Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-836/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, 3-cü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 854/2020 saylı 06 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər X5 İcraiyyə Komitəsinin 12/446 nömrəli 1989-cu il 13 noyabr tarixli qərarının 7 və 7.1-ci bəndlərinə əsasən 16 saylı Müəssisəyə ayrılmış torpaq sahəsi uzun müddət istifadəsiz qalması ilə əlaqədar olaraq alınaraq həmin sahədə "xxxx" Kooperativinin müraciəti əsasında istehsalat bazasının layihəsinin hazırlanmasına icazə verilmişdir. Bakı şəhər Sovetinin Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş 1990-cı il tarixli, 90/133 nömrəli akta və torpaq ayırma cizgisinə əsasən 1 ha torpaq sahəsi "xxxx" Kooperativinə naturada ayrılaraq təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2007-ci il 4 iyun tarixdə "xxxx" Kooperativinin müraciətinə əsasən Bakı şəhər XDS İcraiyyə Komitəsinin 1989-cu il 13 noyabr tarixli, 12/446 saylı qərarı ilə istehsalat bazasının tikintisi üçün daimi istifadəyə ayrılmış 10000 kv.m torpaq sahəsinin faktiki ölçüsünə, yəni 6020,65 kv. metrinə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Hazırkı İddiaçı MMC-nin "xxxx" kooperativinin, sonradan «İNŞAATÇİ SERVİS» istehsal kooperativinin bazasında yaradılıb və onun hüquqi varisidir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Binəqədi şosesi, 128- ci keçiddə yerləşən 6020,25 kv.m. torpaq sahəsinə dair daimi istifadə hüququnun qeydiyyata alınmasını və müvafiq çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 25 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh bildirmişdir ki, təqdim edilən müraciət ərizəsi İddiaçı MMC tərəfindən ünvanlanmamış və təqdim olunmuş 1989-cu il 13 noyabr tarixli, 12/446 saylı qərarda torpağın sahəsi qeyd edilməmişdir. Həmçinin, torpaq sahəsinə aid icarə müqaviləsi, dövlət aktı və ya şəhadətnamə təqdim edilməsi məqsədəuyğundur. Bununla yanaşı sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamış və bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Həmin imtina məktubundan narazı qalan İddiaçı MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13.11.1989-cu il tarixli 12/466 saylı sərəncamı ilə "xxxx" Kooperativinə Bakı şəhəri, Binəqədi şossesi, 128-ci keçiddə yerləşən 10000 kv.m. torpaq sahəsi daimi istifadə hüququ əsasında ayrılmışdır. Həmin torpaq sahəsinin 6020,25 kv.m. hissəsi kooperativin faktiki istifadəsində olmaqla həmin sahəyə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan ölçüsü verilmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət Bakı şəhəri, Binəqədi (keçmiş Kirov) RİK XDS-nin 40/81 saylı 27.01.1989-cu il tarixli qərarı ilə dövlət qeydiyyatına almmış "xxxx" Kooperativinin, sonradan Ədliyyə Nazirliyinin Hüquqi X3 üzrə Bakı Bölgə Şöbəsində 27.02.2004-cü il tarixdə, 0104-P41-39513 nömrə ilə dövlət qeydiyyata alınmış “İnşaatçı Servis” İstehsal Kooperativinin bazasında yaradılıb və onun hüquqi varisidir. Müvafiq qaydada sənədlərini toplayıb sözügedən torpaq sahəsinə dair daimi istifadə hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi ilə bağlı 31.10.2019-ci il tarixli, ********** saylı ərizəsi ilə cavabdehə müraciət edilsə də cavabdeh təşkilat 25.11.2019-cu il tarixli, **********74 saylı məktubu ilə ərizədə 13.11.1989-cu il tarixli, 12/446 saylı qərarda torpağın sahəsi qeyd edilmədiyini, həmçinin torpaq sahəsinə aid icarə müqaviləsi, dövlət aktı və ya şəhadətnamə təqdim edilməsini məqsədəuyğunluğunu səbəb gətirilərək torpaq sahəsinə dair çıxarışın verilməsindən imtina etmişdir. Cavabdehin hərəkəti qanuna ziddir və təqdim etdikləri sənədlər qanunvericiliyə əsasən İddiaçı MMC-yə məxsus torpaq sahəsi üzərində daimi istifadə hüquqlarının qeydiyyata alınması üçün əsasdır. Torpaq sahəsi qanuna müvafiq ilkin olaraq "xxxx" MTK-ya ayrılmış, həmin sahə də naturada təhvil verilmişdir. Hüquqi varisi olan İddiaçı MMC hal-hazıra kimi sahiblik və istifadə hüquqları həyata keçirir. Cavabdeh təşkilatın imtinada qeyd etdiyi hallar həqiqəti əks etdirmir. Belə ki, torpaq sahəsi 1989-cu ildən etibarən MMC-nin faktiki istifadəsindədir və həmin sahəyə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan ölçüsü verilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia tələbi ilə bağlı sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Təqdim edilən müraciət ərizəsi iddiaçı tərəfindən ünvanlanmamış və təqdim olunmuş 1989-cu il 13 noyabr tarixli, 12/446 saylı qərarda torpağın sahəsi qeyd edilməmişdir. Həmçinin torpaq sahəsinə aid icarə müqaviləsi, dövlət aktı və ya şəhadətnamə təqdim edilməsi məqsədəuyğundur. Bununla yanaşı sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamış və bu səbəblərdən ərizənin icrası tərəfindən mümkün olmamışdır. Bu barədə vətəndaşa 2019-cu il 25 noyabr tarixli, **********74 saylı cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-854/2020 saylı 6 noyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 128-ci keçiddə (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1288-ci keçid) yerləşən 6020,25 kv.m. torpaq sahəsi üzrə iddiaçının daimi istifadə hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hüquqi varisi olduğu quruma ("xxxx" Kooperativinə) müvafiq ərazidə torpaq sahəsinin ayrılmasına dair hüquqi akt (Bakı şəhər XDS İcraiyyə Komitəsinin 1989-cu il 13 noyabr tarixli, 12/446 saylı qərarı) mübahisələndirilərək ləğv edilmədiyindən, eləcə də etibarsız sayılmadığından bu sənəd sübut kimi mötəbər qiymətləndirilməlidir. Ayrılmış torpaq sahəsinin ölçüsünə gəldikdə isə qeyd edilən qərarda bu barədə konkret göstərilməsə də, işdə olan sənədlərlə (Bakı şəhər X5 İcraiyyə Komitəsinin 59/917 №-li, 1979-cu il 17 may tarixli qərarı, Bakı şəhər Sovetinin Baş Memarlıq və şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş 1990-cı il tarixli, 90/133 №-li akt, 2007-ci il 16 may tarixli akt) müəyyən edilir ki, iddiaçının hazırda istifadəsində olan faktiki torpaq sahəsinin ölçüsü onun iddia etdiyi həcmdə - 6020,25 kv. metrdir. Bu ölçü həm də vaxtilə müvafiq səlahiyyətli orqan olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədində də təsdiqini tapır. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında aparılmış inzibati icraatda “İnzibati icraat haqqında” Qanunun 15 və 24-cü maddələrinin tələblərinə əməl edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasında, həmçinin etirazında göstərdiyi digər dəlili isə (müraciətin iddiaçı tərəfindən olunmamasını) formal mülahizə kimi qiymətləndirir. Beləliklə, iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliliyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 128-ci keçiddə (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1288-ci keçid) yerləşən 6020,25 kv.m. torpaq sahəsi üzrə iddiaçının istifadə hüquqlarının qeydiyyatı üçün əsasdır. Həmin hüquqların qeydə alınmasından cavabdeh inzibati orqanın imtinası qanuna ziddir və iddiaçının hüquqlarını pozur. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubuna və iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, 25.12.2020- ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda aparılmış yoxlama ölçü işləri zamanı müəyyən edilmişdir ki, müvafiq torpaq sahəsi üzərində faktiki olaraq ofis kimi istifadə olunan qeyi-yaşayış binası (mebel fabriki) inşa edilmiş, lakin inşa edilmiş tikililərə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan başqa torpaq sahəsinin bir tərəfindən 8,0 m və 12,9 m məsafədən və torpaq sahəsinin üzərindən 6-10 kv.m-lıq elektrik xətti keçir. Torpaq sahəsinin həmin tərəfdən 25,3 m məsafədən 10 kvlıq yerüstü elektrik xətti keçir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Məhkəmə tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq nəzərə alınmamışdır. İşin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə 3-cü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməmişdir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1004/2021 saylı 2 iyul 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-854/2020 saylı 6 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “AZEN X13.Vi.” və ARDNŞ-nın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” 2005-ci il 29 aprel tarixli, 901-İİQ Qanunun 5-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra sazişin hökumət təminatının və əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. İşin halları ilə müəyyən edilir ki, mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikasının 2005-ci il 29 aprel tarixli, 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X12” şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur və belə olan halda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilə bilməz. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2046/2021 saylı 07 dekabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1004/2021 saylı 2 iyul 2021-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: 26.01.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsini nəzərə alaraq hazırki işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X9 apellyasiya şikayətinin dəlilllərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlilləri ilə bağlı mübahisəli ərazidə hər hansı quyunun və ya qurğunun olmadığını bildirmiş və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 25.11.2019-cu il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 09.12.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu ərizəyə əlavə olunmuş sənədlərin surət olmasına, müraciət ərizəsinin İddiaçı MMC tərəfindən ünvanlanmamasına, 12/446 saylı 13.11.1989-cu il tarixli qərarda torpağın sahəsinin qeyd edilməməsinə, eləcə də sözügedən ünvanda yerləşən torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çölölçmə işlərinin aparılmasına şərait yaradılmamasına istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. Əvvəla iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2046/2021 saylı 07 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, iddia olunan torpaq sahəsinin “X12” Şirkətinə istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi ehtimalı olduğundan, işə təkrar apellyasiya instansiya qaydasında baxılarkən məhkəmə tərəfindən “X12” Şirkəti hazırkı icraata cəlb olunmalı, torpaq sahəsi ilə bağlı hüquq və vəzifələrinə dair məsələ onun iştirakı ilə həll olunmalıdır. Bununla bağlı işə apellyasiya qaydasında yenidən baxılarkən Ali Məhkəmənin sözügedən qərarındakı göstəriş nəzərə alınaraq “X12” Şirkəti hazırki iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Qeyd olunmalıdır ki, hazırkı mübahisə mahiyyət etibarı ilə Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 12/446 saylı 13.11.1989-cu il tarixli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsi üzərində onun istifadə hüququnun dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən müvafiq çıxarışın verilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində istifadə hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində istifadə hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Bu zaman icra hakimiyyəti orqanlarının funksional səlahiyyət bölgüsü, icra hakimiyyətinin vahidliyi prinsipi, şəxsin ona münasibətdə inzibati orqan tərəfindən qəbul olunmuş əlverişli inzibati aktın, yəni hüquqmüəyyənedici sənədin məzmununa etimad hüququ nəzərə alınmalıdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aidddir. Qeydiyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. İş materiallarından görünür ki, Bakı şəhər X5 İcraiyyə Komitəsinin 12/446 nömrəli 1989-cu il 13 noyabr tarixli qərarının 7 və 7.1-ci bəndlərinə əsasən 16 saylı Müəssisəyə ayrılmış torpaq sahəsi uzun müddət istifadəsiz qalması ilə əlaqədar olaraq alınaraq həmin sahədə "xxxx" Kooperativinin müraciəti əsasında istehsalat bazasının layihəsinin hazırlanmasına icazə verilmişdir. Bakı şəhər Sovetinin Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş 1990-cı il tarixli, 90/133 nömrəli akta və torpaq ayırma cizgisinə əsasən 1 ha torpaq sahəsi "xxxx" Kooperativinə naturada ayrılaraq təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2007-ci il 4 iyun tarixdə "xxxx" Kooperativinin müraciətinə əsasən Bakı şəhər XDS İcraiyyə Komitəsinin 1989-cu il 13 noyabr tarixli, 12/446 saylı qərarı ilə istehsalat bazasının tikintisi üçün daimi istifadəyə ayrılmış 10000 kv.m torpaq sahəsinin faktiki ölçüsünə, yəni 6020,65 kv. metrinə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Hazırkı İddiaçı MMC-nin "xxxx" kooperativinin, sonradan «İNŞAATÇİ SERVİS» istehsal kooperativinin bazasında yaradılıb və onun hüquqi varisidir. Göründüyü kimi, torpaq sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq qərar əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. Nəzərə alınmalıdır ki, həmin dövrdə qüvvədə olmuş torpaq qanunvericiliyinə (1992-ci ilədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 20-ci maddəsi) əsasən torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq X5 icraiyyə komitəsi tərəfindən onun qərarı əsasında ayrılırdı. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinin müddəalarına görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir. İş materiallarından görünür ki, iddiaçı istifadə hüququnun qeydiyyata alınması üçün Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 12/446 saylı 13.11.1989-cu il tarixli qərarını (aktı) cavabdehə təqdim etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 12/446 saylı 13.11.1989-cu il tarixli saylı qərarı qüvvədədir. Qeyd olunmalıdır ki, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin qərarın hər hansı subyekt, o cümlədən “X12” şirkəti tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Bakı şəhər X8 İcraiyyə Komitəsinin dövlətə məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan qərarı Mülki Məcəllənin 139-1.1.1ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Cavabdehin imtinasında istinad etdiyi 12/446 saylı 13.11.1989-cu il tarixli qərarda torpağın sahəsinin qeyd edilməməsi, eləcə də sözügedən ünvanda yerləşən torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmaması və sair əsaslarla bağlı məhkəmə kollegiyası, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 26.01.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, Bakı şəhər XDS İcraiyyə Komitəsi sahibkarlıq məqsədilə hüquqi və fiziki şəxslərə torpaq sahələrinin həm idarə olunması, həm də mülkiyyətçi icra orqanı kimi Bakı şəhər Memarlıq və şəhərsalma Baş İdarəsinin rəyi əsasında müstəsna səlahiyyətə malik olduğundan "xxxx" MMC-yə ayrılmış torpaq sahəsi qəsəbənin mərkəz hissəsində yaşayış evlərinin arasında mərkəzi Binəqədi-Biləcəri şossesinin çıxışında yerləşməklə istehsal müəssisəsi kimi fəaliyyətini davam etdirir. Müəssisənin “Binəqədi Oil” şirkətinin fəaliyyətinə, kəşfiyyat axtarış işlərinin aparılması məqsədilə hər hansı maneəçiliyi və ya şirkətə məxsus ərazi ilə heç bir sərhəddi qeydə alınmamış, eləcə də ərazidə hər hansı Neft quyuları və neft qaz boru kəmərlərinin olmadığı müəyyən olunmuşdur. Hazırda bu torpaqların idarə olunması və torpaq əmlak vergiləri yerli bələdiyyələr tərəfindən yığılaraq bələdiyyə büdcəsinə köçürülür. Bakı XDS İcraiyyə Komitəsinin 12/446 saylı 1311.1989-cu il qərarı və ayrıc aktı ilə "xxxx" MMC-nin istifadəsinə verilmiş 1 ha torpaq sahəsində qanunsuzluq fəaliyyəti müəyyən olunmamışdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “İdarənin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi olması” barədə dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, cavabdehin istinad etdiyi Saziş iddiaçıya torpaq sahəsi ayrılmasından uzun müddət sonra bağlanılmış və torpaq sahəsindən istifadə hüququnu məhdudlaşdırmır. Eləcə də Sazişin müddəaları iddiaçının istifadə hüququnun məhdudlaşdırılması istiqamətində təfsir olunmamalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli dövlət orqanının qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədir. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, qeyd olunan ərazidə torpaq sahəsinin ayrılması və rəsmiləşdirilməsi ilə bağlı sənədlərdə nəzərdə tutulmuş, eləcə də torpaq sahəsinin ayrılması məqsədlərinə uyğun olan fəaliyyətlə məşğul olmaq üçün lazımi tədbirlər həyata keçirmiş və müvafiq iqtisadi və kommunikasiya infrastrukturu yaratmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhər X8 İcraiyyə Komitəsinin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan 12/446 saylı 13.11.1989-cu il tarixli qərarı əsasında həmin torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu baxımdan iddiaçının torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Aexitektura Komitəsinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin iş üzrə 3-cü şəxslər qismində cəlb edilməsi və ekspertiza təyin edilməsi” barədə dəlilinə gəldikdə isə Kollegiya hesab edir ki, bu dəlil cavabdeh tərəfindən əsaslandırılmadığı üçün və hazırki işdə həmin şəxslərin işə cəlb olunması, ekspertiza təyin olunmasına zərurət olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-854/2020 saylı 06 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-836/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-836/2022
26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver