Məhkəmə qərarları › İş №2-1(103)-831/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-831/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-831/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: torpaq sahəsinə dair plan-cizginin verilməsi) (İş № 2-1(103)-831/2023) Bakı şəhəri 18 aprel 2023-cü il Giriş hissə: Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair plan-cizginin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8441/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 328 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair plan-cizginin verilməsi ilə bağlı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 328 nömrəli Sərəncamı ilə onun icra hakimiyyətinə mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətinə müsbət cavab olaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 7 №-li Taksi Parkın arxasında 600,0 kv.m torpaq sahəsi ayrılmışdır. O, faktiki olaraq 1998-ci ildən ona ayrılmış torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etmiş, 28 ildir orada yaşayır, lakin fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədi olan çıxarışı mövcud deyildir. Fərdi yaşayış evinə dair çıxarışın alınması üçün qanunvericiliyin tələblərinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ilkin olaraq Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 328 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin plan-cizgisi olmalıdır. Lakin ayrılmış torpaq sahəsinin plan-cizgisi olmadığından o, torpağa dair çıxarış ala bilmir. Bu səbəbdən ilkin olaraq Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 328 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair arxiv plan-cizginin verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına rəsmi müraciət etmiş, arxiv idarəsi müraciətinə cavab olaraq Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 328 nömrəli Sərəncamının kserosurətini ona təqdim etmiş, lakin torpaq sahəsinin ayrılması ilə bağlı plan-cizginin olmaması barədə xx.xx.2020-ci il tarixli C- 169 №-li məktubla rəsmi məlumat vermişdir. Daha sonra o, cavabdehə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 328 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair plan-cizginin verilməsi ilə bağlı rəsmi müraciət etsə də, cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə səlahiyyəti xaricində olması əsası ilə müraciətinin təmin olunmasından imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2-1(112)-8441/2022 qərarı ilə (sədrlik edən hakim Həmid Ağalarov) iddia təmin olunaraq, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli 328 nömrəli sərəncamına əsasən İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 7 №-li Taksi parkının arxa tərəfindəki sahədə ayrılmış 600 kv.m torpaq sahəsinə dair cizginin (ayrıc aktının) verilməsi öhdəliyi Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından 05 noyabr 2022ci il tarixdə apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini – iddiaya etirazda göstərilən qaydada əsaslandırmış, həmçinin qərarın əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, imtinanın əsaslı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinə uyğun izahat vermiş, şikayətin rədd edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İPM-in 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımından lazımı qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2-ci və 85.3-cü maddələri). «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İlkin olaraq qeyd edilməlidir ki, İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı əvvəl cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Mahiyyət baxımından apellyasiya şikayəti uğursuzdur. Birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Bakı şəhər Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli 328 №-li Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, 7 №-li Taksi parkının arxa tərəfindəki sahədə, 600,0 kv.m. torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2020-ci il tarixli C- 169 nömrəli məktubundan görünür ki, İddiaçı torpaq sahəsi ayrılması barədə Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 328 saylı sərəncamına akt və cizgi əlavə edilməmişdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin 1/1321 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 7 nömrəli Taksi parkının arxasında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə dair torpaq sahəsinin plan-cizgisi həmin dövrdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 328 saylı Sərəncamı ilə birlikdə vətəndaşa təqdim edilmişdir. Rayon İcra Hakimiyyətinin ötən illərə dair sənədləri, o cümlədən 1998-ci il də daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir; Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı 29 iyun 2022-ci il tarixli BA03920-2022 nömrəli məktubla İddiaçı barədə Suraxanı Rayon İH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 328 saylı sərəncamın təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir. Həmçinin həmin məktubda göstərilmişdir ki, qeyd olunan sərəncamın qüvvədən düşməsi barədə heç bir məlumat yoxdur. İşin faktiki hallarından görünür ki, Bakı şəhər Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli 328 №-li Sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, 7 №-li Taksi parkının arxa tərəfindəki sahədə, 600 kv/metr torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçı qeyd olunan sərəncam ilə ona ayrılmış 600 kv/metr torpaq sahəsinin plan-cizgisinin təsdiq edilməsini xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) qüvvədə olmuşdur. Həmin Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Hazırkı iş üzrə qeyd edilməlidir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Məhkəmənin sorğusuna əsasən Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən bildirilmişdir ki, sözügedən sərəncama eskiz və ya ayrıc aktı əlavə olunmamışdır. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh isə apellyasiya şikayətində bir tərəfdən torpaq sahəsinin cizgisinin müvafiq sərəncamla birlikdə iddiaçıya təqdim olunmasını, digər tərəfdən isə bunun onların səlahiyyətinə aid olmamasını göstərməklə ziddiyyətli mövqe sərgiləmiş, apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Nə qədər ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Suraxanı RİH-in xx.xx.1998-ci il tarixli sərəncamı mübahisələndirilməmişdir və qüvvədədir, həmin qurum torpaq ayrılan həmin qərarda nəzərdə tutulmuş torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır və bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. Torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı idi (hətta həmin vaxt sözügedən cizgi təqdim olunmuşdursa belə, onu təkrarən tələb etməkdə iddiaçı haqlıdır). Beləliklə, istinad edilən sərəncama əsasən torpaq sahəsi iddiaçıya naturada və akt əsasında təhvil verilmiş olsa da, cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (cizgini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir. İddiaçı isə, öz tələbinin – öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin sərəncamı ilə ona verilmiş hüquqdan və sərəncamın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Belə olan halda, iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin yerləşmə vəziyyətinin sənəd üzrə verilmiş sahəyə uyğun olmadığını, buradan, cavabdehin iddiaçı qarşısında hazırkı məzmunda öhdəlik daşımadığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh iddiaçının dəlillərini təkzib və ya iddiaya etirazının əsasını isə təsdiq edən hər hansı rəsmi sənədi təqdim etmədiyindən, torpaq sahəsinə cizginin verilməsindən imtina əsaslı sayıla bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamış, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda isə, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur (apellyasiya icraatı zamanı 100 manat ekspertiza xərci mövcud olmuşdur). Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8441/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar