Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-832/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial X2 rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2-1(82)-4368/2017 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial X2 rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4368/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı 1977-1978-ci illərdə Ucar rayonu, Qazqumlaq kənd sabiq “Qafqaz” kolxozunun son hesablaşma cədvəllərinə əsasən işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə almaqla, 06 noyabr 2009-cu il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqısı əsasında təyin edilərək hesablanması və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial X2 rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin Qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2622/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4368/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial X2 rayon Şöbəsi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-2622/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 357/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2622/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial X2 rayon Şöbəsinin xx.xx.2018-ci il tarixli xx/xx-2284 saylı və xx.xx.2018-ci il tarixli xx/xx-4189 saylı məktublarına əsasən məhkəməyə bildirilmişdir ki, qərar icra olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsi ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş, qanuni qüvvəsini almış xx.xx.2017-ci il tarixli 2-1(82)-4368/2017 saylı məhkəmə qərarı üzrə cavabdeh tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadığı üçün qərarın icrasını təmin etmək məqsədilə müvafiq məcburi tədbirlərin görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon xidməti nümayəndəliyinin xx.xx.2020-ci il tarixli **********0 saylı məktubunda bildirilmişdir ki, İddiaçı pensiya işinin araşdırılması zərurəti yarandığından xx.xx.2020-ci il tarixdən pensiyanın ödənişi aydınlaşma üçün dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli **********2 saylı ərizəsinə əsasən İddiaçı iddiasına dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4368/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərarın çıxarılması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4368/2017 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək İddiaçı 1977-1978-ci illərdə Ucar rayonu, Qazqumlaq kənd sabiq “Qafqaz” kolxozunun son hesablaşma cədvəllərinə əsasən işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə almaqla, 06 noyabr 2009-cu il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqı əsasında təyin edilərək hesablanması və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə həvalə edilməsi barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4368/2017 saylı, 27 sentyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi və məhkəmə qərarının icrasının dayandırılması, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 4368/2017 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2663/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4368/2017 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı qərardaddan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2663/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 346/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2663/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-4368/2017 saylı qərarının icra edilməsi və müvafiq məlumatın verilməsinə dair tələb barədə 11 aprel 2022-ci il tarixdə icra məktubu göndərmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının 05 may 2022-ci il tarixli **********4 saylı müvafiq məlumatın təqdim olunmasına dair məktubunda bildirilmişdir ki, araşdırmanın nəticəsi olaraq İddiaçı qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 31 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2020-ci il tarixli 02/2-226mat-20/1948 nömrəli məktuba əsasən sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olunmuşdur. Göstərilənlərə əsasən cinayət işi üzrə icraatın yekunlaşmasına dair cinayət prosesini həyata keçirən orqanın yekun qərarı Nazirliyə daxil olduqdan sonra adıçəkilən şəxsin əmək pensiyasının ödənişinin bərpa edilməsi və dayandırılma müddətində ödənilməmiş pensiya məbləğinin müvafiq kart hesabına köçürülməsi məsələsinə baxılacaqdır. Bakı İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2-1(82)-4368/2017 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)- 4368/2017 saylı qərarının tam icrasını təmin etmədiyinə görə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına 1000 (min) manat məbləğində cərimə təyin edilmişdir. (hakim: M.Hаcıbəyоvа) Həmin qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və həmin qərardad əsasında təyin edilən 1000 (min) manat məbləğində cərimənin götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-4368/2017 saylı qərarında ərizəçiyə 2004- 2005-ci illərin əmək haqqı nəzərə alınmaqla 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qərara alınmışdır. İşdən də görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial X2 rayon Şöbəsinin xx.xx.2018-ci il tarixli xx/xx-2284 saylı və xx.xx.2018-ci il tarixli xx/xx- 4189 saylı məktublarına əsasən məhkəmə qərarının icra olunması bildirilmişdir. Göründüyü kimi həmin qərar qanuni qüvvəsini aldıqdan sonra Dövlət Sosial X2 rayon Şöbəsi tərəfindən qərar icra edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və qərar artıq icra olunmuşdur. Sonradan pensiyanın dayandırılmasına əsas olan şübhələr yaranması və bunun nəticəsində pensiyanın dayandırılması qərarın icra olunmaması kimi başa düşülməməlidir. Belə ki, İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılmışdır. Araşdırmanın nəticəsi olaraq İddiaçı qanunazidd əsassız olaraq yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı əmək pensiyasının bərpa edilməsi məsələsinə cinayət prosesini həyata keçirən orqanın yekun qərarı Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır. Buna görə də məhkəmənin inzibati orqanı 1000 manat məbləğində cərimə etməsi qanunsuz və əsassız olmuşdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin hallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4368/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı 1977- 1978-ci illərdə Ucar rayonu, Qazqumlaq kənd sabiq “Qafqaz” kolxozunun son hesablaşma cədvəllərinə əsasən işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə almaqla, 06 noyabr 2009-cu il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqısı əsasında təyin edilərək hesablanması və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial X2 rayon Şöbəsinin üzərinə qoyulmuş və məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial X2 rayon Şöbəsinə göndərilmiş, Fondunun Suraxanı rayon Şöbəsi tərəfindən isə məhkəməyə qərarın icra olunduğunu bildirmişdir. Sonradan İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsi ilə məhkəməyə müraciət edərək qanuni qüvvəsini almış məhkəmə qərarı üzrə cavabdeh tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadığı üçün qərarın icrasını təmin etmək məqsədilə müvafiq məcburi tədbirlərin görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının 05 may 2022-ci il tarixli **********4 saylı müvafiq məlumatın təqdim olunmasına dair məktubunda bildirilmişdir ki, araşdırmanın nəticəsi olaraq İddiaçı qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 31 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2020-ci il tarixli 02/2-226mat-20/1948 nömrəli məktuba əsasən sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olunmuşdur. Göstərilənlərə əsasən cinayət işi üzrə icraatın yekunlaşmasına dair cinayət prosesini həyata keçirən orqanın yekun qərarı Nazirliyə daxil olduqdan sonra adıçəkilən şəxsin əmək pensiyasının ödənişinin bərpa edilməsi və dayandırılma müddətində ödənilməmiş pensiya məbləğinin müvafiq kart hesabına köçürülməsi məsələsinə baxılacaqdır. İşdən göründüyü kimi məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra olunmadığına görə cavabdeh orqan 1000 manat miqdarında cərimə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120.1-ci maddəsinə əsasən Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Həmin Məcəllənin 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarının 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Həmin Qərarın 27-ci bəndinə əsasən İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün məhkəmələr tərəfindən çıxarılmış qərarların icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. Mövcud qanunvericilik normaları isə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını məcburi sayır və inzibati mübahisələrlə bağlı belə qərarlarının icra olunmamasını 50000 manatadək cərimə ilə sanksiyalaşdırır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmamasına əsas vermir. Odur ki, birinci instansiya məhkəməsinin cavabdehə 1000 manat məbləğində cərimənin tətbiq edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2-1(82)-4368/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-832/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-832/2023
14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver