Məhkəmə qərarları › İş №2-1(103)-842/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-842/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-842/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Həsənov Elnur Məmmədsaat oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil X6, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6173/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2020-ci il tarixli, **********699200 saylı “Vergilərin, osial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) tərəfindən 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi vergi orqanı tərəfindən kameral yoxlanılmış və yoxlama nəticəsində xx.xx.2020-ci il tarixli **********699200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilərək 142454,82 manat mənfəət vergisi hesablanmışdır. Mübahisələndirilən qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, İddiaçı QSC 2016-cı ildən fəaliyyətinə Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi 01 saylı İnvestisiya Xidmətlərinin Göstərilməsinə dair Lisenziya ilə davam edir. PSG- Kapitalın daxili nəzarət sistemi əsasında mütamədi olaraq həyata keçirilən investisiyaların təhlili və təkrar təhlili, qiymətləndirilməsi aparılır. Nəticə olaraq, Cəmiyyət öz məqsəd və vəzifələrinə çatmaq üçün müqavilələr bağlayır, əmlak və qeyri-əmlak hüquqları əldə edir, üzərinə öhdəliklər götürür və digər qanuni fəaliyyət növləri həyata keçirir. Şirkətin nizamnaməsinin 13-cü bəndində də, qeyd olunduğu kimi, Şirkət gəlir əldə etmək məqsədi ilə fərqli investisiyalara (qiymətli kağızlar, maddi və qeyri-maddi əmlak, daşınar və daşınmaz əmlak və s.) yatırım edə bilər. Şirkətin Nizamnaməsinin 13.2.5-ci bəndinə görə tətbiq olunmalı qanunlara əsasən və gəlir əldə etmək məqsədi ilə lazımi və arzulanan səviyyədə, Azərbaycan Respublikasının daxilində və xaricində daşınar və daşınmaz əmlakı almaq, icarəyə vermək və ya icarəyə götürmək hüququna malikdir. Eyni QSC yuxarıda qeyd edildiyi kimi gəlir əldə etmək məqsədiilə qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alğı-satqısını həyata keçirərək gəlir əldə edir. Bu məqsədlə, PSG- Kapital Şirkətinin İnvestisiya Departamenti tərəfindən aparılan araşdırmalara əsasən təklif edilmişdir ki, Birləşmiş Krallıqda daşınmaz əmlaka investisiya edilsin (Cəmiyyətin direktorunun xx.xx.2017 tarixli təsisçiyə təqdim etdiyi daşınmaz əmlak bazarının təhlili haqqında hesabat). Bu səbəbdən, qərar verilmişdir ki, Böyük Britaniyada yerli qanunvericiliyi və daxili bazar haqqında məlumatlı olan bir konsaltinq şirkəti ilə müqavilə bağlanılması daha məqsədəuyğun olar. Bu səbəbdən, 17 oktyabr 2017-ci il tarixində Britaniyada fəaliyyət göstərən Jury O'Shea adlı yerli konsaltinq şirkəti ilə London şəhərində yerləşən “X9 Lane Limited” şirkətinə məxsus olan Taper Building, London SE1 ünvanında yerləşən 5 ədəd mənzilin mülkiyyət hüququ yaranmadan endirim ilə alışı üçün həyata keçirildi ki, gələcəkdə bu hüququ daha baha qiymətə satmaq mümkün olsun. Müqavilənin 1 nömrəli əlavəsində (Annexure 1) 5 ədəd mənzil alışı üçün hesablanmış 10% ilkin ödənişin məbləği 325,581 Funt Sterling təşkil etmişdir. 24 oktyabr 2017-ci il tarixli Cəmiyyətin bağlanılmış əqdləri barədə Təsisçi Qərarına əsasən, 325,581 Funt Sterling məbləğində depozit təsdiq olunmuş və 24 noyabr 2017 tarixində həmin məbləğ Jury O’Shea-nın müştəri hesabına köçürülmüşdür. 12 dekabr 2017 tarixində 5 mənzilin mülkiyyət hüququ yaranmadan alışı üçün PSG-Kapital İnvestisiya Şirkəti və X9 Lane Limited Şirkəti arasında müqavilə imzalanmışdır. Müqavilədə qeyd olunduğu kimi satıcının vəkili Freeths LLP şirkəti PSGKapitalın vəkili isə Jury O’Shea şirkəti çıxış edirdi. Həmin müqavilənin 7-ci bəndində qeyd olunan '‘Standart Şərtlər” maddəsində əks olunan və X8 Cəmiyyəti tərəfindən təsdiqlənmiş “X3” bəndlərinə əməl olunmuşdur. Əlavə olaraq, qeyd etmək istəyirlər ki, PSG-Kapital ilə Long Lane Limited Şirkəti arasında bağlanmış satış müqaviləsi hüquqi baxımından üstünlük təşkil edir. Bu o deməkdir ki, Hüquq Cəmiyyəti tərəfindən təsdiq edilmiş X4 qeyd olunan 1.5.1 (Alıcının müqavilənin faydasını ötürmək hüququ yoxdur) bəndi qüvvədən düşür. Yəni PSG-Kapital İnvestisiya Şirkəti bu bənd əsasında yuxarıda da, qeyd edildiyi kimi mülkiyyət hüququ yaranmadan endirim ilə aldığı mənzilləri gəlir əldə etmək məqsədilə 3cü tərəfə ötürə bilər. Cəmiyyət tərəfindən qoyulmuş investisiyaların təhlili zamanı məlum olur ki, London şəhərində daşınmaz əmlak bazarında müxtəlif siyasi və iqtisadi faktorların təsiri altında ucuzlaşma müşahidə olunur və Cəmiyyət tərəfindən daşınmaz əmlaka qoyulan investisiya yüksək risklərlə üzləşərək böyük itkilərlə nəticələnə bilər və təhlilin nəticəsi Şirkətin təsisçisinə məruzə edilmişdir (Cəmiyyətin direktorunun xx.xx.2018 tarixli təsisçiyə təqdim etdiyi daşınmaz əmlak bazarının təhlili haqqında hesabat). PSG-Kapital investisiya şirkəti olaraq qiymətli kağızlar, maddi və qeyri-maddi əmlak, daşınar və daşınmaz əmlak və s. qoyulmuş investisiyaların gəlirliliyinin yüksək risklərlə üzləşdiyi hallarda qərar qəbul etmək məcburiyyətindədir. Son olaraq, PSG-Kapital tərəfindən qərar verilmişdir ki, layihənin tamamlanması üçün qalıq məbləğin ödənilməsi məqsədəuyğun deyil və bu səbəbdən, X3 7.4.2-ci bəndinə əməl edilərək müqaviləyə satıcı tərəfindən xitam verilmiş və depozit məbləği müqavilənin şərtinə əsasən PSG-Kapital Şirkətinə geri qaytarılmamışdır. Əlavə olaraq, xx.xx.2019-cu il tarixində təsisçi, investisiyanın uğursuz olduğuna və Şirkət üçün daha böyük potensial itkilərin yarana biləcəyini nəzərə alaraq, qərar vermişdir ki, 325,581 X13 şirkətin zərəri kimi tanınsın. Göründüyü kimi, bu əməliyyatdan QSC zərər etdiyi üçün satıcı tərəfindən geri qaytarılmayan depozit məbləği mənfəət bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər hissəsində əks etdirmişdir. Lakin, iddiaçı tərəfindən yuxarıda əksini tapmış əməliyyatın nəticəsi olaraq 2019-cu ilin mənfəət vergisi bəyannaməsi vergi orqanı tərəfindən kameral vergi yoxlamasına məruz qalaraq əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergi məbləğini özündə əks etdirən qərar əsasında şikayət instansiyasına, daha sonra İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına inzibati şikayət təqdim olunmuş, lakin şikayət təmin olunmamışdır. Şikayətin təmin edilməməsi barədə qərarlar onunla əsaslandırılmışdır ki, QSC tərəfindən X5 şəhərində 5 (beş) ədəd mənzilin alınması layihəsi üzrə hər-hansı gəlir əldə etmədiyindən alğı-satqı müqavilələrinin şərtlərinə əsasən öncədən ödənilmiş, eyni zamanda müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün qeyri-rezident tərəfindən müqavilə ləğv edilməklə müsadirə edilmiş depozit məbləği sahibkarlıq fəaliyyəti ilə bağlı çəkilmiş xərc hesab edilmir və həmin depozit məbləği rezident hüquqi şəxsin gəlirdən çıxılan xərclərinə aid edilmir. Bununla bağlı bildirirlər ki, mülkiyyət hüququ yaranmadan investiya edilmiş məbləğ bilavasitə QSC-nin sahibkarlıq fəaliyyəti çərçivəsində yaranmış zərərdir. Bu məntiqlə yanaşılsa onda vergi ödəyicilərində təqvim ili ərzində yaranmış mənfi məzənnə fərqi də, sahibkarlıq fəaliyyəti ilə bağlı çəkilmiş xərc hesab edilməməlidir. Halbuki, mənfi məzənnə fərqi QSCnin mübahisələndirilən əməliyyatında olduğu kimi sahibkarlıq fəaliyyəti zamanı uğradığı zərərdir ki, bu da birmənalı olaraq gəlirdən çıxılmalıdır. Qeyd edilən əməliyyat törəmə maliyyə aləti olaraq daşınmaz əmlakı əvvəlcədən razılaşdırılmış qiymətlərlə almaq və ya satmaq hüququnu ifadə edən birjadankənar əqddir. Bu əqd vasitəsi ilə daşınmaz əmlak üzərində mülkiyyət hüququ tanınmadan digər şəxsə satılma hüququ var (alqı-satqı müqaviləsinin 7.5ci maddəsi və X8 cəmiyyəti tərəfindən təsdiq olunmuş “X10”nin 1.5-ci maddəsi). Başqa sözlə deyilsə, bu əməliyyat kapital qoyuluşu xarakterli əməliyyat deyil ki, gəlirdən çıxılmasın. Bundan başqa Vergi Məcəlləsinin 119-cu maddəsi Gəlirdən çıxılan məbləğlərin bir qismini məhdudlaşdırır. Həmin maddənin tələbinə görə gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələr istisna olmaqla Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr gəlirdən çıxılmasına yol verilmir (maddə 119.1.2.). Halbuki, yuxarıda da, qeyd olunduğu kimi QSC daha böyük itkiyə məruz qalmamaq üçün müqavilədə nəzərdə tutulmuş ödəmələri həyata keçirməkdən imtina etməklə mülki hüquq müqavilələri üzrə icranın gecikdirilməsi ilə əlaqədar zərəri ödəmişdir ki, bu da Vergi Məcəlləsinin 119.1.2-ci maddəsinə əsasən gəlirdən çıxılması məhdudlaşdırılmamalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6173/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən 2019-cu il üçün kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində göstərilən məlumatların araşdırılması zamanı bəyannamənin xərclər hissəsində "Borc tələblərinin alınması ilə bağlı xərclər (231.6)” sətrində qeyd edilmiş 712.274,1 manat məbləğin vergi orqanının uçot-baza məlumatlarına əsasən təsdiqini tapmadığı üçün kənarlaşma müəyyən edilmişdir. Belə ki, həmin məbləğin cəmiyyət tərəfindən X5 şəhərində yerləşən 5 (beş) ədəd mənzilin alışı üzrə ümumillikdə 3.368.312,5 ingilis funt sterlinqi məbləğində alqı-satqı müqavilələrinin bağlanıldığı, müqavilələrin şərtlərinə uyğun olaraq 325.581,25 ingilis funt sterlinqi dəyərində depozit ödənildiyi, investisiya layihəsinin yenidən dəyərləndirilməsi zamanı cəmiyyətin maliyyə risklərinin idarə edilməsi məqsədi ilə layihənin dayandırılması barədə qərar qəbul edildiyi, müqavilələrin şərtlərinə əsasən ödənilmiş depozitin geri qaytarılmaması səbəbindən həmin məbləğin təsisçinin xx.xx.2019-cu il tarixli qərarı əsasında xərcə (xx.xx.2019-cu il tarixli Azərbaycan Mərkəzi Bankının valyuta açıqlamasında ingilis funt sterlinqinin Azərbaycan manatına nisbətən məzənnəsinə əsasən 325.581 funt sterlinqinin manat ekvivalenti) daxil edildiyi müəyyən edilmişdir. Cəmiyyət tərəfindən London şəhərində 5 (beş) ədəd mənzilin alınması layihəsi üzrə hər hansı gəlir əldə edilmədiyindən alqı-satqı müqavilələrinin şərtlərinə əsasən öncədən ödənilmiş, eyni zamanda müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün qeyri-rezident tərəfindən müqavilə ləğv edilməklə müsadirə edilmiş depozit məbləği sahibkarlıq fəaliyyəti ilə bağlı çəkilmiş xərc hesab edilmir və həmin depozit məbləği rezident hüquqi şəxsin gəlirdən çıxılan xərclərinə aid edilmir. Eyni zamanda bank çıxarışına əsasən 325.581,25 funt sterlinq dəyərində köçürmənin (depozit ödənişinin) xx.xx.2017-ci il tarixdə aparıldığı, alqı-satqı müqavilələrinin xx.xx.2017-ci il tarixlərdə bağlanıldığı, müqavilələrin X3 7.4.2-ci yarımbəndinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini tamamlamadığı halda satıcı şirkətin ödənilmiş depozit məbləğini saxlamaq hüququnun təsbit edildiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən 712.274,1 manat məbləğində kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********749600 nömrəii məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş izahat məktubu və təsdiqedici sənədlər vergi orqanı tərəfindən nəzərə alınmamış, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu il üçün mənfəət vergisi üzrə 142.454,82 manat əlavə vergi hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********699200 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildiririk ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********699200 nömrəli qərarla 2019-cu ilin mənfəət vergisi üzrə hesablanmış vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6173/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6173/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əlavə edilmiş: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********749600 nömrəli “2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” məktubdan görünür ki, Vergi Məcəlləsnin 23.1.1ci, 37.3-cü, 37,67 və 83-cü maddələri rəhbər tutularaq iddiaçıya bildirilmişdir ki, tərəflərindən xx.xx.2020-ci il tarixdə kassa metodu ilə təqdim edilmiş 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində araşdırılır. Aparılan araşdırma ilə əlaqədar aşağıda göstərilmiş istiqamətlər üzrə məlumatların, təsdiqedici sənədlərin 5 (beş) iş günü müddətinə vergi orqanına təqdim edilməsinə zərurət yaranmışdır:

1. Tərəflərindən təqdim edilmiş 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsinin 245-ci sətirində göstərilmiş 64660.61 manat mənfəət vergisi üzrə azalmalar barədə təsdiqedici sənədlərin araşdırmaya təqdim edilməsinə zərurət yaranmışdır;

2. Tərəflərindən təqdim edilmiş 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində göstərilmiş 712274.10 manat səhmlər, istiqrazlar və digər qiymətli kağızların, iştirak paylarının, borc öhdəliklərinin və tələblərinin alınması ilə bağlı xərclərlə bağlı təsdiqedici sənədlərin araşdırmaya təqdim edilməsinə zərurət yaranmışdır. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********699200 nömrəli qərarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 2019-cu il mənfəət vergisi üzrə 142.454,82 manat məbləğində vergi borcu hesablanmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 dekabr 2020-ci il tarixli, **********675400 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********699200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı qüvvədə saxlanılmışdır. - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 320 nömrəli, 29 yanvar 2021-ci il tarixli inzibati şikayətdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********675400 saylı qərarından apellyasiya şurasına inzibati şikayət verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyini Apellyasiya Şurasının 30 nömrəli, 19 mart 2021-ci il tarixli qərarından görünür ki, hüquqi şəxs İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin inzibati şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 dekabr 2020-ci il tarixli, **********675400 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2017-ci il tarixdə bağlanmış “Satış müqaviləsi”-nin surətindən görünür ki, satıcı “X12 LANE” LİMİTED şirkəti (satıcının adından "xxxx" LLP) ilə alıcı "xxxx" Şirkəti (alıcının adından JURY O’Shea LLP) arasında 175 LONG LANE adlı yaşayış kompleksindəki mənzillərin satış müqaviləsi bağlanmış, həmin müqavilənin 7.1-ci bəndində qeyd olunmuşdur ki, X3 (Beşinci buraxılış) müddəaları (“Standar Şərtlər”) bu Müqaviləyə tətbiq edilir və Standart Şərtlər və bu Müqavilə arasında ziddiyyət olarsa, bu Müqavilə üstün hüquqi qüvvəyə malikdir. Həmin Müqavilənin 7.5-ci bəndində qeyd edilmişdir ki, Standart Şərtlərin 1.5.1-ci bəndi tətbiq edilmir. - X10 (Beşinci Buraxılış) (Milli Satış Şərtləri 25-ci Buraxılış, Hüquq Şirkətinin Satış Şərtləri 2011)-nin 7.4.2-ci bəndindən görünür ki, satıcı müqaviləyə xitam verə bilər və belə olduqda: (a) o, aşağıdakıları edə bilər: (i) hər hansı depozit və ya hesablanmış faizləri itirmək və ya saxlamaq, (ii) əmlakı və ya bu müqaviləyə edilmiş hər hansı kontenti yenidən satmaq, (iii) zərər barədə iddia irəli sürmək; (b) alıcı satıcıdan alığı hər hansı sənədləri geri qaytarmalı və müqavilənin hər hansı qeydiyyatını ləğv edilməlidir. - xx.xx.2018-ci il tarixli satıcı, “X12 LANE” LİMİTED şirkəti adından çıxış edən "xxxx" LLP Şirkəti tərəfindən "xxxx" Şirkəti adından çıxış edən JURY O’Shea LLP Şirkətinə ünvanlanmış Ləğv etmə haqqında bildirişdən görünür ki, satıcı ilə alıcı arasında Əmlakın alğı-satqısı haqqında imzalanmış 12 dekabr 2017-ci il tarixli müqavilə, müqaviləyə inkorporasiya edilmiş X2 (Beşinci nəşr) hər hansı biri şərt göstərilərək, aşağıdakılar barədə bildiriş verilmişdir: 1. Alıcı Müqavilənin 6.8-ci Müddəasına əsasən 10 avqust 2018-ci il tarixli Tamamlama haqqında Bildirişə və daha sonra təsdiq edilmiş 3 oktyabr 2018-ci il tarixli Tamamlama haqqında Bildirişə uyğun olaraq Müqaviləni 17 oktyabr 2018ci il tarixində tamamlamamışdır. 2. Satıcı Müqavilənin 7.4-cü Müddəasına uyğun olaraq Müqaviləni ləğv etmək hüququnu istifadə edir. 3. Satıcı Müqaviləni geri götürür və Müqavilənin 7.4.2-ci Müddəasına əsasən ödənilmiş depozit və yığılan faizləri özündə saxlayır. 4. Satıcı digər hüquqlarını və ya hüquqi müdafiə vasitələrini qoruyur. Xahiş edilmişdir ki, bildirişin əlavə edilmiş nüsxəsini imzalayıb geri göndərməklə bildirişi aldıqlarını təsdiq etsinlər. - Cavabdeh tərəfindən məhkəmə tapşırığının icrası ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixli, **********549100 nömrəli məktubla təqdim edilmiş 2019-cu mənfəət vergisinin bəyannamələrinin (cari və dəqiqləşdirilmiş) təsdiq olunmuş surətlərindən görünür ki, həmin vergi bəyannamələrində hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsində yuxarıda qeyd edilən satış müqavilələri üzrə satıcı tərəfindən geri qaytarılmayan depozit məbləği göstərilmişdir. - "xxxx" LLP Şirkəti tərəfindən aidiyyəti şəxslərə ünvanlanmış 20 iyul 2021-ci il tarixli məktubdan görünür ki, həmin məktubla bildirilmişdir ki, bu firma London, Long Lane, X14 ünvanındakı mənzillərin satışında X11 Lane Limited Şirkəti adından fəaliyyət göstərmişdir və onlar bu məktubla həmin şirkət adından aşağıda qeyd olunanları təsdiq edirlər:

1. 2-34, 2-33, 2-23 və 1-23 saylı mənzillərin satışı üçün X12 Lane Limited (1) və PSG-Kapital İnvestment Şirkəti (2) arasında müqavilələr bağlanmışdır və 12 dekabr 2017-ci il tarixində mübadilə edilmişdir (bütün Müqavilələrin surətləri qoşmada əlavə olunmuşdur).

2. Mübadilə zamanı aşağıdakı depozitlər ödənilmişdir: (a) 2-33 saylı mənzil üçün 59,093.73 X13 məbləğində depozit və 2.500 X13 məbləğində ilkin ödəniş; (b) 223 saylı mənzil üçün 58,637.50 X13 məbləğində depozit və 2.500 X13 məbləğində ilkin ödəniş; (c) 2-34 saylı mənzil üçün 59,093.75 X13 məbləğində depozit və 2.500 X13 məbləğində ilkin ödəniş; (d) 2-22 saylı mənzil üçün 90,118.75 X13 məbləğində depozit və 2.500 X13 məbləğində ilkin ödəniş; (e) 1-23 saylı mənzil üçün 58,637.50 X13 məbləğində depozit və 2.500 X13 məbləğində ilkin ödəniş.

3. Alıcı müqavilə üzrə icranın tamamlanması tarixinə qədər satınalmanı tamamlamamışdır və nəticədə tamamlanmaya dair bildirişlər hər Müqavilə üzrə 7 sentyabr 2018-ci tarixində və təkrar olaraq 3 oktyabr 2018-ci il tarixində göndərilmişdir.

4. Alıcı satınalmanın tamamlanmasına dair bildirişlərə əməl etməmişdir və müvafiq şəkildə onların sifarişçiləri müqavilələrə xitam vermək və yuxarıdakı 2 saylı bənddə istinad olunan depozitləri özündə saxlamaq hüququ yaranmışdır və beləliklə, müqavilələrin hər birinə xitam verilməsinə dair bildirişlər 18 oktyabr 2018-ci il tarixində göndərilmişdir. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, London şəhərində 5 (beş) ədəd mənzilin alınması layihəsi, sözügedən layihənin icrasının iddiaçı tərəfindən gecikdirilməsi səbəbindən (iddiaçı daha böyük itkiyə məruz qalmamaq üçün müqavilədə nəzərdə tutulmuş ödəmələri həyata keçirməmişdir), mülki hüquq müqavilələrin satıcı tərəfindən ləğv edilməsi ilə nəticələnmiş, nəticədə icranın gecikdirilməsi (müqavilənin icrasının tamamlanma tarixinə qədər satınalmanın tamamlanmaması) ilə əlaqədar iddiaçı tərəfindən satıcıya göndərilmiş depozit məbləği geri qaytarılmamışdır. Bununla da, iddiaçı tərəfindən böyük itkiyə məruz qalmamaq üçün müqavilədə nəzərdə tutulmuş ödəmələri həyata keçirməkdən imtina edilməklə, iddiaçıya bir növ mülki hüquq müqavilələri üzrə icranın gecikdirilməsi nəticəsində zərər dəymişdir. Beləliklə, iddiaçının sözügedən müqavilələr üzrə satıcıya ödəmiş olduğu depozit məbləği onun sahibkarlıq fəaliyyəti nəticəsində gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş ziyan hesab olunmaqla, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 119.1-ci maddəsində nəzərdə tutulmuş gəlirdən çıxılması məhdudlaşdırılan xərc hesab edilməməlidir. Ona görə də, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iş üzrə mübahisəli qərarın qəbul edilməsi zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi hallarının düzgün araşdırılmaması, iddiaçıya münasibətdə qanunvericiliyin normalarının düzgün tətbiq edilməməsi səbəbindən qərar əsassız hesab olunmaqla ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələridir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəslə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarına əsasən vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yuxarıda qeyd edilən xərci onun fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında iştirak etməmişdir. İddiaçı çəkdiyi bu xərclərin müqabilində hər hansı gəlir əldə etməmişdir. Bu səbəbdən, bu cür məsrəflər gəlirdən çıxılan xərclərə aid edilməməlidir. Odur ki, məhkəmənin bu halı nəzərə almaması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, qanuni və əsaslı olmayan qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın rədd edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6173/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6173/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı QSC-nin iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar