Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-835/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3499/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 02 oktyabr 2023-cü il tarixli, İQ-61/5 nömrəli qərarının ləğv edilməsi, qaçqın statusu verilməsi haqqında vəsatətin təmin edilməsi, iddiaçı və ailə üzvlərinə (arvadına və uşaqlarına) "Qaçqın vəsiqəsi"nin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə onlara “qaçqın statusu verilməsi haqqında” vəsatətlə 06 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Cavabdeh isə vəsatəti təmin etməmiş və buna dair 02 oktyabr 2023-cü il tarixli, İQ-61/5 nömrəli qərarı qəbul etmişdir. İddiaçı hesab edir ki, cavabdehin 02 oktyabr 2023-cü il tarixli, İQ-61/5 nömrəli imtina qərarı ləğv edilməli və vəsatətin təmin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı vəsatəti onunla əsaslandırmışdır ki, vətəndaşı olduqları Respublikada iddiaçı və ailəsinin həyatı təhlükəsizliyinin təminatı yoxdur, hətta təhdid edilirlər. Pakistan hökuməti isə molla rejiminin qərarlarına qarşı heç bir iş görmək iqtidarında deyil. Cavabdeh orqan iddiaçının vəsatətinin dəlillərini görməməzlikdən gəlmiş, hətta iddiaçının dediklərini təhrif etmişdir. Guya o, Pakistanda heç bir təqibə məruz qalmamışdır. Halbuki, iddiaçı və ailəsi Pakistanda hər addımda təqib, təhdid altında yaşamaq məcburiyyətində qaldığından Azərbaycan Respublikasına pənah gətirmişlər. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-3499/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Qaçqın statusu verilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərarın ləğv edilməsi, vəsatətin təmin edilməsi və "Qaçqın vəsiqəsi"nin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair” iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 02 oktyabr 2023-cü il tarixli, İQ-61/5 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi barədə qərarı ləğv edilməsini, qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilməsini və "Qaçqın vəsiqəsi"nin verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsinə 2-1(112)-3499/2024 nömrəli inzibati iş olaraq baxan məhkəmə iddia ərizəsini təmin etməyib və bu barədə 03 sentyabr 2024-cü il tarixli qərar qəbul etmişdir. Məhkəmənin qənaəti belə olmuşdur ki, vəsatətinə cavabdeh özünün səlahiyyətləri çərçivəsində qanunvericiliyə uyğun qaydada baxıb, ondan alınan müsahibələr zamanı verdiyi izahatlardan onun təhdid və təqibə məruz qaldığı aşkar olunmayıb və bunu təkzib edən sübutlarını da məhkəməyə təqdim edə bilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti yetərli araşdırmanın aparılmamasından irəli gəlir. Belə ki, işin içərisində olan sənədlər vətəndaşı olduğu ölkədə (Pakistanda) təhlükəsizliyinin təmin olunmamasına sübutdur. Onun vətəndaşı olduğu ölkədə həyatının və azadlığınıın təhlükədə olması aşkardır, təqdim etdiyi sənədlər də buna sübutdur. İPMyə görə məhkəmə proses iştirakçılarının izahatlari, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olmaqla yanaşı, müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştifakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Birinci instansiya məhkəməsi isə bu tələblərə əməl etmədən qərar qəbul edib. Hətta o, fikirlərini məhkəmənin diqqətinə çatdıra bilməsi üçün tərcüməçi ilə təmin olunmadan məhkəmə iclası keçirilib. Halbuki, qanunvericiliyə görə işdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-835/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3499/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərarı İddiaçı arvadı - xx.xx.1990-cı il təvəllüdlü Tanzila Furqana aid hissədə ləğv edilmiş və iddia tələbi həmin hissədə mümkün sayılmamışdır. Hazırda Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3499/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərarının İddiaçı, oğlu xx.xx.2012-ci il təvəllüdlü İrfan Haider, qızı - xx.xx.2018-ci il təvəllüdlü İrha Noor və qızı xx.xx.2022-ci il təvəllüdlü Zayesha Furqana aid hissəsindən verilmiş apellyasiya şikayətinə baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti İddiaçı və onun uşaqlarına aid hissədə təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-61/5 nömrəli 02 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-cı bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq Pakistan İslam Respublikasının vətəndaşı İddiaçıya və onun ailə üzvlərinə (arvadı xx.xx.1990-cı il təvəllüdlü Tanzila Furqan, oğlu - xx.xx.2012-ci il təvəllüdlü İrfan Haider, qızları - xx.xx.2018-ci il təvəllüdlü İrha Noor və xx.xx.2022-ci il təvəllüdlü Zayesha Furqan) qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı (Pasport: № RV1798863) ailə üzvləri (arvad - xx.xx.1990-cı il təvəllüdlü Tanzila Furqan, oğlu - xx.xx.2012-ci il təvəllüdlü İrfan Haider, qızları - xx.xx.2018-ci il təvəllüdlü İrha Noor və xx.xx.2022-ci il təvəllüdlü Zayesha Furqan) ilə birlikdə 6 iyul 2023-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, onun və ailə üzvlərinin adına 81-2023 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və ailə üzvü ilə müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizəanketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasında anadan olduğunu, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Sialkot şəhərində orta təhsil aldığını, xüsusi bir peşəsinin olmadığını, 2014-cü ilə qədər fəhlə işlədiyini, 2014-cü ildən taksi sürücüsü kimi çalışdığını söyləmişdir. Ailə vəziyyəti barədə məlumat verərək ərizəçi evli olduğunu, valideynlərinin, 1 qardaş və 3 bacısının Pakistanın Sialkot şəhərində yaşadığını, arvadı və 3 uşağının isə hazırda onunla birlikdə Azərbaycan Respublikasında yaşadıqlarını qeyd etmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən ərizəçi 2011-ci ildə Tanzila Furqan ilə öz istəyi ilə ailə qurduğunu, dini nikah bağladığını, lakin arvadı sünni təriqətinin əhli hədis qoluna mənsub olduğu üçün, arvadının qohumlarının bu evliliyə etiraz etdiklərini, bu səbəbdən də arvadının qohumları ilə aralarında narazılıqlar yarandığını söyləmişdir. İddiaçı bu səbəbdən də 2012-ci ildə Kəraçi şəhərinə köçdüklərini, təxminən 5 il orada yaşadıqdan sonra Lahor şəhərinə getdiklərini, 4-5 il orada yaşadıqdan sonra Azərbaycan Respublikasına gəlmək qərarına gəldiklərini, 31 may 2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə ölkəyə daxil olduqlarını bildirmişdir. Ərizəçinin arvadı Tanzila Furqan ilə keçirilən müsahibə zamanı o, ərinin dediklərini təsdiq edərək öz qohumlarının onun evliliyindən narazı olduqlarını, aralarında yaranan bu narazılıq səbəbindən də ölkəsinə qayıtmaq istəmədiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı dediklərindən ölkəsində yaşadığı müddət ərzində heç bir ciddi təhdid və təzyiqə məruz qalmadığı, ailə münaqişəsi zəminində arvadının qohumları ilə münasibətlərinin yaxşı olmaması səbəbindən ölkəsində yaşamaq istəmədiyini bildirmişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, dininə, siyasi əqidəsinə görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 2 oktyabr 2023-cü il tarixli, 18 saylı protokolu). “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3-cü bəndinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. 7-ci bəndinə əsasən "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. 8-ci bəndinə əsasən müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. 9-cu bəndinə əsasən “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. İddia tələbindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 02 oktyabr 2023-cü il tarixli, İQ-61/5 nömrəli qərarının ləğv edilməsi, qaçqın statusu verilməsi haqqında vəsatətin təmin edilməsi, iddiaçı və ailə üzvlərinə (arvadına və uşaqlarına) "Qaçqın vəsiqəsi"nin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-835/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3499/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərarı İddiaçı arvadı - xx.xx.1990-cı il təvəllüdlü Tanzila Furqana aid hissədə ləğv edilmiş, iddia tələbi həmin hissədə mümkün sayılmamışdır. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçının cavabdehə müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, təqdim edilmiş sənədlərin surətləri inzibati icraata dair işə əlavə edilmiş, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibə keçirilmiş, inzibati icraatın nəticəsi olaraq vəsatətin təmin olunmaması, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə qərar qəbul edilmişdir. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Müsahibə zamanı iddiaçı ailə münaqişəsi zəminində arvadının qohumları ilə münasibətlərinin yaxşı olmaması səbəbindən ölkəsində yaşamaq istəmədiyini bildirmişdir. İş materialların ilə müəyyən edilir ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyətinə, dini etiqadına, siyasi əqidəsinə görə təqib olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin qeydiyyatı və müsahibəsi zamanı gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə təqib olunmasının təsdiq edilməsi üçün yetərli sayıla bilməz. Məhkəməyə təqdim edilmiş qanunsuz hesab edilməsi tələb edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçının ona qaçqın statusunun verilməsi ilə bağlı istinad etdiyi dəlillər «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində «qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmur, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmir. Cavabdehin qaçqın statusunun verilməsindən imtina edilməsi barədə qənaəti əsaslı olmuşdur. Beləliklə, cavabdehin qəbul etdiyi imtina barədə qərar qanuni olmuşdur və ləğv edilməsi üçün əsas yoxdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-835/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3499/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərarının İddiaçı arvadı - xx.xx.1990-cı il təvəllüdlü Tanzila Furqana aid hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə mümkün sayılmaması nəzərə alınmaqla, apellyasiya şikayəti İddiaçı və onun uşaqlarına aid hissədə təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın qeyd olunan hissədə ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayəti İddiaçı, oğlu - xx.xx.2012-ci il təvəllüdlü İrfan Haider, qızı xx.xx.2018-ci il təvəllüdlü İrha Noor və qızı - xx.xx.2022-ci il təvəllüdlü Zayesha Furqana aid hissədə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3499/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərarı həmin hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-835/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-835/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver