Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-841/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə; İddiaçı və digər İddiaçı1 Kərbala oğlunun nümayəndəsi İddiaçı2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(112)-11794/2023 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 06 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 Kərbala oğlu, İddiaçı2 Səbail Rayon Enerji Təhcizatı və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək abonent kodunun, işıq sayğacın dəyişdirilməsi və 2009-cu il 13 iyunda yazılan 100 manat (yüz manat) cərimə aktının silinməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 1950-ci ildə ünvan 1 ünvanında anadan olmuşdur. Bu ünvanda həm qeydiyyatdadır, həm də yaşayır. 1991-ci il 12 yanvar tarixində İddiaçı2 ilə rəsmi nikahla ailə qurmuşdur. Həyat yoldaşı İddiaçı2 da bu ünvanda qeydiyyatdadır. İddiaçı1 uzun müddətdir gözdən əlildir. Həyat yoldaşının köməyi olmadan hərəkət edə bilmir. 2009-cu il 13 iyun tarixindən cavabdeh qurum olan Səbail Rayon İşıq İdarəsi (RETSİ) tərəfindən onların mənzil hüquqları tamamilə pozulmuşdur. Səbail Rayon İşıq İdarəsinin keçmiş nəzarətçisi X5 2009-cu ildə haqsızlıq və özbaşınalıq edərək İddiaçı1 qeydiyyatda olduğu və yaşadığı ünvanı dəqiq araşdırmadan, qərəzli şəkildə onun adına 309,78 manat ( üç yüz doqquz manat 78 qəpik) cərimə aktı yazmışdır. Guya o, işıqdan qanunsuz istifadə etmişdir. O, dəfələrlə Səbail rayon RETSİ rəisinə keçmiş nəzarətçi X3 (2009-cu ildə) işıq sayğacı olmadan saxtakarlıqla onun adına 309.78 manat (üç yüz doqquz manat 78 qəpik) cərimə aktı yazdığını ərizə ilə bildirsə də, Səbail rayon RETSİ rəisi keçmiş nəzarətçi X3 qanunsuz əməllərinə nəzarət etmək əvəzinə onlar üçün yaratdıqları problemlərə göz yummuşdur. O, 2012-ci il sentyabr 26-da Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə 11 ünvanında yerləşən Səbail rayon RETSİnə 2009-cu il iyun ayininin 13-dəkeçmiş nəzarətçi X5 tərəfindən işıq sayğacı quraşdırılmazdan əvvəl qanunsuz və qəsdən yazılan 309,78 manat (üç yüz dooquz manat 78 qəpik) cərimə aktının silinməsinə görə rəsmi şəkildə müraciət etmişdir. Lakin, 2009-cu il 13 iyunda guya qanundan kənar istifadəyə görə cərimə borcundan tam yox, yalnız 179,78 manat (yüz yetmiş doqquz manat 78 qəpik) silinmişdir. Həmin cərimə məbləğinin 30 manatını o ödəmişdir, amma qanunsuz yazılan cərimənin 100 (yüz) manatı hələ də qalıb. 2010-ci il mart ayının 4-də mənzilin giriş qapısına A480988245M324742 №-li sayğac quraşdırılıb, lakin quraşdırılan işıq sayğacı köhnə, avtomatsız olub. Hal-hazırda da həmin problemli sayğacdan istifadə edirlər. Bu sayğacın avtomatsız olması onlar üçün təhlükə ilə yanaşı maddi problemlər yaradır. Məişət əşyaları tez-tez xarab olur. Hazırda soyuducuları və paltaryuyan maşınları sayğacın köhnə, avtomatsız olması səbəbindən xarab olub. Bundan əlavə 2010-cu ildən, yəni sayğac quraşdırılandan sonra keçmiş nəzarətçi tərəfindən yaşadığı və qeydiyyatda olduğu ünvana daxil olmayan, onun ünvanı üçün tərtib edilən **********4002A abonent kodundan narazıdır. Çünki, bu abonent kodu onun üçün problemlər yaradır. İddiaçı1 mənzil 2A-da yox, mənzil 2-də qeydiyyatda olmaqla yaşayır. **********4002A №-li abonent kodunun onların yaşadıqları və qeydiyyatda olduqları ünvana aidiyyatı yoxdur, onlar 2A-da yox, mənzil 2-də qeydiyyatda olmaqla yaşayırlar. Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(112)-11794/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və digər İddiaçı1 Kərbala oğlunun nümayəndəsi İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri) “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (bənd 5.1). Məhkəmə Kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu baxımdan inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrinbazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 14-cü bəndinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 06 oktyabr 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 3-cü bəndinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən təbii inhisar subyekti - təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyektidir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən təbii inhisar subyektlərinin fəaliyyət sahələri aşağıdakılardır: 1.3. Elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri; 1.12. İstilik təchizatı xidmətləri. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən: -istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. -istehsalçı - mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkardır. -satıcı - alğı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkardır. Beləliklə, müəyyən olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti olan qurum inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Qeyd edilməlidir ki, elektrik enerjisindən istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ictimai xidməti həyata keçirən subyektlərdir. İctimai ehtiyacları ödəyən ictimai iaşə (elektrik, su, qaz, istilik, rabitə və s.) müəssisələri əksər hallarda təbii inhisar xarakteri daşıyırlar. Lakin nəzərə almaq lazımdır ki, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranırlar və fərdi (xüsusi) xarakter daşıyırlar. Qeyd olunanları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, hazırkı iddia üzrə iddiaçı tərəf yaşadıqları ünvan 1 ünvanında quraşdırılmış elektrik enerjisindən istifadəsi ilə bağlı A480988245M324742 №-li sayğacın, İddiaçı1 adına olan **********4002A nömrəli abonnent kodunun dəyişdirilməsi, eləcə də həmin abonent koduna İddiaçı1 adına yazılmış cərimə borcunun silinməsini mübahisələndirir. Məhkəmə ilk növbədə iddianın subyekt tərkibinin iddianın mümkünlük şərtinə cavab vermədiyini qeyd edərək göstərmişdir ki, iddiaçı qismində adına abonent kodu açılan İddiaçı1 qəbul olunmuş olsa da İddiaçı2 iddia üzrə birgə iddiaçı olaraq iddia qaldırmağa subyektiv hüququnun olduğu müəyyən olunmur. Eyni zamanda iddiaçının idia tələbi üzrə səlahiyyətli cavabdeh qurum- təbii inhisar subyekti qismində "xxxx" ASC çıxış etməli olduğu halda hazırkı iddia üzrə cavabdeh qismində Cavabdeh qoyulmuşdur. Məhkəmə Kollegiyası razılaşır ki, iş üzrə mübahisənin inzibati məhkəmə icraatının predmeti olmaması səbəbindən iddiaçı tərəfə əsl iddiaçı və əsl cavabdehin cəlb edilməsi ilə bağlı hüquqi yardım göstərilməsinə 1-ci instansiya məhkəməsi zərurət görməmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi təbii inhisar subyekti ilə yaranmış mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün təbii inhisar subyektinin konkret fəaliyyəti, tərəflər arasındakı münasibətin hüquqi təbiəti, fəaliyyətin publik hüquq sahəsi, ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Bu baxımdan iş üzrə müəyyən olunur ki, İddiaçı1 elektrik enerjisi istehlakçısıdır. İddiaçı ilə elektrik enerjisini verən qurum "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə mövcuddur, yaşadığı ünvana sayğac quraşdırılmış, iddiaçının adına abonent kodu açılmış və cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqinə borc hesablanmışdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlili ilə bağlı xüsusi olaraq qeyd edir ki, iş materiallarının 6-14-cü vərəqində olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-739/2022 saylı Qərarından görünürü ki, iddiaçıların yaşadıqları ünvan 1 ünvanına dair dəyişiklik edilməsi qərara alınmışdır. Həmçinin, işdə olan İddiaçı1 SERİYA AZE ********, xx.xx.2016-cı il tarixli Şəxsiyyət Vəsiqəsinin surətindən də görünür ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadırlar. İddiaçıların dəyişdirilməsini tələb etdikləri **********4002A №-li abonent kodu və quraşdırılmış sayğac hələ yuxarıda qeyd edilən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 739/2022 saylı Qərarından çox əvvəl (2010-cu il) Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi (keçmiş Timçenko) ev 74 ünvanda quraşdırılıb (həm mənzil 2, həm də mənzil 2A) iddiaçılar istehlakçı olaraq həmin sayğacdan və **********4002A №-li abonent kodundan istifadə etməklə (iş materiallarının 41-ci vərəqindən və işin digər hallarından sübut olunur) mülki münasibətlərə girmiş, hüquqlarını həyata keçirmiş və vəzifələrini icra etmişdirlər. Göründüyü kimi tərəflər arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə münasibətləri, istehlak münasibətləri mövcuddur. Müqavilə münasibətləri, istehlak münasibətləri isə öz hüquqi təbiətinə görə mülki hüquq xarakterli, istehlak qaydalarını tənzimləyən məsələlər bilavasitə mülki hüquq normaları ilə tənzimlənir. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, mülki hüquq öhdəliklərin təkcə mülki müqavilə əsasında deyil, həm də müqavilədənkənar da yaranması mümkündür. Bu baxımdan mülki müqavilə iştirakçıları arasında müqavilə şərtlərinin pozulması və ya müqavilə tələbindən kənar hərəkətlərin edilməsi tərəflər arasında istehlak münasibətlərinin mahiyyətini dəyişdirmir. Nəzərə alınmalı olan hal münasibətin xarakteri, aid olduğu hüquq sahəsinin hüquqi təbiətidir. Təbii inhisar subyekti mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına və ya müqavilə olmadan istehlak qaydalarının pozulması zəmnində qəbul etdiyi akt, hərəkət və ya hərəkətsizlik “İnzibati İcraat haqqında” Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Başqa sözlə, istehlak münasibətlərindən irəli gələn, istehlakçının hüquqlarının qorunmasına yönəlmiş tələb inzibati hüquqdan irəli gələn tələb, mübahisə isə inzibati mübahisə hesab olunmadığından hazırkı iddiaya inzibati məhkəmə icraatında baxıla bilməz. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(112)-11794/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-841/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-841/2024
06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver