Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-841/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)-4205/2019 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşı tamam olduğu tarixdən, yəni 18.05.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.10.2019-cu il tarixli, 2-1(81)-4205/2019 №-li qərarı ilə iddia təmin edərək İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 18.05.2019cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 21.01.2020-ci il tarixli, 2-1(103)-253/2020 №-li qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.01.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.06.2020-ci il tarixli, 2-1(102)- 1088/2020 №-li qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 21.01.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.10.2019-cu il tarixli, 2-1(81)-4205/2019 №-li qərarı icra edilməsi üçün 12.08.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Cavabdeh məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4205/2019 №-li iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)-4205/2019 saylı qərardadı ilə çıxarılmış məhkəmə qərarının ləğv edilməklə iş üzrə icraatın təzələnməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan Qanunun 9.8-ci maddəsinə əsasən isə 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, 9.8-ci maddə ilə 9.1-ci maddədə nəzərdə tutulmuş şəxslərə yalnız yaş və stajla bağlı əvvəlki qanunvericilyə əsaslanmaqla güzəşt müəyyən olunmuş, pensiya kapitalı tələbinin aradan qaldırılması ilə bağlı heç bir qeyd nəzərdə tutulmamışdır. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi Bakı İnzibati Məhkəməsinin X2 işi üzrə 2-1 (112)-5359/2020 saylı, 02.12.2020-ci il tarixli qərarında da qeyd olunmuşdur. Həmin qərara əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər ediməsi barədə” 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 01.07.2017-ci il tarixədək, güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (01.07.2017-ci il) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 01.07.2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır”. Beləliklə, məhkəmə sözügedən qərarda qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış kapitalından az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir”. Nəticə etibarilə 01.07.2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İddiaçı isə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik deyildir. Belə ki, hal-hazırda, yəni qərardaddan apelyasiya şikayətinin yazıldığı 25.12.2020-ci il tarixinə İddiaçı üçün əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalı 44200,00 manat təşkil edir. Lakin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 36532,65 manatdır. Bu səbəbdən də ona əmək pensiyasının təyin olunması mümkün deyil. İddia üzrə hər üç məhkəmə instansiyasının qərarlarına baxarkən məlum olur ki, işə mahiyyəti üzrə baxılarkən iddiaçının tələb olunan pensiya kapitalına malik olub- olmaması ümumiyyətlə araşdırılmamış, sözügedən məsələyə heç bir münasibət bildirilməmişdir. Bununla da iş üzrə bütün hallar araşdırılmamış, maddi hüquq normaları pozulmuşdur. Bu səbəbdən də iddiaçıya pensiya təyin edilməsi ilə bağlı qərar qanuni qüvvəyə minməsinə baxmayaraq, tərəfimizdən həmin qərarın icrası mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Qanunvericliyin tələbindən göründüyü kimi, yeni açılmış hallarla bağlı iş üzrə başa çatmış məhkəmə icraatı o zaman təzələnə bilər ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra yeni sübutlar və ya hallar aşkar olunsun, həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmasın. Həmin Məcəllənin 106-ci (yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü) maddəsində göstərilmişdir: 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.” Cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə istinad etməklə iddiaçının tələb olunan pensiya kapitalına malik olubolmamasının məhkəmələr tərəfindən araşdırılmamasını əsas gətirərək həmin halın yeni açılmış hal kimi qiymətləndirilərək icraatın təzələnməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh əhalinin əmək pensiyaları ilə təyinatının və ödənişlərinin aparılması sahəsində müvafiq səlahiyyətli qurum kimi ərizədə yeni açılmış hal kimi təqdim olunmuş “iddiaçının tələb olunan pensiya kapitalına malik olmaması”na dair əsasın ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması, sonradan aşkar olunması inandırıcı və məntiqli qəbul edilə bilməz. Eyni zamanda, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə mübahisəsindən əvvəl aparılmış inzibati icraatda işin hallarının hərtərəfli araşdırılması da inzibati orqanın vəzifəsidir. Cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı inzibati icraatın nəticəsi olaraq iddiaçıya 01.01.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az təşkil etməsini əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş və hazırki ərizəsində qaldırdığı məsələyə ümumiyyətlə toxunmamışdır. Belə olan halda məhkəmə ərizəçinin gətirdiyi dəlilləri yeni açılmış hal kimi qiymətləndirilmir və bu halı əsas götürülməklə icraatın təzələnməsini məqsədə müvafiq hesab edilmir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmaldır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisə ilə bağlı iş üzrə icraatın yeni açılmış hallara görə təzələnməsi üçün Azərbaycan Respublikası İPMnin 100-cu maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, birinci instansya məhkəməsi tərəfindən düzgün olaraq ərizənin təmin olunmaması barədə qərardad qəbul edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 100 və 106-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)-4205/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-841/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-841/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver