Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-842/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, tərcüməçi X2, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakı ilə sosial müavinətin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4736/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin kommunal, ictimai nəqliyyat və digər xidmətlər üçün 01.01.2002-ci il tarixdən 01.03.2019-cu il tarixədək olan müddətdə olan ləğv edilmiş imtiyazlar üçün kompensasiyanın pensiya ödənişinə təkrar hesablanması imtinasının qanunsuz hesab edilməsi, qeyd olunan ödənişin təkrar hesablanaraq, 14.214 manat məbləğdə pul vəsaitinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı hərbi təqaüdçüdür. 29.04.1992-ci il tarixli 109 nömrəli “Azərbaycan Respublikası hərbi qulluqçularının pensiya təminatı haqqında” Qanununun 1-ci maddəsinin tələblərinə əsaslanaraq 24.01.1997-ci ildə güzəştli şərtlərlə ömürlük təqaüdə çıxmışdır. Müharibə veteranıdır. Onun pensiya təminatı ilə 2007-ci il yanvarın 1-dən cavabdeh məşğul olmağa başlamışdır. Azərbaycan Republikası Prezidentinin 26.12.2001-ci il tarixli 613 nömrəli “Kommunal, ictimai nəqliyyat və digər xidmətlərdə müvafiq güzəştlərlə əvəz edilməsini təmin etmək haqqında” və 11.07.2005 tarixli 257 nömrəli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak etdikləri üçün “Müharibə veteranı” adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi” haqqında fərmanlarının tələblərinə əsasən ölkədə imtiyazların müvafiq müavinətlərlə əvəzlənməsinə yönələn bir islahat aparılmışdır. Bu islahat imtiyazların pul qarşılığı adlandırılmışdır. Bu islahatın mahiyyəti ondan ibarətdir ki, əvvəllər bu imtiyazlardan istifadə etmək hüququ olan şəxslərə bu imtiyazların əvəzində 01.01.2002-ci il tarixindən etibarən müvafiq müavinətlər ödənməyə başlanmışdır. 01.05.2012 tarixdən əvvəl Qarabağ müharibəsində iştirak etdiyinə görə cavabdeh ona hər ay 11 manat dəyərində müavinət ödəməyə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 25.02.2019-cu il tarixli Fərmanına əsasən bu müavinət 80 manat olmuşdur. Qanunvericilikdə olan dəyişiklikdən sonra kommunal, ictimai nəqliyyat və digər xidmətlər üçün 01.03.2009-cu il tarixdən ona əvvəl aldığı məbləğdən 69 manat çox məbləğ ödənilməyə başlanılmışdır. Mübahisəli müddətin 26 ay davam etməsi ilə əlaqədar olaraq veriləcək kompensasiyanın məbləği 14.214 manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin 24.11.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarın əsaslarına görə, “İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən 01.04.2019-cu il tarixinədək iddiaçıya qanunvericiliklə müəyyən olunmuş qaydada sosial müavinətlər ödənilmiş, həmin tarixdən sonra isə qanunvericiliyin tələblərinə uyğun olaraq 80 (səksən) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsinə başlanılmışdır. Məhkəmə qeyd edir ki, müharibə veteranı statusu almış şəxslərə 01.04.2019-cu il tarixindən sonra yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir və təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.” Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, ədalətli və əsaslı araşdırma aparmamışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayətə uyğun izahat vermiş, cavabdehin vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. Belə ki, cavabdehin “Müvafiq məhkəmə qərarlarının icra edilməsi və pensiya məbləğinin hesablanması haqqında” 19.11.2020-ci il tarixli **********1 nömrəli arayışına əsasən, “iddiaçıya 24 yanvar 1997-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən yaşa görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən adıçəkilən şəxsin əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (keçmiş adı Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi) tərəfindən ödənilir. İddiaçının əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixədək sonuncu vəzifəsinə uyğun olaraq 36 il 24 gün xidmət müddətinə görə təminat xərcliyinin (1.423,15 manat) 100 faizi miqdarında pensiya qanunvericiliyə uyğun qaydada hesablanmaqla ona ödənilmişdir. 1 mart 2018-ci il tarixdən iddiaçının vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən adıçəkilən şəxsin əmək pensiyası 1.523,64 manata artırılaraq ona ödənilmişdir. 1 mart 2019-cu il tarixdən iddiaçının vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən adıçəkilən şəxsin əmək pensiyası 1.638,48 manata artırılaraq ona ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixdən İddiaçı vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 1.079 manat, rütbə maaşı 159 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi 371,40 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi 377,65 manat və ərzaq payı əvəzinə kompensasiya 64 manat olmaqla, cəmi təminat xərcliyi 2.051,05 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” AR Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən iddiaçının əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; - 20 ildən artıq xidmət müddətinin (16 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (16x2) təminat xərcliyinin 32 faizi. İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 87 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (1.423,15 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (2.051,05 manat) arasındakı fərq məbləğinin (627,90 manat) 87 faizi - 546,28 manat 1 mart 2018-ci il tarixədək olan pensiyasının (1.423,15 manat) üzərinə əlavə olunmaqla 1.969,43 manat məbləğində əmək pensiyası müəyyən edilməklə, adıçəkilən şəxsə ödənilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2013cü il tarixli 2- 2(102)-356/13 nömrəli və 23 dekabr 2015-ci il tarixli 2-1(102)-1271/15 nömrəli qərarlarına uyğun olaraq kommunal, nəqliyyat və digər xidmətlərə görə 11 manat məbləğdə müavinət və “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinə əsasən isə 77 manat məbləğdə pul vəsaiti iddiaçının əmək pensiyasının üzərinə əlavə olunmaqla onun müvafiq kart hesabına köçürülür.” Cavabdehin iddiaçıya ünvanlanan 12.06.2020-ci il tarixli **********3 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.04.2013-cü il tarixli 2-2(102)-356/13 saylı qərarına uyğun olaraq kommunal, nəqliyyat və digər xidmətlərə görə 11 manat məbləğində müavinət əmək pensiyasının üzərinə əlavə olunmaqla iddiaçının müvafiq kart hesabına köçürülür. İddiaçının vəsatəti təmin edilərək, onun 003521 nömrəli pensiya işi cavabdehdən tələb edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, ona həm əvvəllər 11 manat məbləğdə müavinət tam ödənilmişdir, həm də hazırkı məbləği 80 manat olan Prezident təqaüdü 01.04.2019-cu il tarixdən ödənilməkdədir. İddiaçı vaxtilə ona tam ödənilmiş 11 manat müavinətin hazırkı 80 manat məbləğdə müavinətə fərqi olan 69 manatın yenidən ödənilməsini tələb edir ki, bu da tamamilə qanunsuz və əsassızdır. Belə ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinin inzibati orqan üçün müəyyən etdiyi vəzifəyə görə isə, o, müavinətin ödənilməsini vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 15.04.2019-cu il tarixli 641 nömrəli Fərmanının: 1-ci hissəsi ilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuş; 2ci hissəsi ilə müəyyən edilmişdir ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Göründüyü kimi, 01.04.2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulan bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyil və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki müddət üçün ödəmələrin aparılması yolverilməzdir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbul olunmasını konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4736/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-842/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-842/2021
31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver