Məhkəmə qərarları › İş №2-1(103)-835/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-835/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-835/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrə dəyişiklik edilməsi - əmrdə onun öz xahişi ilə işdən azad olunması qeydinin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrdə dəyişiklik edilməsi – onun öz xahişi ilə işdən azad olunması qeydinin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3492/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1959-cü il təvəllüdlüdür. İddiaçıya məxsus 05.09.1980-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 20.08.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 24.02.2016-cı ildən 13.02.2020-ci il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Zəngilan rayon Məşğulluq Mərkəzinin direktor vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10.01.2020-ci il tarixli **********9 saylı əmri ilə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Şuşa şəhər və Zəngilan rayon Məşğulluq Mərkəzində 01 yanvar 2017-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən və işsizlikdən sığorta fondundan ayrılan vəsaitlərin icrası vəziyyətinin auditi məqsədi ilə audit qrupu yaradılmış və audit müddəti 13 yanvar 2020-ci il tarixdən 12 gün müddətinə müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Zəngilan rayon Məşğulluq Mərkəzinə dövlət büdcəsinə və işsizlikdən sığorta fondundan ayrılan vəsaitlərin icrası vəziyyətinin auditinə dair 24.01.2020-ci il tarixli akta əsasən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Zəngilan rayon Məşğulluq Mərkəzində 01.01.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək əhatə olunan dövr üzrə dövlət büdcəsindən və işsizlikdən sığorta fondundan ayrılan vəsaitlərin icrası vəziyyətinin aiditi aparılmışdır. Audit tədbiri 13.01.2020-ci il tarixdə başlamış, 24.01.2020-ci il tarixdə başa çatmışdır. Audit aktının bir nüsxəsi Mərkəzin direktoru İddiaçı tərəfindən imza edilməklə qəbul edilmişdir. İddiaçı tərəfindən yazılmış 24.01.2020-ci il tarixli izahatdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Zəngilan rayon Məşğulluq Mərkəzinin 01.01.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək olan dövrünün araşdırılması zamanı Mərkəz üzrə bir sıra nöqsanlar aşkar edilmişdir. Həmin nöqsanlarla tam razıdır və qeyd edilən nöqsanları qısa müddət ərzində aradan qaldırıcağına və gələcəkdə təkrarlanmamasına söz verir. Araşdırma onun iştirakı ilə aparılmış və araşdırmanın gedişatından heç bir irad və etirazı yoxdur. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Zəngilan rayon Məşğulluq Mərkəzinə dövlət büdcəsinə və işsizlikdən sığorta fondundan ayrılan vəsaitlərin icrası vəziyyətinin auditin nəticələri barədə” Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov tərəfindən tərtib edilmiş 30.01.2020-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********9 saylı 10 yanvar 2020-ci il tarixli əmrinə əsasən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Zəngilan rayon Məşğulluq Mərkəzinə (bundan-sonra Mərkəz) 01 yanvar 2017-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən və işsizlikdən sığorta fondundan ayrılan vəsaitlərin icrası vəziyyətinin auditi keçirilmişdir. Auditin nəticəsində müəyyən edilmişdir ki, araşdırılan dövrdə rayon üzrə fəaliyyəti olan hüquqi şəxslərin sayına nisbətdə mərkəzə boş (vakant) iş yerləri barədə hesabat təqdim edilən müəssisələrin sayında fərqlər mövcud olmuşdur. Təqdim edilmiş məlumatlara əsasən Mərkəzə hesabat təqdim etməyən müəssisələrə hesabatların təqdim edilməsi məqsədilə auditin əhatə etdiyi dövr ərzində heç bir müəssisəyə bildiriş göndərilməmiş və qanunvericiliyə uyğun cərimə tətbiq edilməmişdir. “İşaxtaran vətəndaşların qeydiyyatı kitabı”ndakı rekvizitlər tam doldurulmamış, bəzi hallarda düzəlişlərə yol verilmişdir. Bundan əlavə bir neçə halda işaxtaran vətəndaşların fərdi qeydiyyat vərəqələrində müvafiq əmrlər qeyd edilməmiş və Mərkəzin möhürü ilə təsdiq edilməmişdir. İşsizlik müavinətinin təyin edilməsi və ödənilməsi zamanı 29.06.2018-ci il tarixədək qüvvədə olmuş “Məşğulluq haqqında” Qanunun 3-cü maddəsinin tələbi nəzərə alınmamış, nəticədə əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə əsasən işlədikləri dövrdə 3 nəfərə 1908,97 manat məbləğində artıq vəsait ödənilmişdir. Artıq ödənilmiş həmin vəsaitdən 1360,0 manatın nağd qaydada bərpası təmin edilmişdir. 29.06.2018-ci il tarixədək qüvvədə olmuş “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4.5.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli, 14 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşsizlərin qeydiyyata alınması Qaydaları”nın 3.2.1-ci bəndinin tələbləri nəzərə alınmadan 2 halda vətəndaşın əlilliyə görə əmək pensiyası hüququ yarandığı halda Mərkəz tərəfindən işsizlik statusu təyin edilərək 1515,55 manat məbləğində artıq işsizlik müavinəti ödənilmişdir. Artıq ödənilmiş həmin vəsaitdən 228,0 manatın nağd qaydada bərpası təmin edilmişdir. İşsizlik müavinətinin məbləği düzgün müəyyələşdirilməməklə 29.06.2018-ci il tarixədək qüvvədə olmuş “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinin tələbləri nəzərə alınmamış, belə ki, vətəndaşın axırıncı iş yeri üzrə orta aylıq əmək haqqı düzgün müəyyən edilməmiş, nəticədə 1 halda 62,40 manat artıq vəsait ödənilmişdir. Artıq ödənilmiş həmin vəsaitin tam olararaq nağd qaydada bərpası təmin edilmişdir. İşsizlik müavinətinin təyin olunması məqsədilə 1 halda təqdim olunmuş arayışda qeyd olunan əmək haqqı barədə məlumatlar Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində təsdiqini tapmamış, nəticədə 540,0 manat artıq ödənişə yol verildiyi müəyyən edilmişdir. Beləliklə, işsizlik müavinətlərinin təyin edilməsi, hesablanması və ödənilməsinin seçmə üsulla araşdırılması nəticəsində cəmi 7 halda 4026,92 manat artıq vəsaitin ödənildiyi müəyyən edilmiş, həmin vəsaitdən 1650,40 manatın nəğd qaydada bərpası təmin edilmiş, qalan 2376,52 manat vəsaitin bərpa olunması üçün Mərkəzin rəhbərliyinə müvafiq tapşırıq verilmişdir. Qeyd olunanlarla yanaşı bəzi hallarda işsizlik müavinəti təyin olunan şəxslərin fərdi qeydiyyat vərəqələrində iş yerinə göndərilşlərin verilməsi, işsizlik müavinətinin təyin olunması və ödənilməsi barədə müvafiq qeydlər aparılmamış və fərdi qeydiyyat vərəqələri Mərkəzin direktoru tərəfindən imzalanmamışdır. Aktivləri almış şəxslərin təsərrüfatlarının seçmə qaydada 23-nün monitorinqi zamanı 3 nəfər ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurmaqla və ya həmin əmlakdan təyinatı üzrə istifadə etməməklə “Məşğulluq haqqında” Qanunun 24.4-cü maddəsinin tələbinə əməl etməmişdir (qeyd olunan şəxslərdən 1 nəfərə verilmiş 8 baş xırdabuynuzlu, 1 nəfərə verilmiş 2 baş xırdabuynuzlu və 1 nəfərə verilmiş 1 baş iribuynuzlu heyvanın tələf olduğu bildirilmiş, bu barədə müvafiq sənədləşmə işləri aparılmamışdır). Özünüməşğulluğa cəlb olunmuş və aktivlərlə təmin olunmuş 3 nəfərə işlədiyi dövrdə (əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə əsasən) aktivlərin verildiyi müəyyən olunmuş, bununla da “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinin tələbi nəzərə alınmamışdır. İşlədiyi dövrdə aktivlərlə təmin olunmuş şəxslərə verilmiş aktivlərin dəyərinin (12249,0 manat) mövcud qanunvericiliyə müvafiq qaydada bərpasının təmin edilməsi Mərkəzin rəhbərliyinə tapşırılmışdır. Məşğulluq Mərkəzi tərəfindən bəzi hallarda özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət etmiş şəxslərin proqrama uyğun olub-olmadığını təsdiq edən baxış aktları tərtib edilməmişdir. Auditlə əhatə edilən dövr ərzində Mərkəz tərəfindən özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərə təhvil verilmiş aktivlər “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1.4-cü maddəsinin tələbinə əsasən 2 illik müddətdən sonra şəxslərin mülkiyyətinə keçməli olduğu üçün verilmiş aktivlər həmin müddət bitənədək Mərkəzin balansında uçota alınmalı olduğu halda bununla bağlı heç bir tədbir görülməmişdir. Vətəndaşların özünüməşğulluq proqramına cəlb olunması zamanı bəzi hallarda növbəlilik prinsipinə və üstünlük meyarlarına əməl olunmamışdır. Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinə əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Mərkəzin direktoru İddiaçı, baş məsləhətçi-mühasib X1, baş məsləhətçi X2 və məsləhətçi X3 barəsində müvafiq intizam tədbirlərinin tətbiqi ilə bağlı məsələlərin həll edilməsi təklif edilmişdir. Cavabdeh **********8 saylı 13.02.2020-ci il tarixli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə əsasən əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Zəngilan rayon Məşğulluq Mərkəzində direktor vəzifəsində qulluq keçən İddiaçı 13.02.2020-ci il tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş və onunla 08.12.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh **********3 saylı 17.02.2020-ci il tarixli “İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında” Cavabdeh 13 fevral 2020-ci il tarixli, **********8 nömrəli əmrində dəyişiklik edilməsi haqqında” əmrinin surətindən görünür ki, “İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında” Cavabdeh 13 fevral 2020-ci il tarixli **********8 nömrəli əmrinin 1ci hissəsindən “öz arzusu ilə” sözləri çıxarılmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 ildir ki, bu sahədə müxtəlif vəzifələrdə çalışmışdır. 01 yanvar 2017-ci ildən Zəngilan rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləyir. İşlədiyi müddət ərzində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş, bu müddət ərzində bir dəfə olsun heç bir inzibati tənbeh almamışdır. Zəngilan rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin olunduqdan və Mərkəz yeni binaya köçdükdən sonra o, dəfələrlə X6 Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya sisteminə qoşulmaq üçün müraciət etmiş, lakin bu müddət ərzində müraciəti barədə heç bir tədbir görülməmişdir. 13 yanvar 2020-ci il tarixdə Cavabdeh yanında Dövlət Məşğulluq Xidmətindən ona zəng vurularaq ona ərizə yazıb öz xahişi ilə işdən çıxmasının bildirildiyini və bunun ardınca həmin gün saat 11:12-də (050)-333-44-40 nömrəli telefonla (Məşğulluq Xidməti baş İdarəsinin sektor müdiri Əli Bürcəliyev) onun mobil telefonuna ərizənin formasını yazıb göndərmiş və bildirmişdir ki, bu formada ərizə yazmasa onu işdən azad edəcəklər. Bundan bir gün sonra Cavabdehndən auidit yoxlaması gəlmişdir. Cavabdeh **********9 saylı 10 yanvar 2020-ci il tarixli “Auidit qrupunun yaradılması haqqında” əmrdə göstərilmişdir ki, Cavabdeh yanında Dövlət Məşğulluq Xidmətinin Şuşa şəhər və Zəngilan rayon Məşğulluq Mərkəzinin 01.01.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən və işsizlikdən sığorta fondundan ayrılan vəsaitlərin icrası vəziyyətinin auditi məqsədilə audit yoxlaması keçirilsin. Auidit yoxlamasından sonra həm Əmək Məcəlləsinin, həm də "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Belə ki, yoxlamanın nəticəsi olaraq ondan izahat alınmamışdır. Bundan sonra onun işdən azad olunmağı barədə **********8 saylı 13 fevral 2020-ci il tarixli əmr verilmişdir. Barəsində verilmiş bu əmr qanunsuz və əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı 13 fevral 2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6cı maddəsinə (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə) əsasən işdən azad edilmişdir. İddiaçı işdən azad edilməsinə əsas Cavabdeh Aparatının Daxili nəzarət və audit şöbəsinin **********2 saylı 30 yanvar 2020-ci il tarixli arayışı olmuşdur. Məruzədən görünmüşdür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********9 saylı 10 yanvar 2020-ci il tarixli əmrinə əsasən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Zəngilan rayon Məşğulluq Mərkəzinə 01 yanvar 2017-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən və işsizlikdən sığorta fondundan ayrılan vəsaitlərin icrası vəziyyətinin auditi keçirilmişdir. Audit tədbirinin keçirilməsi zamanı seçmə qaydada təqdim olunmuş göstəricilərin dövlət büdcəsindən və işsizlikdən sığorta fondundan ayrılmış vəsaitlər üzrə istifadəsinin təsdiq edilmiş göstəricilərə və müvafiq qanunvericilik aktlarına uyğunluğu, işsizlik müavinətləri, işsizlikdən sığorta ödənişlərinin təyinatı və ödənişinin aparılması, özünüməşğulluq proqramı çərçivəsində aktivlərin paylanması və istifadə vəziyyəti, peşə hazırlığı kurslarının təşkili, tədbirlərin keçirilməsi, daxil olmuş müraciətlərə baxılması və əvvəlki nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması vəziyyəti yoxlanılmışdır. Bununla bağlı iddaçının yazılı izahatı alınmış və iddiaçı izahatında əməllərini etiraf etmişdir. Yoxlama nəticəsində aşkar olunmuş pozuntular səbəbi ilə İddiaçı dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilmişdir. İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında 13 fevral 2020-ci il tarixli **********8 nömrəli əmrdə texniki səhv olduğundan 17 fevral 2020-ci il tarixli **********3 nömrəli əmrlə ona dəyişiklik edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3492/2020 saylı 10 noyabr 2020-ci il tarixl qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini və işə baxan hakim barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qərar maddi və prosessual hüquq normalarının kobud şəkildə və qəsdən pozuntusu ilə qəbul edilmişdir. Qərar qərəzlidir. 24.01.2020-ci il tarixdə saat 21:00 radələrində audit yoxlaması aparan şəxs tərəfindən X8 aparılan yoxlama sənədlərinin arasından hazır izahatları çıxarılmış ona və daha 3 nəfər işçiyə verərək adları dəyişərək köçürüb təhvil vermək xahiş edilmişdi. O da tələsik 4 cümləlik izahatı yazaraq həmin şəxsə vermişdi. Audit yoxlamasında göstərilən kifayət qədər pozuntuya 4 cümləlik izahatda təbii ki, cavab vermək olmazdı. O, 30.01.2020-ci il tarixli əmri aldıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Audit şöbəsinə, Məşğulluq Mərkəzinə nöqsanların yaranmasının subyektiv səbəbləri barədə geniş izahat yazaraq göndərmişdi. Lakin onların məqsədi onu şərləyib işdən çıxarmaq olduğu üçün onun əsl izahatı nəzərə alınmamışdı. Yoxlama 01.01.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək olan dövrü əhatə edirdi. Halbuki 2018-ci ildə bir dəfə, 2019-cu ildə isə iki dəfə yoxlama keçirilmiş və heç bir nöqsan aşkar olunmamışdı. Onun dövlət qulluğuna xitam verilməsi ilə əlaqədar məhkəmədə verdiyi izahat məhkəmə qərarında əks olunmamışdı. Belə ki, o, məhkəməyə işdən çıxmağı üçün ona edilən təzyiqləri əks etdirən sübutları təqdim etmişdi. Əvvəlki əmrə dəyişiklik edilməsi barədə yeni əmrin 17 fevral 2020-ci il tarixdə verilməsi tamamilə yalandır. Əgər həmin əmr göstərilən 17 fevralda verilibsə, nə üçün həmin əmr ona təqdim edilməmişdi. 13 fevral 2020-ci il tarixli **********8 saylı əmrdə dəyişiklik edilməsi barədə 17 fevral 2020- ci il tarixli **********3 saylı əmr göstərildiyi kimi, 17 fevral 2020-ci il tarixdə deyil, son günlər hazırlanmışdır. Hətta əsassız olaraq vermək istədikləri inzibati tənbehin verilməsi üçün tələb olunan 1 (bir) ay müddət keçdiyi üçün cavabdeh bu saxtakarlığa əl atmışdır. Əmrlərin sayına diqqət yetirilsə, bu saxtakarlığı asanlıqla görmək olar. Belə ki, təqdim olunmuş sənəddən belə görünür ki, üç gün ərzində Cavabdeh tərəfindən 235 əmr verilmişdir. Onun tutduğu vəzifədən azad edilməsi haqqında Cavabdeh 13 fevral 2020-ci il tarixli **********8 saylı əmrində dəyişiklik edilməsi haqqında **********3 saylı 17 fevral 2020ci il tarixli Əmrin surəti yalnız məhkəmə prosesində ona təqdim olunmuşdur. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini, apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək iddiaya qarşı etirazın məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdi ki, İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında 13 fevral 2020-ci il tarixli **********8 nömrəli əmrdə texniki səhv olduğundan 17 fevral 2020-ci il tarixli **********3 nömrəli əmrlə ona dəyişiklik edilmişdir. Xitam əmri 13 fevral 2020-ci il tarixdə Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 183 nömrəli 6 iyun 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydası, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a uyğun Əmək müqaviləsi bildirişi Altsisteminə daxil edilmişdir. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi, yalnız kağız daşıyıcısında texniki səhvə yol verilmişdir və “İnzibati icraat” haqqında Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə uyğun olaraq bu səhv aradan qaldırılmışdır. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı 08.12.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Zəngilan rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. Fəaliyyəti dövründə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********9 saylı 10.01.2020-ci il tarixli əmrinə əsasən audit qrupu yaradılmış və Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Zəngilan rayon Məşğulluq Mərkəzində 01 yanvar 2017-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən və işsizlikdən sığorta fondundan ayrılan vəsaitlərin icrası vəziyyətinin auditi aparılmış, aiditin nəticələri ilə bağlı 24 yanvar 2020-ci il tarixli akt tərtib edilmişdir. Aktda aşkar edilmiş nöqsan və pozuntular qeyd olunmuşdur. İddiaçı aktla tanış olaraq aşkar edilmiş nöqsanlarla razı olduğunu, onların qısa müddət ərzində aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına söz verməsi məzmununda müvafiq izahat vermişdir. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Zəngilan rayon Məşğulluq Mərkəzinə dövlət büdcəsinə və işsizlikdən sığorta fondundan ayrılan vəsaitlərin icrası vəziyyətinin auditin nəticələri barədə” Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov tərəfindən tərtib edilmiş **********2 saylı 30.01.2020-ci il tarixli arayışda göstərilən nöqsanlara əsasən cavabdeh tərəfindən İddiaçı dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə istinad edilməklə xitam verilmişdir. Cavabdehin İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında **********8 saylı 13 fevral 2020-ci il tarixli əmrində texniki səhv olduğundan **********3 saylı 17 fevral 2020-ci il tarixli əmrlə həmin əmrə dəyişiklik edilmişdir. Hazırda iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13.02.2020-ci il tarixli əmrinin və həmin əmrə dəyişiklik edilməsi haqqında **********3 saylı 17.02.2020-ci il tarixli əmrində dəyişiklik edilməsi - əmrdə İddiaçı öz xahişi ilə işdən azad olunması qeydinin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı barəsində mübahisəli əmr qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin normalarına riayət edilməsinə və hər hansı bir maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halının müəyyən edilmədiyinə istinad edərək iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, 30.06.2020-ci il tarixədək qüvvədə olmuş “Cavabdeh yanında Dövlət Məşğulluq Xidməti haqqında” Əsasnaməyə əsasən Xidmətin fəaliyyət istiqamətləri Azərbaycan Respublikasında sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsi və işsizliyin yaranması hallarının qarşısının alınması, əhalinin məşğulluğunun təmin olunması sahəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməkdən; qanunla müəyyən olunmuş qaydada işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədilə aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsini təmin etməkdən; qanuna uyğun olaraq, sığorta ödənişinin təyin olunmasını təmin etməkdən və ödənilməsini təşkil etməkdən; qanunvericiliyə uyğun olaraq müəssisə və təşkilatlarda kvotaya müvafiq olaraq müəyyən edilmiş iş yerləri hesabına sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirməkdən; işəgötürənlərdən boş (vakant) iş yerləri haqqında məlumat toplamaqdan və bu məlumatı istifadə etməkdən; işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədi ilə aktiv məşğulluq tədbirlərinin (əmək yarmarkaları, əmək birjaları və s.) həyata keçirilməsindən ibarət olmuşdur. Həmin Əsasnaməyə əsasən Xidmətin vəzifələri - Azərbaycan Respublikasının “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunları ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsini təmin etmək; Xidmətin illik fəaliyyətini müəyyən edən respublika məşğulluq proqramının layihəsini müvafiq qaydada hazırlayıb Cavabdehnə təqdim etmək; əmək bazarında mövcud vəziyyəti öyrənməklə, iş qüvvəsinə olan tələb və təklifləri təhlil etmək, əmək ehtiyatlarına, işçi qüvvəsinin hərəkətinə dair proqnozlar hazırlamaq, təkliflər vermək; işsizlikdən sığortanın müntəzəmliyinə dövlət təminatı üçün tədbirlər görmək; işsizlikdən sığorta ödənişinin və şəxsin peşə hazırlığına cəlb olunduğu dövrdə təqaüdün vaxtında ödənilməsini təmin etmək; işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi tədbirlərinin maliyyələşdirilməsinə dair proqnozlar hazırlamaq və müvafiq proqramlarda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək; sığortaolunanlara və sığortaedənlərə işsizlikdən sığorta ilə bağlı ödənişsiz məlumat vermək; məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədi ilə sığortaolunanlara peşəyönümünə, peşə hazırlığına və əlavə təhsilə dair pulsuz məsləhət vermək; “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məşğulluğa kömək məqsədilə şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasını təmin etmək; “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, işaxtaran və işsiz şəxslər üçün aktiv məşğulluq tədbirləri həyata keçirmək; işaxtaran və işsiz vətəndaşlar üçün reşəuönümü və məsləhət xidməti, regional tədris mərkəzləri tədris kabinələri və əmək birjaları yaratmaq, özünüməşğulluğa kömək göstərmək; yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə işaxtaranların müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə mülkiyyət formasından asılı olmayaraq müəssisələrdə həmin şəxslərin müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunmasını təmin etmək; sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin və sosial müəssisələr yaratmaq və məqsədli proqramlar həyata keçirmək; “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda sığorta ödənişinin dayandırılması ilə bağlı tədbirlər görmək; işsizlikdən sığorta vəsaitini idarə etmək, həmin vəsaitdən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məqsədlər üçün və təyinatı üzrə istifadəni təmin etmək; sığorta ödənişlərinin, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirlərin maliyyələşdirilməsini təmin etmək; “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar izahatlar vermək; əhalinin məşğulluğu və əmək bazarının vəziyyəti barədə kütləvi informasiya vasitələrində məlumatlar dərc etdirmək; qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh tədbirlərinin tətbiqini, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş hallarda təyinatı üzrə müvafiq vəsaitin köçürülməsinə nəzarəti təmin etmək; əhalinin məşğulluğu haqqında statistik hesabatlan aidiyyəti üzrə müvafiq dövlət orqanlarına təqdim etmək; Xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən müasir informasiya texnologiyaları ilə təmin edilməsi barədə təkliflər vermək; vətəndaşların qəbulunu təşkil etmək, ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin etmək; qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirməkdən ibarətdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Zəngilan rayon Məşğulluq Mərkəzinin direktorunun qulluq funksiyalarından görünür ki, direktor Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir; Mərkəzin qarşısında duran vəzifələrin yerinə yetirilməsini, Dövlət Məşğulluq Xidmətinin rəhbərliyinin tapşırıqlarının vaxtında və keyfiyyətlə icrasını təmin edir; özünüməşğulluğun təşkili ilə bağlı işsiz kimi qeydiyyata alınmış şəxslərə iş axtarışı və işlə təmin edilməsi imkanlarının müəyyən olunması məqsədilə məsləhətlər və məlumatlar verir; Mərkəzə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir; Mərkəzdə əmək intizamına ciddi riayət olunmasını təmin edir, işçilərin mükafatlandırılması, həvəsləndirilməsi, eləcə də əmək və icra intizamını pozmuş işçilərin inzibati qaydada cəzalandırılması haqqında Dövlət Məşğulluq Xidmətinin rəhbərliyi qarşısında məsələ qaldırır; Mərkəzin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır; Mərkəzə məxsus inventar və avadanlıqların qorunub saxlanmasına, səmərəli istifadə olunmasına məsuliyyət daşıyır və s.; Mərkəz üzrə daxil olan məktub, ərizə, şikayət və təkilflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir; Mərkəzin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir; Mərkəzdə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir; Mərkəzin fəaliyyəti barədə hesabat verir; Rəhbərliyin tapşırığı ilə tədbirlərdə Nazirliyi təmsil edir; vətəndaşların qəbulunu təşkil edir, daxil olmuş ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin edir, o cümlədən internet saytı vasitəsilə cavablandırmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada digət tədbirlər görür; fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirir. “Dövlət qulluğu haqqında” Qanunun: 18-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirmək; rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirmək; dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etmək vəzifələrini daşıyırlar; 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir; 33.1-ci maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər; 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi (25.2.6) intizam tənbeh tədbiri tətbiq edilə bilər; 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud (1) və ya mütəmadi olaraq pozuntulara yol verildikdə (2) və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə (3) tətbiq oluna bilər; 25.11-ci maddəsinə əsasən dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Qeyd olunan normaların tələbindən göründüyü kimi, dövlət qulluqçusu tərəfindən dövlət qulluqçusu vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi pozuntulara yol verildikdə və qanunla nəzərdə tutulmuş məhdudiyyətlərə əməl olunmadıqda dövlət qulluqçusu dövlət qulluğundan azad edilə bilər və bu halda onun dövlət qulluğuna xitam verilir. Hazırki işdə iddiaçının dövlət qulluğuna xitam verilməsinin əsasını təşkil edən hallar araşdırılarkən müəyyən olunmuşdu ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********9 saylı 10.01.2020-ci il tarixli əmrinə əsasən audit qrupu yaradılmış və Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Zəngilan rayon Məşğulluq Mərkəzində 01 yanvar 2017-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən və işsizlikdən sığorta fondundan ayrılan vəsaitlərin icrası vəziyyətinin auditi aparılmış, aiditin nəticələri ilə bağlı 24 yanvar 2020-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən aşkar edilmiş pozuntular hüquqi şəxslərin sayına nisbətdə mərkəzə boş iş yerləri barədə hesabat təqdim edən qurumların uçotunun dəqiq aparılmaması, müvafiq hesabat təqdim etməyən müəssisələrə bildiriş göndərilməməsi və onlara qanunvericiliyə uyğun cərimə tətbiq edilməməsi, qeydiyyat kitabındakı rekvizitlərin tam doldurulmaması, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə düzgün riayət edilməməsi nəticəsində artıq ödəmələrin aparılması, sənədləşdirilmə işlərinin tələb olunan səviyyədə tərtib edilməməsindən ibarət olmuşdur. Audit yoxlaması nəticəsində aşkar olunan pozuntularla bağlı faktlar apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş müvafiq sənədlərlə də bir daha öz təsdiqini tapmışdır. Belə ki, Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Zəngilan rayon Məşğulluq Mərkəzi üzrə 01.01.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək olan dövrdə əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə əsasən işləyən vətəndaşlara təyin edilmiş və ödənilmiş işsizlik müavinətləri barədə məlumatdan görünür ki, qeyd edilmiş dövrlər üzrə 1908.97 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. 01.01.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək olan dövrdə əlilliyə görə pensiya alan vətəndaşlara təyin edilmiş və ödənilmiş işsizlik müavinəti barədə məlumatdan görünür ki, qeyd edilmiş dövrlər üzrə 1515.55 manat, müavinətin məbləğinin səhv hesablanması nəticəsində artıq ödənilmiş işsizlik müavinəti barədə məlumata əsasən 62.40 manat və müavinətin məbləğinin hesablanması üçün təqdim edilmiş əmək haqqı arayışının DSMF-nin müvafiq şöbəsində təsdiqini tapmaması nəticəsində artıq ödənilmiş işsizlik müavinəti barədə məlumata əsasən 540.00 manat məbləğində artıq pul vəsaitlərinin ödənildiyi müəyyən olunur. 24-01-20 saylı ödəniş tapşırığlarından isə görünür ki, işsizliyə görə artıq ödənilmiş 62.4 manat məbləğində pul vəsaiti X7, 100 manat məbləğində pul vəsaiti isə X10 tərəfindən geri qaytarılmışdır. Beləliklə, iddiaçının xidməti vəzifəsinin icrası ilə bağlı yol verdiyi bütün nöqsanlar xidmətin qarşısında qoyulan məqsədlərin və vəzifələrin tələb olunan səviyyədə yerinə yetirilməsinə yönəlməmişdir və bu istiqamətdə kobud pozuntu xarakteri daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən işçi tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi, qanunvericilik əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsini göstərmişdir. İşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə, onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa düşülməlidir. Başqa sözlə, işçi tərəfindən yol verilmiş səhvlər nəticəsində işəgötürənin qanuni mənafeyinə, yəni şəxsi, əmlak və işgüzar nüfuzuna ciddi xələl gətirilməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Qeyd olunması zəruridir ki, iddiaçı işində yol verilmiş nöqsanların mövcudluğunu istər audit yoxlamasının aparılması zamanı verdiyi izahatında, istərsə də məhkəmə baxışı zamanı verdiyi izahatlarında etiraf etmişdir. Bununla da məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı barəsində cavadeh tərəfindən qəbul edilmiş əmr qanunvericiliyin tələbləri baxımından qanuni olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil etdiyindən və bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. O ki qaldı iddiaçının apellyasiya şikayətinin sonunda göstərdiyi “işə birinci instansiya qaydasında baxmış hakim barəsində xüsusi qərardad çıxarılması” barədə tələbinə, kollegiya nəzərə alır ki, belə tələb İPM-nin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxıla bilən tələblər sırasında nəzərdə tutulmadığı üçün həmin tələbə baxılmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3492/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3492/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüsynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar