Məhkəmə qərarları › İş №2-1(103)-840/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-840/2021

22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-840/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2-1(112)-3542/2019 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 19 iyul 2017-ci il tarixdən, 51 yaş 06 aydan pensiyasının “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə, aldığı əmək haqqına əsasən təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3542/2019 saylı 02.10.2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı 51 yaş 06 ay tamam olduğu 19.07.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 14.01.2020ci il tarixli 2-1(103)-178/2020 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Həmin qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 03.06.2020-ci il tarixli 2-1(102)- 1153/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmənin 02.10.2019-cu il tarixli 2-1(81)-3542/2019 saylı qərarı 29.07.2020-ci il tarixdə icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. 16.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək İddiaçı dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 iyun 2020-ci il tarixli 2- 1(102)-1153/2020 nömrəli qərarının icra edilməsinin mümkün olmamasını bildirmiş və məktubda göstərilmişdir ki, “Belə ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq pensiya təyin olunması üçün tələb olunan pensiya kapitalına malik deyildir. Sözügedən məhkəmə qərarının icrasının mümkün olub-olmaması ilə bağlı filial tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Aparatına sorğu verilmişdir. Sorğuya cavab olaraq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən icranı qeyri-mümkün edən səbəblərdən iş üzrə icraata xitam verilməsinə baxılması barədə müvafiq İcra və Probasiya şöbəsinə müraciət edilməsi bildirilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun qanunla müəyyən edilmiş tələb olunan pensiya kapitalı olmadığına görə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.10.2019-cu il tarixli 2-1(81)-3542/2019 nömrəli qərarı üzrə icraata xitam verilməsi barədə müvafiq İcra və probasiya şöbəsinə müraciət olunması nəzərdə tutulmuşdur”. Sonradan məhkəmə qərarının icrası ilə bağlı, 21.09.2020-ci il tarixli 2-1(81)- 3542/2019 nömrəli icra vərəqəsi verilərək icra edilməsi üçün Binəqədi rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Şakir Bahadırovun 05.10.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. 02.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı ərizə ilə müraciət edərək 2-1(81)-3542/2019 nömrəli 02.10.2019-cu il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2-1(112)-3542/2019 saylı qərardadı ilə çıxarılmış məhkəmə qərarının ləğv edilməklə iş üzrə icraatın təzələnməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan Qanunun 9.8-ci maddəsinə əsasən isə 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, 9.8-ci maddə ilə 9.1-ci maddədə nəzərdə tutulmuş şəxslərə yalnız yaş və stajla bağlı əvvəlki qanunvericilyə əsaslanmaqla güzəşt müəyyən olunmuş, pensiya kapitalı tələbinin aradan qaldırılması ilə bağlı heç bir qeyd nəzərdə tutulmamışdır. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi Bakı İnzibati Məhkəməsinin X3 işi üzrə 2-1 (112)-5359/2020 saylı, 02.12.2020-ci il tarixli qərarında da qeyd olunmuşdur. Həmin qərara əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər ediməsi barədə” 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 01.07.2017-ci il tarixədək, güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (01.07.2017-ci il) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 01.07.2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır”. Beləliklə, məhkəmə sözügedən qərarda qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış kapitalından az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir”. Nəticə etibarilə 01.07.2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İddiaçı isə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik deyildir. Belə ki, hal-hazırda İddiaçı üçün əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalı 53372,00 manat təşkil edir. Lakin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 35850,49 manatdır. Bu səbəbdən də ona əmək pensiyasının təyin olunması mümkün deyil. İddia üzrə hər üç məhkəmə instansiyasının qərarlarına baxarkən məlum olur ki, işə mahiyyəti üzrə baxılarkən iddiaçının tələb olunan pensiya kapitalına malik olub- olmaması ümumiyyətlə araşdırılmamış, sözügedən məsələyə heç bir münasibət bildirilməmişdir. Bununla da iş üzrə bütün hallar araşdırılmamış, maddi hüquq normaları pozulmuşdur. Bu səbəbdən də iddiaçıya pensiya təyin edilməsi ilə bağlı qərar qanuni qüvvəyə minməsinə baxmayaraq, tərəfimizdən həmin qərarın icrası mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Birinci instansiya məhkəməsi barəsində şikayət verilən qərardadı qəbul edərkən məhkəmə iclasının vaxtı barədə məlumat verilməsi ilə bağlı olan prosessual qanunvericilik normalarının ciddi pozuntusuna yol vermişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş 11 noyabr 2020-ci il tarixli bildirişində yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəyə baxılması ilə əlaqədar məhkəmə iclasının 19.11.2020-ci il tarixdə, saat 11:00-da keçiriləcəyi qeyd edilmişdir. Buna baxmayaraq həmin tarixdə və saatda sözügedən proseslə bağlı məhkəmə iclası baş tutmamışdır. İclas bildirişdə qeyd olunan tarixdən sonrakı gün, yəni 20.11.2020-ci il tarixində keçirilmiş və barəsində şikayət verilən qərardad da həmin tarixdə qəbul olunmuşdur. Lakin 20.11.2020-ci il tarixində keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçiyə rəsmi qaydada məlumat verilməmişdir. Bu səbəbdən də ərizəçinin nümayəndəsinin məhkəmə prosesində iştirakı mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Qanunvericliyin tələbindən göründüyü kimi, yeni açılmış hallarla bağlı iş üzrə başa çatmış məhkəmə icraatı o zaman təzələnə bilər ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra yeni sübutlar və ya hallar aşkar olunsun, həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmasın. Həmin Məcəllənin 106-ci (yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü) maddəsində göstərilmişdir: 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.” Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş ərizədən də göründüyü kimi, ərizədə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə zidd olaraq heç bir yeni sübutların və ya halların aşkar olunduğu qeyd olunmamış və qanuni qüvvəyə minmiş məhkəmə qərarının qeyd olunan əsaslarla ləğv olunması xahiş edilməmişdir. Ərizədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv olunması üçün qeyd olunmuş əsaslara gəldikdə isə, həmin əsaslar cavabdeh tərəfindən işə mahiyyəti üzrə baxılarkən iddiaya dair etirazında və yuxarı instansiya məhkəmlərinə qərarlardan verilmiş apellyasiya və kassasiya şikayətlərində qeyd olunmuş və məhkəmələr tərəfindən həmin dəlillərə artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmaldır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisə ilə bağlı iş üzrə icraatın yeni açılmış hallara görə təzələnməsi üçün Azərbaycan Respublikası İPMnin 100-cu maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, birinci instansya məhkəməsi tərəfindən düzgün olaraq ərizənin təmin olunmaması barədə qərardad qəbul edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 100 və 106-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2-1(112)-3542/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar