Məhkəmə qərarları › İş №2-1(103)-836/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-836/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-836/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı (X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) QƏRARİ (Açar sözlər: ”Ölüm akt qeydinin və həmin qeyd əsasında verilmiş ölüm haqqında şəhadətnamənin ləğv edilməsi”) Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10434/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

2. 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş **********1112021 saylı ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü, sonuncu yaşayış yeri ünvan 3 ünvanında yaşamış Muradov Yavər Yaqub oğlu “Törədicisi müəyyən olunmamış digər pnevmoniya” xəstəliyi səbəbindən (007.1- COVİD-19, virus təyin olundu, 136- Başqa rubrikalarda təsnif olunmayan tənəffus çatmamazlığı) ölmüşdür. “Medistyle Hospital”ı tərəfindən ******* №-li xx.xx.2021-ci il tarixli tibbi şəhadətnamə verilmişdir. Bunun əsasında AZ-İİ seriyalı 208309 №-li, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir.

3. 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 208309 №-li, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Muradov Yavər Yaqub oğlu xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 11 ayının 01 günündə 855 №-li qeyd edilmişdir. Ölümün səbəbi: “Törədicisi müəyyən olunmamış digər pnevmoniya”.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4758/2022 saylı qərarının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş Muradov Yavər Yaqub oğlunun ölüm haqqında xx.xx.2021-ci il tarixli tibbi şəhadətnamənin və onun əsasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1308/2022 saylı 15 mart 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə və üçüncü şəxs X3 qarşı ölüm haqqında tibbi şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı tərəfindən qeyd olunan qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3784/2022 saylı, 17 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı və onun vəkili Ş.Əfəndiyev tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1308/2022 saylı 15 mart 2022-ci il tarixli qətnaməsinin qismən, yəni 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, iş üzrə icraata “2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində xitam verilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3784/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi ilə 1-ci instansiya məhkəməsinin tibbi şəhadətnamənin etibarsız hesab olunması tələbinin rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4758/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3784/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ona ünvanlanmış 050-1947/75 №-li xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi onun xx.xx.2022-cı il tarixli atasının Muradov Yavər Yaqub oğlunun xx.xx.2021-ci il tarixli AZ-İİ 208309 saylı ölüm haqqında şəhadətnamənin ləğvi ilə bağlı müraciətinə baxmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” haqqında Qaydalarının 8-ci maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə öturulməməsinə və ya duzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Ölüm, ölum haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. Göstərilənləri nəzərə alaraq “Medistyle" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ******* saylı, xx.xx.2021-ci ıl tarixli tibbi şəhadətnaməyə əsasən şöbələri tərəfindən xx.xx.2021-ci il tarixdə 855 saylı ölüm haqqında akt qeydi qeydə alınmış və ölüm haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın 23-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında icra edilir. Atasının ölüm haqqında akt qeydinin ləğvi şöbə tərəfindən icra edilməsi mümkün deyildir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə (bundan sonra qeydiyyat şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin ləğv edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.

7. Sonradan iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi, tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək məhkəmədən, 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən Muradov Yavər Yaqub oğlunun öülmünün qeydə alınması barədə 2021-ci ilin 11-ci ayının 01-ci günündə 855 nömrə ilə aparılmış ölüm akt qeydinin və həmin qeyd əsasında verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin ləğv edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası Muradov Yavər Yaqub oğlu xx.xx.2021-ci ildə “Covid-19 və ikitərəfli pnevmoniya” diaqnozu ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirlyinin Tibb X2 qəbul edilmiş, xx.xx.2021-ci ildə xəstə evə buraxılmış və o, həmin gün yaşadığı - Bakı şəhəri, Y/Günəşli qəsəbəsi “D” Y/S, ev 11, mənzil 4-də vəfat etmişdir. Çağırış əsasında atası vəfat etdiyi mənzildə olmuş Bakı şəhəri, Təcili və X4 Stansiyasının (BŞT və TTYS) 22 saylı bölməsinin həkimi C.Yusifov tərəfindən xx.xx.2021-ci il tarixli “Ölüm haqqında xəbərdarlıq vərəqəsi” və “Müşayiət vərəqi” doldurulmuş və həmin vərəqələrdə atasının ölüm faktı təsdiqlənməklə ölümün səbəbi kimi “COVİD-ə yoluxma” qeyd edilmişdir. Mərhum atasının ölümü haqqında xx.xx.2021-ci il tarixli tibbi şəhadətnamə qüvvədə olan qanunvericlik aktında uyğun olaraq bunu verməyə səlahiyyətli olan tibb müəssisəsi tərəfindən deyil, qanunsuz olaraq "xxxx" MMC tərəfindən verilmişdir. Qanunsuz verilmiş ölüm haqqında tibbi şəhadətnamənin əsasında cavabdeh qeydiyyat şöbəsi tərəfindən qanunsuz olaraq xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.4.2-ci bəndinə görə infeksiyon xəstəliklər və ya onlara şübhə olduğu hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Bununla bağlı qanunsuz verilmiş ölüm haqqında tibbi şəhadətnamənin əsasında qanunsuz verilmiş ölüm haqqında şəhadətnamənin ləğv edilməsi üçün tərəfindən cavabdehə ərizə ilə müraciət edilsə də, cavabdeh müraciətinə xx.xx.2022-ci il tarixli məktubla cavab verərək müraciətində qaldırdığı məsələnin həllindən imtina etmişdir. Ona görə də hesab edir ki, cavabdeh qeydiyyat şöbəsi tərəfindən mərhum atası Muradov Yavər Yaqub oğlunun barəsində verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamə qanunsuz verildiyindən məhkəmə qaydasında ləğv edilməlidir.

9. Məhkəmənin 2- 1(112)-10434/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

10. 23.06.2023-cü il tarixdə cavabdeh qeydiyyat şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə dair xx.xx.2023-cü il tarixli, 3-16-5/8-75-876/2023 saylı yazılı mülahizədə göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”a 15 №-li əlavənin 05/59 bəndində ölüm haqqında tibbi şəhadətnamələr və məhkəmə-tibb ekspertizasının rəylərinin qeydiyyat şöbələrinin arxivlərində saxlanılma müddəti 1 il nəzərdə tutulmuşdur. Müvafiq sənədlərin qeydiyyat şöbəsində (əsas nüsxə sənədi vermiş tibb müəssəsində saxlanılır və bu sənədlər barəsində ümumi məlumaq akt qeydində öz əksin tapır) saxlanılan nüsxəsi məhv edildiyi üçün təqdim edilməsi imkanları xaricindədir. Muradov Yavər Yaqub oğlunun AZE ******* nömrəli xx.xx.2009-cu il tarixli şəxsiyyət vəsiqəsi isə ləğv edilməsi üçün vaxtilə qeydiyyatda olduğu Suraxanı RPİ-yə göndərilmişdir.

11. Üçüncü şəxsin iddiaya dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10434/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırki məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh orqan tərəfindən iddiaçının atasının vəfat etməsi ilə bağlı vətəndaşlıq vəziyyəti aktlarında qeyd (ölümün səbəbi) qanunvericiliyin tələblərinə uyğun olaraq tibb müəssisəsi tərəfindən verilmiş müvafiq məlumat əsasında aparılmışdır.

b)Apellyasiya instansiya məhkəməsində icraat

14. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10434/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iş tirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 161.1-ci maddəsinin tələbinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 8.1-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür . 8.3. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar . 8.4. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

26. İşin hallarından müəyyən olunur ki, iddiaçı cavabdeh 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən Muradov Yavər Yaqub oğlunun öülmünün qeydə alınması barədə 2021-ci ilin 11-ci ayının 01-ci günündə 855 nömrə ilə aparılmış ölüm akt qeydinin və həmin qeyd əsasında verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin ləğv edilməsi haqqında qərar çıxarılmasını xahiş edir.

27. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atasının ölümü haqqında xx.xx.2021-ci il tarixli tibbi şəhadətnamə qüvvədə olan qanunvericlik aktına uyğun olaraq bunu verməyə səlahiyyətli olan tibb müəssisəsi tərəfindən deyil, qanunsuz olaraq "xxxx" MMC tərəfindən verilmişdir. Qanunsuz verilmiş ölüm haqqında tibbi şəhadətnamənin əsasında cavabdeh qeydiyyat şöbəsi tərəfindən qanunsuz olaraq xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir.

28. Həmçinin işdən görünür ki, bundan əvvəl İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş Muradov Yavər Yaqub oğlunun ölüm haqqında xx.xx.2021-ci il tarixli tibbi şəhadətnamənin və onun əsasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1308/2022 saylı 15 mart 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə və üçüncü şəxs X3 qarşı ölüm haqqında tibbi şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı tərəfindən qeyd olunan qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3784/2022 saylı, 17 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı və onun vəkili Ş.Əfəndiyev tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1308/2022 saylı 15 mart 2022-ci il tarixli qətnaməsinin qismən, yəni 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, iş üzrə icraata “2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində xitam verilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3784/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi ilə 1-ci instansiya məhkəməsinin tibbi şəhadətnamənin etibarsız hesab olunması tələbinin rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4758/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3784/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4758/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının 29-cu bəndində "xxxx" MMC tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnamənin qanunsuz olmadığı qənaəti ilə bağlı məhkəmə Kollegiyası qeyd etmişdir: “İddiaçı atasının ölüm tarixinin, yerinin, səbəblərinin düzgün yazılmamasına istinad etmədən sadəcə, yuxarıda qeyd olunan sənədləri mübahisələndirir. Ölmüş şəxsə tibbi şəhadətnamə verilir ona görə ki, onun əsasında ölüm haqqında şəhatənamə verilsin. Hazırkı işdə də, belə sənədlər verilmişdir. Ölüm haqqında şəhadətnamənin etibarsızlığı tələbi üzrə icraaata xitam verilmişdir. İddiaçı yenə tibbi şəhadətnamənin eibarsızlığını tələb etməkdə davam edir və bunu həmin sənədin mahiyyətinin düzgün olmaması ilə deyil, sadəcə verilmə prosedurlarının pozulması ilə əsaslandırır. Apelyasiya məhkəməsi belə açıq-aşkar əsassız iddianın rədd edilməsi ilə razılaşmaqda haqlı olmuşdur.”

30. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddia tələbini mərhum atasının ölümü haqqında xx.xx.2021-ci il tarixli tibbi şəhadətnamə qüvvədə olan qanunvericlik aktına uyğun olaraq bunu verməyə səlahiyyətli olan tibb müəssisəsi tərəfindən deyil, qanunsuz olaraq "xxxx" MMC tərəfindən verildiyi ilə əsaslandırdığından, yuxarıda istinad edilən məhkəmə qərarı ilə isə "xxxx" MMC tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnamənin qanunsuz olmadığı müəyyən edildiyindən iddiaçının hazırkı tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarı da qanuni və əsaslı olmuşdur.

31. Məhkəmə Kollegiyası hazırkı mübahisə üzrə cavabdehin yuxarıda istinad edilən məhkəmə qərarında iş üzrə tərəf olmadığını və bu səbəbdən də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4758/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının preyudisial olmadığını qeyd etməklə yanaşı, həmin məhkəmə aktının sübut növü olduğunu da da vurğulayır.

32. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

34. Qanunvericiliyin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

35. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Beləliklə, məhkəmə Kolleiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10434/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10434/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar