Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-843/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, mənzilə və torpaq sahəsinə vahid əmlaka dair çıxarışın verilməsi və mənzilin texniki pasportunun faktiki ölçülərə uyğun yenidən tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, mənzilə və torpaq sahəsinə vahid əmlaka dair çıxarışın verilməsi və mənzilin texniki pasportunun faktiki ölçülərə uyğun yenidən tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1327/2021 saylı 23 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı 20.08.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən, 12 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. ********** saylı 20.08.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən 0,01 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. 20.08.2016-cu il tarixli texniki pasportdan görünür ki, torpaq sahəsi faktiki olaraq 0.047 hektardan, mənzil isə 67.4 kv.m. sahədən ibarətdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə daxil olmuş **********75 saylı 30.03.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3, 12 saylı mənzil 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş, 26.07.2019-cu il tarixli, 4Ə-1233 reyestr nömrəli, daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 20.08.2019-cu il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlaka dair İddiaçı adına ********** qeydiyyat nömrəli, 20.08.2019-cu il tarixli çıxarış verilmişdir. ünvan 5 ünvanda yerləşən 0.0100 ha torpaq sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN 22470HJ, Kod 00400003 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş, 26.07.2019-cu il tarixli, 4Ə-1234 reyestr nömrəli, daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 20.08.2019-cu il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlaka dair İddiaçı adına ********** qeydiyyat nömrəli 20.08.2019-cu il tarixli çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********94 saylı 18.06.2021-ci il tarixli məktubundan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi çox mənzilli yaşayış binasının bir hissəsini təşkil etdiyindən mənzilə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi qanunamüvafiq deyildir. İddiaçı ünvan 6 ünvanında yerləşən 12 saylı mənzilə və torpaq sahəsinə dair vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********07 saylı 09 iyul 2020-ci il tarixli imtina məktubda qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsi çoxmənzilli yaşayış binasının bir hissəsini təşkil etdiyindən mənzilə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi qanunamüvafiq deyildir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin imtinasının əsassız hesab edilməsi, mənzilə və torpaq sahəsinə vahid əmlaka dair çıxarışın verilməsi və mənzilin texniki pasportunun faktiki ölçülərə uyğun yenidən tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Abdulla Şaiq küçəsi, 12 saylı mənzilin yerləşdiyi ümumi sahəsi 0,01 ha (100 kv.metr) olan torpaq sahəsi onun mülkiyyətindədir və bu barədə dövlət reyestrində qeydiyyat aparılmaqla 20 avqust 2019-cu il tarixli Çıxarışlar verilib. Lakin mənzilə dair verilmiş çıxarışda mənzilin ümumi sahəsi onun faktiki ölçülərinə uyğun yazılmamaqla yanaşı, mənzilin yerləşdiyi torpaq sahəsi barədə də heç bir məlumat yazılmayıb. Belə ki, mənzilə dair verilmiş çıxarışda mənzilin ümumi sahəsi 63.60 kv.metr göstərilib ki, mənzilin faktiki ölçüsü onun yerləşdiyi torpaq sahəsinin hüdudları ilə üst-üstə düşür. Həmin torpaq sahəsinin ümumi ölçüsü isə 0,01 ha (100 kv.metr) dır. Buradan aşkar görünür ki, mənzilin ümumi sahəsi kimi göstərilən 63,60 kv.metr mənzilin faktiki ölçüləri deyil. Bundan başqa mənzilə dair verilmiş texniki sənəddə göstərilən ölçülər də faktiki ölçülərə uyğun deyil. Halbuki, qeydiyyata alınma zamanı mənzilin ölçüləri indiki ölçülərdə olub və tərəfindən mənzilin ölçülərinə hər hansı müdaxilə olunmayıb, yuxarıda qeyd edildiyi kimi mənzilin faktiki ölçüləri onun yerləşdiyi torpaq sahəsinin hüdudları daxilindədir. Ona məxsus əmlaklar, yəni həm torpaq sahəsi, həm də üzərində yerləşən mənzil onun mülkiyyətindədir. Həmin əmlaklardan mənzilinə dair verilmiş çıxarışda, eləcə də texniki pasportda mənzilin ölçüləri faktiki ölçülərinə uyğun yazılmayıb. Bütün bu “yanlışlıqların aradan qaldırılması və ona məxsus əmlaklara dair vahid əmlak şəklində çıxarışın verilməsi tələblərinə dair” ərizəsi və ona qoşma edilmiş müvafiq sənədləri ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhəri Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmişdir. Müraciətinə 09 iyul 2020-ci il tarixli imtina məktubu ilə cavab verən cavabdeh isə imtinasını belə əsaslandırıb ki, guya mənzilinin yerləşdiyi torpaq sahəsi çoxmənzilli yaşayış binasının bir hissəsini təşkil edir. Belə ki, yuxarıda göstərdiyi kimi mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdudları həmin torpaq sahəsində yerləşən və mülkiyyətində olan mənzilin hüdudları ilə üst-üstə düşür. Bu isə o deməkdir ki, mülkiyyətində olan həmin torpaq sahəsində başqalarına məxsus mənzilin yerləşməsindən söhbət gedə bilməz. Hesab edir ki, mülkiyyətində olan əmlaklara vahid əmlaka dair çıxarışın verilməsi, eləcə də mənzilinin ölçüləri ilə əlaqədar dövlət reyestrində aparılmış qeydiyyatdakı yanlışlıqların aradan qaldırılması, mənzilə dair verilmiş texniki sənədin mənzilin faktiki ölçülərinə uyğun olaraq tərtib edilib verilməsi cavabdehin birbaşa vəzifəsidir və bundan cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, iddiaçının ərizənin icrası mümkün olmamış və bu barədə ona **********40 saylı 25.12.2020-ci il tarixli məktub ünvanlanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1327/2021 saylı 23 sentyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, o, uyğunsuzluğun aradan qaldırılaraq iki əmlaka bir çıxarışın verilməsini istəyir. Məhkəmə tərəfindən işin həqiqi hallarına uzaq qərar qəbul edilmişdir. Hər iki əmlak bir-birinin tərkib hissəsidir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini, apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, mənzilin həmin torpaq sahəsi üzərində yerləşdiyini bildirmiş, bununla bağlı şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 09.02.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 09.07.2021-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 05.08.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “cavabdehin imtinasının əsassız hesab edilərək, onun xüsusi mülkiyyətində olan, ünvan 3 ünvanda yerləşən, 12 saylı mənzilə və onun yerləşdiyi torpaq sahəsinə vahid əmlaka dair çıxarışın verilməsi və mənzilin texniki pasportunun faktiki ölçülərə uyğun yenidən tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən qeyd olunan torpaq sahəsinin çoxmənzilli yaşayış binasının bir hissəsini təşkil etməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Sonradan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən çıxarış və texniki pasportda mənzilin faktiki ölçülərinə uyğun qeydiyyatın aparılmadığı iddia edilsə də, mənzilin qeyd edilən sahədən artıq sahəyə malik olması, sahənin nə qədər olmasına dair sübutun, hüquqmüəyyənedici sənədin təqdim edilməməsinə, həmçinin qeyd edilən torpaq sahəsi və mənzilə mütəxəssislər tərəfindən texniki baxış zamanı da qeyd edilən torpaq sahəsinin çoxmənzilli yaşayış binasının bir hissəsini təşkil etdiyinin müəyyən edilməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçının vahid çıxarış verilməsini tələb etdiyi əmlak onun xüsusi mülkiyyətində olan, ünvan 3 ünvanda yerləşən, 12 saylı mənzil və onun yerləşdiyi torpaq sahəsi olmaqla, hər ikisinə dair iddiaçının reyestrdən çıxarışı mövcuddur. Beləliklə, tələb hər iki çıxarışın mövcudluğuna əsaslanaraq vahid əmlaka dair çıxarışın verilməsi ilə bağlıdır. Cavabdeh isə tələbə etiraz edərək qeyd olunan torpaq sahəsinin çoxmənzilli yaşayış binasının bir hissəsini təşkil etdiyinə istinad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. İş üzrə iddiaçının vahid əmlak kimi çıxarış verilməsini tələb etdiyi mənzil və torpaq sahəsi ilə bağlı artıq daşınmaz əmlakın dövlət reyestrində hər bir əmlakla bağlı ayrıayrılıqda qeydiyyat aparılmışdır. Ona görə də iddiaçının hər iki əmlakla bağlı dövlət tərəfindən tanınan və qorunan hüququ mövcuddur. Belə olan halda cavabdehin bunu nəzərə almadan vahid əmlakla bağlı iddiaçıya çıxarış verilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə cavabdehin verdiyi imtina məktubunda iddiaçının tələbinin təmin olunmaması üçün göstərilən - torpaq sahəsinin çoxmənzilli yaşayış binasının bir hissəsini təşkil etməsi əsası qeyd olunan Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək üçün nəzərdə tutulan əsaslar sırasında müəyyən olunmamışdır. Bundan başqa cavabdeh inzibati orqan imtina məktubunu sözügedən torpaq sahəsinin çoxmənzilli yaşayış binasının bir hissəsini təşkil etməsi ilə əsaslandırmasına baxmayaraq bu halın mövcudluğunu sübut edə bilməmişdir. Halbuki, İPM-in 14.3-cü maddəsinə əsasən bu halda sübutetmə yükü cavabdeh inzibati orqanın üzərinə düşür. Həmin maddəyə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının tələbinin təmin olunmasından cavabdehin imtina etməsi əsassız olmuşdur. İş üzrə birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almadan mənzilin qeyd edilən sahədən artıq sahəyə malik olması, sahənin nə qədər olmasına dair sübutun təqdim edilməməsinə istinad edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin göstərdiyi əsaslar iddiaçının mövcud hüquqlarının vahid əmlakla bağlı yenidən qeydiyyata alınıb vahid çxarışın verilməsindən imtina üçün əsas ola bilməzdi, bu hal yalnız iddiaçının sonuncu tələbinin, yəni “mənzilin texniki pasportunun faktiki ölçülərə uyğun yenidən tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə tələbinə baxılarkən nəzərə alına bilər. Belə olan halda iddiaçı işdə mövcud olan mənzilə dair texniki pasportdakı ölçülərin dəyişməsi və bu dəyişikliyin hansı sənədlər əsasında mövcudluğuna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün məhkəmə kollegiyası vahid əmlaka reyestrdən çıxarışın verilməsini hər iki əmlakla bağlı mövcud olan reyestrdəki məlumatlar əsasında verilməsi ilə razılaşır və hesab edir ki, bu zaman mənzilə dair yeni texniki pasportun mövcud texniki pasport məlumatları əsasında verilməsi məqsədəuyğundur. Odur ki, Kollegiya iddiaçının “mənzilin texniki pasportunun faktiki ölçülərə uyğun yenidən tərtib edilməsi” barədə tələbinin təmin olunmaması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1327/2021 saylı 23 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilərək, ünvan 3 ünvanda yerləşən, 12 saylı mənzilin, həmçinin onun yerləşdiyi torpaq sahəsinin müvafiq olaraq hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı 20.08.2019-cu il tarixli çıxarışda və ********** saylı 20.08.2019-cu il tarixli çıxarışda göstərilən sahə nəzərə alınmaqla onlara vahid əmlaka dair çıxarışın verilməsi cavabdehə həvalə edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1327/2021 saylı 23 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən, 12 saylı mənzilə, həmçinin onun yerləşdiyi torpaq sahəsinə müvafiq olaraq hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** saylı 20.08.2019-cu il tarixli çıxarışda və ********** saylı 20.08.2019-cu il tarixli çıxarışda göstərilən sahələr nəzərə alınmaqla, vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-843/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-843/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver