Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-833/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi» tələbinə dair inzibati iş üzrə 2 Saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-361/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-361/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 361/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-583/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı Yadulla qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-361/2019 saylı qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, iddianın təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1999/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1999/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-583/2021 nömrəli qərarı ləğv edilmiş və işə təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişdirlər və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflər (nümayəndələri) iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 291 nömrəli sərəncamı ilə M.hadı küçəsi, ev 99. Mənzil 120-də yaşayan İddiaçı Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/mnə məxsus sahədə 0,015 ha torpaq sahəsinin sənədləşdirilməsi və yaşayış evinin tikintisinə icazə verilmişdir. İş materiallarından görünür ki, məhkəməyə ünvanlanan “X1” MMC tərəfindən verilən mütəxəssis rəyinə əsasən Babək prospekti 2210-cu məhəllədə yerləşən İddiaçı ayrılmış torpaq sahəsinin təqdim edilmiş sənədlərdə və fotoşəkillərdə qiymətləndirmə üçün zəruri olan məlumatlar olmadığına görə həmin sahənin orta bazar dəyərinin hesablanması tərəfimizdən mümkün olmamışdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən inzibati orqan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət olunaraq RİH-in xx.xx.2000- ci il tarixli 291 nömrəli sərəncanmı ilə onun istifadəsinə verilmiş tikilinin sökülməsi nəticəsində ona dəymiş ziyanın əvəzi kimi kompensasiya məbləğinin ödənilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərardadının qanuniliyini tam yoxlayır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi işdə olan sənədlərə, tərəflərin mübahisə ilə bağlı dəlillərinə məcmu halında qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə bu nəticəyə gələrkən onu əsas götürmüşdür ki, iddiaçılara müvafiq ərazidə torpaq sahəsi daimi əsaslarla ayrılmamış və orada yalnız əsaslı tikinti aparılmaması şərtilə talvar quraşdırılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, iddaçılara əsaslı (bünövrəli) şəkildə daşınmaz əmlak inşa olunmasına icazə verilməmişdir. Həmin ərazidə iddiaçılara məxsus daşınmaz əmlaka dair digər hüquq müəyyənedici sənəd isə təqdim edilməmişdir. Üzərində müvafiq işlərin aparılmasına icazə verilmiş torpaq sahəsinə gəldikdə isə, həmin torpaq sahəsi iddiaçının mülkiyyətində deyil, mülkiyyətində olsaydı da, onun kompensasiyası iddiaçının tələb etdiyi bu qaydada ödənilə bilməz. İşə birinci dəfə baxmış apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki hallarını, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki işə baxmış Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, torpaqların dövlət ehtiyacları üçün alınmasına görə iddiaçıya kompensasiya ödənilməsi torpaq sahəsini dövlət ehtiyacı üçün alan orqanın vəzifəsidir. İddiaçının tələbi isə ona məxsus torpaq sahəsi üzrə ona kompensasiya ödənilməsidir. Odur ki, məhkəmə cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin alınması ilə bağlı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1-ci , 4.1-ci, 6.1-ci, 52.1-ci, 54.2-ci maddələrinin tələblərinə uyğun araşdırma aparmalı idi. Lakin işə baxan məhkəmələr bu istiqamətdə heç bir araşdırma aparmamışdır. AR İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, işin mаtеriаllаrını yохlаyаrаq, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməli, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, Torpaq Məcəlləsinin 73.1-ci maddəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu maddənin 1-ci bəndinin 5-ci, 8- ci, 9cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir. Həmin Məcəllənin 75.5-ci maddəsinə əsasən torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1-ci maddəsinə görə alınma-dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 4.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, bələ razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan bu Qanunun 9.1-ci maddəsində tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Qanunun 54.2-ci maddəsinin tələbinə görə kompensasiya alınmanı zəruri edən layihənin hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir Hazırkı işin mübahisəsiz hallarından məlumdur ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 291 nömrəli sərəncamı ilə M. Hadı küçəsi, ev 99. Mənzil 120-də yaşayan İddiaçı Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m-nə məxsus sahədə 0,015 ha. torpaq sahəsinin sənədləşdirilməsi və yaşayış evinin tikintisinə icazə verilmiş, torpaq sahəsinin yerləşmə cizgisi cavabdeh tərəfindən tərtib olunmuş və iddiaçıya təqdim edilmişdir Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilərək iş üzrə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə təsdiq olunmuş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007ci illər üçün tədbirlər planının icrası ilə əlaqədar tədbirlər proqramı həyata keçirilmiş və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 7-4010/17 saylı, xx.xx.2007-ci il tarixli Nəqliyyat Nazirliyi "xxxx" ASC-nin 4/01-3446 saylı, xx.xx.2007-ci il tarixli məktubları adı çəkilən tədbirlər planının, eləcə də şəhərin bəzi yolları və prospektlərinin yenidən tikilməsi barədə xx.xx.2007-ci il tarixli direktiv orqanların göstərişlərinin icrası məqsədilə Nobel pr., Zığ-yolu və Zığ dairəsi boyunca tikinti zolağından (yolun və prospektlərin torpaq zolağından) müxtəlif təyinatlı binaların, qurğuların, mühəndiskommunikasiya xətlərinin ən qısa müddətdə köçürülməsi üçün təxirəsalınmaz tədbirlər görülmüş, köçürülən obyektlərin qiymətləndirilməsi və təzminat ödənilməsi məqsədi ilə tərkibində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Reyestr Xidməti və digər aidiyyəti orqanların nümayəndələri olmaqla Xətai Rayon İcra Hakimiyyətində müvafiq Komissiya yaradılmışdır. Həmin torpaq sahəsi adı çəkilən tədbirlər planının həyata keçirilməsi məqsədilə iddiaçıdan alınmışdır. Qeyd edilən sərəncamın məzmunundan görünür ki, torpaq sahəsi daimi istifadə üçün verilmiş və yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin sərəncam hal-hazırda da qüvvədədir. Bu halı cavabdeh təkzib etməmiş, sərəncamın qüvvədən düşməsinə dair məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Hazırki işə baxmış Ali Məhkəmənin qərarında qeyd olunmuş məcburi göstərişə uyğun olaraq qeyd olunan məsələ ilə bağlı növbəti apellyasiya baxışı zamanı məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli, 2-1(103)-833/2022 saylı qərardadla Torpaq Məsələləri və Ekspertiza Mərkəzi MMC-yə müvafiq sorğu ünvanlanmışdır. Torpaq Məsələləri və Ekspertiza Mərkəzi MMC müvafiq sorğuya cavab olaraq bildirmişdir ki, iddiaçıya məxsus olan Babək prospükti 2210-cu məhəllədə mövcud olan 0.015 ha torpaq sahəsinin 2006- 2007-ci illərdə orta bazar qiyməti 22500,0 ( iyimi iki min beş yüz min) manat təşkil etmişdir. Hazırki bazar qiyməti 255 ( iki yüz əlli beş min ) manat təşkil edir. Qeyd.Göstərilən ünvanda yerləşən torpaq sahəsinin əmlak bazarında mövcud olan tələb və təklifdən, həmin sahənin istifadə imkanlarından və digər amillərdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə yüksəlmə və yaxud azalma olması istisna edilmir. İnzibati prosessual Məcəllənin 29-1- ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Mülki Prosessual Məcələnin 103.1. maddəsinə əsasəne ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın təmin edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-361/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-361/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilsin. İddiaçı verilmiş Babək prospekti 2210-cu məhəllədə “ Qartal” k/m-nə məxsus sahədə 0.015 ha torpaq sahəsinə görə 255.000 ( iki yüz əlli beş min ) manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-833/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-833/2022
18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver