Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-830/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X4 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınıb reyəstrdən çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7653/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı məhkəməyə öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 1 bağ massivində yerləşən 788e nömrəli 1186 kv.m torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın, torpaq sahəsinə dair plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir (İPM m. 34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…Bakı Şəhər İcra Hakimiyyətinin 01 aprel 1994-cü il tarixli 461 nömrəli qərarına əsasən ona Vişnyovka 1 bağlar sahəsində 195 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 788e nömrəli bağ ayrılmış və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 195 nömrəli kooperativi tərəfindən 19 nömrəli order verilmişdir. Sözügedən bağ sahəsinin ayrılması Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli Y-53-112 nömrəli arvix arayışı ilə də təsdiq edilmişdir. Həmin orderə və arxiv arayışına əsasən 788e nömrəli bağ sahəsinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq və müvafiq sənədlər almaq üçün bir neçə dəfə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə onun tələbini təmin etməkdən imtina edərək bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, həmçinin X1 sxemində torpaq sahəsinin nömrəsi qeyd olunmamış, torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m, faktiki isə 1186 kv.m təşkil edir. Sonuncu dəfə sözügedən məsələ ilə əlaqədar cavabdeh onun nümayəndəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli **********77 nömrəli məktubunda məsələ ilə bağlı xx.xx.2023-cü il tarixli **********72 nömrəli məktubla cavab verildiyini bildirmişdir…» Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya dair etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «…Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin, Bağlar Tikinti Kooperativinin sxemində torpaq sahəsinin nömrəsi qeyd olunmamışdır. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman göstərilən sahənin digər bağlarla ümumi hasar daxilində olduğu, eyni zamanda torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m qeyd edilsə də, faktiki 1186 kv.m təşkil etdiyi müəyyən edilmişdir. O cümlədən elektron kadastr məlumatına əsasən ümumi əraziyə digər fiziki şəxslərin (X7, X2) müraciətləri qeydə alınmışdır…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7653/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 1 bağ massivində yerləşən 788e nömrəli 1186 kv.metr bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellysiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkün hesab edilmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin, Bağlar Tikinti Kooperativinin sxemində torpaq sahəsinin nömrəsi qeyd olunmamışdır. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman göstərilən sahənin digər bağlarla ümumi hasar daxilində olduğu müəyyən edilmişdir. O cümlədən: elektron kadastr məlumatlna əsasən ümumi əraziyə digər fiziki şəxslərin (X8, X2) müraciətləri qeydə alınmışdır … Məhkəmə tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıbayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır...» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikaytini müdafiə etdiyini bildirərək təmin edilməsini, iddiaçı isə onunla razılaşmamış, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Qanunvericiliyin qeyd olunan tələblərinə münasibətdə işə əlavə olunmuş arxiv materialları araşdırıldıqda, işin aşağıdakı halları müəyyən olunur: - Bakı Şəhər İcra Hakimiyyəti başçısının “bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” xx.xx.1994-cü il tarixli, 461 nömrəli sərəncamına əsasən bağ məsələləri üzrə komissiya yığıncağının 31.03.94-cü il tarixli, 57 nömrəli protokoluna əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli Qətnaməsinə əsasən aşağıdakı vətəndaşlara bağ sahələri ayrılmışdır: “3.19.İddiaçı Mayıl oğ.- - Vişnyovka 1 ВТК № 195 bağ 788e” ; - Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 195 nömrəli kooperativi tərəfindən verilmiş 19 nömrəli orderə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 01 aprel 1994-cü il tarixli, 461 nömrəli qərarına əsasən iddiaçıya Vişnyovka 1 bağlar sahəsində 195 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 788e nömrəli bağ sahəsi ayrılmışdır. Cavabdehin apellyasiya şikayətindən göründüyü kimi, qeyd olunan sədənlərin mövcudluğu və etirbarlılığı onun tərəfindən mübahisələndirilmir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisəli bağ sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində göstərilən əsas mövcuddur. İşə əlavə olunmuş (i.v.49) “Vişnyovka-1 bağ massivinin aerokosmik fotogörüntüsünə (“ortofoto”) əsasən müəyyən olunur ki, İddiaçı məxsus “788e” №-li bağ sahəsi ilə qonşuluğunda, Hüseyn Yadigarova məxsus “788d” №-li, Vaqif Yadigarova məxsus “782v” №-li, Əliyar Yadigarova məxsus “776v” №-li, X3 782b №-li bağ sahələri yerləşir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə birinci instansiya məhkəməsinə təqdim olunmuş arxiv sənədləri üzrə həmin bağ sahəsinin sxematik xərtisindən (i.v.85-86) görünür ki, həmin xəritədə iddiaçıya məxsus 788e saylı bağ sahəsi də yer almışdır. Tədqiq edilən sübutlara əsasən müəyyən olunur ki, iddiaçının qonşuluğunda yerləşən hər bir bağ sahəsinin sxematik xəritədə nömrəsi və naturada yeri mövcud olan ayrı-ayrı bağ sahələridir və onların iddiaçı ilə hər hansı mübahisəsinin mövcudluğu müəyyən olunmur, hətta onlardan bəzilərinin mülkiyyət hüququ qeydə alınıb reystrdən çıxarşlar da verilmişdir. Belə ki, işə əlavə ounmuş arxiv sənədlərindən aydın olur ki, iddiaçının qonşuluğunda yerləşən həmin 782b və 788 d №-li bağ sahələrinə dair hətta cavabdeh tərəfindən mülkiyyət hüququnu təsdiq edən reyestr çıxarışları və plan-ölçü tərtib olunub verilmişdir (i.v.88,96). Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini, sxemdə torpaq sahəsinin nömrəsinin qeyd olunmadığını, göstərilən sahənin digər bağlarla ümumi hasar daxilində olduğunu və ümumi əraziyə digər fiziki şəxslərin (X5, X2) müraciətlərinin qeydə alındığını mübahisələndirən dəlilləri əsassızdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndi isə nəzərdə tutur ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanının vəzifəsidir. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Beləliklə, qeyd olunanlar onu deməyə sas verir ki, mübahisəli bağ sahəsinin iddiaçının adına qeydə alınmasından imtina etməklə, cavabdeh onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, bağ sahəsinə dair iddiaçı tərəfindən qanunda göstərilən əsasın cavabdehə təqdim edildiyini əsas tutaraq iddianı təmin etməklə, işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olan nəticəyə gəlmişdir. Bu baxımdan, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmadığını, əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7653/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7653/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-830/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-830/2025
16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver