Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-842/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X4 Asəf qızının katibliyi, Cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9307/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı məhkəməyə müraciət edərək, gömrük ödənişi üçün ödədiyi 480.35 (dörd yüz səksən manat otuz beş qəpik) manat məbləğin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Dubai-Bakı reysi ilə ölkəyə gəldikdə şəxsi istifadəsi üçün 1 ədəd kia sorento markalı avtomobil üçün axra stop qiyməti 250 ABŞ dolları, 2 ədəd tv-box e tv stick 4k qiyməti 150 ABŞ dolları, 1 ədəd fujıfı 1m instax wide qiyməti 120 ABŞ dolları, 2 ədəd tablet qiyməti 50 ABŞ dolları, 1 ədəd apple pencil qiyməti 80 ABŞ dolları əşyalar gətirmişdir. Gömrük sərhədini keçərkən gömrük əməkdaşları malları yoxladıqdan sonra gətirdiyi mallar üçün 480.35 manat məbləğində gömrük ödənişləri etməyisini bildirildi. Adıçəkilən malların o öz şəxsi istifadəsi üçün gətirmişdir. Nazirlər Kabinetinin Qərarına əsasən fiziki şəxs olaraq özünə və ailə üzvlərinə şəxsi istifadəsi üçün 2 ədəd eyni və (və ya) eynicinsli malı Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının məbləğindən artıq olmayan mallar gətirmək hüququnun olduğunu, gətirdiyi malların ümumi qiyməti isə 650 ABŞ dolları məbləğində olduğunu bildirsə də təəssüflər olsun ki, heç bir əhəmiyyət qoyulmamışdır. Bunda sonra xx.xx.2024-cü il tarixdə AR Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə rəmsi müraciət edərək, ümumi gömrük dəyəri 800 ABŞ dolları məbləğində mallar gətirmək hüququnun olduğu halda gömrük dəyəri 650 ABŞ dolları məbləğində gətirdiyi mallara görə əsassız olaraq ondan alınan 480.35 manat məbləğində gömrük ödənişini ona qaytarılmasını xahiş etsə də cavab (imtina) olaraq bildirilmişdir ki, ölkə ərazisinə gətirilmiş mallara gömrük əməkdaşı tərəfindən baxış keçirilmiş və sözügedən malların xassələri, miqdarı, həmçinin onun eyni ölkəyə sərhədkeçmə mütamadiliyi, həmçinin tərəfindən əvvəllər gətirdiyi malların xassələri nəzərə alınmaqla həmin malların fiziki şəxsin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirilmədiyi gömrük əməkdaşları tərəfindən müəyyənlədirilərək malların müvafiq qaydada gömrük rəsmiləşdirilməsinə cəlb edilməsi təmin edilmişdir. Hesab edir ki, verilmiş cavab (imtina) tamamilə əsassız və qanunaziddir. Bu səbəbdən də hüquqlarının bərpası üçün məhkəməyə müraciət etdi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9307/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9307/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 146.1. Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. 146.2. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. 299.1. Gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması bu Məcəllənin 214-cü maddəsi, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qadağan edilmiş mallar istisna olmaqla, fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi güzəştli və sadələşdirilmiş qaydada keçirirlər. 299.2. Malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, onların fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında müəyyən edilir. 299.3. Fiziki şəxslər gömrük sərhədindən malları istehsal, yaxud kommersiya məqsədləri üçün keçirərkən, gömrük rəsmiləşdirilməsinin bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydaları tətbiq olunur Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın: 1.5. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı bu bənddə göstərilən xüsusiyyətlər əsasında gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişləri ödənilir. 2.1. Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər: 2.1.2. bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar; 2.1-1. Bu qaydaların 2.1.2-ci və 2.1.10 - 2.1.12-ci yarımbəndlərində nəzərdə tutulan müddətlə bağlı məhdudiyyətlər hava nəqliyyatı vasitəsilə gömrük sərhədindən keçirilən müşayiət olunan baqaja şamil edilmir. Hazırkı işin hallarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli **********548 nömrəli bəyannamə tərtib edilərək gömrük orqanına bəyan edilmiş 4 ədəd məişət avadanlığı (kiçik məişət texnikası-TV box), 1 ədəd maşın ehtiyat hissəsi (fara), 1 ədəd kamera və hissələri (fotoaparat), 4 ədəd telefon və telefon aksesuarları (2 ədəd tablet və 2 ədəd apple qələm)” adlı malların ümumi invoys dəyəri 690 ABŞ dolları təşkil edir və sözügedən mallar üçün hesablanmış 478.75 manat gömrük ödənişləri ödənilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalarının 2.1.2-ci maddəsinə istinad edərək, gömrük ödənişinin geri qaytarılmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın əsas dəlili ondan ibarət olmuşdur ki, aparılmış müvafiq araşdırma nəticəsinə əsasən iddiaçı tərəfindən xx.xx.2023xx.xx.2024-cü il tarixləri üzrə olan müddət ərzində 21 dəfə müşayiət olunan baqajda gələn mallar üçün bəyannamə tərtib edilməklə gömrük orqanına yazılı bəyan edilməsi və həmin bəyannamələr üzrə bəyan edilən malların, əsasən eyni və ya eynicinsli mallar olduğu müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh orqan haqlı olaraq araşdırmanın nəticəsinə əsasən malların xassələri, miqdarı və onların sərhəddən keçirilməsinin mütəmadiliyini nəzərə alaraq iddiaçı tərəfindən gömrük ərazisinə gətirilən malların fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirilmədiyini yəqinləşdirmiş və gömrük ödənişlərinə cəlb etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 267.1-ci maddəsinə əsasən Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. İş materiallarından göründüyü kimi, gömrük rəsmiləşdirilməsi zamanı təqdim olunan bəyannamədə qeyd olunan məlumatların düzgünlüyü və gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9307/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9307/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-842/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-842/2025
13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver