Məhkəmə qərarları › İş №2-1(103)-84/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-84/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-84/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Baxışova Vüsalə Ələkbər qızı və X4 ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X3 (“Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı “əmək pensiyasının təyin olunması” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-3704/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə (bundan sonra DSMF-nin Yasamal rayon şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.1975-ci ildən xx.xx.1992-ci ilə qədər «Azərxalça» İstehsalat Birliyində, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilə qədər Bakı Kimya Əczaçılıq Zavodunda, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə qədər «Azərnəqliyyatyoltikinti» ATSC-nin 3 №-li X6 Dəstəsində işlədiyi dövrü sosial sığorta stajına hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan xx xxxxxxxx 2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1975-ci ildən xx.xx.1992-ci ilə qədər «Azərxalça» İstehsalat Birliyində, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə qədər «Azərnəqliyyatyoltikinti» ATSC-nin 3 №-li X6 Dəstəsində işlədiyi dövrü ümumi iş stajına, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilə qədər Bakı Kimya Əczaçılıq Zavodunda işlədiyi dövrü isə güzəştli iş stajına daxil etməklə 47 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2005-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci ildə doğulmuşdur. xx.xx.1975-ci ildən xx.xx.1992-ci ilə qədər «Azərxalça» İstehsalat Birliyində, xx.xx.1993cü ildən xx.xx.2000-ci ilə qədər Bakı Kimya Əczaçılıq Zavodunda, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə qədər «Azərnəqliyyatyoltikinti» ATSC-nin 3 №-li X6 Dəstəsində işləmişdir. bu barədə müvafiq sənədlər toplanılmışdır. Pensiya yaşı tamamolduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Yasamal rayon Şöbəsinə müraciət etmişdir. lakin, ona pensiya təyin olunmasından imtina edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3704/2019 saylı qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilmiş, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1992-ci ilə qədər «Azərxalça» İstehsalat Birliyində, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə qədər «Azərnəqliyyatyoltikinti» ATSC-nin 3 №-li X6 Dəstəsində işlədiyi dövrü ümumi iş stajına, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilə qədər Bakı Kimya Əczaçılıq Zavodunda işlədiyi dövrü isə güzəştli iş stajına daxil etməklə 47 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2005-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal Rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3704/2019 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçının 52 yaşının tamam olduğu tarixindən güzəştli şərtlərlə tam iş günü işləməsi müəyyən olunduqdan sonra pensiya hüququna baxılması qanunamüvafiqdir. İşin apellyasiya icraatı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinin nümayəndəsi və vəkili xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təqdim etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq, o, 1-ci siyahıda ampulların doldurucuları peşəsi , 2-ci siyahıda isə ampulaları dolduranlar” peşəsinin mövcud olduğunu bildirdi. Eyni zamanda o, sədrlik edənin sualına cavab olaraq, iddiaçının işlədiyi peşədə hansı növ dərman preparatının doldurulmasında iştirak etdiyinin əhəmiyyət kəsb etdiyini qeyd etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilsə də, məhkəmə iclaslasına gəlməmişdir. Məhkəmə bildirişləri iddiaçının qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilsə də (eyni zamanda əlaqə nömrəsinə SMS xəbərdarlığı göndərilmiş) , zərflər (ştrix kodlar – SS608217322AZ; SS601824376AZ) “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. Azərbaycan Respublikası MPM-nin 146-cı maddəsinə əsasən Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-3704/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Əmək kitabçasına əsasən İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1985-ci ilə qədər «Azərxalça» İstehsalat Birliyində iplik düzən, xx.xx.1985-ci ildən xx.xx.1992-ci ilə qədər həmin Birlikdə əyirici, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilə qədər Bakı Kimya Əczaçılıq Zavodunda ampula doldurucu, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə qədər «Azərnəqliyyatyoltikinti» ATSC-nin 3 №-li X6 Dəstəsində gəmi aşbazı vəzifəsində işləmişdir. İddiaçının xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək Bakı Kimya əczaçılıq Zavodunda 2 №-li hazır məhsullar sexində işlədiyi ampula doldurucusu peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın XVİİİ Bölməsi, 1-ci bənd «a» yarmbəndinin 1180100a- 15066 – ampula doldurucuları peşəsinə uyğun olması barədə iş yerində arayış verilmişdir (xx.xx.2001-ci il tarixli 10 №-li arayış). İddiaçı ərizə ilə DSMF-nin Yasamal rayon Şöbəsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. DSMF-nin Yasamal rayon Şöbəsi tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixli **********0 №-li imtina məktubu verilmişdir. Hazırda iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1992-ci ilə qədər «Azərxalça» İstehsalat Birliyində, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə qədər «Azərnəqliyyatyoltikinti» ATSC-nin 3 №-li X6 Dəstəsində işlədiyi dövrü ümumi iş stajına, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilə qədər Bakı Kimya Əczaçılıq Zavodunda işlədiyi dövrü isə güzəştli iş stajına daxil etməklə 47 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2005-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə Kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Həmin Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə qadınlar 45 yaşa çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya həmin Qanuna əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: iddiaçının xx.xx.2006-cı ilə qədər azı 15 il ümumi iş stajının mövcud olması və iddiaçının xx.xx.2006cı ilə qədər azı 7 il 6 ay güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş əmək kitabçasından müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 29 il 5 ay 20 gün ümumi və 7 il 10 ay 17 gün güzəştli iş stajı mövcuddur. Bu hal qeyd olunan arayışda da öz əksini tapmışdır. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 47 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2005-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Həmçinin AR ƏƏSMN Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən xx.xx.2006-cı ilədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da xx.xx.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin 1-ci siyahıda “ampulların doldurucuları” peşəsi , 2-ci siyahıda isə “ampulaları dolduranlar” peşəsinin mövcud olması dəlilinə münasibət bildirərək qeyd edir ki, bu dəlil iddia tələbinin rədd edilməsinə əsas deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən,məhkəmə kollegiyası hesab edir ki,cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, apellyasiya şikayəti təmin edilməməli 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-3704/2019 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3704/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar