Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-839/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7314/2023 nömrəli, 07 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ümumi əmək stajının yenidən hesablanmaqla, Bakı Cihazqayırma zavodunda işlədiyi xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan 10 001 manat pensiya kapitalının hesablanması və 41 il əmək stajına görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və ümumi əmək stajının yenidən hesablamaqla Bakı Cihazqayırma zavodunda işlədiyi xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci ilədək olan 10.001 manat pensiya kapitalının hesablanması və 41 il əmək stajına görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin icra edilməsi üçün cavabdehin üzərinə inzibati öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 2- 1(112)-7314/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1954-cü ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşdur. Hazırda Bakı X1-Satış və Təchizat şöbəsinin rəisi vəzifəsində işləyir. xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilədək Sumqayıt şəhərində yerləşən 41 nömrəli Texniki Peşə Məktəbində təhsil almış və tokar peşəsinə yiyələnmişdir. Əmək fəaliyyətinə xx.xx.1972-ci ildən Sumqayıt SK zavodunda tokar kimi başlamışdır. 2007-ci ilin aprel ayından Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Bakı X1-Satış və Təchizat şöbəsinin rəisi vəzifəsində işləyir. Hər ay 700 manata yaxın əmək haqqı alır. 2018-ci ildən yaşla əlaqədar, 64 il 6 ayla əmək pensiyasına çıxmışdır. Hazırda təhsillə və hərbi xidmətlə birlikdə 52 ilə yaxın əmək stajı var. Lakin yaşla əlaqədar əmək pensiyasına çıxarkən onun 46 il fasiləsiz əmək stajı olmuşdur. Əvvəl onun əmək stajı 31 il, sonra isə 41 il kimi hesablanmış və ona 273,06 manat məbləğində pensiya hesablanmışdır. Hesab edir ki, onun yaşla əlaqədar əmək stajı və əmək pensiyası düzgün hesablanmamışdır. Belə ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondu 2018-ci ildən hazırkı vaxta kimi çoxsaylı müraciətləri ilə bağlı əsl mətləbdən uzaqlaşaraq, xx.xx.2007-ci ildən xx.xx.2018-ci ilədək toplanan pensiya kapitalını qanunamüvafıq qaydada hesablanaraq ona ödənilməsini təmin etməmişdir. Həmin illərin pensiya kapitalı 19.500 manat olduğu halda, 9.449 manat ödənilmiş, lakin 10.001 manat ödənilməmişdir. Ona görə də onun Bakı Cihazqayırma zavodunda işlədiyi xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci ilədək pensiya kapitalı düzgün hesablanmamışdır. Bu səbəbdən əmək pensiyası 41 il əmək stajına görə məhkəmə qaydasında yenidən hesablanmalıdır. Cavabdeh iddiaya yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istinad etmiş, əlavə olaraq bildirmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 31 il 08 ay 17 gün sığorta stajına əsasən həmin tarixə hesablanmış pensiya kapitalı 9704,45 manat təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixədək olan pensiya kapitalının xx.xx.2018-ci il tarixə indeksləşdirilmiş məbləği 22246,58 manat təşkil edir. İddiaçı iddia ərizəsində ona pensiya təyin edilərkən xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilmədiyini bildirsə də, sözügedən dövr mübahisələndirilməyən sosial sığorta stajı kimi qiymətləndirilmişdir. İddiaçının əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 250,33 manata, xx.xx.2021-ci il tarixdən 278,87 manata, xx.xx.2022-ci il tarixdən 288,35 manata, xx.xx.2023-cü il tarixdən 345,93 manata çatdırılmışdır. İddiaçı pensiyasının məbləği xx.xx.2023-cü il tarixə münasibətdə 349,93 manat müəyyən edilərək iddiaçının kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının 1.2-ci bəndinə əsasən, 2022-ci il üzrə 200 manat məbləğində illik maddi yardım İddiaçı pensiyasına rüblər üzrə əlavə edilməklə ödənilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7314/2023 nömrəli, 07 avqust 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2003-xx.xx.2003-cü illərdə “Səttərxan adına maşınqayırma zavodu” X5 cəmiyyətində işlədiyi 7 ay 6 gün müddətin onun ümumi iş stajına daxil edilməklə əmək pensiyanın yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək əmək fəaliyyəti dövrü Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli DA-01917-2022 nömrəli arxiv arayışına əsasən mübahisələndirilərək onun ümumi iş stajına daxil edilməmişdir. Belə ki, arxiv arayışına əsasən, iddiaçının sözügedən müəssisədə işlədiyi dövrlər üzrə əməkhaqqı cədvəlləri xx.xx.2003-cü il tarixədək təqdim edilmiş, 2003-cü il üzrə hər hansı bir məlumat qeyd edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7314/2023 nömrəli qərarı ilə məhkəmə İddiaçı əməkhaqqı almadığı dövrləri sosial sığorta stajına daxil etmişdir. Məhkəmənin sözügedən dövrün sosial sığorta stajına daxil edib, iddianı sözügedən hissədə təmin etməsi tamamilə əsassızdır. İddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Məhkəmə iddiaçının işdən azad edilmədiyi halda ona əməkhaqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmalı, əməkhaqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmalıdır. (Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)- 1838/2023 nömrəli qərarı) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 7776 manat pensiya kapitalı (xx.xx.2018-ci il tarixə indeksləşdirilmiş məbləği) qeydə alınmışdır. Lakin iddiaçı öz iddia ərizəsində ona pensiya təyin edilərkən xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilmədiyini bildirsə də, qeyd olunanlar da görünür ki, sözügüdən dövr mübahisələndirilməyən sosial sığorta stajı kimi qiymətləndirilmiş və yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının fərdi hesabına ödənilmiş məcburi dövlət sosial sığorta haqları nəzərə alınmışdır. Bundan əlavə “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsiildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Belə ki, müvafiq maddənin tələblərinə uyğun olaraq iddiaçının əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 250,33 manata, xx.xx.2021-ci il tarixdən 278,87 manata, xx.xx.2022-ci il tarixdən 288,35 manata, xx.xx.2023-cü il tarixdən 345,93 manata çatdırılmışdır. İddiaçı pensiyasının məbləği xx.xx.2023-cü il tarixə münasibətdə 349,93 manat müəyyən edilərək iddiaçının kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının 1.2-ci bəndinə əsasən, 2022-ci il üzrə 200 manat məbləğində illik maddi yardım İddiaçı pensiyasına rüblər üzrə əlavə edilməklə ödənilmişdir. Qeyd olunan xüsusatlara əsasən, İddiaçı yaşa görə əmək pensiyasının məbləği düzgün hesablanmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilsə də, qərardan iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissəsində apellyasiya şikayəti verilməmiş, qərarı yalnız cavabdeh iddia tələbinin təmin edilən hissəsində mübahisləndirilmişdir, odur ki, məhkəmə kollegiyası yalnız cavabdehin apellyasiya şikayətinə münasibətdə məhkəmə qərarını yoxlayır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də qismən əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 1.0.7-ci maddəsinə əsasən fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır. -1.0.9-cü maddəsinə əsasən fərdi hesabın yığım hissəsi - sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır. -1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. -1.0.13-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsi - fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. - 4.2-ci maddəsinə görə yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. -10.2-ci maddəsinə görə yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. -10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. - 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. -27.1-ci maddəsinə görə sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (əvvəlki redaksiya): - 2-ci maddəsinə əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. - 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. - 14.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. - 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.6-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı ödəmələri üzrə xərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-ci il tarixədək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan: -12 iyul 1972-ci il tarixli, 2178 nömrəli Attestatın notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı 1971-ci il tarixdə 41 nömrəli Sumqayıt texniki peşə məktəbinə daxil olmuş və tokar sənəti üzrə tam kursu bitirmişdir. İmtahan komissiyasının qərarı ilə ona dördüncü dərəcəri tokar ixtisası verilmişdir. -10 may 1982-ci il tarixli, ИВ seriyalı, 433543 nömrəli diplomun surətinə əsasən İddiaçı 1976-cı ildə Krasnodar Politexnik institutuna daxil olmuş və 1982-ci il tarixdə Ümumittifaq qida sənayesi qiyabi institutunun Yeyinti sənayesi mallarının iqtisadiyyatı və təşkili ixtisası üzrə tam kursu bitirmişdir. İmtahan komissiyasının 08 may 1982-ci il tarixli qərarı ilə ona mühəndis-iqtisadçı ixtisası verilmişdir. -ВЧ seriyalı, 054434 nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -İddiaçının əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək 41 nömrəli Sumqayıt texniki peşə məktəbində təhsil almış, xx.xx.1972-xx.xx.1973-cü il tarixlərdə Sumqayıt “SK” zavodunda tokar vəzifəsində işləmiş, xx.xx.1973-xx.xx.1975-ci il tarixlərdə Sovet Ordusu sıralarında xidmət etmiş, xx.xx.1976xx.xx.2003-cü il tarixlərdə leytenant Şmidt adına zavodunda işləmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 688 nömrəli qərarına əsasən leytenant Şmidt adına zavodun adı dəyişdirilərək Səttərxan adına maşınqayırma zavodu adı verilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 649 saylı fərmanına əsasən Səttərxan adına maşınqayırma zavodu” X5 Cəmiyyətinə çevrilmişdir). İddiaçı xx.xx.2004-xx.xx.2006-cı il tarixlərdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işləmiş, xx.xx.2007-ci il tarixdə “Bakı Cihazqayırma Zavodu”na işə qəbul edilmişdir, hazırda həmin müəssisədə işləyir. -Cavabdehin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarından görünür ki, İddiaçıa hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırki tələbində cavabdehin onun xx.xx.2006-cı il tarixə 31 il 8 ay 17 gün sığorta stajının olduğuna istinad etməklə hesablaması ilə razılaşmamış və 41 il əmək stajı və Bakı Cihazqayırma zavodunda işlədiyi xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməli olan 10001 manat pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, imtinada, iddia tələbinə etirazda və apellyasiya şikayətinin dəlillərində ona istinad etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək əmək fəaliyyəti dövrü Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli DA-01917-2022 nömrəli arxiv arayışına əsasən mübahisələndirilərək onun ümumi iş stajına daxil edilməmişdir. Belə ki, arxiv arayışına əsasən, iddiaçının sözügedən müəssisədə işlədiyi dövrlər üzrə əməkhaqqı cədvəlləri xx.xx.2003-cü il tarixədək təqdim edilmiş, 2003-cü il üzrə hər hansı bir məlumat qeyd edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə şəxsin pensiya kapitalının hesablanması ƏPQ-nin 27-ci maddəsinə əsasən aparılır. Belə ki, ƏPQ-nin 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Göründüyü kimi, qanunvericiliyə əsasən şəxsin 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya hüquqları pensiya kapitalına çevrilməklə müəyyən edilir. Yəni şəxsin 2006cı il yanvarın 1-dək ümumi iş stajının hər ili üçün 306 manat pensiya kapital hesablanmaqla, onun fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İşdən görünür ki, cavabdeh iddiaçının 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya hüquqlarını pensiya kapitalına çevirərkən səhvə yol vermişdir. Belə ki, cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək təhsil dövrü, hərbi biletin surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək, xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrləri üzrə ümumilikdə xx.xx.2006-cı il tarixinədək 31 il 8 ay 17 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixinədək 31 il 8 ay 17 gün sığorta stajına əsasən həmin tarixə hesablanmış pensiya kapitalı 9704,45 manat təşkil edir: (31 +(8+17/30)/12)x306=9704,45 İddiaçı xx.xx.2006-cı il tarixinədək olan pensiya kapitalının xx.xx.2018-ci il tarixinə indeksləşdirilmiş məbləği 22246,58 manat təşkil edir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən vətəndaşın fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 7776 manat pensiya kapitalı (xx.xx.2018-ci il tarixinə indeksləşdirilmiş məbləği) qeydə alınmışdır. Göründüyü kimi, iddiaçının əmək kitabçasına, diplomuna və hərbi biletinə əsasən xx.xx.2006-cı il tarixə 32 il 3 ay 17 gün ümumi iş stajı olduğu halda, cavabdeh iddiaçının xx.xx.2002-xx.xx.2003-cü illərdə “Səttərxan adına maşınqayırma zavodu” X5 cəmiyyətində işlədiyi iqtisadçı vəzifəsini onun əmək stajına daxil etməmiş, bununla da onun 31 il 8 ay 17 gün əmək stajının olması qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. İşdən görünür ki, iddiaçının xx.xx.2003-xx.xx.2003-cü illərdə “Səttərxan adına maşınqayırma zavodu” X5 cəmiyyətində iqtisadçı vəzifəsində işləməsi onun əmək kitabçasında qeyd edilmiş, ümumiyyətlə, iddiaçı xx.xx.1976-xx.xx.2003-cü il tarixlərdə leytenant Şmidt adına zavodunda (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 688 nömrəli qərarına əsasən leytenant Şmidt adına zavodun adı dəyişdirilərək Səttərxan adına maşınqayırma zavodu adı verilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 649 saylı fərmanına əsasən Səttərxan adına maşınqayırma zavodu” X5 Cəmiyyətinə çevrilmişdir) fasiləsiz işləmişdir. Cavabdeh iddiaçının həmin müəssisədə xx.xx.1976-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi dövrü qəbul etsə də, heç bir əsas olmadan xx.xx.2003-xx.xx.2003-cü illərdəki iş stajını iddiaçının sığorta stajına daxil etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə araşdırması zamanı da müəyyən edildi ki, “Səttərxan adına maşınqayırma zavodu” X5 cəmiyyəti mövcud olmuş, fəaliyyət göstərmiş, lakin 2003cü ilin arxiv sənədləri aşkar edilməmişdir. Məhkəmə kollegiyası həmin dövrlərə dair qeydlərin iddiaçının əmək kitabçasında qeyd edildiyini, bununla da iddiaçının işləməsinin təsdiq edilməsini, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə hər hansı mötəbər sübut təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, bəhs edilən dövrlər də iddiaçının sosial sığorta stajına daxil edilməklə onun əmək pensiyasının yenidən hesablanmalı olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7314/2023 nömrəli, 07 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-839/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-839/2024
25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver