Məhkəmə qərarları › İş №2-1(103)-840/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-840/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-840/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi və dissertasiya işinə müsbət rəyin verilməsi vəzifəsinin qoyulması, cavabdehin qərarlarının ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6829/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı iddia qaldıraraq Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin veriməsindən imtina edilməsi haqqında xx.xx.2014cü il, xx.xx.2015-ci il, xx.xx.2017-ci il və xx.xx.2020-ci il tarixli qərarlarının ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzərinə İddiaçı iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi və dissertasiya işinə müsbət rəyin verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1995-1999-сu illərdə Azərbaycan Dövlət İqtisad Unuversitetində bakalavr təhsili, 2001-2003-cü illərdə isə həmin Universitetdə magistr təhsili almışdır. xx.xx.2013-cü ildə “Aqrar sahədə qiymət mexanizmi və onun formalaşdırılmasının iqtisadi problemləri” mövzusu üzərində dissertasiyanı müdafiə edərək ona iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət etmiş və həmin Komissiyanın 10-K nömrəli, xx.xx.2014-cü il tarixli protokolu ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilmişdir. Səbəb olaraq isə işdə plagiat faktının olması göstərilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında X4 35-K nömrəli, xx.xx.2017-ci il tarixli protokolu ilə ona fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilməsi haqqında kollegiyanın xx.xx.2014-cü və xx.xx.2017-ci il tarixli qərarları, iqtisadiyyat elmləri üzrə ekspert şurasının xx.xx.2017-ci il tarixli qərarının mənfi olması və dissertasiya işinə verilmiş qapalı rəyin mənfi olması nəzərə alınaraq qüvvədə saxlanılmışdır. Həmin Komissiyanın 09-K nömrəli, xx.xx.2020-ci il tarixli protokolu ilə ona fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilməsi haqqında kollegiyanın xx.xx.2014-cü il və xx.xx.2017-ci il tarixli qərarları, iqtisadiyyat elmləri üzrə ekspert şurasının mənfi rəyi nəzərə alınaraq qüvvədə saxlanılmışdır. İddiaçı bu qərarların surətini yazılı ərizə ilə Ali Attestasiya Komissiyasına muraciət edərək fevral ayında əldə etmişdir. İddiaçı həmin qərarları əsassız hesab edərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddia üzrə qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia elmi dərəcələr və elmi adlar verilməsi ilə bağlı inzibati aktlara münasibətdə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.Eyni müddət “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsində də nəzərdə tutulmuşdur. İş üzrə müvafiq imtina qərarları qəbul edildikdən sonra iddiaçı tərəfindən Komissiyaya ünvanlanmış xx.xx.2014-cü, xx.xx.2015-ci il tarixli, o cümlədən iddiaçının anası tərəfindən Komissiyaya ünvanlanmış xx.xx.2015-ci və xx.xx.2018-ci il tarixli, iddiaçının atası tərəfindən ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizələrlə iddiaçının işinə yenidən baxılması üçün müraciət edilmişdir. Yəni iddiaçı verilmiş hər bir imtina barədə qərardan məlumatlı olmuşdur. Müvafiq müraciətlər əsasında iddiaçının işinə Komissiya tərəfindən yenidən apellyasiya qaydasında baxılmışdır. Ali Attestasiya Komissiyasının iddiaçıya iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi barədə qəbul etdiyi qərar onun diskresion səlahiyyətləri çərçivəsində qəbul olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli məhkəmə qərardadı ilə iddia Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin veriməsindən imtina edilməsi haqqında Kollegiyanın xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2017-ci il tarixli qərarlarının ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6829/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırmamışdır. Belə ki, onun dissertasiya müdafiəsini tam olaraq qanuni şəkildə təşkil etməyinə baxmayaraq, məhkəmə cavabdehin işdə plagiat faktının olması barədə qərarının qanunsuz olmasını əsaslandırmamışdır. Məhkəmə də bu məsələlərə hüquqi qiymət verməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı i!ə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnaməmin 10.3-cü bəndinə müvafiq olaraq şikayət əsasında Komissiyada baxılmış və imtina edilmiş işlərə, faktiki və ya hüquqi halların maraqlı şəxsin xeyrinə dəyişməsi istisna olmaqla, eyni əsaslar üzrə yenidən baxılmır. Buna baxmayaraq, iddiaçının müraciəti əsasında səhhətindəki problemlər nəzərə alınaraq onun dissertasiya işi və attestasiya sənədlərinə apellyasiya qaydasında üç dəfə baxılmış və dissertasiya işinə yüksək ixtisaslı mütəxəssislər tərəfindən verilmiş mənfi rəylər, o cümlədən ekspert şurasının iddiaçıya elmi dərəcənin verilməsinin tövsiyə edilmədiyi nəzərə alınmaqla İddiaçı elmi dərəcənin verilməsindən imtina edilməsi barədə qərar qüvvədə saxlanılmışdır. Müvafiq Əsasnamənin 10.4-cü bəndinə müvafiq olaraq Komissiyanın dissertasiyanın elmi dəyəri barədə şikayətə dair qəbul etdiyi qərar qətidir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat istiqamətini maliyyə kredit ixtisası üzrə bitirmiş, sonradan isə iqtisadiyyat istiqamətinin maliyyə və kredit ixtisası üzrə fərqlənmə ilə magistr səviyyəsini bitirmişdir. “Aqrar sahədə qiymət mexanizmi və onun formalaşdırılmasının iqtisadi problemləri” 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasını hazırlayaraq 2014, 2015, 2017 və 2020-ci illərdə cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim etmiş, cavabdehin kollegiyasının xx.xx.2014-cü il tarixli, 18-K nömrəli protokolundan çıxarışa əsasən ekspert şurasının mənfi rəyi nəzərə alınaraq İddiaçı iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən mtina edilmişdir, cavabdehin xx.xx.2015-ci il tarixli, 12-K nömrəli protokoluna əsasən qeyd edilən qərar, iqtisadiyyat elmləri üzrə ekspert şurasının mənfi rəyi (iddiaçı zəif çıxış edib) nəzərə alınaraq qüvvədə saxlanılmışdır, cavabdehin xx.xx.2017-ci il tarixli, 35-K №li protokoluna əsasən iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi haqqında Kollegiyanın xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli qərarları, iqtisad elmləri üzrə ekspert şurasının xx.xx.2017-ci il tarixli qərarının mənfi olması və dissertasiya işinə verilmiş qapalı rəyin mənfi olması nəzərə alınaraq qüvvədə saxlanılmışdır, cavabdehin xx.xx.2020-ci il tarixli, 09-K nömrəli protokolundan çıxarışa əsasən iddiaçıya iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi haqqında Kollegiyanın xx.xx.2015-ci il tarixli (protokol № 12-K) və xx.xx.2014-cü il tarixli (protokol № 18-K) qərarları iqtisad elmləri üzrə ekspert şurasının mənfi rəyi nəzərə alınaraq qüvvədə saxlanılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ona elmi dərəcənin verilməsindən imtina etməsi ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.1-ci in hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər, həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçı cavabdehə müraciət etmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin veriməsindən imtina edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarı 31 yanvar 2022-ci il tarixdə iddiaçıya təqdim edilmiş,cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamənin: - 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya öz fəaliyyətində qanunilik, obyektivlik, şəffaflıq və peşəkar etik normalara əməl edilməsi prinsiplərini əsas tutmaqla, qərarların qəbulunda müstəqildir. Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir. - 2.0-ci bəndinə əsasən komissiyanın vəzifələri aşağıdakılardır: 2.0.1. elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi dərəcələr (fəlsəfə doktoru, elmlər doktoru) və elmi adlar (dosent, professor) verilməsi barədə vəsatətləri əsasında elmi dərəcə və elmi adlar verilməsini təmin etmək;..2.0.7. Azərbaycan Respublikasında elmi dərəcə və elmi ad almış şəxslərə dövlət sənədləri (diplomlar, attestatlar) vermək. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli, 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin: - 1.2-ci bəndinə əsasən elmi dərəcələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na uyğun olaraq elm sahələri üzrə Komissiya verir. - 1.3-cü bəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsi magistr (rezident) elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir. - 1.4-cü bəndinə əsasən elmlər doktoru elmi dərəcəsi fəlsəfə doktoru elmi dərəcəsi və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir. - 2.2-ci bəndinə əsasən dissertasiyaların mövzuları müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda müəyyən edilir. - 3.1-ci bəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq, aşağıdakı tələblərdən birinə cavab verməlidir:3.1.1. dissertasiyada müvafiq elm sahəsində böyük əhəmiyyət kəsb edən problemin yeni həlli təklif olunmalıdır;3.1.2. böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhi verilməlidir. - 3.2-ci bəndinə əsasən elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq, aşağıdakı tələblərdən birinə cavab verməlidir:3.2.1. dissertasiya işi böyük əhəmiyyət kəsb edən yeni elmi problemin həllini təmin etməlidir;3.2.2. dissertasiya işində müvafiq elm sahəsinin perspektiv inkişafı üçün mühüm elmi nailiyyət hesab edilə bilən əsaslandırılmış yeni nəzəri müddəalar irəli sürülməli və işlənib hazırlanmalıdır;3.2.3. elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən, texniki-iqtisadi cəhətdən əsaslandırılmış yeni texniki və texnoloji işləmələrin həlli verilməlidir. - 3.3-cü bəndinə əsasən dissertasiya iddiaçının şəxsən özünün yazdığı və müdafiə üçün irəli sürdüyü elmi müddəaların və nəticələrin məcmusunu əhatə edən tamamlanmış elmi tədqiqat işidir. - 3.4-cü bəndinə əsasən dissertasiyanın daxili vəhdəti olmalı, iddiaçının elmə verdiyi töhfəni əks etdirməlidir. - 3.5-ci bəndinə əsasən dissertasiyanın məzmununda aşağıdakılar əks olunmalıdır: 3.5.1. tədqiqatın aktuallığı, obyekti, məqsəd və vəzifələrinin müəyyən olunduğu elmi məsələnin (problemin) əsaslandırılmış qoyuluşu verilməlidir; 3.5.2. tədqiqat mövzusu üzrə elmi ədəbiyyatın, o cümlədən xarici elmi informasiya mənbələrinin analitik icmalı verilməlidir; 3.5.3. müdafiəyə çıxarılan elmi müddəalar dəqiq göstərilməlidir; 3.5.4. iddiaçının təklif etdiyi elmi yeniliklər ciddi əsaslandırılmalı, mövcud faktlarla və elmi baxışlarla müqayisədə tənqidi qiymətləndirilməlidir; 3.5.5. dissertasiyanın ayrı-ayrı hissələri üzrə əldə edilmiş nəticələrin izahlı təqdimatı verilməlidir; 3.5.6. əsas elmi yenilikləri göstərməklə və onların əhəmiyyətini əsaslandırmaqla dissertasiyanın yekun nəticələri təqdim edilməlidir; 3.5.7. əldə edilmiş elmi nəticələrin istifadəsinə və tətbiqinə dair tövsiyələr verilməlidir; 3.5.8. tətbiqi əhəmiyyəti olan dissertasiyada iddiaçının aldığı elmi nəticələrin praktikada tətbiqi barədə məlumat, nəzəri əhəmiyyəti olan dissertasiyada isə elmi nəticələrin tətbiqi ilə əlaqədar tövsiyələr göstərilməlidir; 3.5.9. istifadə olunmuş ədəbiyyat siyahısı iddiaçının dissertasiyanın əsas nəticələrini əks etdirən nəşr olunmuş elmi əsərləri də daxil edilməklə verilməlidir. - 3.6-cı bəndinə əsasən iddiaçı özünün fəlsəfə doktoru dissertasiyasının ən çoxu beşdə bir hissəsindən elmlər doktoru dissertasiyasında istifadə edə bilər. - 4.1-ci bəndinə əsasən dissertasiya şuralarını vahid sistem əsasında, uyğun ixtisaslar üzrə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin müxtəlif sahələrində daim elmi araşdırmalar aparan, yüksəkixtisaslı elmi kadr potensialı olan mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində onların vəsatəti əsasında fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Komissiya yaradır. - 5.1-ci bəndinə əsasən dissertasiya işi, iddiaçının seçiminə uyğun olaraq, onun yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilata, ali təhsil müəssisəsinə ilkin müzakirəyə təqdim edilir. - 5.2-ci bəndinə əsasən dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində iddiaçının rəsmi müraciət tarixindən etibarən üç aydan gec olmayaraq dissertasiyanın ilkin müzakirəsi keçirilir və iddiaçıya bir aydan gec olmayaraq müzakirənin keçirildiyi iclasın geniş protokolu və dissertasiya haqqında rəy verilir. - 5.6-cı bəndinə əsasən dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində ilkin müzakirənin nəticəsində verilən geniş protokol və rəylə birlikdə dissertasiya işi, Komissiyanın müəyyən etdiyi siyahı üzrə digər sənədlər həmin müəssisə və təşkilat, ali təhsil müəssisəsinin vəsatəti ilə müvafiq ixtisas üzrə fəaliyyət göstərən dissertasiya şuralarının hər hansı birinə müdafiə üçün təqdim edilir. - 6.1-ci bəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Komissiyanın Kollegiyasında, elmlər doktoru elmi dərəcəsinin verilməsi məsələsinə X3 baxılır və qərar qəbul edilir. - 6.3-cü bəndinə əsasən Komissiya dissertasiya və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi və dissertasiya işinə müsbət rəyin verilməsi inzibati orqanın (hazırkı halda cavabdehin) diskresion səlahiyyətlərinə aiddir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, diskresion səlahiyyətlərin icrası nəticəsində qəbul edilmiş inzibati aktların qanuniliyinə qiymət verilərkən inzibati orqanın malik olduğu diskresion səlahiyyəti mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirib-keçirmədiyi yoxlanılmalı, xüsusilə də hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı və bununla bağlı, inzibati orqanın öz qərarını əsaslandırarkən istinad etdiyi halların yuxarıda sadalanmış qanunvericilik normalarının müddəaları baxımından mövcud olub-olmadığı işə baxan məhkəmə tərəfindən mütləq araşdırılmalıdır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Nəzərə almaq lazımdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının xx.xx.2014-cü il tarixli protokolundan çıxarışa əsasən, X7 iqtisadiyyat elmləri üzrə ekspert şurasının mənfi rəyi nəzərə alınaraq iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilmişdir. Kollegiyanın xx.xx.2015-ci il tarixli protokolundan çıxarışa əsasən, X7 iqtisad üzrə fəlsəfə doktora elmi dərəcəsi verilməsindən imtina edilməsi haqqında Kollegiyanın 10,06.2014-cü il tarixli (pron№ 18~K) qərarı, iqtisadiyyat elmləri üzrə ekspert şurasının mənfi rəyi (iddiaçı zəif çıxış edib) nəzərə alınaraq, qüvvədə saxlanılmışdır. Kollegiyanın xx.xx.2020-ci il tarixli protokolundan çıxarışa əsasən, X7 iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi haqqında Kollegiyanın xx.xx.2014-cü il tarixli (prot.№18“K) və xx.xx.2015-ci il tarixli (prot.№ 12-K) qərarları, iqtisad elmləri üzrə ekspert şurasının xx.xx.2017-ci il tarixli (prot,№ 11) qərarının mənfi olmasım və dissertasiya işinə verilmiş qapalı rəyin mənfi olmasını nəzərə alaraq, qüvvədə saxlanılmışdır. İddiaçı X6 iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “Aqrar sahədə qiymət mexanizmi və onun formalaşdırılmasının iqtisadi problemləri” 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisasında dissertasiya işinə ekspert komissiyasının üç üzvü tərəfindən baxılaraq dissertasiya işinin X2 nə keçmiş, nə də müasir tələblərə cavab verməməsi və onun müəllifinə iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsinin verilməli olmaması barədə rəy verilmişdir, eyni zamanda həmin dissertasiya işi üzrə X1 Elmi-Tədqiqat İnstitutunun direktoru tərəfindən də mənfi rəy verilmişdir, habelə digər ekspertlər tərəfindən dissertasiya işinə mənfi rəylər verilərək iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi tövsiyyə olunmamışdır. Belə olan halda cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən İddiaçı iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin veriməsindən imtina edilməsi haqqında cavabdehin xx.xx.2020-ci il tarixli qərarı əsaslı olmaqla qanunvericiliyin tələblərinə müvafiq diskresion səlahiyyətləri çərçivəsində qəbul edilmişdir, cavabdeh tərəfindən yuxarıda istinad edilən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli, 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və digər qanunvericilik aktlarının pozulması hazırki inzibati işə baxılan zaman müəyyən edilməmişdir, odur ki, məhkəmənin gəldiyi nəticəyə görə cavabdehin xx.xx.2020-ci il tarixli qərarı qanuna uyğun olduğundan həmin qərarın ləğv edilərək iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi və dissertasiya işinə müsbət rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzərinə qoyula bilməz. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6829/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar