Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-835/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X3 və MəhərrəmovaŞeyda Ədalət qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı şəxsiyyət vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3003/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3003/2019 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Beynəlxalq Milli Aviasiya Təşkilatının 9303 nömrəli sənədinin İV-60-ci səhifəsində fotoşəkillərin yol verilən nümunələrinə uyğun şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki, islam dininə ibadət edir. Bununla əlaqədar olaraq iddiaçının baş örtüyü gündəlik həyat tərzinə çevrilmiş, cəmiyyətin ayrı-ayrı üzvləri isə bu qeyimdə iddiaçı ilə ünsiyyətdə olub və bu şəkildə yadda qalmaqdadır. Şəxsiyyət vəsiqəsini almaq üçün müraciət etdikdə cavabdeh imtina məktubu vermişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.10-cu bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 3.8-ci bəndinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkilinin çəkilməsi müvafiq olaraq vəsiqə və pasport verən orqanda həyata keçirilir. Həmin təşkilatın 9303 nömrəli sənədinin İV-60 səhifəsində fotoşəkillərin yol verilən nümunələrində qeyd edilən fotoşəkillər iddiaçının həyat tərzinə tam uyğun olmasına baxmayaraq cavabdeh şəxsiyyət vəsiqəsinin verilməsindən imtina etmişdir. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən nümayəndənin izahatı: İddiaçı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, o, uzun illərdir İslam dininə ibadət edir və bu dinin tələblərinə uyğun olaraq geyirin, baş örtüyündən istifadə edir. Bu geyim onun həyat tərzinə çevirilib və ətraf insanlar onu bu geyimi ilə assosasiya edir, yadda saxlayıb. Həm milli qanunvericiliklə, həm də Beynəlxalq Mülki Aviasiya Təşkilatının sənədlərində nəzərdə tutulan istisna hal – dini adətə uyğun baş geyimi ilə fotoşəkildən istifadə etməklə şəxsiyyət vəsiqəsi verilməsi – ona münasibətdə tətbiq edilməlidir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübutlar qismində şəxsiyyət vəsiqəsi, fotoşəkillər, cavabdehin imtina məktubu təqdim edilmişdir. Birinci instansiya məhkəməsi təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, uzun illərdir ki, islam dininə ibadət edir, baş örtüyündən istifadə etməklə çəkdiyi fotoşəkili üzərində yerləşdirilməklə ona şəxsiyyət vəsiqəsinin verilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçının təqdim etdiyi fotoşəkil qanun tələblərinə cavab vermədiyi üçün şəxsiyyət vəsiqəsinin verilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi aşağıda göstərilənlərə görə iddiaçının iddiasını haqlı hesab etməmişdir. Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra— şəxsiyyət vəsiqəsi).Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsin möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə, onun sahibi verən dövlət orqanına dərhal müraciət etməlidir. Şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAOnun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə görə (9303 nömrəli sənədin İV- cü fəslinin 11-ci əlavənin 1.9-cü bəndinə və İV-60 səhifəsində olan fotoşəkillərə aid təlimatlandırıcı materiallarına görə) şəxsin şəxsiyyətini müəyyən edən sənədləri üçün fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsi yolverilməzdir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 sənədin İV-60-cı səhifəsində göstərilmiş başörtüklü fotoşəkilin nümunəsi ilə əlaqədar olaraq həmin sənəddə xüsusilə qeyd olunmuşdur ki, belə fotoşəkillər yalnız səlahiyyətli dövlət orqanları tərəfindən konkret istisna hallar (dini adətlər, tibbi göstəricilər və mədəni ənənələr) nəzərdə tutulduqda yolveriləndir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda qeyd edilmiş istisna hallar nəzərdə tutulmamışdır. Beləliklə həm Azərbaycan Respublikasının qanunvericiliyində, həm Beynəlxalq Mülki Aviasiya Təşkilatının sənədlərində, şəxsin şəxsiyyətini müəyyən edən sənədləri üçün (şəxsiyyət vəsiqəsi, pasport və s.) fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi bir qayda olaraq müəyyən edilmişdir. Belə olan halda cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamış, başörtüklü fotoşəkil üzərində olan şəxsiyyət vəsiqəsinin verilməsindən iddiaçıya verilmiş imtina ilə ona qarşı qanunsuz hərəkətsizliyə yol verilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3003/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-835/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-835/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver