibati şikayətində də, iddia ərizəsində də şəxsi istifadəsində olan, ümumi dəyəri 119000,0 manat olmaqla müxtəlif malların "xxxx" MMCyə satıldığını, onun vergi ödəyicisi kimi qeydiyyatda olmasına baxmayaraq, qeyd edilən malların sahibkarlıq fəaliyyəti məqsədilə deyil, şəxsi təsərrüfatında istifadə məqsədilə əvvəlki illərdə alındığını və istifadə edildiyini bildirmişdir. İnzibati araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il ərzində EAA seriyalı, 162780, 163409, 162509, 163215 və 163385 nömrəli elektron alış aktlarına əsasən 536 sayda, 119000,0 manat dəyərində müxtəlif ofis mebellərinin və avadanlıqların (kassa aparatı, kompüter, server, printer, yanacaq doldurma aparatı, tornaçı qurğu, təkər montajı aparatı, diaqnostika avadanlığı, mühərrik yağı boşaldılması üçün nasos, şkaf, qaynaq aparatı və s.) "xxxx" MMC-yə təqdim edilməsi müəyyən edilmişdir. Araşdırma zamanı elektron alış aktı təqdim edilən "xxxx" MMC-nin rəhbər və təsisçisinin İddiaçı olduğu və fərdi sahibkar ilə Cəmiyyətin qarşılıqlı surətdə asılı şəxslər olduğu, bundan əlavə iddiaçının fərdi sahibkar olaraq xx.xx.2012-ci il tarixdən vergi ödəyicisi kimi vergi orqanından qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Əlavə olaraq inzibati araşdırma zamanı fərdi sahibkar tərəfindən 2020-ci il ərzində elektron alış aktı ilə "xxxx" MMC-yə təqdim edilən malların çeşidlənməsi zamanı həmin malların əsasən sahibkarlıq məqsədləri üçün istifadə edilən əsas vəsaitlərin, ofis mebel və istifadə təyinatı sahibkarlıq məqsədləri üçün olan avadanlıqların olduğu və "xxxx" MMC tərəfindən 2020-ci il üçün təqdim edilən mənfəət vergisi bəyannaməsinə əsasən maşınlar və avadanlıqların, digər əsas vəsaitlərin mədaxil olunması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının 536 sayda müxtəlif ofis mebellərinin və sahibkarlıq təyinatı olan avadanlıqların şəxsi istifadə malları olmasının iddia edilməsinə baxmayaraq, sonuncu qeyd olunanların mümkünlüyünü əsaslandıra bilməmiş və bu barədə araşdırmaya hər hansı bir sənəd təqdim etməmişdir. Beləliklə, iddiaçının 2012-ci ildən vergi orqanında qeydiyyatda olmasını, elektron alış aktı ilə təqdim edilən malların ofis mebel və sahibkarlıq təyinatlı avadanlıqların olmasını, təqdim edilmiş mallara görə elektron qaimə-faktura təqdim etməli olduğunu, fərdi sahibkarın mal təqdim edilmiş "xxxx" MMC rəhbər və təsisçisi olduğunu və Cəmiyyətin həmin dövrdə maşınlar, avadanlıqlar və əsas vəsaitlərin mədaxil edildiyini, təqdim edilmiş malların şəxsi istifadə mallarına uyğun olmadığını, əks halın vergi ödəyicisi tərəfindən sübuta yetirilmədiyini nəzərə alaraq cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********376800 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022 -ci il tarixli, 2-1(112)-5142/2022 nömrəli qərarı ilə (hakim: X2) iddia təmin edilmiş, iddiaçı barəsində tərtib edilmiş cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********376800 nömrəli qərarı ləğv edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr ərzində 536 sayda elektron alış aktları üzrə ümumilikdə 119000,0 manat dəyərində malların təqdim olunduğu, lakin müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etmədiyi cavabdeh tərəfindən vergidən yayınma halı kimi qiymətləndirilmiş və İddiaçı 2020-ci ilin gəlir vergisi üzrə vergi məbləği hesablanmış, bununla əlaqədar olaraq cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********376800 nömrəli qərar qəbul edilmişdir. Malların təqdim edildiyi "xxxx" MMC-nin rəhbər və təsisçisi İddiaçıdur, yəni iddiaçı qeyd olunan malları rəhbər və təsisçisi olduğu MMC-yə təqdim etmişdir və həmin mallar sahibkarlıq fəaliyyəti məqsədilə deyil, şəxsi təsərrüfatında istifadə məqsədilə aldığı və istifadə etdiyi mallardır. Cavabdeh inzibati orqan təqdim edilmiş malların şəxsi istifadə mallarına uyğun olmadığını bildirməklə kifayətlənmiş, həmin malların sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlak olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilərək qeyd edilmişdir ki, fiziki şəxs İddiaçı və hüquqi şəxs "xxxx" MMC mülki hüququn ayrı-ayrı subyektləridir, yəni İddiaçı malları təsisçisi olduğu müəssisəyə təqdim etməsi onu vergi ödəmə öhdəliyindən azad etmir, məhkəmə isə bu halı əsas götürməklə tamamilə qanunvericiliyə zidd bir qərar qəbul etmişdir. Eyni zamanda malların sahibkarlıqda istifadə edilmiş mallar olmasını malların çeşidləri sübut edir və həmin malların təqdim edilməsi üzrə elektron-qaimə fakturalar məhkəməyə təqdim edilsə də məhkəmə həmin sübutları nəzərə almamışdır. Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2023-cü il tarixli, 2- 1(103)-1439/2023 nömrəli qərarı ilə (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X6 və X4) Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1944/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2023cü il tarixli, 2-1(103)-1439/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1944/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, işin araşdırılmış hallarından görünür ki, iddiaçı həm inzibati icraat zamanı həm də məhkəmə icraatı zamanı 119000,0 manat dəyərində müxtəlif ofis mebelləri və avadanlıqlar (kassa aparatı, kompüter, server, printer, yanacaq doldurma aparatı, tornaçı qurğu, təkər montajı aparatı, diaqnostika avadanlığı, mühərrik yağı boşaldılması üçün nasos, odadavamlı şkaflar, qaynaq aparatı, seyflər, qapılar, bank xəzinələrində qiymətli əşyaların təhlükəsiz saxlanılması üçün kilidlənən yeşiklər, diaqnostika aparatı, işçi stolları və s.) şəxsi təsərrüfatında istifadə məqsədilə əvvəlki illərdə alınmış və şəxsi təsərrüfatda istifadə etdiyini bildirmiş, lakin qeyd olunanların mümkünlüyünü əsaslandıra bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin malların iddiaçının şəxsi istifadəsində olması barədə nəticəyə hansı əsasla gəlməsini qərarda əsaslandırmamış və sübutetməni cavabdehin üzərinə qoymuşdur. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsi İPMin 12-ci maddəsinin tələblərinə uyğun işin hallarını ətraflı araşdırmalı, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməli, malların təyinatına uyğun olaraq qiymətləndirilərək şəxsi təsərrüfatda istifadə məqsədinin müəyyən edilməsi ilə bağlı araşdırma aparmalı, aparılan araşdırma nəticəsində əsaslandırılmış qərar qəbul etməlidir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul olunmalı, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddiaçı həmin aktın qəbul edilməsi əsaslarını mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə də əsassız olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : AR Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla, vergi ödəyicisinin vergi orqanında uçota alındığı tarixədək əldə etdiyi gəlirləri, o cümlədən xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər həmin gəlirlərin aid olduğu hesabat dövrləri üzrə ayrılıqda hesablanaraq vergi orqanı tərəfindən vergi orqanının uçot sənədlərində qeyd edilir. Vergi ödəyicisinin xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər hesablanarkən bu Məcəllənin 127-ci maddəsinin müddəaları nəzərə alınır. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 83.3. Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. 83.4. Bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsində, yaxud əvvəllər verginin hesablanmasında səhv olunduğunu müəyyən edildiyi hallarda, vergi orqanı qanunvericiliyə uyğun vergiləri hesablayır və sonra bu Məcəllənin 84-cü maddəsinə uyğun olaraq verginin hesablanmasına dair bildirişi 5 iş günü müddətində vergi ödəyicisinə göndərir. Vergi orqanı bu Məcəllənin 85-ci maddəsində göstərilən müddət başa çatanadək vergi məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada hesablaya və ya əvvəllər hesablanmış vergi məbləğinə düzəliş edə bilər. 83.5. Bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsi müəyyən edildiyi halda, verginin ödənilməsinə dair öhdəliyin əks etdirildiyi bəyannamənin tərtib edilməsi bu cür verginin hesablanması və onun ödənilməsinə dair bildirişdir. 83.6. Vergilər bu Məcəllənin 5.0.1-ci , 212.4-cü və ya 221.4.1-ci maddələrinə uyğun olaraq alındıqda və vergi ödəyicisi vergi bəyannaməsini vermədiyi, vergi orqanı isə vergi ödəyicisinin ödəməli olduğu verginin məbləğini bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər məlumata əsasən hesablamadığı halda, hesab olunur ki, vergi orqanı vergi ödəyicisinin illik vergi öhdəliyini vergi ödəyicisinin il ərzində vergitutma bazasından tutulmuş və ya ödənilmiş vergi məbləğində hesablamış və verginin hesablanması barədə vergi ödəyicisinə bildiriş vermişdir. 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. 83.8. Vergi ödəyicisinin bu Məcəllənin 83.7-ci maddəsinə uyğun olaraq verginin hesablanması barəsində vergi orqanının qərarından aşağıdakıları əsas tutaraq məhkəməyə müraciət etmək hüququ vardır: 83.8.1. vergi məbləğinin ödənilməli olan miqdarından çox olduğunu; 83.8.2. verginin vaxtından əvvəl hesablanmasına əsas vermiş amilin və ya vəziyyətin olmadığını. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. AR İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. ... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Apellyasiya şikayətinin dəlillərə münasibət: İşin faktiki hallarından görünür ki, cavabdeh iddiaçının xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr ərzində 536 sayda elektron alış aktları üzrə ümumilikdə 119.000,0 manat dəyərində malların təqdim olunduğu, lakin müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etmədiyini əsas gətirərək iddiaçıya 2020-ci ilin gəlir vergisi üzrə vergi məbləği hesablamış, bununla əlaqədar olaraq cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********376800 nömrəli kameral qərar qəbul edilmişdir. İddiaçı tərəfindən 2020-ci il ərzində EAA seriyalı, 162780, 163409, 162509, 163215 və 163385 nömrəli elektron alış aktlarına əsasən 536 sayda, 119000,0 manat dəyərində müxtəlif ofis mebelləri və avadanlıqları (kassa aparatı, kompüter, server, printer, yanacaq doldurma aparatı, tornaçı qurğu, təkər montajı aparatı, diaqnostika avadanlığı, mühərrik yağı boşaldılması üçün nasos, şkaf, qaynaq aparatı və s.) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) təqdim edilmişdir. Həmçinin müəyyən olunur ki, elektron alış aktı təqdim edilən "xxxx" MMC-nin rəhbər və təsisçisi İddiaçıdur və iddiaçı ilə Cəmiyyət qarşılıqlı surətdə asılı şəxslərdir, bundan əlavə iddiaçı xx.xx.2012-ci il tarixdən vergi ödəyicisi kimi vergi orqanından qeydiyyatdan keçmişdir. İddiaçı hazırki tələbində 536 sayda müxtəlif ofis mebellərinin və sahibkarlıq təyinatı olan avadanlıqların şəxsi istifadədə olan malları olmasını və malların satışının sahibkarlıq fəaliyyətinə aidiyyətinin olmadığını iddia edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********376800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsini xahiş edir. Apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edən kollegiya qeyd edir ki, məhkəmə iddiaçının onun dəlillərini təsdiq edən hər hansı bir sübutu tələb etmədən, malların iddiaçının şəxsi təsərrüfatında istifadə edilməsi və həmin malların onun sahibkarlıq fəaliyyətinə aid olmaması kimi nəticəyə gələrək, göstərilənlərin əksini sübut etməyi cavabdehin üzərinə qoymuşdur. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, fiziki şəxs İddiaçı və hüquqi şəxs "xxxx" MMC mülki hüqunun ayrı-ayrı subyektləridir. Bundan başqa mübahisələndirmə haqqında iddia olduğundan cavabdeh məhz inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirir. Belə ki, kameral yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il ərzində EAA seriyalı, 162780, 163409, 162509, 163215 və 163385 nömrəli elektron alış aktlarına əsasən 536 sayda, 119000,0 manat dəyərində malların təqdim edildiyini, lakin müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etmədiyini aşkar edərək hazırki mübahisələndirilən aktı qəbul etmişdir. İddiaçı isə gəlir vergi bəyannaməsinin təqdim edilməməsini məhz həmin malların sahibkarlıqla bağlı olmadığı, şəxsi istifadəyə aid olduğunu iddia edərək əsaslandırır. Məhkəmə kollegiyası da mübahisəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdeh öz üzərinə düşən hissədə sübut etməni həyata keçirdiyi halda iddiaçı tərəfindən qeyd edilən məqamlar ətraflı araşdırılmalıdır. Sonuncu apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində işin tam, hərtərəfli və obyektiv araşdırılması və iddiaçı tərəfindən 2020-ci il ərzində EAA seriyalı, 162780, 163409, 162509, 163215 və 163385 nömrəli elektron alış aktlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) təqdim edilmiş 536 sayda, 119000,0 manat dəyərində müxtəlif ofis mebellərinin və avadanlıqların (kassa aparatı, kompüter, server, printer, yanacaq doldurma aparatı, tornaçı qurğu, təkər montajı aparatı, diaqnostika avadanlığı, mühərrik yağı boşaldılması üçün nasos, şkaf, qaynaq aparatı və s.) qiymətləndirilərək şəxsi təsərrüfatda istifadə məqsədinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin ekspert qarşısında qoyulmuş sualın (malların sahibkarlıq fəaliyyətinə aid olub-olmamasının müəyyən edilməsi) məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmaması əsası ilə ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə işin hallarının araşdırılması zamanı tərəflərin izahatları, ərizə və təklifləri ilə kifayətlənməməlidir. Lakin bu heç də o demək deyildir ki, proses iştirakçıları işin hallarının araşdırılmasına yardım etməməli, məhkəmə isə iştirakçıların verdikləri izahatlara əhəmiyyət verməməlidir. Belə ki, İPM-in 12.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Apellyasiya baxışı zamanı İddiaçı tərəfindən 2020-ci il ərzində EAA seriyalı, 162780, 163409, 162509, 163215 və 163385 nömrəli elektron alış aktlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) təqdim edilmiş 536 sayda, 119000,0 manat dəyərində müxtəlif ofis mebellərinin və avadanlıqların (kassa aparatı, kompüter, server, printer, yanacaq doldurma aparatı, tornaçı qurğu, təkər montajı aparatı, diaqnostika avadanlığı, mühərrik yağı boşaldılması üçün nasos, odadavamlı şkaflar, qaynaq aparatı, seyflər, qapılar, bank xəzinələrində qiymətli əşyaların təhlükəsiz saxlanılması üçün kilidlənən yeşiklər, diaqnostika aparatı, işçi stolları və s.) şəxsi təsərrüfatda istifadə üçün nəzərdə tutulması və sahibkarlıq fəaliyyətinə aid olmaması ilə bağlı müvafiq sübutların təqdim edilməsi iddiaçının nümayəndəsi və vəkilindən tələb edilmiş, lakin iddiaçı tərəf qeyd edilən hallarla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5142/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli, **********376800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-830/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-830/2024
11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver