Məhkəmə qərarları › İş №2-1(103)-834/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-834/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-834/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Yusifov Cahangir Afər oğlu ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 02.12.2020-ci il tarixli, 2-1(112)- 5359/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 02.12.2020-ci il tarixli, 2-1(112)-5359/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim E.Əliyev). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı iddiaçının sığorta stajının 25 ildən çox olmasını və zərərli iş stajının 12 il 06 aydan çox olması nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsini, o cümlədən, keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 10.09.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 27.02.2020-ci il tarixdə rəsmi olaraq zərərli işlərdə işlədiyi üçün güzəştli şərtlərlə pensiyanın hesablanması və ödənilməsi barədə cavabdehə müraciət etmişdir. Müracətinə cavab olaraq, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 16.04.2020-ci il tarixli **********3 nömrə ilə imtina edilmişdir. İmtinanı əsassız və qeyri-qanuni hesab edir, onun hüquqlarının pozulmasına gətirib çıxardığından hesab edir ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq və qüvvədə olan digər normativ hüquqi aktlara əsasən iddiası təmin edilməlidir. İddiaçı 1978-79-cu illərdə İsmayıllı rayon 138 nömrəli texniki-peşə məktəbində təhsil almışdır. 1980-1982-ci illərdə hərbi xidmət keçmişdir. 14.03.1983-cü il tarixindən 13.02.2007-ci ilə kimi Leytenant Şmidt (indiki Səttarxan) adına zavodunda, 1 ay ərzində «xxxx» MMC-də gözətçi, 01.03.2011-ci ildən hal-hazıra kimi «Aqreqat» İB-nin Bakı cihazqayırma zavodunda işləmişdir. Ümumilikdə 36 il ümumi əmək stajı, ondan zərərli işlərdə işlədiyi müddət 33 il olmuşdur. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5359/2020 saylı inzibati iş üzrə 02 dekabr 2020-ci il tarixli qərarı maddi və prossesual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməsi, iddianın təmin edilməsinə dair qərar qəbul edilməlidir. Belə ki, iddiaçı cavabdehə ünvanladığı müraciətdə və imtinaya əsasən məhkəməyə ünvanladığı iddiada göstərmişdir ki, 1978-79-cu illərdə İsmayıllı rayon 138 nömrəli texniki-peşə məktəbində təhsil almışdır. 1980-1982-ci illərdə hərbi keçmişdir. 14.03.1983-cü il tarixindən 13.02.2007-ci ilə kimi Leytenant Şmidt (indiki Səttarxan) adına zavodunda, 1 ay ərzində «xxxx» MMC-də gözətçi, 01.03.2011-ci ildən hal-hazıra kimi «Aqreqat» İB-nin Bakı cihazqayırma zavodunda işləmişdir. Ümumilikdə 36 il ümumi əmək stajı, ondan iddiaçının zərərli işlərdə işlədiyi müddət 33 il olmuşdur. İddiaçı 57 yaşından pensiya çıxmaq huququna malikdir və ona pensiya həmin dövrdən hesablanmalıdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 16.04.2020-ci il tarixli **********3 nömrə ilə imtina məktubunda göstərilmişdir ki, «Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 13 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əwəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 Ns-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı oları və bu stajıp ən azı 12 li 6 ayini güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrs ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitir qeydə alındığı subhesabdır. Təqdim edilən sənədlərdən göründüyü kimi iddiaçının ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil etməklə yanaşı, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda kişilər üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 39600,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 15296,76 manattəşkil edir. Əlavə olaraq ərzədə qeyd edilən məsələ ilə bağlı bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada teyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış (hazırda kişilər üçün 64,5 yaş) sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Eyni zamanda sözügedən Qanunun 22- 1.4.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və hesablanması zamanı bu qanunun 22-1.1-ci maddəsi tətbiq edilmir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.» İmtina əsassız və qeyri-qanuni olduğundan iddiaçının hüquqlarının pozulmasına gətirib çıxardığından məhkəməyə müraciət etmiş, məhkəmə isə qanunsuz qərar qəbul etmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qıərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir.. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Gürcüstan, Tblisi şəhərində anadan olmuşdur. İş materiallarında olan notarial qayadada təsdiq edilmiş НЗ seriyalı ******* nömrəli Hərbi Biletə əsasən İddiaçı 13.11.1980-ci il tarixdən 08.12.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan notarial qayadada təsdiq edilmiş ИТ-İ seriyalı ******* nömrəli Əmək Kitabçasından görünür ki, İddiaçı 14.03.1983-cü il tarixdən hal-hazıradək müxtəlif müəssiə və vəzifələrdə işləmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin ümumi iş stajınız 25 ildən, güzəştli iş stajınız isə 12 il 6 aydan az təşkil etməklə yanaşı, həmçinin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda kişilər üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 39600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 15296,76 manat təşkil edir. Əlavə olaraq ərizənizdə qeyd etdiyiniz məsələ ilə bağlı nəzərinizə çatdırırıq ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış (hazırda kişilər üçün 64,5 yaş) sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021 -ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Eyni zamanda sözügedən Qanunun 22-1.4.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və hesablanması zamanı bu qanunun 22-1.1-ci maddəsi tətbiq edilmir.” «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06.03.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixə qədər ümumi stajının 25 ildən az, güzəştli şərtlərlə iş stajının isə 12 il 6 aydan az olması iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixə qədər ümumi stajının 25 ildən az, güzəştli şərtlərlə iş stajının isə 12 il 6 aydan az olması iş materialları ilə öz təsdiqini tapdığından, ona “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən pensiya təyin oluna bilməz. Əlavə olaraq məhkəmə qeyd edir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunnu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1- dən qüvvəyə minmişdir. Göründüyü kimi, 01.07.2017-ci il tarixədək, güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (01.07.2017-ci il) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 01.07.2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün hər üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış pensiya kapitalından az təşkil edir. Beləliklə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış pensiya kapitalından az təşkil etdiyindən, həmçinin müvafiq iş stajı olmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02.12.2020-ci il tarixli, 2-1(112)-5359/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Vidadi Məmmədov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar