Məhkəmə qərarları › İş №2-1(103)-831/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-831/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-831/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə (Bakı şəhəri 11 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı firmasının cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (3-cü şəxs “Səhra-Q” firması) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-629/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı firması xx.xx.2018-ci il tarixdə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 940 saylı, xx.xx.2018-ci il tarixli 44 saylı sərəncamlarının və 2000 kv.metr torpaq sahəsinə dair bağlanmış 1438 saylı, xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018ci il tarixli 495 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı firmasının xx.xx.2000-ci il tarixli 02 saylı məktubu və “Səhra-Q” firmasının xx.xx.2000-ci il tarixli 8 saylı razılıq məktubu nəzərə alınaraq Səbail rayonu, Salyan şossesi Şıx çimərliyində “Səhra-Q” firmasına ayrılmış ərazidə çimərlik təşkil olunması üçün 2 ha torpaq sahəsi İddiaçı firmasına icarəyə verilmişdir. xx xxxxxx 2018-ci ildə İddiaçı firmasının direktoru X3 ilə Bakı Şəhər İcra Hakimiyyətinin adından çıxış edən sabiq icra başçısı Hacıbala Abutalıbov arasında 2000 kv.metr sahənin icarəyə verilməsi haqqında 1438 saylı torpaq icarəsi müqaviləsi bağlanmışdır. İstifadəyə (icarəyə) verilən torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə 18/131 saylı ayrıc aktı verilmişdir. xx.xx.2018-ci il tarixdə 44 saylı sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 940 saylı sərəncamının 1-ci bəndinə dəyişikliklər edilərək çimərlik təşkil olunması üçün istirahət mərkəzi və iaşə xidməti obyektinin tikintisinin layihələndirilməsi üçün ifadəsi kimi oxunması qərara alınmışdır. İddiaçı firmasının xx.xx.2018-ci il tarixli 12 saylı müraciəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli rəyi nəzərə alınaraq Səbail rayonu, Salyan şossesi Şıx çimərliyində istirahət mərkəzi və iaşə xidməti binasının tikintisinə dair Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən işlənmiş şəhərsalma əsaslandırılması xx.xx.2018-ci ildə razılaşdırılmışdır. Bundan sonra Bakı Şəhər İcra Başçısının xx.xx.2018-ci il tarixli 495 saylı sərəncamı əsas tutularaq Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı firması arasında olan 940 saylı xx.xx.2000-ci il tarixli və 44 saylı xx.xx.2018-ci il tarixli sərəncamlar və Şıx çimərliyindən ayrılmış 2000 ha torpaq sahəsinə dair bağlanmış 1438 saylı xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə qanunsuz xitam verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-629/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə “Səhra-Q” firması üçüncü şəxs qismində işə cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-629/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim E.Məmmədov) iddia rədd edilmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçının direktoru məhkəməyə ərizə təqdim edərək, iş üzrə qəbul edilmiş qərarı ünvanlarına göndərilməsini və ya təqdim edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə məhkəmə arayışında iddiaçının direktoru X1 mobil telefon nömrəsi ilə əlaqə yaradıldığı, onun məhkəmə qərarını səhəri gün, yəni xx xxxxxx 2019-cu il tarixdə məhkəmənin inzibati binasından gəlib götürəcəyini bildirsə də, bu günədək gəlib götürmədiyi qeyd edilmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-629/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı firmasından alınmış torpaq sahəsinin yeni mülkiyyətçisi X3 tərəfindən dərhal sənədləşmə işləri aparılmağa başlanılmış və xx.xx.2018-ci ildə 18/11 saylı ayrıc aktı alınmışdır. Bundan 2 ay sonra sənədləşmə işləri başa çatmadan həmçinin qanunda göstərilən 1 il keçmədən xx.xx.2018-ci il tarixli sərəncam və digər sənədlər qanuni və hüquqi əsas olmadan ləğv edilmişdir. Hətta torpaq sahəsinin ayrılmasına və ləğv edilməsinə dair sərəncamların özündə müddət ümumiyyətlə göstərilməməsi ərazidən istifadə edilməməsi nəzərə alınmamışdır. Ayrılmış sahənin uzun müddət istifadə edilməməsi, zibilliyə çevrilməsi heç bir sübutla sübut edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq, sədrlik edənin sualına cavab olaraq, o , həmin ərazidə tikinti olmadığını, dənizdən 150-200 metr aralıda olduğunu, orada ictimai iaşə obyektinin tikilməsinin nəzərdə tutulduğunu bildirdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, habelə, məhkəməyə gəlmədiklərini təqdirdə onların iştirakları olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh, üçüncü şəxs (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. X7 Kommersiya Qurumlarının Dövlət Reyestri məlumatlarından çıxarışa əsasən “Səhra-G” firması – VÖEN -**********; Hüquqi ünvanı – AZ1008, ünvan 1 Qanuni təmsilçisi – Mövsümov Elçin Vaqif oğlu; dövlət qeydiyyatına alındığı tarix- xx.xx.1999-cu ildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi Şəxslərin Dövlət Qeydiyyat üzrə 1999-cu il tarixli çıxarışa əsasən “Səhra-G” firması qeyd edilmişdir. Məhkəmə kollegiyası tərəfindən üçüncü şəxs “Səhra-G” firmasının hüquqi ünvanına - AZ1008, ünvan 2 eyni zamanda onun qanuni təmsilçisinin ünvanına – Bakı şəh., Əliyar Əliyev küç., 13 məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-629/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 940 saylı, xx xxxxxxxx 2000-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında sərəncamından görünür ki, İddiaçı firmasının xx.xx.2000-ci il tarixli 02 saylı məktubu və “Səhra-Q” firmasının xx.xx.2000-ci il tarixli 8 saylı razılıq məktubu nəzərə alınaraq Səbail rayonu, Salyan şossesi Şıx çimərliyində “Səhra-Q” firmasına ayrılmış ərazidə çimərlik təşkil olunması üçün 2 ha torpaq sahəsi İddiaçı firmasına icarəyə verilmişdir. Həmin sərəncamın 2.1-ci bəndinə əsasən sahəni yerində qəbul etmək, onun sanitar vəziyyətinə nəzarət etmək sifarişçiyə tapşırılmışdır. Həmin sərəncamın 4-cü bəndinə əsasən sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələşdirmək üçün əsasdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq sifarişçi Bakı şəhər Torpaq Şöbəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən rəsmi sənədləri, dövlət aktı (şəhadətnamə) və tərəflər arasında bağlanmış icarə müqavilələrini aldıqdan sonra tikinti işlərinə başlanmalıdır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 940 saylı, xx xxxxxxxx 2000-ci il tarixli sərəncamının 1-ci bəndində dəyişiklik edilməsi haqqında 44 saylı, xx xxxxxx 2018-ci il tarixli sərəncamının 1-ci bəndindən görünür ki, İddiaçı firmasının xx.xx.2018-ci il tarixli, 01 saylı müraciətini nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 940 saylı, xx xxxxxxxx 2000-ci il tarixli sərəncamının 1-ci bəndindəki “çimərlik təşkil olunması üçün” ifadəsi, “istirahət mərkəzi və iaşə xidməti obyektlərinin tikintisinin layihələndirilməsi üçün” ifadəsi kimi oxunmasına dair sərəncam verilmişdir. İş materiallarında olan “icarəyə verən” Bakı Şəhər İcra Hakimiyyəti ilə “icarəçi” İddiaçı firması arasında bağlanmış 1438 saylı, xx xxxxxx 2018-ci il tarixli torpaq icarə müqaviləsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 940 saylı, xx.xx.2000-ci il tarixli, 44 saylı, xx.xx.2018-ci il tarixli sərəncamları və 10976 saylı, xx.xx.2000-ci il tarixli inşaat pasportuna əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesindəki Şıx çimərliyində ayrılmış 20 000 kv.metr torpaq sahəsi 49 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. Torpaq sahəsi istirahət mərkəzi və iaşə xidməti obyektlərinin tikintisi üçün verilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 18/131 saylı ayrıc aktından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli və xx.xx.2018-ci il tarixli, 940, 44 saylı sərəncamı ilə Səbail rayonu, Salyan şossesi, Şıx çimərliyi ərazisində yerləşən 20000 kv.metr torpaq sahəsi İddiaçı firmasına verilərək, ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Ayrıc aktı xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxxxx 2018-ci il tarixli, 18/03-8/244 saylı məktubdan görünür ki, iddiaçının xx.xx.2018-ci il tarixli, 12 saylı müraciətini və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli rəyini nəzərə alaraq, Səbail rayonu, Salyan şossesi, Şıx çimərliyində istirahət mərkəzi və iaşə xidməti binasının tikintisinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən işlənmiş şəhərsalma əsaslandırılması razılaşdırılmışdır. İşdə olan Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət-təftiş şöbəsinin müdiri (Zülfəli İsmayılov) tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavininə ünvanlanmış məktubdan görünür ki, şəhər ərazisində qanunsuz tikililərin qarşısının alınmasına, torpaqların təyinatı üzrə istifadə edilməsinə və ərazilərdə məişət tullantılarının vaxtında daşınaraq təmizlənməsinə nəzarətin həyata keçirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşları ilə birlikdə Səbail rayonu ərazisində xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində monitorinq həyata keçirilmişdir. Aparılan monitorinq zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 940 saylı sərəncamı ilə çimərliyin təşkili, sonradan isə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 44 saylı sərəncamı ilə təyinatı dəyişdirilərək istirahət mərkəzi və iaşə obyektinin tikintisinin layihələndirilməsi üçün İddiaçı firmasına torpaq sahəsi ayrılmasına baxmayaraq, qeyd olunan firma tərəfindən göstərilən sərəncamların müvafiq bəndlərinin tələblərinə əməl edilməmiş, torpaq sahəsi təyinatı üzrə istifadə edilməyərək uzun müddət istifadəsiz qalmış və ərazi antisanitariya vəziyyətinə gətirilərək zibilxanaya çevrilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı firmasına torpaq sahəsi ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 940 saylı və xx.xx.2018-ci il tarixli, 44 saylı sərəncamlarının ləğv edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavininin xx.xx.2018-ci il tarixli 495 saylı sərəncamından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 940 saylı, xx.xx.2000-ci il tarixli və 44 saylı, xx.xx.2018-ci il (mətnə uyğun) tarixli sərəncamları və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşdirmə işlərinin ləğv edilməsi qərara alınmışdır. Həmin sərəncamdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı İddiaçı firmasına Səbail rayonu, Salyan şossesi, Şıx çimərliyi ərazisində çimərliyin təşkili üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 940 saylı sərəncamı ilə ayrılmış, sonradan istirahət mərkəzi və iaşə xidməti obyektlərinin tikintisinin layihələndirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 44 saylı sərəncamı ilə təyinatı dəyişdirilmiş sərəncamların müvafiq bəndlərinin tələbləri yerinə yetirilmədiyi, ərazinin uzun müddət istifadə olunmadığı və ayrılmış torpaq sahəsinin antisanitar vəziyyətinə çevrildiyi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavinin xx.xx.2018-ci il tarixli, 7-453/17g saylı ləğvetməyə dair bildirişə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 495 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı əsas tutularaq, Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı firması arasında 940 saylı , xx.xx.2000-ci il tarixli və 44 saylı, xx.xx.2018-ci il tarixli sərəncamları ilə Səbail rayonu, Salyan şosesindəki Şıx çimərliyi ərazisində ayrılmış 20000 kv.m torpaq sahəsinə bağlanmış 1438 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya icraatı zamanı iddiaçının və cavabdehin nümayəndələri yazılı və şifahi şəkildə hazırkı mübahisə ilə bağlı tərəflər arasında barışıqla bağlı müzakirələrin getdiyini bildirmişlər, bununla əlaqədar olaraq, məhkəmə iclasları təxirə salınmışdır. Lakin, tərəflər arasında sonuncu məhkəmə iclasına qədər hər hansı barışıq əldə edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Həmin Əsasnamənin 6.9-cu bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı qəbul edilən normativ xarakterli və qeyri-normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir. Eyni zamanda, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanına əsasən: 4.7-1. həmin Məcəllənin 75.1-ci, 75.2-ci və 75.3-cü maddələrinin birinci cümlələrində, 75.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.5-ci maddəsində, 75.7-ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10-cu maddəsinin birinci cümləsində, 75.13-cü maddəsində, 75.14-cü maddəsinin birinci cümləsində, 76.1-ci (birinci halda), 76.2-ci (birinci halda), 82.1-ci (birinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 86.1.1-ci maddəsində (birinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (birinci halda), 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3-cü maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 102.4-cü (birinci halda), 102.5-ci (birinci halda) maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.2.1. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 4.7-1.2.2. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları. Qanunvericiliyin tələblərindən göründüyü kimi sərəncamın icrasını təşkil edib, yoxlayıb və buna nəzarəti həyata keçirmək cavabdehin səlahiyyətinə daxildir. Cavabdeh öz səlahiyyətləri daxilində hərəkət edərək, monitorinq təşkil etmiş, lakin aparılmış monitorinqin nəticəsi olaraq iddiaçı tərəfindən sərəncamların müvafiq bəndlərinin tələblərinə əməl edilməməsi, torpaq sahəsinin təyinatı üzrə istifadə edilməyərək uzun müddət istifadəsiz qalması və ərazinin antisanitariya vəziyyətinə gətirilərək zibilxanaya çevirməsi müəyyən edilmişdir. Halbuki Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 940 saylı, xx xxxxxxxx 2000-ci il tarixli sərəncamı üzrə sahəni yerində qəbul etmək, onun sanitar vəziyyətinə nəzarət etmək, həmçinin müvafiq sənədlər əldə edildikdən sonra tikinti işlərinə başlanması iddiaçıya tapşırılmışdır. Lakin iddiaçı tərəfindən həmin sərəncamda göstərilən tələblərə riayət edilməmişdir. Buna görə də cavabdeh tərəfindən xx.xx.2000-ci il tarixli 940 saylı, xx.xx.2018-ci il tarixli 44 saylı sərəncamlar və həmin sərəncamların icrası istiqamətinə aparılmış digər sənədləşdirmə işlərinin ləğv edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli, 495 saylı sərəncamının qəbul edilməsi əsaslı və qanuni olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2018-ci il tarixli, 495 saylı sərəncamının ləğv edilməsi üçün əsas olmadığından iddia rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, həmin sahədə tikinti abadlıq işlərinin aparılması barədə də məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda, apellyasiya şikayətinin dəlili olan “Səhra-Q” firmasının üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması barədə qərardadın çıxarılmaması, ona və onu etibarnamə ilə təmsil edən şəxsə təqdim edilməməsi barədə qeyd edir ki, iş materiallarından da göründüyü kimi , 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)- 629/2019 saylı qərardadı ilə İddiaçı firmasının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə “Səhra-Q” firması üçüncü şəxs qismində cəlb edilmiş, xx.xx.2019-cu il tarixdə məhkəmə tərəfindən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş ünvanlanmışdır. Eyni zamanda, iş materiallarından da göründüyü kimi, “Səhra-Q” firmasının xx.xx.2000-ci il tarixli 8 saylı razılıq məktubu nəzərə alınaraq Səbail rayonu, Salyan şossesi Şıx çimərliyində “Səhra-Q” firmasına ayrılmış ərazidə çimərlik təşkil olunması üçün 2 ha torpaq sahəsi İddiaçı firmasına icarəyə verilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2018-ci il tarixli, **********430000 №-li Kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən İddiaçı firması - VÖEN- **********; qeydiyyata alındığı tarix – xx.xx.2000-ci il; hüquqi ünvanı – AZ1063, ünvan 6 qanuni təmsilçisi (əvvəlki)- X6; Qanuni təmsilçisi (hazırkı)- X2r. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili olan xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı firmasından alınmış torpaq sahəsinin yeni mülkiyyətçi X3 tərəfindən dərhal sənədləşmə işlərinin aparılması, xx.xx.2018-ci ildə 18/131 saylı ayrıc aktı alınması, bundan 2 ay sonra sənədləşmə işləri başa çatmadan, həmçinin qanunda göstərilən 1 il keçmədən xx.xx.2018-ci il tarixli sərəncamın və digər sənədlərin qanuni və hüquqi əsası olmadan ləğv edilməsinə münasibətdə qeyd edir ki, alqı-satqı müqaviləsi ilə payçı dəyişsə də, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən torpağa dair sərəncam İddiaçı firmasına münasibətdə verilmiş və firma tərəfindən sərəncamda göstərilən tələblərə riayət edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-629/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı firmasının apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-629/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar