Məhkəmə qərarları › İş №2-1(103)-834/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-834/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-834/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı (xx.xx.1962-ci il tarixdə Masis rayonunun, Nizami kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-1(112)-2816/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1979-1985-ci illərin ümumi əmək stajına daxil edilməklə, ona 08.08.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-1(112)-2816/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 1979-1985-ci illər ümumi əmək stajına daxil edilməklə 57 yaşdan, yəni 2019-cu il 8 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QSC-də çalışdığı işin mübahisəsiz halıdır. Metropolitenlə bağlı güzəştli peşələr NK-nın məlum 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının “Nəqliyyat” adlanan 28-ci bölməsində nəzərdə tutulub. Belə ki, həmin bölmənin 2-ci bəndi “Metropolitenlər” adlanır. Sözügedən bənddə “halvanik” peşəsi öz əksini tapmayıb. Məhkəmənin istinad etdiyi peşə - “halvaniklər” (kod: 2150500a—11629) metropolitenlə heç bir bağlılığı olmayan və istehsalat sahəsini nəzərdə tutan 14-cü bölməyə (“Metal emalı” adlanır) aiddir. Belə ki, həmin bölmənin 5-ci bəndi "Halvanik üsulla metallara üzçəkmə istehsalı” adlanır. Göründüyü kimi, məhkəmənin istinad etdiyi fəaliyyət sahəsi ilə iddiaçının çalışdığı peşənin aid olduğu sahə tamamilə fərqlənirlər. Məhkəmə isə NK-nın 320 saylı qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahının iddiaçının fəaliyyət sahəsinə aid olmayan şifrinə istinad etməsini əsaslandıra bilməyib. Qeyd edilənlər NK-nın 12 nömrəli, 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiqlənmiş Siyahı baxımından da qüvvədədir. Belə ki, həmin Siyahının 21-ci bölməsi “Nəqliyyat” adlanır. Həmin bölmə 5 bənddən ibarətdir; 5 bənddən 2-sində 21.1-ci (“Dəmiryol nəqliyyatı və metropoliten" adlanır) və 21.5-ci ("Metropolitenlər" adlanır) bəndlərdə metropolitenlərlə bağlı peşələr nəzərdə tutulub. Lakin həmin bəndlərdən heç birində iddiaçının çalışdığı “halvanik” peşəsi öz əksini tapmayıb. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-198/2021 saylı, 09.03.2021-ci il tarixli qərarı ilə apelyasiya şiakyəti təmin edilərək, birinci instansiya məhkəməsinin 2-1(112)- 2816/2020 saylı qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçının kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2055/2021 saylı, 2-1(102)-2055/2021 tarixli qərarı ilə apelyasiya instansiyasının 2-1(103)-198/2021 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: -Azərbaycan Respublikası vətəndaşının AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Ermənistan, Masis rayonu, Nizami kəndində doğulmuşdur. -İddiaçı məxsus NZ ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 29.10.1980-ci ildən 07.12.1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. -İddiaçı məxsus ЖТ 038168 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1979-1985-ci il tarixdə Bakı Texnologiya texnikumunda təhsil almışdır. -İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş və azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, İddiaçı 1979-cu ildən 1985-ci ilədək Bakı texnologiya texnikumunda təhsil almış, 06.06.1985-ci il tarixdən 31.05.1988-ci ilədək “Soyuzmeliovzriıprom” XHMK-da usta və 3-cü dərəcəli partladıcı köməkçisi, 12.10.1988- 14.01.1991-ci ilədək Bakı elektrotermik avadanlıqlar zavodu “Azərelektroterm” EİB kənd təsərrüfatı üçün məhsul istehsalı üzrə 5 saylı sexə mexaniki yığım işləri üzrə 2-ci dərəcəli çilingər, 17.01.1991-ci ildən 16.09.2005-ci ilədək “Azelektroterm” zavodundan “Nərimanov” elektrik deposuna keçirilməklə yük bölməsində halvanik, 16.09.2005-ci ildən 01.05.2006-cı ilədək 5-ci dərəcəli halvanik, 01.05.2006-cı ildən 18.07.2014-cü ilədək "xxxx" QSC-də 5ci dərəcəli mexanik sexə qalvanik (halvanik), 01.01.2016-cı il tarixdən hal-hazıra kimi 5- ci dərəcəli çilingər vəzifəsində işləyir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının 04.10.2019-cü il tarixli ərizəsinə cavab olaraq verdiyi 18.11.2019-cü il tarixli, **********6 saylı məktubdan görünür ki, 6 iyun 1985-ci il tarixində açılmış BT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan 17.01.1991-16.09.2005-ci il və 01.05.2006-01.01.2016-cı il tarixləri arasındakı dövrlər ərzində "Bakı Metropoliteni” QSC-də işlədiyi qalvanik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) metropolitenlər yarımbədində (21.5) nəzərdə tutulmamış, həmçinin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Bundan sonra İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, “... iddiaçının işlədiyi “halvanik” vəzifəsi peşə təlimatına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının XİV Bölməsinin 2150500a-11629 şifrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.7-ci Bölməsinin “a” bəndinə uyğun olmaqla iddiaçının 01.01.2006-ci ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 25 il 01 ay 23 gün ümumi və 14 il 07 ay 29 gün güzəştli iş stajı mövcuddur.” Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Həmin Qaydaların 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. İşdən aydındır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olub və 57 yaşının tamam olduğu 08.08.2019-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 57 yaşı tamam olmuşdur. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, 01.01.2006-cı il tarixə qədər, hərbi xidmət və təhsil dövrü də daxil edilməklə, iddiaçının ümumilikdə 26 il 02 ay 11 gün sığorta stajı mövcuddur, ((1985 – 1979 = 6 il) + (31.05.1988 – 06.06.1985 = 2 il 11 ay 25 gün) + (14.01.1991 – 12.10.1988 = 2 il 03 ay 25 gün) + (16.09.2005 – 17.01.1991 = 14 il 07 ay 29 gün) + ( 01.01.2006 – 16.09.2005 = 03 ay 15 gün) = 26 il 02 ay 11 gün)) Apelyasiya şikayətindən də göründüyü kimi, cavabdeh orqan iddiaçının 17.01.1991- 16.09.2005 və 01.05.2006-18.07.2014-cü illərə aid olan iş stajını güzəştli olmasını mübahisələndirərək, iddiaçının qeyd edilən illərdə işlədiyi “halvanik” vəzifənin adının güzəştli peşələrin müvafiq siyahısında qeyd edilmədiyini bildirmişdir. Apelyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. - Azərbaycan Respublikası "xxxx" QSC-nin 06.08.2019-cu il tarixli, A\365 saylı arayışından görünür ki, İddiaçı 17.01.1991-ci il tarixdən-16.09.2005-ci il tarixinədək Bakı Metropoliteni "N.Nərimanov" adına elektrik deposunda qalvanik peşəsində çalışıb (tam iş rejimində zərərli iş şəraiti ilə). 16.09.2005-ci ildən-01.05.2006-cı ilədək çilingər peşəsində işləmişdir. 01.05.2006-cı ildən -18.07.2014- cü ilədək qalvanik peşəsinə keçirilmişdir (tam iş rejimində zərərli iş şəraiti ilə) 18.07.2014- cü il tarixdən-01.01.2016-cı il tarixədək “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Depolar üzrə iş Departamentinin Mexaniki sexində 5-ci dərəcəli qalvanik peşəsində çalışıb (tam iş rejimində.zərərli iş şəraiti ilə). 01.01.2016-ci ildən Depolar üzrə iş Departamentinin Mexanki sexinə çilingər peşəsinə keçirilir və hal hazırda həmin peşədə işləyir. - Azərbaycan Respublikası "xxxx" QSC-nin 04.06.2020-ci il tarixli, 2- 1(112)- 2816/2020 saylı arayışından görünür ki, İddiaçı 17.01.1991-ci il tarixdən-16.09.2005-ci il tarixinədək Bakı Metropoliteni "N.Nərimanov" adına elektrik deposunda qalvanik peşəsində çalışıb (tam iş rejimində zərərli iş şəraiti ilə). 16.09.2005-ci ildən-01.05.2006-cı ilədək çilingər peşəsində işləmişdir. 01.05.2006-cı ildən -18.07.2014-cü ilədək qalvanik peşəsinə keçirilmişdir (tam iş rejimində zərərli iş şəraiti ilə) 18.07.2014-cü il tarixdən- 01.01.2016-cı il tarixədək “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Depolar üzrə iş Departamentinin Mexaniki sexində 5-ci dərəcəli qalvanik peşəsində çalışıb (tam iş rejimində zərərli iş şəraiti ilə). 01.01.2016-ci ildən Depolar üzrə iş Departamentinin Mexanki sexinə çilingər peşəsinə keçirilir və hal-hazırda həmin peşədə işləyir. Zərərli iş şəraitində əmək stajı 24 il 03 ay 29 gün təşkil edir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarının 11.7-ci bəndinin A bölməsinə əsasən əmək stajına və yaşına görə güzəştli təqaüdə çıxmaq hüququna malikdir. (Qüvvədən düşmüş 1993-cü il 21 iyun tarixli 320 nömrəli və “Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında qərar Bölmə 14, bənd 5, kod ******* a11629). Eyni zamanda apelyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmənin istinad etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının XİV Bölməsinin 2150500a-11629 şifri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.7-ci Bölməsinin “a” bəndi “Metal emalı” bölməsinə aid olmaqla, iddiaçının çalışdığı sahə ilə heç bir əlaqəsi yoxdur. Kollegiya bidlirir ki, anoloji işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Hazırki iş üzrə, məhəmə yekun nəticəyə gələrkən “halvanik” peşəsinin Siyahıda “Metal emalı” bölməsində nəzərdə tutulduğu və həmin peşənin iddiaçının işlədiyi “Nəqliyyat. Metropoliten” sahəsi ilə əlaqəsi olmadığı nəticəsinə gələrkən “Metal emalı” bölməsinə aid peşə və vəzifələrin, hazırkı halda, iddiaçının çalışdığı “halvanik” peşəsinin, həmin peşənin icra olunduğu iş yerinin və əmək şəraitinin xüsusiyyətlərini araşdırmalıdır. - Azərbaycan Respublikası "xxxx" QSC-nin 23.06.2020-ci il tarixli, 40N10/3-600 saylı məktubundan və həmin məktuba əlavə edilmiş qalvançı peşəsinin vəzifə təlimatından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Depolar üzrə İş Departamentinin mexaniki sexi tərəfindən metro vaqonlarının tutacaqları, qapılarının dəstəyi, qəza çıxışlarının tutacaqları, durma kranlarının dəstəyi və qapıların qəza açılma kranlarının dəstəklərinin xromlanması işləri yerinə yetirilir. Xromlama zamanı xüsusi kimyəvi maddələrdən istifadə edilir. Adı çəkilən sahədə aparılan işlər xüsusi zərərli şəraitdə icra edilir. “Nərimanov” elektrik deposu mexaniki sexinin qalvançısının işinin xüsusiyyətləri hissələrin (indiki halda metro vaqonlarının tutacaqlarının və digər birləşdirici elementlərin) yağlardan, pasdan, korroziya yeyilməsindən təmizlənməsindən, 6-10-cu təmizlik dərəcələri üzrə cilalanmasından, sumbatanın keçə, ağac (taxta) və dəri dairələrinə çəkilməsi və yapışdırılmasından, sumbata tozunun (dənəciklərinin) xarrat yapışqanı və ya maye şüşə ilə cilalama dairəsinə yapışdırılmasından, hissələrin əli ilə metal şotkalarla, sumbata kağızı və cilalama dairələri ilə texnoloji xəritə üzrə texnoloji ardıcıllığa və emal rejimlərinə əməl etməklə ilkin pardaqlanmasından, keçə dairələrin 30m/san fırlanma sürəti ilə hissələrin cilalama-pardaqlama dəzgahlarında son mərhələ cilalanmasından, pardaqlanmasından, qurudulmasından, təlimata uyğun elektrolitin hazırlanmasından, detalların xüsusi vasitələrə və məftilə asılmasından, vannalara doldurulmasından (indiki halda vannaya), xrom örtüyünün çəkilməsindən sonra onların vannadan çıxarılmasından, isti və soyuq suda yuyulmasından, qurudulmasından, məftil və anodların təmizlənib düzəldilməsi, cihazlara qoyulan iş rejiminə riayət edilməsi, örtükdən sonra detalların konservasiyası (ləkələrdən qorunması) və qablaşdırılması, zay örtüklərin çıxarılması və mövcud təlumata əsasən hissələrin örtüyünün bərpasından (Əgər zay örtüklər olarsa) ibarətdir. Cavabdeh orqan mövqeyini əsaslandırarkən nəzərə almalı idi ki, metal emalı metal və tökmələrin forma, ölçü və keyfiyyətinin dəyişdirilməsi üzrə texnoloji prosesdir və bu proses müxtəlif istehsalat sahələrində və müxtəlif metodlarla, o cümlədən halvanika metodu ilə həyata keçirilə bilər. Beləliklə yuxarıda sadalananlardan da göründüyü kimi, iddiaçının 17.01.1991- 16.09.2005 və 01.05.2006-18.07.2014-cü illərdə işlədiyi halvanik peşəsinin AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 sayli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır elan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının XİV Bölməsinin 2150500a-11629 şifrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.7-ci Bölməsinin “a” bəndinə uyğun olması faktı iş materialları ilə öz təsdiqini tapır. Beləliklə, iddiaçı əmək fəaliyyətinin 14 il 07 ay 29 gününü isə əmək şəraiti zərərli və ağır olan işlərdə işləməklə, 01.01.2006-cı ilə qədər 14 il 07 ay 29 gün güzəştli iş stajı mövcuddur. (17.07.1998 -22.10.1982 = 14 il 07 ay 29 gün) Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 05 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2- 1(112)-2816/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Azər Hüseynov Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar