Məhkəmə qərarları › İş №2-1(103)-831/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-831/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-831/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu pensiyasının verilməsinin bərpa edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5715/2020 saylı, 06.11.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə təkrar apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 3-cü qrup əlilliyə görə dövlət qulluqçusu kimi almış olduğu pensiyanın dövlət qulluğuna xitam verildiyi 05.02.2019-cu il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək, ödənilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdeh Filialın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, “...20 dekabr 1994-cü il tarixdə verilmiş SER.VTE-6 069230 №-li TSEK arayışa əsasən müddətsiz olaraq üçüncü dərəcəli əlillik təyin olunmuşdur. O, 10 iyun 1993 cü ildən 01 may 1998-ci ilə qədər Nəsimi rayon əhalinin sosial müdafiəsi mərkəzində birinci dərəcəli müfəttiş, 23 iyun 1998-ci ildən 13 sentyabr 2001-ci ilə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri Nəsimi rayon Əhalinin sosial müdafiə mərkəzində arxivçi, müfəttiş vəzifələrində, 14 sentyabr 2001-ci ildən 26 noyabr 2002-ci ilə qədər Bakı şəhəri Binəqədi rayon Əhalinin Sosial müdafiəsi mərkəzində Baş müfəttiş, 26 noyabr 2002-ci ildən 01 sentyabr 2003-cü ilədək Əzizbəyov rayon (hazırkı Xəzər rayonu) Əhalinin Sosial müdafiə mərkəzində baş müfəttiş, 05 sentyabr 2003-cü ildən 13 sentyabr 2004-cü ilədək həmin mərkəzdə baş müfəttiş, 13 sentyabr 2004-cü ildən 02 fevral 2006-cı ilə qədər baş məsləhətçi, 15 fevral 2006-cı ildən 10 yanvar 2007-ci ilə qədər DSMF-nin Xətai rayon şöbəsində məsləhətçi, 10 yanvar 2007ci ildən 30 aprel 2007-ci ilə qədər DSMF-nin Səbail rayon şöbəsində baş məsləhətçi, 28 dekabr 2007-ci ildən 29 mart 2010-cu ilə qədər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin İqtisadi təhlil, proqnozlaşdırma və əməyin ödənilməsinin tənzimlənməsi şöbəsində böyük məsləhətçi, 28 dekabr 2009-cu ildən 15 mart 2010-cu ilə qədər AR ƏƏSMN-nin Ağsu rayon Əhalinin sosial müdafiəsi mərkəzində baş məsləhətçi (həmin dövrdə qüvvədə olan Dövlət qulluğu haqqında AR Qanununun 29.3-cü maddəsinə uyğun olaraq), 15 mart 2010-cu ildən 28 iyul 2016-cı ilə qədər Bakı şəhər Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş məsləhətçi, 28 iyul 2016-cı ildən 25 may 2017ci ilə qədər ƏƏSMN yanında X2 baş məsləhətçi, 25 may 2017ci ildən 05 fevral 2019-cu ilə qədər DSMF-nin Suraxanı rayon şöbəsində baş məsləhətçi vəzifələrində işləmişdir. Dövlət qulluğunda 24 il 10 ay 0 gün ümumi iş stajı olmuşdur. Əlillik təyin olunduğu tarixdən DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən 3-cü qrup əlil kimi əlilliyə görə pensiya təyin olunaraq ödənilmiş, daha sonra dövlət qulluğunda işlədiyi dövrlər nəzərə alınmaqla, 01 yanvar 2005-ci il tarixdən qüvvəyə minmiş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 2-ci və 5-ci maddəsinə uyğun olaraq ona 29.03.2010-cu il tarixdən dövlət qulluqçusu kimi 3-cü qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Uzun müddət dövlət qulluqçusu kimi 3-cü qrup əlilliyə görə əmək pensiyası alsa da, 2018-ci ildə həmin pensiya dayandırılmışdır. Aparılmış araşdırma nəticəsində iddiaçıya dövlət qulluqçusu kimi əlilliyə görə pensiya təyinatının aparılmasının mümkün olmaması səbəbi ilə 01 oktyabr 2019-cu il tarixdən yalnız əlilliyə görə adi pensiya ödənişi bərpa edilmişdir. Dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının bərpa edilməsi ilə bağlı cavabdedə müraciət etsə də, həmin müraciət 23 iyun 2020-ci il tarixli, **********5 nömrəli məktubla təmin edilməmiş, imtina olunmuşdur. Cavabdeh bu imtinasını qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə istinad edərək əsaslandırmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, ona 3-cü qrup əlillik 1993-cü ildə təyin edilmiş o, qanunvericiliyə dəyişiklik edilməmişdən öncə dövlət qulluğunda lazım olan stajını toplamış və buna görə də DSMF orqanı tərəfindən ona dövlət qulluqçusu kimi əlilliyə görə pensiya təyinatı aparılmışdır. O, işləyən əmək pensiyaçısı olduğu müddətdə qulluq stajına görə əlavələri almamalı olsa da, həmin əlavələri almış və cavabdeh inzibati orqan tərəfindən artıq ödənilmiş məbləğlər hazırda ona təyin olunmuş əmək pensiyasından tutulmaqdadır və onun cavabdehin bu hərəkətinə etirazı da yoxdur, həmin məbləğin tutulmasına da etiraz etməmişdir. Lakin ona əlillik təyin olunduğu dövrdən 01.07.2017-ci il tarixə qədər qüvvədə olan normalarda şəxsin əlillik dərəcəsindən asılı olmayaraq, onun dövlət qulluqçusu kimi pensiyaya çıxmaq hüququ mövcud olmuşdur. Cavabdeh ilk növbədə ona təyin olunmuş əmək pensiyasını dayandırmış və sonradan pensiya təyinatı ödənişini bərpa etdiyi zaman qüvvədə olan qanunvericilik normalarını əsas götürmüşdür. Bununla da Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş sosial təminat hüququnu kobud şəkildə pozaraq ödənilməli olan pensiya məbləğini əhəmiyyətli dərəcədə azaldılmasına şərait yaratmışdır. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5715/2020 saylı, 06.11.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 3-cü qrup əlilliyə görə dövlət qulluqçusu kimi almış olduğu pensiyanın dövlət qulluğuna xitam verildiyi 05.02.2019-cu il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək, ödənilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh 08.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının yaşının 64,5-dən az olmasına, həmçinin 1-ci qrup əlil olmadığına görə ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-846/2021 saylı 18.05.2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin həmin qərarı dyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07.12.2021-ci il tarixli 2-1(102)-2239/2021 saylı qərarı ilə apellyasiya məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rüstəmli apellyasiya şikayətini müdafiə edərək, iddiaçının dövlət qulluqçusu kimi 3-cü qrup əllliyinə görə pensiya hüququ yaranmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiysının iclasında iştirak edərək İddiaçı əmək kitabçasının qeydlərinin düzgün olduğunu və 29.03.2010-cu il tarixdən ona təyin olunmuş 3-cü dərəcə əlilliyinə görə dövlət qulluqçusu kimi əmək pensiyasının bərpa olunmasının qanunvericiliyə uyğun olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvvədə saxlanılmasını məhkəmədn xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin qeyd olunan qərarında ifadə olunan hüquqi mövqeyində qeyd olunur ki, “iddiaçının hazırkı tələbinin əsaslı olması üçün müəyyən olunmalıdır ki, ona 29 mart 2010-cu il tarixdə əlilliyə görə pensiya təyin edilərkən o, həm də həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən dövlət qulluğundakı stajına görə əlavələri almaq hüququna malik olmuşdurmu? Qanunvericiliyin bununla bağlı həmin vaxt qüvvədə olan istinad olunan normasından göründüyü kimi iddiaçı sözügedən qulluq stajına görə əlavələri o halda ala bilərdi ki, əlilliyə görə əmək pensiyası təyin edilən vaxt dövlət qulluğunda işləməyən şəxs olsun. İddiaçıya 29 mart 2010-cu il tarixdə əlilliyə görə pensiya təyin edilərkən onun həmin vaxt dövlət qulluqçusu kimi fəaliyyət göstərib-göstərmədiyi ilə bağlı məsələyə dair əmək kitabçasındakı məlumatlarla X3 tərəfindən təqdim edilmiş dövlət qulluqçusunun anket məlumatları arasında uyğunsuzluq vardır...” Ali Məhkəmənin qeyd olunan mövqeyi nəzərə alınmaqla, iddiaçının əmək kitabçasının əsli əldə olunub tədqiq olunmuş, eləcə də, iddiaçının pensiya işinin sənədləri təkrarən araşdırlmış və bu zaman işin aşağıdakı mübahisələndirilməyən halları müəyyən olunmuşdur: -TSEK-in 20.12.1994-cü il tarixli qərarı ilə ona 3-cü dərəcə əlillik təyin olunmuş; 10 iyun 1993-cü ildən dövlət qulluğuna işə qəbul olunaraq aşağıdakı dövrlərdə müxtəlif vəzifələrdə çalışmışdır: 10.06.1993 – 01.05.1998: Nəsimi rayon əhalinin sosial müdafiəsi mərkəzində birinci dərəcəli müfəttiş; 23.06.1998-13.09.2001: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri Nəsimi rayon Əhalinin sosial müdafiə mərkəzində arxivçi, müfəttiş; 14.09.2001-26.11.2002: Bakı şəhəri Binəqədi rayon Əhalinin Sosial müdafiəsi mərkəzində Baş müfəttiş; 26.11. 2002-01.09.2003: Əzizbəyov rayon (hazırkı Xəzər rayonu) Əhalinin Sosial müdafiə mərkəzində baş müfəttiş; 05.09.2003-13.09.2004: həmin Mərkəzdə baş müfəttiş, 13.09.2004-02.02.2006: baş məsləhətçi; 15.02.2006-10.01.2007: DSMF-nin Xətai rayon şöbəsində məsləhətçi; 10.01.2007-30.04.2007: DSMF-nin Səbail rayon şöbəsində baş məsləhətçi, 28.12.2007-29.03.2010: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin İqtisadi təhlil-proqnozlaşdırma və əməyin ödənilməsinin tənzimlənməsi şöbəsində böyük məsləhətçi, 28.12.2009-15.03.2010: AR ƏƏSMN-nin Ağsu rayon Əhalinin sosial müdafiəsi mərkəzində baş məsləhətçi; 15.03.2010-28.07.2016: Bakı şəhər Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş məsləhətçi; 28.07.2016-25.05.2017: ƏƏSMN yanında X2 baş məsləhətçi, 25.05.2017-05.02.2019: DSMF-nin Suraxanı rayon şöbəsində baş məsləhətçi. 07.04.2010-cu il tarixində ərizə ilə Fondun Suraxanı rayon şöbəsinə müraciət edərək ona ona 3-cü qrup əlilliyi nəzərə alınaqla, dövlət qulluquçusu kimi pensiya təyin olunmasını xahiş etmiş və sonuncunun qərarı ilə 29.03.2010-cu il tarixdən dövlət qulluquçusu kimi ona əlillik pensiyası təyin olunaraq ödənilmişdir. İşdən və tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, həmin dövlət qulluqçısı kimi pensiya ödənişin 2018-ci ilə kimi davam etdiyi, 2018-ci ildə ödənişin dayandırılaraq, adi əlilliyə görə pensiya ödənişinin davam etdirildiyi işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı isə ondan ibarətdir ki, iddiaçı 2019-cu ildə onun dövlət qulluğuna xitam verildiyi gündən ona 2010-cu ildə təyin olunmuş dövlət qulluqçusu kimi əlillik pensiyasını almaq hüququ yarandığından həmin pensiyasının bərpa edilməli olduğunu, cavabdeh isə nə 2010-cu ildə, nə də ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən onun belə hüququnun yaranmadığını mübahisələndirərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qeyd olunan mövqeyində haqlıdır. Belə ki, qeyd olunanlardan göründüyü kimi, iddiaçıya 29.03.2010-cu il tarixindən dövlət qulluqçusu kimi, 3-cü qrup əlilliyinə görə əmək pensiyası təyin edilsə də, pensiya təyin olunarkən hələ o, dövlət qulluğunda olmuş, 05.02.2019-cu il tarixdə yalnız DSMF-nin Suraxanı rayon şöbəsində tutduğu baş məsləhətçi vəzifəsindən azad elilməklə onun dövlət qulluğuna xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt, yəni, 01.07.2017-ci il tarixinədək qüvvədə olan redaksiyası isə nəzərədə tuturdu ki: “20.1.Qulluq stajına görə əmək pensiyasına əlavələr Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.11. Bu Qanunun 20.1.7-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2.dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.” Qanunun qeyd olunan normalarından göründüyü kimi, dövlət qulluğunda olan şəxslər dövlət qulluqçusu kimi əmək pensiyasını və ona əlavələri almaq hüququna o halda malik ola bilərdilər ki, onlar dövlət qulluğunda olmasınlar. İddiaçının əmək kitabçasının yuxarıda qeyd olunan göstəricilərinə əsasən müəyyən olunan əmək fəaliyyətindən isə göründüyü kimi, 2010-cu ildə dövlət qulluqçusu kimi əllik pensiyası təyin olunarkən, hələ dövlət qulluğundan ayrılmamış, dövlət orqanlarında əmək faliyyətini davam etdirmişdir. Belə ki, əmək kitabçasının göstərilən qeydlərindən göründüyü kimi, 28.12.2007-ci il tarixdən 29.03.2010-cu il tarixinədək Müdafiə Sənayesi Nazirliyində (şöbəsində) böyük məsləhətçi vəzifəsində işləmiş və 29.03.2010-cu il tarixində tutduğu vəzifəsindən azad olunmuş, lakin faktiki olaraq 28.12.2009 - 15.03.2010 dövründə onun Ağsu rayon Əhalinin sosial müdafiəsi Mərkəzində baş məsləhətçi, 15.03.2010–cu il tarixdən isə Bakı şəhər Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 28.07.2016-cı il tarixinədək baş məsləhətçi vəzifələrində çalışdığı təsbit olunur. Başqa sözlə, əmək kitabçasına əsasən dövlət qulluqçusu kimi 29.03.2010-cu il tarixindən əlillik pensiyası təyin olunarkən, 15.03.2010-cu il tarixindən etibarən onun Bakı şəhər Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində dövlət qulluğu vəzifəsində çalışmaqda davam etdiyi və 28.07.2016-cı il tarixinədək həmin vəzifdə çalışdığı müəyyən olunur. Qeyd olunmalıdır ki, əmək kitabçasın həmin qeydlərindən görünür ki, onun 29.03.2010-cu il tarixində AR Müdafiə Sənayesi Nazirliyində (şöbəsində) tutduğu böyük məsləhətçi vəzifəsindən azad olunması barədə 41-ci qeydi nazirliyin kadrlar sektorunun müdirinin imzası və həmin sektorun dairəvi möhürü ilə təsdiq olunmuşdur. İddiaçı həmin qeydlərin düzgün olduğunu qeyd etmiş, lakin arxa tarixdən, 28.12.2009 - 15.03.2010-cu il tarixlərdə Ağsu rayon Əhalinin sosial müdafiəsi mərkəzində, bundan sonra isə 15.03.2010-cu il tarixdən isə Bakı şəhər Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində çalışmağa başladığına aydınlıq da gətirə bilməmişdir. Hər bir halda, iddiaçının əmək kitabçasının sözügedən qeydlərində ona 29.03.2010cu il tarixdən dövlət qulluqçusu pensiyası 3-cü qrup əlilliyinə görə pensiya təyin olunarkən, onun dövlət qulluğundan ayrıldığı müəyyən olunmur. Əksinə, həmin qeydlərdən birmənalı olaraq görünür ki, həmin gün, bundan əvvəl və sonra da o dövlət qulluğunda olmuşdur. İş materiallarının 99-cu vərəqində olan 27.10.2020-ci il tarixli onun “Dövlət qulluqçusunun anket” məlumatlarına gəldikdə isə həmin anket məlumatlarında da 29.03.2010-cu il tarixdən pensiya təyin olunarkən onun dövlət qulluğunda olduğu öz təsdiqini tapır. Belə ki, həmin anket məlumatlarına əsasən iddiaçının mübahisələndirilən dövrdə əmək fəaliyyəti aşağıdakı kimi olduğu təsbit edilir: “...28.12.2007-28.12.2009: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin İqtisadi təhlil-proqnozlaşdırma və əməyin ödənilməsinin tənzimlənməsi şöbəsində böyük məsləhətçi, 28.12.2009-15.03.2010: AR ƏƏSMN-nin Ağsu rayon Əhalinin sosial müdafiəsi mərkəzində baş məsləhətçi”; 15.03.2010-28.07.2016: Bakı şəhər Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş məsləhətçi; Əslində, əmək kitabçasının sözügedən qeydlərinə münasibətdə, sözügedən anket məlumatlarında onun 28.12.2009-cu il tarixində Müdafiə Sənayesi Nazirliyindən tutdubğu vəzifəsindən azad edilməsi və həmin tarixdə də Ağsu rayon Əhalinin sosial müdafiəsi Mərkəzində dövlət qulluğuna işə qəbul edilməsi, reallığa daha uyğun olsa da, hər bir halda, həmin anket məlumatlarından da dəqiqiliyi ilə görünür ki, 29.03.2010-cu il tarixdən pensiya ona dövlət qulluqçusu kimi əlillik pensiyası təyin olunarkən, o, Bakı şəhər Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 15.03.2010—cu il tarixdən çalışmağa başlamaqla, 28.07.2016-cı il taixində yalnız həmin orqanıda tutduğu vəzifəsindən azad edilərək, başqa bir dövlət strukturunda fəliyyətini davam etdirmişdir. Göründüyü kimi, istər əmək kitbçasının qeydləri, istərsə də “Dövlət qulluqçusunun anketi”nin məlumatları üzrə iddiaçının, ona 29.03.2010-cu il tarixdən dövlət qulluqçusu kimi 3-cü qrup əlilliyinə görə əmək pensiyası təyin olunarkən, konkret olaraq dövlət qulluğunda olaraq çalışdığı tam təsdiqini tapır. Belə olan halda, onun “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olan 20.1.7-ci maddəsinin redaksiyasına görə onun dövlət qulluqnçusu kimi 3-cü qrup əlilliyinə görə pensiya hüququ yaranmır. Həmin Qanunun 01.07.2017-ci il tarixindən qüvvəyə minmiş redaksiyası üzrə 20.1 (və 20.1.7-ci) maddəsi isə nəzərdə tutur ki, “qulluq stajına görə əmək pensiyasına əlavələr Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: “20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). Qeyd olunanlardan göründüyü kimi, hər iki halda, yəni, həm 29.03.2010-cu il tarixindən ona dövlət qulluqçusu kimi 3-cü qrup əlilliyinə görə pensiya təyin olunarkən həmin vaxt dövlət qulluğunda olduğuna görə iddiaçının dövlət qulluqçusu kimi həmin əlilliyinə görə pensiya hüququ yaranmamış, həm də 05.02.2019-cu il tarixdə onun dövlət qulluğundan getməsindən sonra, onun İ qrup əlillik dərəcəsi olmadığından dövlət qulluqsçusu kimi əlliiyə görə pensiya hüququ yaranmır. Beləliklə də iddiaçının hazırkı dövlət qulluqçusu kimi onun əmək pensiyasının bərpa edilərək ödənilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi barədə iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. (İPM m.14.3). Belə olan halda, cavabdeh tərəfindən ona dövlət qulluqçusu kimi əlillik pensiyasının bərpa edilməsinndən imtina olunması qanuni və əsaslıdır. Bu baxımdan həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, məhkəmə inzibati orqanın üzərinə o halda, inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarının pozsun. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə işi hərtərəfli araşdırmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verəmiş, maddi hüşquq normalarını dühzgün təfsir etməmiş, bütün bunların nəticəsi olaraq da iddianın təmin olunması barədə yanlış nəticəyə gəlmişdir. Ona görə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5715/2020 saylı, 06.11.2020-ci il tarixli qərarı ləğv edilməli, iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5715/2021 saylı, 06.11.2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar