Məhkəmə qərarları › İş №2-1(103)-835/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-835/2022

16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-835/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (xx.xx.1951-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2728/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 27 yanvar 2020-ci il tarixdə cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə təyin edilmiş əmək pensiyasının əmək haqqına uyğun yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2002-ci ildə ona 51 yaşında 3 uşaqlı ana olduğuna görə əmək pensiyası təyin edilmişdir. Pensiya məbləği 30 manat, işlədiyinə görə isə 15 manat alırdı.57 yaşı 2008-ci il oktyabr ayının 10-da tamam olmuşdur. 2008-ci ildən 2009-cu ilə qədər "xxxx" şirkətində Geoloji şöbədə böyük geoloq vəzifəsində işləmişdir. 39 il iş stajı var. Onun 26 ilini təmiz Neft Sənayesində işləmişdir. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək, yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etmiş, lakin orqan imtina etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 2008-ci ildən 2004-2005-ci illərinin əmək haqqı nəzərə alınmaqla əmək haqqının 85%-i həcmində əmək pensiyası təyin edilməsini və yaranmış fərqin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2728/2020 nömrəli qərarı ilə (hakim A.Oruczadə) iddiaçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması barədə iddia tələbi təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu qərarında maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar aydınlaşdırlmamış, iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, qərarda müəyyən olunmuş nəticələr işin hallarına uyğun gəlməmiş və bununla da qərarın apellyasiya qaydasında ləğv olunması üçün əsaslar yaranmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-772/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər V.Məmmədov,V.Baxışova,A.Hüseynov) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-772/2021 nömrəli (mətnə uyğun) iş üzrə 22 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2081/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər Z.Quliyev,R.Nəbizadə,S.Kərimov) iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-772/2021 nömrəli qərarı ləğv edilmiş, İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclaslnda iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq, sədrlik edənin sualına cavab olaraq iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hər hansı ərizə təqdim etməyəcəyini, tələbi ona güzəştli şərtlərlə pensiya təyin edilməsinin olduğunu bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2728/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən apellyasiya instansiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilməmişdir. İş materiallarında olan: - Əli-Bayramlı ŞRPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı qızı Azərbaycan Respublikasının vətəndaşıdır, 1951-ci il təvəllüdlüdür, Əli-Bayramlı şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 15, mənzil 6 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Əli-Bayramlı şöbəsinin 014910 nömrəli pensiyaçının uçot vərəqəsindən görünür ki, İddiaçı Mənsim qızına (mətnə uyğun) 10 oktyabr 2002-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. - SOCAR Baş ofis Mərkəzi Arxivinin 25 oktyabr 2019-cu il tarixli arxiv arayışından görünür ki, xx xxxxxxx 1951-ci il təvəllüdlü İddiaçı xx.xx.1983-cü ildə “Azneftgeofizika” trestinin X1 köçürmə yolu ilə “Şirvanneft” NQÇİnin ETİİS layların nəticələri və təhlili laboratoriyasına geoloq vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1988-ci ildə neft mədən laboratoriyasına mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.1988-ci ildə ətraf mühitin mühafizəsi laboratoriyasına mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.1994-cü ildə ETİİS-yə 13-cü dərəcəli geoloq vəzifəsinə keçirilmişdir.xx.xx.1995-ci ildə aparatda 13cü dərəcəli geoloq vəzifəsinə keçirilmişdir. xx.xx.1996-cı ildə geoloji şöbədə 13-cü dərəcəli geoloq vəzifəsinə keçirilmişdir. ARDNŞ-nin xx.xx.1997-ci il tarixli 158 nömrəli əmrinə əsasən “Şirvanneft” NQÇİ xx.xx.1997-ci il tarixindən ləğv olunmuş və onun bazasında "xxxx" BMMM yaradılmışdır. xx.xx.1997-ci ildən "xxxx" BMMM-də 13-cü dərəcəli geoloq vəzifəsində işini davam etdirmişdir. xx.xx.2006-cı ildə geoloji şöbədə böyük geoloq vəzifəsinə keçirilmişdir. xx.xx.2009-cu ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə uyğun olaraq öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən X2 (mətnə uyğun) ünvanlanmış 10 dekabr 2019-cu il tarixli **********58 saylı məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar 55 yaşına çatdıqda, azı 20 sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəi qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı hissəsində qazma bəndində quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri, mədən-geofiziki partiyalarının rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim olunmuş 30 iyul 1970-ci il tarixli əmək kitabçasında xx.xx.1983-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” NQÇİnin neft mədən və ətraf mühitin mühafizəsi laboratoriyasında mühəndis, geoloji şöbədə geoloq və böyük geoloq vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi sahələr və vəzifələr yuxarıda qeyd olunan sahəyə və vəzifəyə uyğun deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. -1. Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; -2. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən avqustun 1-dək hər il 6 ay artırılır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1951-ci il təvəllüdlüdür, 3 uşaqlı ana olduğuna görə ona 51 yaşından pensiya təyin edilmişdir. İddiaçı əmək kitabçasında qeyd edilən ayrı-ayrı dövrün güzəştli iş stajı nəzərə alınmaqla güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququnun olduğunu bildirir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı 2004-2005-ci illərin əmək haqqı nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını tələb edir. İddiaçı iddia ərizəsində həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 1 nömrəli Siyahı üzrə güzəştli peşədə işləməsini, yaşla bağlı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə edilən əlavənin tətbiq olunmasını vurğulayıb. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki,istər iddiaçının izahatından, istərsə də, işin hazırkı apellyasiya icraatı zamanı təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən edilir ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “məhkəmələr iddiaçının işlədiyi vəzifələrin funksional mahiyyətini araşdırmadan, SOCAR-a bu barədə sorğular vermədən iddiaçının işlədiyi vəzifələrin həmin siyahıda göstərilən vəzifələrə uyğun gəlməməsinə dair gəldiyi nəticə əsaslı sayıla bilməz.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı müvafiq göstərişləri nəzərə alınmış məhkəmə tərəfindən SOCAR –a sorğu ünvanlanaraq, işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə iddiaçının “Şirvanneft” NQÇİ-də, "xxxx" BMMM-də işlədiyi mühəndis, geoloji şöbədə geoloq və böyük geoloq peşələrinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın hansı bəndində uyğun olması, işlədiyi peşələrin kodları (ayrıayrı göstərilməklə), xüsusiyyətləri, xarakteristikası barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Sorğuya cavab olaraq SOCAR**********30490089X00010 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “SOCAR-ın Baş ofisinin Mərkəzi arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1951-ci il təvəllüdlü İddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Elmi tədqiqat və istehsalat işləri sexinin Laylarının nəticələrinin təhlili laboratoriyasında xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək geoloq, Neft-mədən laboratoriyasında xx.xx.1988-ci il tarixdən 01.10. 1988-ci il tarixədək və Ətraf mühitin mühafizəsi laboratoriyasında xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək mühəndis, Geloji şöbədə xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək, Elmi tədqiqat və istehsalat işləri sexində xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, Aparatda xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, Geoloji şöbədə xx.xx.1996-cı ıl tarixdən xx.xx.1997-ci il tarixədək, "xxxx" BMMM-nin Geoloji şöbəsində xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək geoloq, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu tarixədək böyük geoloq vəzifəsində işləmişdir. İddiaçı Elmi tədqiqat və istehsalat işləri sexinin Laylarının nəticələrinin təhlili laboratoriyasında işlədiyi geoloq vəzifəsi, Neft-mədən laboratoriyasında və Ətraf mühitin mühafizəsi laboratoriyasında işlədiyi mühəndis vəzifəsi, Geoloji şöbədə, Elmi tədqiqat və istehsalat işləri sexində, Aparatda, Geoloji şöbədə, "xxxx" BMMM-nin Geoloji şöbəsində işlədiyi geoloq vəzifəsi və böyük geoloq vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №-li Siyahısı»nın «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» bölməsinin 2ci «Neft-qaz və qaz kondensatının hasilatı» yarımbölməsində və «Ümumi peşələr» bölməsində qeyd edilən vəzifələrlə eynilik təşkil etmir.” Eyni zamanda cavab məktubuna Ə.C.Əmirov adına NQÇİ-nin Neft-qaz yataqlarının geologiyası və idarəedilməsi xidmətinin geoloqunun (böyük geoloq da daxil olmaqla), Ə.C.Əmirov adına NQÇİ-nin Sağlamlıq, əməyin təhlükəsizliyi,ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət xidmətinin Ətraf mühitinin mühafizəsi üzrə mühəndisinin (böyük də daxil olmaqla), Ə.C.Əmirov adına NQÇİ-nin Layların,quyuların tədqiqatı və istehsalat işləri sahəsinin Layların və quyuların tədqiqi,işlənməsi və elmi tədqiqat laboratoriyasının geoloqunun (böyük geoloq da daxil olmaqla), Ə.C.Əmirov adına NQÇİ-nin Layların,quyuların tədqiqatı və istehsalat işləri sahəsinin Neftin,qazın və suyun kimyəvi analizi laboratoriyasının mühəndisinin Vəzifə təlimatları əlavə edilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas verən «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №-li Siyahısı»nın «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» bölməsinin 2-ci «Neft-qaz və qaz kondensatının hasilatı» yarımbölməsində və «Ümumi peşələr» bölməsində qeyd edilən vəzifələrlə eynilik təşkil etməmiş, bu səbəbdən iddiaçının hazırkı iddia tələbi əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2728/2020 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2728/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar