Məhkəmə qərarları › İş №2-1(103)-841/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-841/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-841/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabiliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3441/2021 saylı, 22 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabiliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı onun xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilədək dövlət müəssisəsi olan Təmir Tikinti Trestində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək ona əmək pensiyasının təyin edilməsi öhdəlyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, o, 1955-ci ildə anadan olmuş, xx.xx.1971-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.2001-ci ilə kimi əmək fəaliyyəti olmuş, 30 ilə yaxın dövlət müəssisələrində çalışmış, bu barədə onun əmək kitabçasıda da, müvafiq qeydiyyatlar aparılmışdır. 2019-cu ildə onun pensiya yaşı çatdığından, o, müvafiq sənədləri əlavə etməklə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə müraciət edərək, əmək stajının nəzərə alınmaqla, əmək pensiyası təyin edilməsini istəmişdir. Ona xx.xx.2019-cu ildə verilmiş cavab məktubunda göstərilmişdir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan iş stajı və pensiya kapitalı olmadığı üçün ərizəsi təmin edilməmişdir. Cavab məktubunda əlavə olaraq bildirilmişdir ki, əmək kitabçasında göstərilən xx.xx.1992-xx.xx.2001-ci illərin iş stajının düzgünlüyünü yerində dəqiqləşdirmək mümkün deyildir. Həmin illər qanunvericiliyə uyğun olaraq onun ümumi iş stajına daxil edilməmişdir. Bu səbəbdən də, tələb olunan iş stajı yoxdur. Ona cəmi 130 manat pensiya təyin olunmuş, onun 30 ilə yaxın əmək stajı nəzərə alınmamışdır. İddiaçı əmək fəaliyyətinə başladığı dövrdən işlədiyi müəssisələrin hamısı dövlət müəssisələri olmuş, məcburi köçkün düşdükdən sonra isə Bakı şəhərinə gəlmişlər və xx.xx.1992-ci ildə Dərnəgül yaşayış massivində olan Təmir Tikinti Trestində rəsmi olaraq malyar kimi işə qəbul olunmuş, xx.xx.2001-ci ilə kimi həmin müəssisədə çalışmışdır. Hər ay maaş cədvəlinə imza edərək əmək haqqı almışdır. Onun son olaraq xx.xx.1992-xx.xx.2001-ci illərdə çalışdığı Təmir Tikinti Tresti də, dövlət müəssisəsi olmuşdur, əmək kitabçasında da, bu barədə rəsmi qeydiyyat aparılmışdır. Onun xx.xx.1992 – xx.xx.2001-ci illərdə Təmir Tikinti Trestində çalışması barədə məlumatların düzgünlüyünün yerində dəqiqləşdirilməsinin mümkün olmaması onun günahı deyildir və bu hal onun Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnun pozmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Repsublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial siğorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarında sığorta olunanın sığorta stajının əmək kitabçasına əsasən müəyyən olunması nəzərdə tutulduğundan İddiaçı əmək kitabçasında xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilədək dövlət müəssisəsi olan Təmir Tikinti Trestində işlədiyi müddət sosial siğorta stajı müəyyən olunduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinin əmək kitabçasında göstərilən xx.xx.1992- xx.xx.2001-ci illərin iş stajınının düzgünlüyünü yerində dəqiqləşməsinin mümkün olmadığını əsas gətirərək əmək pensiyasının təyin edilməsindən imtina etməsi əsassızdır. Beləliklə də, cavabdehin imtinası əsassız hesab olunaraq, ona əmək pensiyası təyin olunmalıdır. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial siğorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İlk olaraq təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhə iddiaçının əmək kitabçasında latın və kiril qrafikalı əlifbadan qarışıq olaraq istifadə olunmasıdır. Aşağıda xüsusatlara görə, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir: 1. Azərbaycan Respublikası Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, **********650700 nömrəli arayışda İddiaçı vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilmədiyi qeyd olunmuşdur. 2. İddiaçı “Təmir Tikinti Tresti”ndə işlədiyini iddia etdiyi xx.xx.1992xx.xx.2001-ci il tarixləri üzrə əmək kitabçasındakı möhürdə müəssisənin adı Bakı şəhər İcra Hakimiyyəti Təsərrüfat hesablı Təmir Tikinti Sahəsi kimi qeyd olunmuşdur. Lakin Bakı şəhər İcra Hakimiyyəti tabeliyində olan təşkilatlar içərisində Təsərrüfat hesablı Təmir Tikinti Sahəsi mövcud deyildir. 3. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 7-766/17 nömrəli arayışında qeyd olunmuşdur ki, Təsərrüfat Hesablı Təmir Tikinti Sahəsinin sənədləri BŞİH-nin arxivinə təhvil verilməmişdir. 4. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli, BA-00972-2021 nömrəli arayışlarında qeyd olunmuşdur ki, Təsərrüfat Hesablı Təmir Tikinti Sahəsinin sənədləri arxivə təhvil verilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığorta olunan əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda, bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyası təyin edilir. İddiaçı işlədiyini iddia etdiyi dövrlər yalnız əmək kitabçasında qeyd olunmuşdur. Bu müəssisəyə dair Milli Arxiv İdarəsində heç bir məlumat aşkar edilmədiyi üçün qeyd olunan dövrlərin sosial siğorta stajına daxil edilməsi mümkün deyil. İddiaçı nə azı 25 il sığorta stajına malik olduğuna, nə də, fərdi hesabının siğorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə Fondun Nəsimi rayon Xidmət Nümayəndəliyi ərizəni təmin edə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur. Bu səbəbdən də cavabdeh orqanın iddiaçının müracəti il bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3441/2021 saylı, 22 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və şikayəti onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilədək Dövlət müəssisəsi olan Tikinti Trestində işlədiyi müddət üçün sosial sığorta stajı müəyyən olunduğundan DSMF Nəsimi rayon Şöbəsinin əmək kitabçasında göstərilən xx.xx.1992-ci ildən xx.xx.2001-ci illərin stajının düzgünlüyünü yerində dəqiqləşdirmək mümkün olmadığından əmək pensiyasının təyin edilməsindən imtina edilməsi əsassızdır. Həmçinin Tikinti Trestinin sənədləri Bakı şəhər İcra Hakimiyyətinin arxivinə və eləcədə Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmiş və iddiaçının son iş yerinə qəbul edilməsi və çıxarılması ilə bağlı qeydlərdə gözlə görüləcək dərəcədə düzəlişlər edilməsi iddiaları əsassızdır. Belə ki, iddiaçının əmək kitabçasının təsdiq olunmuş surəti iş materiallarına əlavə edilmiş və hər hansı düzəlişin edilməsi görünməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etirraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. - Notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı may 1973 – iyun 1975-ci illərdə hərbi xidmətdə olmuşdur. - Cavabdeh tərəfindən iddiaçıya verilmiş **********7 nömrəli,104.2019-cu il tarixli “Əmək pensiyasının təyin edilməsi barədə” bildirişin surətindən görünür ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajı və pensiya kapitalı olmadığı üçün ərizəsi təmin edilməmişdir. Əsas kimi əmək kitabçasında qeyd edilən xx.xx.1992xx.xx.2001-ci illərin iş stajının düzgünlüyünü yerində dəqiqləşdirilməsinin mümkün olmaması, həmin illərin qanunvericliyə uyğun olaraq onun ümumi iş stajına daxil edilməməsi göstərilmişdir. - İddiaçının adına xx.xx.1971-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1969-xx.xx.1971-ci illərdə təhsil almış, xx.xx.1971-ci ildə peşə fəaliyyətinə başlamış, xx.xx.1972-ci ildə işdən azad edilmiş, xx.xx.1972-ci ildə işə qəbul edilmiş, xx.xx.1973-cü ildə işdən azad edilmiş, may 1973 - iyul 1975-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək, xx.xx.1975-ci ildən xx.xx.1979-cu ilədək, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək, xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilədək, eyni zamanda xx.xx.1979- cu ildən xx.xx.1982-ci ilədək, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək, xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək, xx.xx.1989-cu ildən, xx.xx.1992-ci ildədək müxtəlif peşələrdə, xx.xx.1992-ci il tarixdən, xx.xx.2001-ci il tarixədək isə Bakı şəhər İcra Hakimiyyəti Təsərrüfat Hesablı Təmir Tikinti Sahəsində işləmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri İlə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 7-776/17 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı 1992-2001-ci illərdə işlədiyi Bakı şəhər İcra Hakimiyyətinin Təsərrüfathesablı Təmir Tikinti Sahəsinin sənədləri Bakı şəhər İcra Hakimiyyətinin arxivinə təhvil verilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 7 aprel 2021-ci il tarixli, BA-01286-2021 nömrəli məktubdan görünür ki, Bakı şəhər İH Bakı Baş Tikinti İdarəsi Təsərrüfathesablı Təmir Tikinti Sahəsinin 1992- 2001-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 7-1091/17 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli, 130 saylı və xx.xx.2000-ci il tarixli, 251 saylı əmrləri ilə Bakı şəhər İcra Hakimiyyətinin özəlləşdirməyə açıq elan edilmiş struktur bölmələrinin tabeliyinəd olan bütün podrat idarə və təşkilatlar həmin Nazirliyin (sonradan, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, hazırda isə Azərbaycan Republikasının İqtisadiyyat Nazirliyi) sərəncamına götürülmüşdür. Yuxarıda göstərilən Dövlət proqramına əsasən, müəssisələlrin özəlləşdirilməsi barədə qərar qəbul edildiyi andan etibarən, müvafiq yerli icra hakimiyyətləri orqanlarının həmin müəssisələr üzərində səlahiyyətləri (kadr, maliyyə və digər məsələlərə dair) öz qüvvəsini itirmişdir. Sorğuda göstərilən İdarə (Bakı şəhər İH Bakı Baş Tikinti İdarəsi Təsərrüfathesablı Təmir Tikinti Sahəsi) hal-hazırda Bakı şəhər İcra Hakimiyyətinin struktur tabeliyində olmadığından, onun haqqında hər-hansı bir məlumatın təqdim edilməsi imkan xaricindədir. - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavab olaraq verilmiş 12 aprel 2021-ci il tarixli, **********315000 nömrəli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti “BakıBaştikinti” İdarəsi Təsərrüfat Hesablı Təmir Tikinti Sahəsinin hüquqi varisi barədə məlumatın təqdim edilməsi ilə bağlı müraciətə baxılaraq bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə olan vergi ödəyicilərinin dövlət reyestri məlumatlarında Bakı şəhər İcra Hakimiyyəti “Bakıbaştikinti” İdarəsi Təsərrüfat Hesablı Təmir Tikinti Sahəsi adlı hüquqi şəxs aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş edilmişdir. - Əmək haqqı cədvəllərinin surətindən görünür ki, 1993-cü il dekabr ayı, 1993-cü il noyabr ayı, 1994-cü il dekabr ayı və 1995-ci il dekabr ayları üzrə iddiaçıya əmək haqqı ödənilməsi ilə bağlı qeydlər vardır. Həmin cədvəllərdə müəssisənin adı qeyd olunmamış, möhür ilə təsdiq edilməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında olan qeydlərin düzgünlüyü və dəqiqliyi sübuta yetirilmədiyindən, bununla da, həmin illər iddiaçının sığorta stajına daxil edilə bilmədiyindən, onun qanunvericiliklə müəyyən edilmiş 25 il sığorta stajı olmadığına və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə, yaşa görə əmək pensiyası təyin edilməsi barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarından göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasında hazırki iş üzrə mübahisə doğuran dövr iddiaçının sonuncu iş yeri olan xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilədək olan illərdir və həmin dövrlər üzrə iddiaçının iş stajı ilə bağlı qeydlərin mötəbərliyi əsaslı şübhələr doğurduğundan apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilmişdir. Sorğuya cavab məktubunda bildirilmişdir ki, “Tikinti kompleksinin inhisarsızlaşdırılmasə və özəlləşdirilməsi tədbirləri haqqında” AR Prezidentinin dekabr 1997-ci il tarixli, 646 nömrəli Fərmanının icrası ilə əlaqədar keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 130 nömrəli və xx.xx.2000-ci il tarixli, 251 nömrəli əmrləri ilə özəlləşdirməyə açıq elan edilmiş Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan müəssisə və obyektlərin siyahısında “Bakı Baş Tikinti” İdarəsinin Təsərrüfat Hesablı Təmir Tikinti Sahəsinin adı qeyd edilməmiş və qeyd olunan hallarla bağlı Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Bundan əlavə, Bakı şəhər İcra Hakimiyyətinin “Bakı Baş Tikinti” Təsərrüfat Hesablı Təmir Tikinti Sahəsinin özəlləşməyə getdiyi təqdirdə, hüquqi varisi barədə məlumat verilməsi məqsədilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə sorğu göndərilmiş və sonuncu tərəfindən daxil olmuş cavab məktubuna əsasən müəyyən edilmişdir ki, İdarədə olan reyestrdə “Bakı Baş Tikinti” Təsərrüfat Hesablı Təmir Tikinti Sahəsi adlı kommersiya qurumu aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək haqqı cədvəllərinin surətlərində müəssisənin adı qeyd olunmamış, möhürlə təsdiq edilməmişdir. Göstərilən hallar da, həmin əmək haqqı cədvəllərinin mötəbər sübut kimi qiymətləndirilməsini istisna etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasında olan qeydlərin düzgünlüyü və dəqiqliyi sübuta yetirilmədiyindən, bununla da, həmin illər iddiaçının sığorta stajına daxil edilə bilmədiyindən, onun qanunvericiliklə müəyyən edilmiş 25 il sığorta stajı olmadığına və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3441/2021 saylı, 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar