Məhkəmə qərarları › İş №2-1(103)-831/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-831/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-831/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” kimi bərpa edilməsi” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12032/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olan xəstəlik səbəbinin 1992-ci ildə əsirlikdə olarkən aldığı güllə yarası və işgəncə nəticəsində əmələ gəlmiş xəstəliklə bağlı təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1961-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olmuş və orada yaşamışdır. Məlum Qarabağ savaşı başlayan ilk gündən Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1991-ci ildə hərbi xidmətə çağrılmış və Azərbaycan Milli Ordusunun N () saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməklə döyüşlərdə iştirak etmişdir. xx.xx.1992-ci il tarixdə erməni yaraqlıları tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zəmanı 110 nəfər həmkəndlisi ilə birlikdə əsir götürülmüşdür. Əsr götürüləndən sonra Xankəndi şəhərindəki X2 saxlanılmışdır. Əsir düşdüyü və saxlanıldığı müddət ərzində erməni hərbiçiləri və polisləri tərəfindən yumruq, təpik, ağac və dəmir parçaları ilə zərbələr yetirilməklə vəhşicəsinə döyülmüş, 17 gün acsusuz saxlanılmışdır və çənədən güllə yarası almışdır. 40 gün əsirlikdə qalandan sonra 26 mart 1992-ci ildə əsirlikdən azad edilmişdir. Azad edilən kimi səhhətinin ağır olması və xəsarətləri ilə bağlı 07 aprel 1992-ci ildən 07 may 1992-ci ilədək Akademik M.Topçubaşov adına X5 müalicə olundu. xx.xx.1993-cü il tarixdən xx.xx.1993- cü il tarixədək isə X8 yaralanmağı zaman aldığı «Sol yanağın L6 və L7 səviyyəsində çoxqəlpəli yaralanma diaqnozu ilə müalicə olundu. Əsirlikdən azad ediləndən sonra aldığı ağır xəsarətlərlə bağlı 1992-ci ildə Akademik M.Topçubaşov adına X5 (keçmiş ETKTİ) müalicə almağı ilə bağlı tibbi sənədlər 2002-ci ildə həmin xəstəxanada baş vermiş yanğın səbəbindən məhv olmuşdur. Məhz bu səbəbdən də iddiaçının 1992-ci ildə hərbi xidmət zamanı əsir düşməyi və xəsarətlər almağına dair Akademik M.Topçubaşov adına X7 tərəfindən tamamilə başqa diaqnoz-guya xroniki hepatit, xroniki nefrit, qalxanvari vəzinin hiperplaziyası» diaqnozu yazırlar. İddiaçı 1992-ci ildə hərbi əməliyyatlar zamanı xəsarət almağı ilə bağlı Prezidentin fərmanına müvafiq olaraq müharibə veteranı təqaüdü alırdı, lakin həmin təqaüdün verilməsi 2016-cı ildə məhz əlilliyinə səbəb olmuş xəsarətlərinin düzgün yazılmamasıdır. Bununla bağlı iddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş və müraciətində 1992-ci ildə əsir düşməyini və yaralanmağını təsdiq edən sənədləri və videogörüntüləri təqdim etməyinə baxmayaraq, agentlik özünün 09 iyun 2023-cü il tarixli 3-17-4/2-N-15135/2023 saylı cavab məktubunda qeyd etmişdir ki, siz xx.xx.2021-ci il tarixdə Agentlikdə qəbulda olmusunuz və təqdim edilən tibbi sənədlər və müayinə zamanı qeyd etdiyiniz diaqnoz təsdiqini tapmamışdır. İddiaçı hesab edir ki, agentliyin müraciətindən imtinası tamamilə əsassızdır. Onun 1992-ci ildə Qarabağ uğrunda savaşında əsir düşərək yaralanmağı və əlil olmağı aşağıdakı faktlarla təsdiq olunur. Belə ki, o, Qarabağ savaşı başlayan ilk gündən Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1991-ci ildə hərbi xidmətə çağırıldı və Azərbaycan Milli Ordusunun N () saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməklə döyüşlərdə iştirak etmişdir. xx.xx.1992-ci il tarixdə erməni yaraqlıları tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zəmanı 110 nəfər həmkəndli ilə birlikdə əsir götürüldü. Əsr götürüləndən sonra Xankəndi şəhərindəki X2 saxlanıldı. Bu barədə videogörüntüdə onun digər həmkəndliləri ilə əsir düşməyi tam əks olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 301 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçıda müəyyən edilən xəsarətlər Hərbi Travmadır və Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xocavənd rayon məhkəməsinə ünvanİanmış xx.xx.2028-ci il tarixli NP-21/429 nömrəli arayışda onun xx.xx.1992-ci ildə əsir düşməyi və əsirlikdə olarkən işgəncəyə məruz qalmağı, döyülməyi və güllə ilə çənədən yaralanmağı təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, X3 Əlaqədar Dövlət Komissiyasının 8.11.2018-ci il tarixli DK/2329 nömrəli arayışı ilə onun xx.xx.1992-ci il tarixdən 26 mart 1992-ci ilədək erməni əsirliyində olmağı ilə bağlı Komitədə qeydiyyatda olmağı təsdiq edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi özünün xx.xx.2019-cu il tarixli əlilliyin qiymətləndirilməsinə dair arayışında ona - «İnsulindən asılı şəkərli diabet, şəkərli diabet İ tip, Bud-çanaq oynağı və bud nahiyyəsinin travmatik amputasiyası, sol aşağı ətrafın qanqerenaya görə budun yuxarı 1/3-dən amputasiyası» diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlillik təyin etmişdir. Halbuki iddiaçı 1992-ci ildə işgəncə və döyülmə, habelə sol yanağın L6 və L7 səviyyəsində çoxqəlpəli güllə yarasını almışdır. Cavabdehin ona əlillik təyin etməsi ilə bağlı yazdığı diaqnoz ümumi xəstəlik səbəbi ilə əlaqələndirilmişdir. Ona görə də cavabdeh tərəfindən iddiaçıya əlillik təyini üçün xəstəliyin ümumi əsaslarla deyil, 1992-ci ildə əsirlik zamanı aldığı güllə yarası və işgəncə nəticəsində yetirilmiş xəsarətlər nəticəsində yaranmış xəstəlik diaqnozu ilə əvəz edilməlidir. Daha sonar məhkəmənin qərardadı ilə iddia tələbi “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı İddiaçı “səbəb-əlaqəsi ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilmişdir” hissəsində ləğv edilməsi və onun əlilliyinin səbəb-əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” kimi bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” kimi nəzərə alınmışdır. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Xocavənd Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E14 - Dəqiqləşdirilməmiş şəkərli diabet Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İ tip.Ağır forma. İnsulin tələbli. Bud-çanaq oynağı və bud nahiyəsinin travmatik amputasiyası, Sol aşağı ətrafın qanqrenaya görə budun yuxarı 1/3-dən amputasiyası., Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.4.6. bir budun güdülü (Z89.8);” səbəbilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.1-ci bəndinə görə əlillik müəyyən edildikdən sonra sözügedən qaydaların 1.5-ci bəndi ilə nəzərdə tutulmuş digər səbəb müəyyən edildikdə əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. Xocavənd rayon sakini İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0333003AAB3R nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz İkinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli 301 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Xroniki hepatit, xroniki nefrit, qalxanvari vəzin heiperplazivası. Sol yanağın L6 və L7 səviyyəsində çoxqəlpəli yaralanması.” diaqnozu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı sol budun aşağı 1/3-nin amputasion qüdülü qeyd olunmuşdur (diabetik qanqrenə ilə əlaqədar). Hazırki sağlamlıq vəziyyətinin hərbi travma ilə səbəb-əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2019-cu il tarixli müddətsiz İkinci dərəcə əlillik təyinatı güvədə saxlanılaraq, səbəbəlaqəsi Ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2019-cu il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2019-cu il tarixdə verilən əlillik təyinatı qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Cavabdeh qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12032/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı inzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: Bənd 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”: Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işdən görünür ki, İddiaçı əlillik vəziyyəti Xocavənd rayon Mərkəzi Xəstəxananın xx.xx.2019-cu il tarixli göndərişi əsasında qiymətləndirilərək ona ikinci dərəcə əlillik müddətsiz verilmişdir. Həmin qiymətləndirmədə qeyd olunur: “Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar. X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E14 - Dəqiqləşdirilməmiş şəkərli diabet., Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İ tip.Ağır forma.İnsulin tələbli. Bud-çanaq oynağı və bud nahiyəsinin travmatik amputasiyası, Sol aşağı ətrafın qanqrenaya görə budun yuxarı 1/3-dən amputasiyası., Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.4.6. bir budun güdülü (Z89.8)”. İddiaçının minik avtomobili ilə bağlı müraciəti əsasında cavabeh tərəfindən aparılan əlavə əyani müayinə nəticəsində sol budun aşağı 1/3-nin amputasion qüdülü qeyd olunmuşdur (diabetik qanqrenə ilə əlaqədar). Hazırki sağlamlıq vəziyyətinin hərbi travma ilə səbəb-əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2019-cu il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı qüvvədə saxlanılaraq, səbəb əlaqəsi Ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilmişdir. Hazırkı mübahisənin predmeti cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarının İddiaçı “səbəb-əlaqəsi ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilmişdir” hissəsində ləğv edilməsi və onun əlilliyinin səbəb-əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” kimi bərpa edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçıya təyin olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcə əlilliyin sonradan cavabdeh qurum tərəfindən dəyişdirilməsi ilə bağlı Agentliyin səlahiyyətinin olub-olmadığını, əgər varsa, onun hansı şərtlər çərçivəsində reallaşdırılması imkanının mövcudluğunun aydınlaşdırılmasını zəruri hesab edir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İstinad olunan normaya əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarında qeyd edilir ki, Xocavənd rayon sakini İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0333003AAB3R nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tsrixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Vətanadaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı AR MN MHHK tərəfindən xx.xx.2019cu il tarixli 301 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Xroniki hepatit, xroniki nefrit, qalxanvari vəzin heiperplaiyası. Sol yanağın L6-L7 səviyyəsində çoxqəlpəli yaralanması” diaqnozu xəstəliyin səbəb əlaqəsi Hərbi travmadır, azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı sol budun aşağı 1/3-nin amputasion qüdülü qeyd olunmuşdur( diabetik qanqrena ilə əlaqədar). Hazırki sağlamlıq vəziyyətinin hərbi travma ilə səbəb-əlaqəsi təsdiqlənməmişdir.Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2019-cu il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı qüvvədə saxlanılaraq, səbəb əlaqəsi Ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçı inzibati orqan tərəfindən əyani müayinəyə cəlb edilmədiyini, yalnızca minik avtomobili üçün yazılı müraciət etdiyini, bu zaman da heç bir müayinəyə çağrılmadığını bildirmiş, qeyd edilən halın araşdırılması məqsədilə iddiaçının sonuncu əyani müayinəsi ilə bağlı, xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarının qəbulu ilə bağlı inzibati icraat materialları tələb edilmiş, inzibati orqan tərəfindən isə məhkəmənin rəsmi sorğusuna əsasən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən hal özü də onu sübut edir ki, sözügedən qərarla iddiaçı barəsində mövcud olan inzibati akt dəyişdirilərkən, inzibati orqan iddiaçını əyani müayinəyə cəlb etməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Apellyasiya məhkəməsində icraat zamanı yuxarıda qeyd edilən sorğu vasitəsilə sözügedən halın da araşdırılmasına cəhd edilmiş, lakin inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, araşdırmanın nəticəsindən asılı olaraq cavabdeh qurumun şəxsə təyin etdiyi əlillik dərəcəsinin dəyişdirilməsi ilə bağlı icraatın lazımi qaydada aparıldığı müəyyən olunmur. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12032/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12032/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar