Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-84/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1712/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərarından üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Yerli icra hakimiyyəti orqanının 1992-ci il tarixli sərəncamla iddiaçıya Buzovna qəsəbəsində torpaq sahəsi ayrılmışdır. Həmçinin, yerli icra hakimiyyəti orqanı tərəfindən torpaq sahəsinə dair cizgi və xəritədən çıxarış verilmişdir. Lakin, cavabdeh tərəfindən onun müraciəti heç bir əsas olmadan təmin edilməmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir və torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşür. Həmçinin, torpaq sahəsinin ümumi ölçüsü faktiki olaraq 1189 kv.m təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1712/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin olunmuş və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi tikmək üçün ayrılmış B/881 saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən məhkəməyə təqdim edilmiş torpaq sahəsinin geri alınması barədə sərəncamlara istinad etmiş və qeyd etmişdir ki, Maştağa-Buzovna yolu boyu yerləşən Maştağa-Buzovna yatağından 156 ha torpaq sahəsi, eləcə də Maştağa-Buzovna yatağından 56 ha torpaq sahəsi Dövlət Neft Şirkətindən geri alınmışdır. Göründüyü kimi mübahisəli torpaq sahəsi Dövlət Neft Şirkətinin faktiki istifadəsinə verilmiş və dövlət mülkiyyətində olan torpaq sahələridir. Dövlət mülkiyyətində olan torpaq sahələrinin yerli icra hakimiyyəti orqanının qərarı əsasında istifadədən geri alınması mümkün deyildir. Belə ki, bu qərarın qəbul olunması yerli icra hakimiyyəti orqanının səlahiyyətləri xaricindədir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Göründüyü kimi, yerli icra hakimiyyəti orqanı tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsaslardan biri sayılır ki, bu əsas vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tənzimləyən Qanunun 8.0-ci maddəsinin əhatə dairəsinə düşmüşdür. İşin hallarından göründüyü kimi, iddiaçı torpaq üzərində hüququnun yaranmasının əsası kimi Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 1992-ci il tarixli sərəncamının mövcudluğuna istinad etmişdir. Həmin dövrə münasibətdə yerli icra hakimiyyəti tərəfindən torpaq sahəsinin ayrılması qaydası qanunveriliyin aşağıdakı müddəalarında əks olunmuşdur. Köhnə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (1991-ci il redaksiyasına) görə: -7-ci maddəyə əsasən, torpaqlar Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini vətəndaşların xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər; -9-cu maddəyə əsasən, torpaq üzərində Azərbaycan Respublikasının dövlət mülkiyyətinə, respublika ərazisində bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər subyektlərin mülkiyyətinə verilmiş torpaqlardan başqa, bütün torpaqlar aiddir. Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər; -22-ci maddəyə əsasən, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; -23-cü maddəyə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yerquruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir; -29-cu maddəyə əsasən, müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir; -30-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir; -100-cü maddəyə əsaəsn, yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını. Maddələrin tələblərindən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin fiziki və hüquqi şəxslərin daimi sahibliyinə və istifadəsinə ayrılması səlahiyyəti xalq deputatları Sovetlərinə məxsus olmuş, torpaq sahəsinin verilməsi sonuncu qurumun qərarı və yer quruluşu sənədlərinə əsasən həyata keçirilməlidir. Bu məqsədlə yer quruluşu tədbirləri kimi yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etməli və yerdə (naturada) torpaq sahəsinin ayrılmasını təsdiq edən dövlət sənədlərini hazırlanmalıdır. Bu sənədlər əsasında torpaq üzərində mülkiyyət hüququ dövlət aktı ilə rəsmiləşdirilməlidir. Həmçinin, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 yanvar tarixli, 35 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq sahəsinin verilməsi və geri alınması barədə vəsatət qaldırılması və ona baxılması qaydası haqqında Əsasnamə”nin: -1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında istifadə üçün torpaq sahələrinin verilməsi və geri alınması Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 20, 21, 22-ci maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetlərinin qərarları əsasında həyata keçirilir; -2-ci hissəsinə əsasən, torpaq sahəsi verilməsi və geri alınması haqqında vəsatətə baxılmaq üçün yerquruluşu işi tərtib edilir. Yerquruluşu işini torpaq verilməsi haqqında vəsatət qaldıran müəssisə, idarə, təşkilat nümayəndələrinin və vətəndaşların bilavasitə iştirakı ilə müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri hazırlayırlar; -23-cü hissəsinə əsasən, həyətyanı torpaq sahələrinin ayrılması üçün aşağıdakı sənədlər müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetinə təqdim edilir: v) icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin həyətyanı torpaq sahəsinin ayrılması barədə vəsatəti; -25-ci hissəsinə əsasən, şəhər və qəsəbələrdə fərdi yaşayış evlərinin və köməkçi tikililərin inşası və kollektiv bağçılıq və bostançılıq üçün ayrılan torpaq sahələrinin ölçüsü, onların baş planlarına müvafiq olaraq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir; -26-cı hissəsinə əsasən, şəhər və qəsəbələrdə fərdi tikinti və kollektiv bağçılıq və bostançılıq üçün torpaq sahələri icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin vəsatətinə əsasən müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Soveti tərəfindən 20 gün müddətində baxılır və qərar qəbul edilir. Vəsatətə ayrılması nəzərdə tutulan sahənin xəritəsi və yaşayış məntəqəsinin baş planından çıxarışı əlavə edilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq sahələrinin geri alınması və dövlət və ictimai ehtiyaclar üçün ayrılması barədə vəsatətlərin qaldırılması və onlara baxılması Qaydaları”na əsasən bu Qaydalar, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq, Azərbaycan Respublikasında torpaq sahələrinin geri alınması və dövlət ehtiyacları üçün ayrılması barədə vəsatətlərin qaldırılması və onlara baxılması qaydalarını tənzimləyir.
1. Torpaq sahələrinin geri alınması və ayrılması haqqında vəsatətə baxmaq üçün yerquruluşu işi tərtib edilir. Yerquruluşu işini torpaq sahəsinin geri alınması və ayrılması haqqında vəsatət qaldıran aidiyyəti orqanların hüquqi və fiziki şəxslərin (sifarişçinin) nümayəndələrinin bilavasitə iştirakı ilə müvafiq rayon, şəhər torpaq şöbələri hazırlayırlar.
5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan fiziki və hüquqi şəxslərə istifadəyə verilmiş torpaq sahələri dövlət ehtiyacları üçün torpaq sahələri istifadəçilərinin razılığı olduqda, yerli icra hakimiyyəti orqanı və ya bələdiyyənin qərarı əsasında Azərbaycan Respublikasının Torpaq Məcəlləsində nəzərdə tutulmuş şərtlərlə geri alına bilər. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, torpaq qanunvericiliyinə uyğun olaraq torpaq sahəsinin verilməsi xalq deputatları Sovetlərinin qərarları əsasında həyata keçirilməlidir. Torpaq sahəsi verilməsi üçün icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin vəsatəti xalq deputatları Sovetinə təqdim edilməli və vəsatətə yerquruluşu işi qaydasında ayrılması nəzərdə tutulan sahənin xəritəsi və yaşayış məntəqəsinin baş planından çıxarış əlavə edilməlidir. Ayrılan torpaq sahələrinin ölçüsü xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir. Lakin iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncam xalq deputatları Sovetləri tərəfindən deyil, yerli rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edildiyindən, həmin dövrdə qüvvədə olmuş qanunvericilik yoxlanılarkən müəyyən olunmuşdur ki, “Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” 8 oktyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Prezidentinə hüquq verilmişdir ki, yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkili və fəaliyyəti qaydasının müəyyən olunması, onların tabeliyinin təyin edilməsi, mərkəzi dövlət idarəetmə orqanlarının yaradılması və ləğvi məsələləri barəsində fərmanlar versin. Bu Qanunun icrası ilə bağlı qəbul edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” ilə xalq deputatları Sovetlərinin və icra hakimiyyətinin səlahiyyətləri tənzimlənmişdir. Əsasnamənin 12-ci və 13-cü maddələrində göstərilmişdir ki, bu Əsasnamə ilə müəyyən edilmiş hüdudlarda rayonda, şəhərdə icra hakimiyyətini həyata keçirən dövlət vəzifəli şəxs — İcra hakimiyyətinin başçısıdır, o, torpaqdan istifadə sahəsində məsələləri həll edir. Göründüyü kimi, qanunvericilikdə baş vermiş dəyişikliklərlə müəyyən olunmuşdur ki, artıq torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətlər xalq deputatları Sovetlərinə deyil, icra hakimiyyəti başçılarına aid edilmişdir. Baş vermiş bu dəyişiklik ona dəlalət edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə icra hakimiyyəti tərəfindən sərəncamın qəbul edilməsi qanunamüvafiq hesab edilir. Bundan başqa məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə praktikasına görə vətəndaşlara fərdi yaşayış evlərinin tikilməsi üçün ayrılmış torpaq sahələri ilə bağlı İcra Hakimiyyəti başçıları tərəfindən qəbul edilmiş sərəncamlar, onların həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd sayılır. Göründüyü kimi hazırkı halda yerli icra hakimiyyəti orqanının sərəncamının hüquqmüəyyənedici sənəd qismində tanınmasını istisna edən hər hansı hal mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verməmiş, həmin qərar ilə razılaşmışdır. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlili isə ondan ibarət olmuşdur ki, iddiaçıya ayrılan torpaq sahəsi Dövlət Neft Şirkətinin balansında olan torpaq sahəsidir. Bununla bağlı cavabdeh tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, elektron kadastr məlumat bazasına əsasən həmin torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi hüdudları daxilində yerləşir. İş üzrə ekspert rəyi üzrə torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmədiyi göstərilsə də, ekspert həmin nəticəyə onunla əlaqədar olaraq gəlmişdir ki, adıçəkilən torpaq sahəsi yaşayış məntəqələri təyinatlı torpaqlar kateqoriyasına aiddir və ərazi yaxınlığında çoxlu sayda fərdi yaşayış evləri və həyətyanı torpaq sahələri mövcuddur və bu ərazidə neftin çıxarılması ilə bağlı hər hansı fəaliyyət həyata keçirilmir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, işin həm birinci instansiya, həm də apellyasiya icraatı zamanı torpaq sahəsinin Dövlət Neft Şirkətinə ayrılmasına dair qərarın surəti təqdim edilməmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsinin üçüncü şəxsin istifadəsinə hansı hüquqmüəyyənedici sənədlə verilməsi müəyyən edilmir, Kollegiya təkcə elektron kadastr məlumatlarının mövcudluğu halında iddianın rədd edilməsinin müstəqil əsası qismində çıxış etməməsi qənaətindədir. Hətta, adıçəkilən torpaq sahəsi elektron kadastr baza məlumatlarına istinad edilməklə Dövlət Neft Şirkətinin balansında hesab edilmiş olsa belə, hazırkı halda adıçəkilən torpaq sahəsini verməyə, daha sonra o torpaq sahəsini geri almağa səlahiyyətli inzibati orqan tərəfindən torpaq sahəsi Dövlət Neft Şirkətinin balansından geri alındığından elektron kadastr məlumatlarının öz hüquqi əhəmiyyətini itirdiyi, eləcə də hər hansı hüquqmüəyyənedən əsasa istinad etmədiyi aşkardır. Belə ki, istər üçüncü şəxs yerli icra hakimiyyəti orqanının nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatından, istərsə də məhkəməyə təqdim edilmiş torpaq sahəsinin geri alınması barədə sərəncamlardan görünür ki, Maştağa-Buzovna yolu boyu yerləşən Maştağa-Buzovna yatağından 156 ha torpaq sahəsi, eləcə də Buzovna- Maştağa yatağından 56 ha torpaq sahəsi Dövlət Neft Şirkətindən geri alınmışdır. Eyni zamanda, bununla bağlı yerli icra hakimiyyəti orqanı tərəfindən torpaq sahəsinin geri alınması barədə məlumat da məktubla Dövlət Neft Şirkətinə təqdim edilmişdir. Göründüyü kimi adıçəkilən torpaq sahəsi Dövlət Neft Şirkətinin balansında olsa belə, səlahiyyətli inzibati orqanın sərəncamları əsasında geri alınmışdır. Digər tərəfdən qeyd edilməlidir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və təqdim edilmiş ekspert rəyində də elektron kadastr portalına əsasən mübahisə predmeti olan torpaq sahəsinin təyinatının “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olması öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin və onun ətrafında yerləşən torpaq sahələrinin fərdi yaşayış evləri üçün nəzərdə tutulması, neft işləri ilə bağlı həmin ərazidə hər hansı fəaliyyətin həyata keçirilməməsi də nəzərə alınmalıdır. Belə ki, mütəxəssi rəyindən görünür ki, həmin ərazidə yerüstü boru kəməri və avadanlığı vasitəsi, neftin çıxarılması və digər əlaqəli fəaliyyət növü müşahidə edilmir. Həmçinin qeyd edilməlidir ki, təqdim edilmiş müvafiq ekspert rəyində göstərilən 0.0925 ha torpaq sahəsinin 0.0329 ha hissəsi yüksək gərginlikli elektrin xəttinin mühafizə zonasında yerləşməsi göstərilmişdir ki, bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Torpaq sahəsinin iddiaçının mülkiyyətinə verildiyi vaxtda qüvvədə olan 1991-ci il 9 noyabr tarixli Torpaq Məcəlləsinin 81-ci maddəsinə əsasən, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, sahibləri və istifadəçiləri aidiyyəti üzrə mülkiyyət, sahiblik və istifadə hüququndan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, torpaq sahibləri və torpaq istifadəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Eyni tələb 1999-cu il 25 iyun tarixli Qanunla təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndində təsbit olunmuşdur. Həmin normaya əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarıxli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxari olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 3-cü bəndində qeyd edilir ki, elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin Qaydaların 5-ci bəndində qeyd edilir ki, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində >1≤20 Un, KV gərginliyində 10 metr elektrik şəbəkəsinin mühafizəsi zonası müəyyən edilmişdir. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfındən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6-cı bənd); Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə «Tikinti Normaları və Qaydaları»na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların yolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir (9-cu bənd); Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi. Beləliklə, qüvvədə olan qanunvericilik elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadəyə verilməsini istisna etməsə də, mühafizə zonasına aid torpaq sahəsinin istifadəçisi qeyd olunan Qaydaların 12-ci bəndinə nəzərdə tutulmuş işləri elektrik şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan apara bilməz. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-239/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.“ Analoji hüquqi mövqə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1405/2020 saylı iş üzrə 01 iyul 2020-ci il tarixli qərarında, 2- 1(102)-864/2020 saylı iş üzrə 02 iyun 2020-ci il tarixli qərarında, 2-1(102)-445/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il qərarında da öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qüvvədə olan qanunvericiliyin və mövcud məhkəmə təcrübəsinin tələblərinə əsasən torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün maneə yaratmır. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etdirmişdir. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (“Gashi Xorvatiyaya qarşı” iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və “Stolyarova Rusiya Federasiyasına qarşı” iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar) Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən bir də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “apriori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, öz təbiətləri etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyan prosedurlara riayət edilməməsi, özü-özlüyündə hüququn qeydə alınmasından imtinanın əsasını təşkil edə bilməz. Hüquqların qeydə alınmasından imtina edən inzibati orqan, sözügedən prosedurlara riayət edilməməsinin yekun inzibati aktın qəbuluna təsir edəcək dərəcədə pozuntu yaratdığını əsaslandırmalıdır. Belə əsaslandırma işin konkret faktiki və hüquqi halları ilə əlaqəli şəkildə aparılmalı, xüsusən də istinad edilən halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İş materiallarından görünür ki, iddiaçıya torpaq sahəsinin ayrılmasının əsası yerli icra hakimiyyəti orqanının sərəncamıdır ki, həmin sərəncam inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktdır və həmin aktın ləğv edilməsi, onun qüvvəsinin olmaması ilə bağlı hər sənəd təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan mənzilə dair iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1712/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev